Məhkəmə qərarları › İş №2-1(103)-5097/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5097/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5097/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı X16, X17, X18, X14, X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X21 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı, X16 və qeyriləri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 10814/2025 nömrəli qərarından üçüncü şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan X16, X17, X18, X14 və X5 qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinə istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü X7 və onun övladları xx.xx.2016cı il təvəllüdlü X8, xx.xx.2022-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, X16, X17, X18, X14 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və xx.xx.2021-ci il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X5 qanuni nümayəndə ilə təmsil olunmaları qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və əri X1 rayonu M.Ə.Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində yerləşən özbaşına inşa olunan 28 saylı evi birgə nikah dövründə əldə etmişlər. O, mərhum əri və iki oğlu ilə birlikdə həmin evdə yaşamış, üçüncü şəxs X16 2013-cü ilin avqust ayında bu evi tərk etmişdir. X29 2015-ci ildə ölmüş, atasının ölümündən sonra oğlu X16 atasından miras qalmış Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 57 saylı evdə yaşamağa başlamışdır. X7 Şövkət Hüseynova ilə birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X17 doğulmuşdur, nikahları pozulduqdan sonra azyaşlı X17 atası X7 himayəsinə verilmişdir. Sonradan üçüncü şəxs Sərxan Hüseynovun üç övladı doğulmuşdur. Həmin uşaqlar - xx.xx.2022-ci il təvəllüdlü X18, xx.xx.2021-ci il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X13 da mübahisəli evə qeydiyyata alınmışdır. Uşaqlar iddiaçının razılığı və ümumiyyətlə məlumatı olmadan ona məxsus evə formal qeydiyyata alınmışdır. Nəticə etibarilə X16 10 ildən çoxdur ki, yaşamadığı evə artıq faktiki olaraq istifadə hüququnu itirmiş, azyaşlı uşaqların isə ümumiyyətlə həmin evdə heç vaxt istifadə hüququ mövcud olmamış, yalnız formal qeydiyyata malikdir. Lakin, heç vaxt həmin evdə yaşamamışdır. Bu fakt Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2302/2020 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, qətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində özbaşına inşa olunan 28 saylı evə X7 istifadə hüququ yaranmadığından, sonuncu himayəsində olan azyaşlı övladı ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 57 saylı evə daimi yaşamaq üçün köçdüyündən, mövcud olmayan hüququn itirilməsi, pozulması mümkün olmadığından ilk iddiaçının evə köçürülmə, qarşılıqlı iddiaçının isə evə istifadə hüquqlarının itirilməsinə dair tələbləri əsassızdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, həmin X2 himayəsində olan azyaşlı övladı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində özbaşına inşa olunan 28 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7673/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001 )-2302/2020 saylı qətnaməsi dəyişdirilmişdir. X2 himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X17 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsi 28 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olduğu hissəsində ləğv edilmişdir, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki. birinci instansiya məhkəməsinin qətnaməsi daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyi və digər hüquqlar baxımından iş üzrə həqiqi hallara uyğun gəlmiş olsa da. tələbin həddi və aidiyyət baxımından yanlış olaraq qətnamənin şəxsin qeydiyyatda çıxarılması üçün əsas olduğu müəyyən edilmişdir. Ona görə, həmin hissədə qətnamə ləğv edilməli, bu anlamda hüquqların qeydiyyatdan keçirməklə inzibati orqana müraciət etmək imkanları izah edilməlidir. Qeyd edilməlidir ki, hazırkı mülki hüquq münasibətlərində özbaşına tikiliyə dair maddi hüquq normalarının analogiya üzrə tətbiqi belə hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan məlum olur ki, ərizəçiyə məxsus olan evdə xx.xx.1992-ci il təvəllüdlü X16 və onun övladları xx.xx.20216-cı il təvəlldlü X17. xx.xx.2202-ci iil təvəllüdlü X18, xx.xx.2021-ci il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X11 qeydiyyatdadırlar. ünvan 2 İddiaçı adına qeydiyyata alınmamış olsa da, faktiki olaraq 30 ildən çoxdur ki, həmin evdə yaşayır və evin mülkiyyətçisidir və mübahisəli evə dair “qanuni gözlənti” hüququ mövcuddur. Hazırda, iddiaçı üçüncü şəxsləri ona məxsus evdən qeydiyyatdan çıxarmaq niyyətindədir. Lakin, könüllü olaraq qeydiyyatdan çıxmaqdan imtina edirlər. Üçüncü şəxsin etirazları: Üçüncü şəxs X16 iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan şəxsdir. Həmin ünvada onunla bərabər dörd azyaşlı övladı da daimi qeydiyyatdadır. Əvvəlki məhkəmə prosesi üzrə apellyasiya məhkəməsi onun xeyrinə qərar verib (apellyasiya məhkəməsinin qərarı: tarix xx.xx.2020-ci il, iş №2(103)-7673/2020), iddiaçı anası tərəfindən eyni tələblə təqdim edilmiş bu iddia əsassızdır. Apellyasiya məhkəməsinin qərarı mövcuddur və həmin qərar onun qeydiyyat hüququnun qorunmasını təsdiqləyir. Onun və azyaşlı övladlarının həmin ünvanda qeydiyyatı onların təhsil, səhiyyə və sosial təminatı üçün zəruridir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10814/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, üçüncü şəxslər – xx.xx.1992-ci il təvəllüdlü X16, xx.xx.2016cı il təvəllüdlü X17, xx.xx.2022-ci il təvəllüdlü X18, xx.xx.2021- ci il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X5 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs X16 birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, onun və övladlarının həmin ünvanda qeydiyyatda saxlanılmasının təmin edilməsi və Binəqədi Rayon Polis İdarəsinin hər hansı qeydiyyatdan çıxarma əməliyyatlarının etibarsız sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeydiyyatdan çıxarılma ilə bağlı rəsmi heç bir inzibati akt mövcud deyildir. Polis tərəfindən qanuni prosedur aparılmayıb və buna görə də faktiki olaraq qeydiyyatdadır. Həmin ünvandakı evin çıxarışı yoxdur, ev hüquqi olaraq iddiaçıya aid deyil. Qeydiyyatdan çıxarmaq üçün yalnız mülkiyyətçi müraciət edə bilər. Çıxarış olmadığından müraciət edən şəxs hüquqi mülkiyyətçi sayılmır və belə müraciət qanunsuzdur. Azyaşlı övladlarının həmin ünvanda qeydiyyatı onların sosial təminatı üçün zəruridir və qanunla qorunan hüququdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, onun və övladlarının həmin ünvanda qeydiyyatda saxlanılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 6 ünvanının 2/4 hissəsi X4 adına qeydiyyata alınmışdır; 2/12 hissəsi İddiaçı adına xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır; 1/12 hissəsi X7 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır; 1/4 hissəsi X3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır; xx.xx.2025-ci il tarixdə “Asan 1” tərəfindən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X16, xx.xx.2016-cı il təvəllüdlü X17, xx.xx.2022-ci il təvəllüdlü X18, xx.xx.2021- ci il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X11 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçının sahibliyində olan fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, həmin tikilinin yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə yanaşı, həmin tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malik deyildir. Məhkəmə kollegiyası vurğulayır ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində onun yaşadığı tikiliyə dair konkret ünvan göstərməsinin heç bir faktiki və hüquqi əsası yoxdur. Ümumiləşdirsək, üçüncü şəxslərin qeydiyyatda olduğu ünvanın iddiaçının evinə aidiyyətinə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak (mülkiyyət, istifadə, icarə və sair) hüquqlarının yaranıb-yaranması məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Sadalanan bu hüquqların yalnız mövcud olub-olmaması, mövcuddursa inzibati orqanın həmin hüquqa müdaxiləsinin qanuni olub-olmaması məsələləri inzibati mühakimə icraatında araşdırıla bilər. Məhkəmənin kollegiyasının mövqeyinə görə, hazırkı iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi olmadığından, eləcə də onunla həmin ev barədə kirayə (icarə) müqaviləsi bağlanmadığından, sözügedən ünvanda qeydiyyatda olan başqa şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin kollegiyası tərəfindən hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsinin mövcud olması əsası ilə kassasiya şikayəti mümkün sayılmamışdır. (Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3106/2024 nömrəli qərardadı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10814/2025 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10814/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar