Məhkəmə qərarları › İş №2-1(103)-51/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-51/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-51/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2-1(82)-2169/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti memarlıq və Şəhərsalma Baş idarəsi 05.09.2005-ci il tarixli 05/346 nömrəli 05/-104 saylı iş üzrə ayrıc aktı ilə Zığ Bələdiyyəsinə fərdi yaşayış evləri tikmək üçün 3.5800 hektar torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar həmin ərazidə ayrılmış torpaq sahəsinin CİZGİSİ 1: 5000 miqyasla hazırlanıb təsdiq edilmiş və həmin CİZGİDƏ torpaq sahələrinin döngə nöqtələri və nöqtələr arasında olan məsafə qeyd edilmişdir. Ona görə də Zığ Bələdiyyəsi vətəndaşlara ayrılacaq torpaq sahəsinin ölçüləri dəqiqləşdirilmiş və baş planı tərtib edərək təsdiq etmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 65 saylı 31.10.2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində 300 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı qaydasında mülkiyyətinə verilmişdir. Qeyd edir ki, torpaq sahəsinin adına verilməsi ilə əlaqədar alqı-satqına dair 09.11.2007-ci il akt tərtib edilmiş və həmin akt onunla Zığ Bələdiyyə sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Sonradan torpaq sahəsinin guya Dövlət Neft Şirkətinə aid olduğu bildirilsə də, AR Dövlət Neft Şirkətinin ərazisinə aid olmaması barədə 05.04.2018ci il tarixdə məktub verilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-şərq hissəsində, R.Göyüşov küçəsində 300 kv.m. torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün alqı-satqı qaydasında onun mülkiyyətinə verilməsi barədə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 65 saylı 31.10.2007-ci il tarixli Qərarı 15.02.2018-ci tarixində DƏDRX-nə məlumat kimi verilmişdir. Qeyd edir ki, satılmış torpaq sahəsinin dövlət reyestrindən qeydiyyata alınması barədə müraciətinə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin” **********12 saylı 29.04.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, güya “Elektron kadastr baza məlumatına əsasən alqı-satqısına dair akt keçmiş DTXK-i tərəfindən təsdiq edilməmişdir. Həmçinin bildirilmişdir ki, torpaq sahəsinin yerləşmə cizgisində ölçülər və məlumat məsafələri göstərilməmişdir. Bu səbəbdən ərizəsi təmin edilməmişdir. Hesab edir ki, cavabdehin verdiyi cavab əsassızdır. Belə ki, 2007-ci ilin oktyabr ayında torpaq sahəsi alqı-satqı ilə satılarkan məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir. Qeyd edir ki, hazırda istifadəsində olan torpaq sahəsi 2003-cü ildən istifadəsində olmuşdur, lakin həmin sahə barədə bələdiyyə tərəfindən sənədləşdirmə aparılmadığından o və qeyriləri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və Suraxanı rayon məhkəməsinin 21.05.2007-ci il tarixli 2-1545/2007 saylı qətnaməsi ilə istifadəsində olan torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında satılması barədə qətnamə qəbul edilmişdir. O zaman Zığ bələdiyyəsi Suraxanı rayon məhkəməsinin qətnaməsini icra etmiş və istifadəsində olan torpaq sahəsi alqı-satqı müqavilə əsasında satılmışdır. Sonradan torpaq sahəsini elekton baza sistemində yerləşdirilməsi səlahiyyətində olmamışdır. İkincisi, torpaq sahəsinin elektron baza sistemində məlumat kimi qeyd edilməsi səlahiyyətinə aid olmamışdır. Üçüncüsü, o zaman torpaq sahəsi barədə məlumatın elekton baza sisteminə yerləşdirilməsi qaydaları olmamışdır. İstifadəsində olan torpaq sahəsi o zaman yerdə naturada ölçülüb ona təqdim edilmişdir və hazırda istifadəsindədir, ayrılmış torpaq sahəsi vardır. Azərbaycan Respublikası MM-nin 241.2-ci maddəsinin tələblərinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Şərh edilənləri nəzərə alaraq və AR İPM-nin 2, 32, 33-cü maddələrini rəhbər tutaraq, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2169/2019 saylı 08 noyabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydiyyata alınmasının və çıxarışın verilməsinın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-791/2020 saylı 18 mart 2020-ci il tarixli qərarı ilə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2169/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1581/2020 saylı, 12 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-791/2020 saylı 18 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən hazirki iddia tələbinin əsasını təşkil edən torpaqların alqı-satqısına dair akt keçmiş X4 Komitəsi tərəfindən təsdiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Bundan başqa, torpaq sahəsinin yerləşmə cizgisində ölçülər və məlumat məsafələri göstərilməmişdir. Qeyd olunan səbəblərə görə, ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinə onun mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh isə ərizəyə əlavə olunmuş sənədlərin surət olduğunu, elektron kadastr baza məlumatına əsasən torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK-i tərəfindən təsdiq edilmədiyini, həmçinin torpaq sahəsinin yerləşmə cizgisində ölçülər və məlumat məsafələri göstərilmədiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. Ali Məhkəmə işi yenidən apellyasiya baxışına qaytararkən öz qərarında qeyd etmişdir ki, baxılan işdə də torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərarı və alqı-satqı aktı iddiaçı tərəfindən təqdim olunmuşdur. Bu sənədlər həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində, həm də Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan, hüququn yaranmasına səbəb olan əsaslardır. Həmçinin ərazinin baş-planından çıxarış da işə əlavə olunmuşdur və orada iddiaçının iddialı olduğu torpaq sahəsi əksini tapmışdır. Lakin işin hazırki vəziyyətində işə dair yekun qərarın qəbul edilməsi mümkün deyildir. Çünki iddianın təmin olunması üçün həm də iddiaçının faktik istifadə etdiyi torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş (bələdiyyə qərarı çıxarılan vaxtı iddiaçının faktiki istifadə etdiyi) torpaq sahəsi olub-olmaması, hansı təyinatlı torpaq sahəsinə aid olduğu, başqa şəxsin adına hüquqmüəyyənedici sənəd verilib verilmədiyi araşdırılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, torpaq sahəsinə iddiaçının hüquqlarının qeydə alınması uğurla həll olunarsa, iddianın ikinci hissəsi, yəni yaşayış evinə dair hüquqların qeydiyyatı məsələsi də həll olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” İddiaçı1 məxsus şəxsiyyət vəsiqəsinin surətindən və Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 808 saylı, 14 may 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı1 Zığ qəsəbəsinin, R.Göyüşov küçəsi, 23 saylı evində qeydiyyatdadır. İş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti memarlıq və Şəhərsalma Baş idarəsi 05.09.2005-ci il tarixli 05/346 nömrəli 05/-104 saylı iş üzrə ayrıc aktı ilə Zığ Bələdiyyəsinə fərdi yaşayış evləri tikmək üçün 3.5800 hektar torpaq sahəsi ayrılmışdır. 09.11.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı1 ilə Zığ bələdiyyəsi arasında ünvan 2 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi 1560 manat dəyərində satılmışdır. Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 65 saylı, 31.10.2007-ci il tarixli qərarı ilə ünvan 4 ünvanında yaşayan vətəndaş İddiaçı1 Zığ qəsəbəsinin Cənub-şərq hissədində 300 kv.m torpaq sahəsinin fərdi ev tikintisi üçün alqı-satqı qaydasında mülkiyyətinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş 555 saylı, 15.02.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Zığ Bələdiyyəsinin 31 oktyabr 2007-ci il, 65 saylı qərarı ilə ayrılmış 300 kv.m torpaq sahəsi Zığ qəsəbəsinin Cənub-Şərq hissəsində yerləşir və Zığ bələdiyyəsinin mülkiyyətinə aiddir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı 24.12.2004-cü il tarixli “Suraxanı rayonunda bir sıra torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməsi haqqında” sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.12.04-cü il tarixli, 17/19-5471 saylı məktubunu nəzərə alaraq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən 10 saylı tibbi sanitar hissəsinin yararsız və istifadəsiz qalmış 5000 kv.m torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Qaraçuxur Bələdiyyəsinin mükiyyətinə verilməklə ehtiyat fondu torpaqlarına aid edilmiş, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 26.10.04-cü il tarixli, 1040 saylı məktubunu nəzərə alaraq, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənubşərqində 3,58 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Zığ Bələdiyyəsinin mülkiyyətinə verilməklə, ehtiyat fondu torpaqlarına aid edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 hüquqlarının qeydiyyata alınmasını və çıxarışın verilməsini tələb etdiyi ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi uzun müddətdir ki, onun faktiki istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 65 saylı, 31.10.2007-ci il tarixli qərarı ilə ünvan 4 ünvanında yaşayan vətəndaş İddiaçı1 Zığ qəsəbəsinin cənub-şərq hissəsində 300 kv.m torpaq sahəsi fərdi ev tikintisi üçün alqı-satqı qaydasında mülkiyyətinə verilməsi qərara alınmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri ödənilmiş, bundan sonra Zığ bələdiyyəsi tərəfindən 09.11.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktla İddiaçı1 ünvan 2 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi 1560 manata satılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı 24.12.2004-cü il tarixli “Suraxanı rayonunda bir sıra torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməsi haqqında” sərəncamından çıxarışdan görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-şərqində 3,58 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Elektron kadastr baza məlumatına əsasən torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK tərəfindən təsdiq edilməməsinə cavabdehin imtinasının dəlilinə münasibətdə qeyd edilməlidir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın torpaq ayrılan zaman aidiyyəti qurumların rəyinin alınmaması barədə dəlili torpaq üzərində hüquqların qeydiyyata alınmasından imtinası üçün əsas deyildir. Belə ki, ünvan 4 ünvanında yaşayan vətəndaş İddiaçı1 Zığ qəsəbəsinin cənub-şərq hissəsində 300 kv.m torpaq sahəsi fərdi ev tikintisi üçün alqı-satqı qaydasında mülkiyyətinə verilməsi barədə Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 65 saylı, 31.10.2007-ci il tarixli qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən qüvvədədir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 17 may 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyyən edilmişdir ki, mübahisələndirilən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin naturada müəyyən edilmiş koordinatlarına əsasən elektron kadastr bazasında araşdırma aparılmış və ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və digər texniki parametrləri əks etdirən sxmelər hazırlanmışdır. İddiaçı1 iddia etdiyi və naturada göstərdiyi Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsində olan torpaq sahəsinin naturada 303.kvm-dir. Müraciətə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 65 saylı, 31.10.2007-ci il tarixli qərarı ilə İddiaçı1 ayrılmış torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, 24.12.2014-cü il tarixli Sərəncamı və ayrıc aktı barədə elektron bazada heç bir məlumat aşkar edilmədiyindən müraciətlə təqdim edilmiş sxem və ayrıc aktına əsasən iddia edilən torpaq sahəsinin Zığ Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı1 iddia etdiyi və naturada göstərdiyi Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsində olan torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən ARDNŞ-nin “Azneft” İB Qaraçuxur İNM-nin ərazisidir. Mübahisələndirilən torpaq sahəsinin hər hansı şəxsin adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilmədi. Məqsədli təyinatına görə mübahisəli ərazi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşən dövlət mülkiyyəti torpağıdır. Mütəxəssis rəyində torpağın məqsədli təyinatına görə mübahisəli ərazi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşən dövlət mülkiyyəti torpağı olması ilə bağlı qeyd olunanlarla əlaqədar kollegiya qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı 24.12.2004-cü il tarixli “Suraxanı rayonunda bir sıra torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməsi haqqında” sərəncamından çıxarışdan görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 26.10.04-cü il tarixli, 1040 saylı məktubunu nəzərə alaraq, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-şərqində 3,58 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Zığ Bələdiyyəsinin mülkiyyətinə verilməklə, ehtiyat fondu torpaqlarına aid edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən torpaq sahələri X6, X5 və digərlərinin, eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi ünvanında torpaq sahəsində yerləşən fərdi yaşayış evləri cavabdeh inzibati orqan tərəfindən X3, X1 və digərlərinin adına qeydiyyata alınmış və çıxarış verilmişdir. Bununla əlaqədar, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə cavabdehin iddiaçının adına qeyd olunan torpaq sahəsinin qeydiyyata alınmasından imtinası eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərinə də zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İddiaçının bildirməsinə görə torpaq sahəsi ona ayrıldığı vaxtdan oradan istifadə etmişdir və tikili inşa edilmişdir. Həmin torpaq sahəsinin və evin yerləşdiyi ərazidə olan tikililərə vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması barədə kollegiya qeyd edir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin qonşuluğunda olan yuxarıda adları çəkilən şəxslərin istifadəsində olan torpaq sahələri və yaşayış sahələri DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış, dövlət reyestrindən çıxarışlar verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətindən imtina etmişdir. Halbu ki, işin hallarından da göründüyü kimi sözügedən torpaq sahəsi alqı-satıq mqaviləsinə əsasən iddiaçıya verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2-1(82)- 2169/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar