Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-51/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona verilmiş Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,020 ha torpaq sahəsinə dair kompensasiyanın verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 291 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Babək prospekti 2210-cu məhəllə “Qartal” k/m-nə məxsus sahədə 0,020 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində yaşayış evi tikintisinə başlamış, lakin sonradan maddi vəziyyəti yaxşı olmadığından tikintini yarımçıq saxlamaq məcburiyyətində qalmışdır. Daha sonra, işlə əlaqədar xarici ölkəyə gedən iddiaçı bir neçə ildən sonra geri qayıtmış və tikintini başa çatdırmaq istədikdə, ona bildirilmədən tikdirdiyi evin söküldüyünü və yerində başqa tikinti işi getdiyini görmüşdür. Ona bildirmişlər ki, bu torpaq sahəsi plana düşüb və hal-hazırda burada “Ağ şəhər” layihəsi salınır. Buna görə İddiaçı kompensasiya ödəyəcəklərini demiş və iddiaçıdan torpağa aid olan bütün sənədləri alıb, gözləməli olduğunu söyləmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, bu ərazidəki digər torpaq sahibləri ilə müqavilə bağlanılıb. Lakin iddiaçı ilə nəinki müqavilə bağlanılmış, hətta ona bu barədə məlumat belə verilməmişdir. İddiaçı 2018-ci ilin yanvar ayında Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin qəbulunda olmuş və iddiaçıya mart ayında işə baxılacağı və bu barədə məlumat veriləcəyini bildirmişlər. İddiaçı ona heç bir məlumatın verilmədiyini gördükdə xx.xx.2018-ci il tarixdə ərizə ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısına müraciət edərək vəziyyətini bildirmiş və ona dəymiş zərərin kompensasiya edilməsini, məsələnin aydınlaşdırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Lakin xx.xx.2018-ci il tarixində iddiaçının ərizəsinə cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Komissiya üzvləri tərəfindən “Ağ şəhər” layihəsi çərçivəsində sökülməsi nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış obyektlərində ölçmə işləri aparılarkən iddiaçıya məxsus olan sahədə hər hansı bir tikinti aşkar olunmadığından kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin mümkünsüz sayılması və ya rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçı istər söküntü və köçürülmə işləri aparılan zaman, istərsə də üstündən uzun illər keçməsinə baxmayaraq, qeyd edilən məsələ ilə əlaqədar Komissiyaya müraciət etməmiş və 2018-ci ildə guya onun həmin ünvanda yarım tikilisi olduğunu xatırlayaraq ona kompensasiya ödənilməsini tələb edir. Halbuki, iddiaçının qeyd etdiyi tikili heç vaxt mövcud olmamışdır. Əgər belə bir tikili mövcud olsaydı, iddiaçı əvvəllər də komissiyaya müraciət etmiş olardı. İddiaçı işlə bağlı uzun illərdir ki, xarici ölkədə olduğunu, bu səbəbdən də mübahisəli ərazinin köçürülməsi barədə məlumatı olmadığını bildirsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, şəxsi mülkiyyətində olmayan və sərəncam əsasında ayrılan torpaq sahəsinin üzərində uzun illər təyinatı üzrə istifadə edilməyən boş torpaq sahələrinə kompensasiya ayrılması nəzərdə tutulmadığından iddiaçının tələbi təmin edilməməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 361/2019 saylı qərarına əsasən (hakim Rüstəm Kərimli) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarda qeyd etmişdir ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının 291 №-li xx.xx.2000-ci il tarixli sərəncamına əsasən, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,020 ha torpaq sahəsi iddiaçıya verilmişdir və həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan başqa, həmin sərəncamın 2-ci bəndinə əsasən evin layihə sənədlərinin rayon memarı, rayon Gigiyena və Epidemiologiya Mərkəzi və rayonun Yanğından Mühafizə İdarəsi ilə razılaşdırılması tələb kimi qoyulmuşdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, müvafiq İcra Hakimiyyətinin sərəncamı ilə iddiaçıya qeyd edilən ünvanda əsaslı şəkildə daşınmaz əmlak inşa edilməsinə icazə verilmişdir. Həmin torpaq sahəsində yaşayış evinin inşa edilməsinə icazə verilməsi onu göstərir ki, həmin yer iddiaçıya müddətsiz verilmişdir. Beləliklə, mübahisələndirilən qərarda məhkəmə nəyə istinad edərək bu nəticəyə gəldiyini qeyd etməmişdir. Belə ki, qeyd edilən torpaq sahəsinin iddiaçıya daimi əsaslarla verilmədiyi və orada əsaslı şəkildə daşınmaz əmlak inşa etməyə iddiaçının icazəsinin olmaması barədə hər hansı sübut yoxdur. Odur ki, hər hansı mötəbər sübuta istinad edilmədən qəbul edilən məhkəmə aktı əsassız olduğundan, ləğv edilməlidir. Həmçinin, Xətai rayon İcra Hakimiyyəti Başçısının 291 №-li xx.xx.2000-ci il tarixli sərəncamı iddiaçıya qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququ verir. Belə ki, həmin torpaq sahəsində iddiaçının inşa etdiyi yarımtikili gələcəkdə yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə nəticələnəcəkdi. Yaşayış sahəsinin inşasının başlanılması və müəyyən tikinti işlərinin aparılması artıq bu hüququn yaranması üçün zəmin yaradır. Göründüyü kimi, sözügedən ünvanda inşa edilmiş yarımtikilinin dövlət ehtiyacları üçün sökülməsi ancaq o halda mümkündür ki, onun dəyəri ədalətli şəkildə iddiaçıya ödənilsin. Onun yoxluğundan istifadə edərək sözügedən tikilinin icazəsiz sökülməsi iddiaçının belə bir maddi təzminat almaq imkanından məhrum etmişdir. Bu isə iddiaçının maddi zərər görməyinə səbəb olmuşdur. İddiaçı şikayətində hesab etmişdir ki, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,020 ha torpaq sahəsi üzərində qanuni maraqlarının olduğunu sübut edən kifayət qədər əsas vardır. İddiaçı uzun müddət başqa ölkədə yaşamış və burada baş verən bütün hadisələrdən xəbərsiz olmuşdur. Xarici ölkədə yaşamağı onu Azərbaycan Respublikasında yerləşən torpaq sahəsi üzərində effektiv nəzarət etmək imkanından məhrum etmişdir. Bu isə ona məxsus əmlakın cavabdeh inzibati orqan tərəfindən söküldüyünü sübut edən dəlilləri toplamağı mümkünsüz edir. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xəbərdar edilmədiyi üçün o, ölkəyə geri qayıdana qədər baş verən hadisələrdən xəbər tuta bilməzdi. Əks təqdirdə, iddiaçı heç olmasa tikilinin qalıqlarının şəkillərini çəkmək imkanında ola bilərdi. Hadisə baş verdikdən uzun müddət sonra ölkəyə geri qayıtmağı və hadisədən yalnız bu zaman xəbər tutmağı onu bu cür tədbirlər görməyinə əngəl oldu. İddiaçı baş verənlərdən xəbərdar olduqda artıq həmin tikili cavabdeh inzibati orqan tərəfindən sökülmüşdü və qalıqları həmin yerdə yox idi. Beləliklə, iddiaçı obyektiv səbəblərdən sözügedən sahədə yaşayış sahəsinin cavabdeh inzibati orqan tərəfindən söküldüyünü sübut edən dəlilləri əldə edə bilməmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-583/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı Yadulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-361/2019 saylı qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, iddianın təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1999/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-583/2021 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-833/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 nömrəli, 18 dekabr 2019-cu il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya verilmiş Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0.015 ha torpaq sahəsinə görə 255.000 (iki yüz əlli beş min) manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2170/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-833/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada (bildiriş göndərilməklə, eyni zamanda telefon vasitəsi ilə əlaqə saxlanılmaqla) dəfələrlə məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə M.Hadı küçəsi, ev 99, mənzil 120-də yaşayan İddiaçı Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,015 ha torpaq sahəsinin sənədləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilmiş, torpaq sahəsinin yerləşmə cizgisi cavabdeh tərəfindən tərtib olunmuş və iddiaçıya təqdim edilmişdir. İddiaçı cavabdeh inzibati orqan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş 0,015 ha torpaq sahəsinə dair və həmin torpaq sahəsində tikilinin sökülməsi nəticəsində ona dəymiş ziyanın əvəzi kimi kompensasiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli Q-175 nömrəli məktubla bildirmişdir ki, Rayon İcra Hakimiyyətinin komissiya üzvləri tərəfindən “Ağ şəhər” layihəsi çərçivəsində sökülməsi nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış obyektlərində ölçmə işləri aparılarkən iddiaçıya məxsus olan sahədə hər hansı bir tikinti aşkar olunmadığından ona kompensasiya nəzərdə tutulmamışdır. Əvvəlki apellyasiya baxışı zamanı məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2- 1(103)-833/2022 saylı qərardadla "xxxx" MMC-yə müvafiq sorğu ünvanlanmışdır. Həmin MMC müvafiq sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus olan Babək prospekti 2210-cu məhəllədə mövcud olan 0.015 ha torpaq sahəsinin 2006-2007-ci illərdə orta bazar qiyməti 22500 (iyimi iki min beş yüz) manat təşkil etmişdir. Hazırki bazar qiyməti 255.000 (iki yüz əlli beş min) manat təşkil edir. Göstərilən ünvanda yerləşən torpaq sahəsinin əmlak bazarında mövcud olan tələb və təklifdən, həmin sahənin istifadə imkanlarından və digər amillərdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə yüksəlmə və yaxud azalma olması istisna edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2170/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının 36-40 bəndlərindən görünür ki;
36. Məhkəmə kollegiyası kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya məhkəməsinin yanaşmasını və ona uyğun olaraq gəldiyi nəticəni əsaslı hesab etmir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlar kimi notariuslara və notariat arxivlərinə sorğular verməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmişdir.
38. Nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir.
39. Bundan başqa, əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər. Apellyasiya instansiyası məhkəməsi isə əmlakın bazar qiymətini müəyyən etmək üçün düzgün araşdırma aparmamış, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrini ümumiyyətlə tələb edərək tədqiq etməmişdir.
40. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi peşəkar lisenziya tələb edən bir fəaliyyət olmaqla mübahisəli daşınmaz əmlakın xüsusiyyətlərinə əsasən qiymətləndirmə prosesi aparılmalı olduğundan, apellyasiya instansiyası məhkəməsi bu xüsusda araşdırma aparmamış, qiymətləndirməni həyata keçirmiş mütəxəssisin (MMC-nin) belə səlahiyyətə malik olmasını, mübahisəli daşınmaz əmlakın xüsusiyyətlərinə əsasən qiymətləndirmə aparılmasını araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2170/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan göstərişləri nəzərə alaraq məhkəmə tərəfindən 16 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş idarəsinə, 31 mart 2023-cü il tarixdə və təkrarən 30 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə, 01 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğular verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 03 mart 2023cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemi xx.xx.2007-ci ildən formalaşdırıldığından həmin tarixdən əvvəl aparılmış notariat hərəkətləri barədə məlumat vermək imkan xaricindədir. Vahid İnformasiya sistemi olmadığından notariat hərəkətinin rəsmiləşdirildiyi notariat ofisinin adı və tarixi barədə dəqiq məlumat verildiyi halda qeyd edilən məsələ öz həllini tapa bilər (Cild 2 i/v 10). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 10 aprel 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdən fəaliyyətə başlamış “Elektron notariat” informasiya sistemində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2210 ünvanında yerləşən daşınmaz əmlaka dair rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi barədə məlumat aşkar edilməmişdir (Cild 2 i/v 22). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 05 iyun 2023cü il tarixli və 16 iyun 2023-cü il tarixli məktublarından görünür ki, xx.xx.2007-ci ildən fəaliyyətə başlamış “Elektron notariat” informasiya sistemində əmlakın ünvanı üzrə axtarış nəzərdə tutulmamışdır. Bu səbəbdən xahişin təmin olunması imkan xaricindədir (Cild 2 i/v 59, 72). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 16 may 2023-cü il tarixli məktubu ilə müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir (Cild 2 i/v 38-53). Lakin təqdim olunan sənədlərdə əksini tapmış məlumatlar iddiaçıya məxsus olmuş torpaq sahəsinin yerləşdiyi ərazidən xeyli aralı yerləşən əmlaklara aid olduğu müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə mütəxəssis (qiymətləndirmə) rəyinin alınması, rəyin verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi qərara alınmışdır (Cild 2 i/v 63-66). Həmin qərardada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 16 may 2023-cü il tarixli məktubdan görünür ki, əmlakın bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində araşdırılması məqsədi ilə əmlaka baxışın keçirilməsi üçün qiymətləndiriciyə şərait yaradılmalı və qiymətləndirmə üçün zəruri ola biləcək sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2170/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının 38-ci bəndində qeyd olunan göstərişlər nəzərə alınaraq müxtəlif dövlət orqanlarına dəfələrlə sorğular verilməsinə baxmayaraq, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m ünvanında 100-500 metr məsafədə yerləşən torpaq sahələrinin müvafiq dövrə aid alqı-satqısı ilə bağlı müqavilələrin əldə edilməsi mümkün olmamışdır. Daha sonra həmin qərarın 39-cu bəndində qeyd olunan göstərişə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınsa və icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsə də, heç bir nəticə əldə edilməmişdir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir (Cild 2 i/v 79-82). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 3-16-16/2-106690 saylı tikinti-texniki obyektlərinin tədqiqinə dair ekspert rəyindən görünür ki, iş üzrə iddiaçı tərəfindən naturada təqdim edilən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m ünvanında 100-500 metr məsafədə yerləşən, mübahisə predmeti olan 0.015 ha torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 375.000 manat (250000 x 1.5 sot) məbləğində müəyyən edilir. İstinad edilən internet məlumatları rəyə əlavə edilmişdir. Qeyd: Yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ və torpaq sahələrinin 2012-2013-cü və 2017-ci illərdə mövcud olmuş alqı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqat aparılmadığından, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m ünvanında 100-500 metr məsafədə yerləşən ölçüsü 0.015 ha olan torpaq sahəsinin 2012-2013-cü və 2017-ci illər üçün bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı (Cild 2 i/v 91-100). Məhkəmə kollegiyası qeyd edir ki, torpaqların dövlət ehtiyacları üçün alınmasına görə iddiaçıya kompensasiya ödənilməsi torpaq sahəsini dövlət ehtiyacı üçün alan orqanın vəzifəsidir. İddiaçının tələbi isə ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona kompensasiya ödənilməsindən ibarətdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpaq Məcəlləsinin 73-cü maddəsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin əsaslarını müəyyən edir ki, onlardan biri də, dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyinin yaranmasıdır. Həmin Məcəllənin 81-ci maddəsi isə torpaqdan istifadəyə və icarəyə xitam verildikdə, torpaqda aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəçiyə və icarəçiyə ödəmək öhdəliyini müəyyən etmişdir. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının hüququna onun qanuni istifadəsində olan torpaq sahəsinin alınması qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd olunan tələblər və prosedurlar yalnız şəxsin mülkiyyətində deyil, həm də onun qanuni istifadəsində olan torpaq sahəsinə və daşınmaz əmlaka münasibətdə də tətbiq olunmalıdır. Başqa sözlə, belə hallarda şəxsin qanuni istifadə hüququ da müdafiə olunmalıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35.3-cü maddəsinə görə torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Əmlakın bazar qiyməti müəyyən edilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqısatqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normasının tələblərinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müvafiq sorğlar göndərilməsinə baxmayaraq, həmin qurumdan məhkəməyə daxil olmuş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli cavab məktublarının heç birində müvafiq sənədlər məhkəmə kollegiyasına təqdim edilməmişdir.
26. “Qiymətləndirmə haqqında” Qanun: Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m ünvanında 100-500 metr məsafədə yerləşən, mübahisə predmeti olan 0.015 ha torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun olaraq dəyəri 375.000 manat (250000 x 1.5 sot) məbləğində müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək 375.000 manat torpağın dəyəri və torpağın dəyərinin 20 %-i miqdarında, yəni 75.000 manat miqdarında satınalma qiymətinə əlavə haqq olmaqla, cəmi 450.000 manatın ona kompensasiya kimi ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, həmin ərizə məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Həmin Qanunun 66-cı maddəsinə görə Bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 10 ildən artıq müddət üçün — 10 faiz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, 375.000 + həmin məbləğin 20%-i toplanmaqla yəni, 375.000+75.000 manat= 450.000 (dörd yüz əlli min) manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilərək İddiaçı dövlət büdcəsi hesabına 450.000 (dörd yüz əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-361/2019 saylı, 18 dekabr 2019cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi» barədə iddia tələbi təmin edilsin. İddiaçı dövlət büdcəsi hesabına 450.000 (dörd yüz əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə