Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-51/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Azneft” İstehsalat Birliyi) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən, ARDNŞ-nin N.Nərimanov adına NQÇİ-nin “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş, kadastr planı və ayrıc aktı olan, 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ARDNŞ-nin N. Nərimanov adına Neft və Qazçıxarma İdarəsində işləyir. ARDNŞ-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin müdiriyyətinin, “Dəniz Neftçisi" bağçılıq-yoldaşlıq təsərrüfatının və HİK-in birgə iclasının qərarı ilə xx.xx.1999-cu ildə ona 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. Sözügedən torpaq sahəsində ümumi sahəsi 100 kv.m olan 1 mərtəbəli, 3 otaqlı bağ evi tikdirmişdir. Həmin ərazi, o cümlədən onun bağ sahəsi elektrik enerjisi, su, qaz, telefon və s. kommunal xidmətlərlə təmin edilmişdir ki, onların istifadəsinə görə xərclər daima iddiaçı tərəfindən vaxtı-vaxtında ödənilir. İddiaçı həmin sahəyə çıxarış almaq məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ilkin sənəd kimi bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş bağçılıq kitabçası tələb edir ki, o da onun tərəfindən itirilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda təsdiq edir ki, onun adı onlarda saxlanılan NQÇİ-nin “Dəniz Neftçisi" bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda isə göstərilən torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsini və bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsini bildirmişdir. İddiaçının yenidən etdiyi müraciətə ona cavabdeh tərəfindən sənədlərdə bağçılıq təsərrüfatının əvəzinə həmkarlar ittifaqı komitəsinin möhürünün olması irad tutulmuş, xx.xx.2021-ci il tarixli məktubla əsassız olaraq imtina cavabı verilmişdir. “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı 2008-ci ildən ləğv edilmişdir və onun sənədləri ilə eyni vəziyyətdə olan sənədlər əsasında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində onlara məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən ərazilərin əksəriyyətinə cavabdeh tərəfindən çıxarışlar verilmişdir. Həmin torpaq sahəsi ona ARDNŞ-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin müdiriyyətinin, “Dəniz Neftçisi" bağçılıq-yoldaşlıq təsərrüfatının və HİK-in birgə iclasının xx.xx.1999-cu il tarixli qərarı ilə ayrılmışdır. Həmin qərarın qəbul edildiyi iclasın rəsmiləşdirildiyi sənədlərin təkcə HİK-in qərarı ilə möhürlənməsi onun təqsiri deyil. Eləcə də o zaman bağ sahələrinin paylanılmasında HİK-lərin qərarları həlledici əhəmiyyətə malik olmuşdur. Digər tərəfdən o zaman bu sənədlər səlahiyyətli dövlət orqanlarına göndərilmiş və qəbul edilərək onların əsasında “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. Göstərilən torpaq sahəsi naturada ona təhvil verilmiş və 2005-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin 05/438 saylı Ayrıc aktı ilə rəsmiləşdirilmişdir. Uzun müddədir bu sahə iddiaçının istifadəsindədir, orada yaşayış evi tikdirmiş, ağaclar əkmiş, abadlıq işləri aparmış və heç kim tərəfindən ona etiraz edilməmişdir. Onun adı cavabdehin arxivində saxlanılan NQÇİ-nin “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında vardır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə “Azneft” İstehsalat Birliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-257/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamış, ekspert tədqiqatının dəyəri olan 50 (əlli) manat xərcin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X3, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. İddiaçı apellyasiya şikayətində əlavə olaraq qeyd edir ki, məhkəmə adı keçən torpaq sahəsinə çıxarış verilməsi üçün əsas ola biləcək vacib amilləri nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi belədir ki, əgər hər hansı yaşayış ərazisində bir vətəndaşa hər hansı bir səbəbdən çıxarış verilmişdirsə, həmin ərazidə olan digər vətəndaşlara da çıxarışlar verilməlidir. Qaradağ rayonu, Səngəçal qəsəbəsində adı keçən ərazidə neftçilərə məxsus 400-ə yaxın bağ sahəsi vardır ki, onların da çoxuna cavabdeh tərəfindən çıxarışlar verilmişdir. Ona ayrılan torpaq sahəsinin nömrəsi 21-dir. Qonşuluqda 20 saylı, 22 saylı və 23 saylı bağ sahələrinə çıxarışlar verilmişdir. Onlardan 20 və 23 saylı sahələrə çıxarışlar məhkəmənin qərarı ilə verilmişdir. 20 saylı sahə mərhum T.Şəfiyevanın, 23 saylı sahə isə E.İslamovun adına sənədləşdirilmişdir. 22 saylı sahə isə N.Orucovun (məhkəmənin qərarı olmadan) adına sənədləşdirilmişdir. Ona verilmiş torpaq sahəsi Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşir. Həmin qəsəbə Bakı şəhərindən 40-45 km məsafədə yerləşir. ARDNŞ Azneft İB-dən təqdim edilən arayışdan da aydın görünür ki, “Qobustan Əməliyyat Şirkəti” ləğv edilmişdir. Ona məxsus ərazilər, o cümlədən Səngəçal qəsəbəsindəki ərazilər N.Nərimanov adına NQÇİ-nə verilmişdir. Həmçinin arayışda qeyd edilir ki, həmin ərazilərdə neft-qaz kəşfiyyatı, qazma, hasilatı ilə bağlı məsələlər gündəlikdə yoxdur və yaxın gələcəkdə olmayacaqdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur ki, arxiv qovluğunda mövcud olan siyahıda N.Nərimanov adına NQÇİ-nin “Dəniz neftçisi” bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısında X6 (sənəddə olduğu kimi) oğlunun adı göstərilmişdir. Həmçinin, İddiaçı adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 800 kv.m sahəsi olan 21 saylı bağ sahəsinə dair verilmiş xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi İdarənin arxivində mövcuddur. Lakin sözügedən bağ sahəsinin İddiaçı ayrılmasına dair ilkin sənəd (üzvlük kitbaçası) İdarənin arxivində aşkar olunmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 21 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli müraciətinə baxılmışdır. Sözügedən ünvanda yerləşən bağ sahəsi digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatdan keçmişdir. Həmçinin, göstərilən torpaq ayrıc aktından kənar yerləşir. Bundan əlavə, bağ sahəsinin sənədləşməsi ilə bağlı Sizin adınıza dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. İş materiallarında olan N.Nərimanov adına NQÇİ-nin müdriyyəti “Dəniz neftçisi” Bağçılıq yoldaşlıq təsərrüfatı və HİK-nin birgə iclasının xx.xx.1999-cu il tarixli 56 saylı protokolundan çıxarışdan görünür ki, N.Nərimanov adına NQÇİ-nin «Dəniz Neftçisi» bağçılıq yoldaşlıq təsərrüfatına üzv qəbul edilməsi üçün işçilərin yazdıqları ərizələrin nəzərə alınması, «Dəniz neftçisi» Bağçılıq yoldaşlıq təsərrüfatına üzv olmaq üçün daxil olmuş siyahının təsdiq edilməsi (Siyahı 4 vərəqdə əlavə edilir), siyahıda adları qeyd edilən hər bir işçiyə 500, 600, 1000 və ya 1200 kv.m torpaq sahəsinin ayrılması, torpaq sahəsi almış işçilərə bağçılıq kitabçası və ya order verilməsi qərara alınmışdır. Həmin protokola əlavə edilmiş «Dəniz Neftçisi» bağçılıq yoldaşlıq təsərrüfatına üzv olmaq istəyənlərin Siyahısında iddiaçının adı 143-cü sırada qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Torpaq sahəsinin planı və ölçüsü iddiaçı X2 21 saylı bağ evi tikintisi üçün Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 7/437 saylı qərarı və N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi b/y-nın xx.xx.1999-cu il tarixli 56 saylı protokolu ilə Qaradağ rayonu Səngəçal qəsəbəsində ayrılmış 800 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X8 kitabında xx.xx.2012-ci ildə 32422 nömrə ilə uçota alınmışdır (A №415052). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2021-ci il tarixli BA-02261-2021 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 7/437 saylı qərarından görünür ki, bağçılıq yoldaşlığın yaradılması məqsədi ilə N.Nərimanov adına NQÇİ-yə əlavə 60 nəfər üzv üçün Qaradağ rayonu Səngəçal qəsəbəsində torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş N.Nərimanov adına NQÇİ HİK Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 56 saylı protokolundan çıxarışdan görünür ki, iddiaçı ərizəsinə əsasən Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlüyünə qəbul edilmiş və Səngəçal bağ massivində 800 kv.m olan 21 saylı bağ sahəsi ona təhkim edilmişdir. Həmin məktuba Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsünün (X8 kitabında xx.xx.2012-ci ildə 32422 nömrə ilə uçota alınmışdır (A №415052), Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 7/437 saylı qərarının, N.Nərimanov adına NQÇİ HİK Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 56 saylı protokolun və həmin protokoldan çıxarışın, İddiaçı qeyd olunan 21 saylı bağ sahəsinə dair üzvlük kitabçasının, həmin bağ sahəsinin bölgü sxeminin, Torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasına dair rəyin, torpaq sahəsinin ayrıc aktının və cizgisinin arxivdə saxlanılan surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən N.Nərimanov adına NQÇİ-nin «Dəniz neftçisi» bağçılıq yoldaşlıq təsərrüfatı birliyinə dair arxiv qovluğunda olan Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısında 276-cı sırada iddiaçı X1 adı qeyd olunmuşdur. İş materiallarında olan üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd olunur ki, “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin işçilərinə verilmiş bağ sahələri 1990-cı illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin müvafiq qərarı ilə ayrılmışdır (Bu barədə müvafiq sənəd C.Şahhüseynliyə aid sənədlər arasındadır). Ərazidə “Azneft” İstehsalat Birliyinə aid quyu, buruq, kommunikasiya xətləri və digər hər hansı texnoloji avadanlıq və qurğu yoxdur. Həmin ərazidə “Azneft” İB tərəfindən heç bir geoloji-kəşfiyyat, qazma, kommunikasiya xətlərinin tikintisi və s. nəzərdə tutulmayıbdır. İş materiallarında olan üçüncü şəxs tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, SOCAR-ın xx.xx.2022-ci il tarixli əmri ilə «Qobustan» Əməliyyat şirkətinin istifadəsində olan torpaq sahələrinin istifadə hüquqlarının SOCAR-ın daxili normativ sənədləri ilə müəyyən edilmiş qaydada «Azneft» İB-nin N.Nərimanov adına NQÇİ-yə ötürülməsi nəzərdə tutulmuş və bu istiqamətdə müvafiq sənədləşmə işləri aparılır. Həmçinin qeyd olunan torpaq sahəsi «Azneft» İB-nə aid hər hansı bir mühəndiskommunikasiya qurğularının mühafizə zonasına düşmür və bu sahədə hər hansı bir neftqaz əməliyyatlarının aparılması nəzərdə tutulmur. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir: göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.08 ha olsa da, faktiki olaraq hasardaxili 0.0884 ha təşkil edir (0.0084 ha artıqdır). Torpaq sahəsində yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan və ölçüyə uyğundur. Qeyd olunan torpaq sahəsi faktiki olaraq qonşu sahələrlə üst-üstə düşmür. Qonşu sahələrdən daş hasarla ayrılmışdır. Sahənin yaxınlığında fəaliyyətdə olan neft və ya qaz quyusu yoxdur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə heç bir ayrıc aktı daxilinə düşməməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Qobustan Ə.Ş). Sahənin (həmçinin bağ evinin) digər fiziki şəxsin adına qeydiyyatı və istifadəsi barədə məlumat yoxdur. Sahə yaxınlığında hər hansı quyu məlumatı aşkar olunmadı. Həmçinin qərardadda qeyd olunan 20,22 və 23 nömrəli bağ sahələri (qeydiyyata alınmış) heç bir ayrıc aktı daxilinə düşməməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Qobustan Ə.Ş). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3836 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, N.Nərimanov adına NQÇİ Həmkarlar ittifaqı Komitəsi Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 56 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış Səngəçal bağ massivində sahəsi 800 kv.metr olan 21 saylı bağ sahəsinin koordinatları aşağıdakı kimidir: (ətraflı sxem mütəxəssis rəyinə əlavə edilmişdir) X- 369478.2100; 369436.6300; 369440.1300; 369478.0331; Y-4444973.5400; 4444975.7300; 4444995.4900; 4444993.8875. N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 56 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış Səngəçal bağ massivində yerləşən 21 saylı bağ sahəsi, o cümlədən qonşu sahələrdə yerləşən 20, 22 və 23 nömrəli bağ sahələri bağ sahələrinin bağçılıq-yoldaşlıq ayrıc aktının daxilində yerləşir. Ekspertizaya təqdim olunmuş materiallara əsasən, qeyd olunan bağ sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşmədiyi müəyyən edilir. Qeyd olunan torpaq sahəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd olunan bağ sahəsində və ya onun yaxınlığında neft və ya qaz quyusu mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən isə qeyd olunan əsaslar cavabdehə təqdim edilmişdir. Məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədlərin qeyri-mötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 7/437 saylı qərarına əsasən bağçılıq yoldaşlığın yaradılması məqsədi ilə N.Nərimanov adına NQÇİ-yə əlavə 60 nəfər üzv üçün Qaradağ rayonu Səngəçal qəsəbəsində torpaq sahəsi ayrılmışdır. N.Nərimanov adına NQÇİ HİK Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 56 saylı protokolundan çıxarışa əsasən isə iddiaçı Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlüyünə qəbul edilmiş və Səngəçal bağ massivində 800 kv.m olan 21 saylı bağ sahəsi ona təhkim edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsü tərtib tərtib edilmişdir və X8 kitabında xx.xx.2012-ci ildə 32422 nömrə ilə uçota alınmışdır (A №415052). Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsünün (X8 kitabında xx.xx.2012-ci ildə 32422 nömrə ilə uçota alınmışdır (A №415052), Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 7/437 saylı qərarının, N.Nərimanov adına NQÇİ HİK Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 56 saylı protokolun və həmin protokoldan çıxarışın, İddiaçı qeyd olunan 21 saylı bağ sahəsinə dair üzvlük kitabçasının, həmin bağ sahəsinin bölgü sxeminin, Torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasına dair rəyin, torpaq sahəsinin ayrıc aktının və cizgisinin arxivdə saxlanılan surətləri məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qeyd olunan sənədlərin arxiv nüsxələri cavabdehin arxivində mövcuddur. Həmçinin həmin bağçılıq yoldaşlıq təsərrüfatı birliyinə dair arxiv qovluğunda bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının da adı qeyd olunmuşdur. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış Səngəçal bağ massivində yerləşən 21 saylı bağ sahəsi, o cümlədən qonşu sahələrdə yerləşən 20, 22 və 23 nömrəli bağ sahələri bağ sahələrinin bağçılıq-yoldaşlıq ayrıc aktının daxilində yerləşir. Qeyd olunan bağ sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşmədiyi müəyyən edilir. Qeyd olunan torpaq sahəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd olunan bağ sahəsində və ya onun yaxınlığında neft və ya qaz quyusu mövcud deyildir. Həmçinin üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktublardan görünür ki, “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin işçilərinə verilmiş bağ sahələri 1990-cı illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin müvafiq qərarı ilə ayrılmışdır, ərazidə “Azneft” İstehsalat Birliyinə aid quyu, buruq, kommunikasiya xətləri və digər hər hansı texnoloji avadanlıq və qurğu yoxdur, qeyd olunan torpaq sahəsi «Azneft» İB-nə aid hər hansı bir mühəndis-kommunikasiya qurğularının mühafizə zonasına düşmür və bu sahədə hər hansı bir neft-qaz əməliyyatlarının aparılması nəzərdə tutulmur. Cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır və onun istifadəsinə verilmişdir, həmin tarixdən də onun qanuni istifadəsindədir. Müvafiq torpaq sahəsi ilə bağlı uyğunsuzluq hallarının mövcudluğu iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması isə cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan sənədlərə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Bundan başqa, iddiaçının bağ sahəsinə qonşu olan digər bağ sahələrinin eyni hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alınmasına dair müvafiq çıxarışların və müvafiq sənədlərin surəti də iş materiallarına əlavə edilmişdir. Belə olan halda iddiaçıya ayrılmış bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində qeyd olunmuş hamının inzibati orqan qarşısında bərabərliyi prinsipinin pozulmasına gətirib çıxarır. Eyni zamanda həmin Qanunun 13.2-ci maddəsinin tələblərindən göründüyü kimi, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. N.Nərimanov adına NQÇİ-nin müdriyyəti “Dəniz neftçisi” Bağçılıq yoldaşlıq təsərrüfatı və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.1999-cu il tarixli 56 saylı protokoluna əsasən İddiaçı ayrılmış Səngəçal bağ massivi ərazisində sahəsi 800 kv.m olan 21 nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-51/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-51/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver