Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-510/2020 06.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı müvafiq illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018ci il tarixli, 2-1(82)-3171/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3171/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya onun 2000-2009-cu illərdə “BUE Caspian LTD” müəssisəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-69/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3171/2018 saylı qərarı ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(102)- 2540/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-69/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarxili qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi – cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat idarəsiilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2000- 2009-cu illərdə “BUE Caspian LTD” müəssisəsində əmək fəaliyyəti ilə məşğul olması və həmin dövrlərin əmək stajına daxil edilərək, ona güzəştli şərtlərlə pensiya çıxmaq hüququnu cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq illər sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. O, 1982-ci ildən 2000-ci ilədək X11 Donanmasında işləmiş, x xxxxxxx 2000-ci il tarixdən xx xxxxxxxx 2009-cu il tarixədək “BUE Caspian LTD” şirkətinin Nerçə, Yeranqa, İslay om gəmilərində kapitan vəzifəsində çalışmışdır. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsində 21.2-ci bəndinin “b” yarımbəndində nəzərdə tutulmuşdur. Güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı o, hazırkı cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmişdir. Cavabdehin cavab məktubunda bildirilmişdir ki, onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində tələb olunan 25 il ümumi əmək stajı olmadığından və “BUE Caspian LTD” müəssisəsində fəaliyyəti barədə heç bir məlumat olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə müəyyən deyildir. Lakin qeyd olunan dövrlərin yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Bu səbəbdən də o (iddiaçı), məhkəməyə müraciət etmək qərarına gəlmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən olunur. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: İlkin məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemi xx.xx.2006cı il tarxidən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Nümayəndə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3171/2018 saylı qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlkin məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı və onun vəkili X5pellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı, onun vəkili X6 və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların – kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşa çatdıqda və ən azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq, «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə yetərli müddət işləməsi hazırkı işin mübahisəli hallarına aid deyil. İddiaçının ümumi iş stajına gəldikdə isə, nəzərə alınmalıdır ki, onun 2000 – 2009-cu illərdə “BUE Caspian LTD” müəssisəsində əmək kitabçasında öz əksini tapdığından, bu sənəddə göstərilən həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, sübut kimi mötəbər qiymətləndirilməlidir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya yetərli müddətdə ümumi iş stajı və “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” işlərdə iş stajı olan şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh tərəfindən imtina edilməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri ilə razılaşmır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. O, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə tələb irəli sürmüşdür. Cavabdeh inzibati orqan iddiaçının məhkəməyə qədər etdiyi müraciətini o əsasla təmin etməmişdir ki, onun “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan 25 il ümumi əmək stajı mövcud deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (xx.xx.2017-ci il tarixdək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. Ona görə də iddiaçının pensiya hüququ digər şərtlər ödənildiyi halda, həmin vaxt, yəni xx.xx.2017-ci il tarixdək qüvvədə olan qanunun normasına əsasən təmin edilməlidir. Həmin vaxt pensiya yaşına çatmış iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan yararlana bilməsi üçün iki şərtin ödənilməsi tələb olunurdu: azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya alması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan işlərdə işləməsi. İddiaçıya münasibətdə sonuncu şərtin ödənilməsi, yəni onun azı 12 il 6 ay həmin Siyahının 21-ci “Nəqliyyat” bölməsinin 21.2-ci bəndinin “b” yarımbəndində göstərilən işdə çalışması, beləliklə də zəruri həddə xüsusi staja malik olması tərəflər arasında mübahisə doğurmur və iş materialları ilə tam sübuta yetirilir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub-olmamasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının ümumi iş stajı ilə bağlı onun 2000–2009-cu illərdə “BUE Caspian LTD” müəssisəsində əmək kitabçasında öz əksini tapdığından, bu sənəddə göstərilən həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, sübut kimi mötəbər qiymətləndirilməsi dəlilləri ilə qismən razılaşır. Belə ki, işdə olan AR DSMF-nun İri sığortaedənlərlə İş İdarəsinin xx.xx.2017-ci il tarixli, 99/xx/xx-4600 saylı arayışdan görünür ki, İddiaçı (SSN: **********759) xx.xx.2006-cı ildən xx.xx.2009-cu il tarixədək 04 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1039,43 manat pensiya kapitalı vardır. İşdə olan sığortaedən “BUE Caspian limited” şirkətinin AR nümayəndəliyinin məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunan İddiaçı haqqında məlumatlardan görünür ki, İddiaçı 2006-cı ildə dekabr, 2007-ci ildə dekabr, 2008-ci ildə dekabr, 2009-cu ildə sentyabr, 2009-cu ildə sentyabr ayları üzrə sığorta haqqı barədə məlumatlar var. Cavabdehin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********2 saylı məktubda iddiaçının xx.xx.2006-cı il tarixədək 23 il 10 ay 29 gün ümumi iş stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək 4 ay sosial sığorta stajı, ümumilikdə 24 il 02 ay 29 gün ümumi əmək stajı olduğu üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi xx.xx.2019-cu il tarixli, 2-1(103)-69/2019 saylı qərarı ilə iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxxxx 2009-cu il tarixədək "BUE Caspian LTD” müəssisəsində işləsə də, həmin illərdə iddiaçının sığorta stajının qarşılıqlı yoxlanılması, işəgötürən tərəfindən həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilibedilməməsi müəyyən olunmamış, beləliklə də iddiaçı 24 il 02 ay 29 gün ümumi iş stajına malik olmuş, lakin güzəştli şərtlərlə əmək pensiyasının təmin edilməsi üçün zəruri olan 25 il ümumi stajı toplamamışdır. Kassasiya instansiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə qismən - iddiaçının xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxxxx 2009-cu il tarixədək "BUE Caspian LTD” müəssisəsində işlədiyi illərdə onun sığorta stajının qarşılıqlı yoxlanılmasının, işəgötürən tərəfindən həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilib-edilməməsini müəyyən etməyin mümkün olmadığı əsası ilə həmin dövrün onun iş stajı kimi nəzərə alınmaması ilə razılaşmışdır. Lakin kassasiya instansiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yetərli, yəni 25 il ümumi iş stajına malik olmaması barədə gəldiyi nəticəni düzgün saymamışdır. Belə ki, iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1977-xx.xx.1978-ci və xx.xx.1978-xx.xx.1982-ci illərdə Bakı Dənizçılik Məktəbində təhsil almışdır. Kassasiya instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Odur ki, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsə pensiya təyin edilən vaxt deyil, təhsil aldığı vaxt qüvvədə olan qanunvericilik normalarına uyğun həll edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən xx xxxxxx 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmçinin, xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş (xx.xx.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu Qanunun norması xx.xx.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının təhsil aldığı müddətin onun ümumi iş stajına daxil edilməli olub-olmaması məsələsini müzakirə etməmişdir. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının təhsil aldığı müddət “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun qüvvədə olduğu dövrə təsadüf etdiyindən, həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə və iddiaçının əmək kitabçasına əsaslanaraq hesab edir ki, iddiaçının xx.xx.1977-xx.xx.1978 illərdə Bakı Dənizçilik məktəbində (1 il); 1978-1981-ci illərdə Bakı Dəniz Yolları Məktəbində (3 il 5 ay 5 gün) təhsil aldlığı; “X11 Donanması” İdarəsində - xx.xx.1982-xx.xx.1983-ci illərdə “Çeleken-1” gəmisində kapitanın 3-cü, 2-ci köməkçisi; xx.xx.1983 - xx.xx.2000-cı illərdə “Taman” gəmisində kapitanın 2-ci köməkçisi, böyük köməkçisi, kapitan (18 il 08 ay) işlədiyi; BUE Caspian Limited müəssisəsində xx.xx.2000 - xx.xx.2009 cu illərdə işlədiyi müddətin xx.xx.2000 - xx.xx.2006-cı illəri, xx.xx.2006 - xx.xx.2009-cu il tarixədək 4 ayı (cəmi 5 il 6 ay 28 gün) sığorta stajına daxil edilməlidir. Beləliklə, iddiaçının ümumi iş stajı 28 il 08 ay 03 gün təşkil etdiyi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilərək, iddiaçıya onun 2000-2006 illərdə, 2006-2009-cu illərdə 04 ay “BUE Caspian LTD” müəssisəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3171/2018 saylı qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. İddiaçı 2000-2006 illərdə, 2006-2009-cu illərdə 04 ay “BUE Caspian LTD” müəssisəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-510/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-510/2020
06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver