Məhkəmə qərarları › İş №2-1(103)-510/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-510/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-510/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2021 saylı, 27.08.2021-ci il taixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 27.08.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 01.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2021 saylı, 27.08.2021-ci il taixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2021 saylı, 27.08.2021-ci il taixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 8 ay 16 gün) təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - iddiaçıya məxsus 10.01.1984-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 23.07.1981-ci ildə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 1 saylı X7 bayrağı ordenli 16 saylı Tikinti İdarəsində 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 08.10.1981-ci ildə Sovet Ordusu sıralarında xidmətə çağırışla bağlı işdən azad edilmişdir. 19.01.1984-cü ildə “Qomselmaş” X4 tökmə çuqun sexinə 3-cü dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 08.04.1985-ci ildə işdən azad edilmişdir. 01.06.1985-ci ildə Bakı Dənizçilik Məktəbinə Matros-motorist ixtisası üzrə kursant qəbul olunmuş, 09.01.1986-cı ildə məktəbi bitirdikdən sonra X5 gəmilərində daimi işləmək üçün göndərilmişdir. 10.01.1986-cı ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra nəqliyyat donanmasının üzgüçü heyətinə matros qəbul olunmuşdur. 13.01.1986-cı ildə nəqliyyat donanmasının gəmilərinə matorist vəzifəsinə keçirilmişdir. 26.06.1987-ci ildə nəqliyyat donanmasının gəmilərində matrosmatorist, 12.11.1987-ci ildə nəqliyyat donanmasının gəmilərində matros, 12.05.1988-ci ildə nəqliyyat donanmasının gəmilərində matorist, 02.04.1991-ci ildə nəqliyyat donanmasının gəmilərində matros qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1982-ci il tarixli 154 saylı Qərarına əsasən X5 adı dəyişdirilərək Azərbaycan Dövlət X8 adlandırılmışdır. 19.11.1998-ci ildə nəqliyyat donanmasının gəmilərinə matorist, 17.06.1999-cu ildə nəqliyyat donanmasının gəmilərinə 4-cü dərəcəli mexanik qəbul olunmuşdur. 19.02.2002-ci ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə 4-cü mexanik vəzifəsinə, 03.08.2007-ci ildə 3-cü mexanik vəzifəsinə, 22.07.2008-ci ildə 2-ci mexanik vəzifəsinə keçirilmişdir. AXDG QSC X2 19.05.2014-cü ildən üzücü heyətə nəqliyyat donanması gəmilərinə 2-ci mexanik vəzifəsinə keçirilmiş və hal-hazırda orada işləyir. - Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 02.11.2020-ci il tarixli, 112 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən 01.09.1980-ci ildə Sumqayıt 44 nömrəli Texniki Peşə Məktəbinə (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq 13.07.1981-ci ildə Sumqayıt 44 nömrəli Texniki Peşə Məktəbinin (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) «Elektrik qaynaqçısı» ixtisasını bitirmişdir. - H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 25.10.1981-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, 16.11.1983-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 163 nömrəli attestatına əsasən İddiaçı 01.09.1980-ci ildə Sumqayıt 44 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş və 13.07.1981-ci ildə təhsil müddəti 1 il olan həmin məktəbi elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. - Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dənizçilik Kollecinin 05.10.2020-ci il tarixli, 10 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən 01 dekabr 1984-cü ildə Bakı Dəniz Yolları məktəbinə daxil olmuş, 30 noyabr 1985-ci ildə həmin məktəbi əyani təhsil formasında “1-ci dərəcəli matros” və “2-ci dərəcəli motorçu” ixtisasları üzrə bitirmiş, ona № 242 nömrəli attestat verilmişdir. - SSR Dəniz Donanması Nazirliyinin 242 nömrəli attestatına əsasən İddiaçı 01.12.1984-cü il tarixdən 30.11.1985-ci il tarixədək Bakı Dəniz Yolları məktəbində təhsil almışdır. - “Azərbaycan X8” QSC X3 05.10.2020-ci il tarixli, AM03/02-644 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən X5 üzücü heyətinin nəqliyyat donanması gəmilərində 10.01.1986-cı il tarixindən hal-hazıradək matros, motorçu, 4-cü, 3-cü və 2-ci mexanik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümümi iş stajı 36 il 00 ay 29 gün, gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 34 il 08 ay 21 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 N-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li Qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 N-li və 10.01.2014-cü il tarixli 213 N-li Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “Azərbaycan X8” QSC X3 02.06.2021-ci il tarixli, EC03/02-167 nömrəli məktubuna əlavə edilmiş “Azərbaycan X8” QSC X3 02.06.2021-ci il tarixli, AM03/02-644 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən X5 üzücü heyətinin nəqliyyat donanması gəmilərində 10.01.1986-cı il tarixindən hal-hazıradək matros, motorçu, 4-cü, 3cü və 2-ci mexanik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümümi iş stajı 36 il 09 ay 25 gün, üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 35 il 04 ay 21 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 N-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li Qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli Qərarına əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 N-li və 10.01.2014-cü il tarixli 213 N-li Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 12.11.2020-ci il tarixli, **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktublarında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdilən 10 yanvar 1984-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 8 ay 16 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 17.12.2020-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktublarında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 06 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il, 25 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 9.1, 9.8, 21.1-ci maddələrini, 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndini, 67-ci maddəsinin “v” və “ğ” bəndlərini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli dəyişikliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1.1, 3.1.2, 3.2.1, 3.2.2, 4.1.9-cu bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 Dəniz və çay donanması yarımbölməsi, 23003010 kodunu tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 01.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, baxılan iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olmalı, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olmalıdır. İş materiallarında olan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən iddiaçı 01.01.2006-cı il tarixədək ümumilikdə 25 il ümumi iş stajı toplamışdır. Belə ki, 01.09.1980-13.07.1981-ci illərarası birinci dəfə təhsil aldığı dövr 10 ay 13 gün, 23.07.1981 - 08.10.1981-ci illərdə 16 saylı Tikinti Tdarəsində 3-cü dərəcəli elektrik qaynaqçısı işlədiyi 2 ay 17 gün, 25.10.1981 - 16.11.1983-cü illərdə hərbi xidmət dövrü 2 il 23 gün, 19.01.1984-cü ildən 08.04.1985-ci ilədək X1 əl ilə qaynaqda elektrik qaynaqçısı işlədiyi 1 il 02 ay 21 gün, 08.04.1985 - 30.11.1985-ci ilədək ikinci dəfə təhsil aldığı dövr 07 ay 23 gün, 10.01.1986-cı ildən 01.01.2006-cı ilədək 19 il 11 ay 23 gün olmaqla cəmi 25 il ümumi iş stajı təşkil edir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçası və təhsil haqqında sənədlərində 01.12.1984-cü ildən 30.11.1985-ci ilədək Bakı Dəniz Yolları məktəbində təhsil aldığı dövrlə 19.01.1984-cü ildən 08.04.1985-ci ilədək X1 əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrlər üst-üstə düşmüşdür. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üstüstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır, lakin qanunverici təhsil və əmək fəaliyyəti dövrləri üst-üstə düşdüyü halda onlardan birinin tam hesablanmasını, eyni zamanda həmin dövrlərin üstüstə düşməyən yerdə qalan hissəsinin iş stajına hesablanmasını qadağan da etmir. Bu baxımdan iddiaçının 01.12.1984-cü ildən 30.11.1985-ci ilədək olan təhsil dövrünün bir qismi 19.01.1984-08.04.1985-ci ilədək olan iş stajı dövrü ilə əhatə olunmuş, bu zaman məhkəmə onun 19.01.1984-cü ildən 08.04.1985-ci ilədək əmək fəaliyyəti dövrünü tam, təhsil dövrünün əmək fəaliyyəti dövrü ilə üst-üstə düşməyən yerdə qalan dövrünü, yəni 08.04.1985-ci il tarixdən təhsilini bitirdiyi 30.11.1985-ci ilədək olan təhsil dövrünü ümumi iş stajına hesablamışdır. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 Dəniz və çay donanması yarımbölməsi, 23003010 kodu altında üzən heyət zərərli peşə kimi nəzərdə tutulmuşdur. Eyni zamanda, Təqdim olunmuş iş yerindən güzəştli arayışa əsasən iddiaçının Azərbaycan X5 üzücü heyətinin nəqliyyat donanması gəmilərində 10.01.1986-cı il tarixindən 01.01.2006-cı ilədək işlədiyi matros, motorçu, mexanik vəzifələri və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. İddiaçının işlədiyi gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir, cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2021 saylı, 27.08.2021-ci il taixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar