Məhkəmə qərarları › İş №2-1(103)-510/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-510/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-510/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4616/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeydiyyatda olduğu vergi orqanına 14 avqust 2021-ci il tarixdə təqdim edilmiş 2021-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 sentyabr 2021-ci il tarixli **********094700 nömrəli Qərarla əsassız və qanunsuz olaraq 66.037,74 manat əlavə olaraq ƏDV vergisi hesablanmışdır. İddiaçı 5 iyul 2019-cu il tarixdə vergi orqanlarında qeydiyyatdan keçmiş və həmin tarixdən etibarən yalnız tək əsas polad tökmə fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı müxtəlif vətəndaşlardan vergi qanunvericiliyinin tələblərinə əməl edilməklə alış aktları və yaxud digər vergi ödəyicilərdən e-qaimələr əsasında metal qırıntıları alaraq onlardan armatur və yaxud digər metal məhsulları istehsal edərək həm ölkədə, həm də xaricdə həmin məhsulları satır. Belə ki, iddiaçı 29 iyun 2021-ci il tarixdən 7 iyul 2021-ci ıl tarixədək dövr ərzində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 14 elektron vergi qaimə-faktura əsasında 366.876,39 manat (ƏDV-si 66.037,75 manat) məbləğində metal qırıntısı almış və 2021-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsi təqdim edərkən həmin dövriyyəni ƏDV əzəvləşməsinə daxil etmişdir. Lakin vergi orqanı iddiaçıya 23 avqust və 1 sentyabr 2021-ci il tarixdə uyğunzusluq məktubları göndərməklə "xxxx" MMC ilə apardıqları əməliyyatların riskli olduğunu qeyd etmişlər. Həmin məktublara cavab olaraq iddiaçı tərəfindən 24 avqust və 4 sentyabr 2021-ci il tarixlərdə cavab məktubarı göndərilmiş və izah edilmişdir ki, həmin şirkətlə əməliyyat apararkən və şirkət tərəfindən müəssisəyə e-qaimə təqdim edərkən “etaxes.gov.az”dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyatlar apardığı 29 iyun 2021-ci il tarixdən 7 iyul 2021- ci il tarixədək dövr ərzində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının həmin MMC ilə apardığı bütun əməliyyatlarını riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatlar nəticəsində e-qaimələr üzrə ƏDV əvəzləşməsini qəbul etməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəvicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. Beləliklə, kameral vergi yoxlamasının nəticəsi üzrə cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 sentyabr 2021-ci il tarixli **********094700 nömrəli Qərarla əsassız və qanunsuz olaraq iddiaçıya 66.037,74 manat ƏDV hesablamışdır. Daha sonra, iddiaçı həmin hesabat dövrü üzrə, yəni 2021-ci ilin iyul üzrə bir daha dəqiqləşmiş ƏDV bəyannaməsi təqdim edərək "xxxx" MMC-dən əldə etdiyi elektron vergi qaimə-fakturaları əvəzləşməyə daxil etsə də, cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 dekabr 2021-ci il tarixli **********612600 nömrəli Qərarla yenidən iddiaçıya 66.037,74 manat ƏDV məbləğini bərpa etmişdir. İddiaçının nümayəndəsi və vəkili 28 fevral 2022-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarının tam və xx.xx.2022-ci il tarixli **********471300 nömrəli qərarının 14866,60 manat hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, vergi ödeyicisi tərəfindən xx.xx.2021-ci il tarixində 2021-ci ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində EBBE seriyalı 334040 nömrəli, EBBE seriyalı 146097 nömrəli, EBBE seriyalı 300754 nömrəli, EBBE seriyalı 063049 nömrəli, EBBE seriyalı 300803 nömrəli, EBBE seriyalı 481577 nömrəli, EBBE seriyalı 482150 nömrəli, EBBE seriyalı 326802 nömrəli, EBBE seriyalı 326510 nömrəli, EBBE seriyalı 415825 nömrəli, EBBE seriyalı 416115 nömrəli, EBBE seriyalı 300623 nömrəli, EBBE seriyalı 068052 nömrəli, EBBE seriyalı 481860 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğlərinin 0.00 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********125200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 55156,77 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********612600 nömrəli “Vergilərin, sosial sığortal işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4616/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmişdir. Lakin, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödeyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmçinin, xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinə “əmtəəsiz əməliyyat” və “riskli vergi ödəyicisi” anlayışları əlavə olunmuşdur. Əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar və riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxslər hesab olunur. Eyni zamanda həmin Məcəlləyə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Belə ki, vergi orqanları tərəfindən uçot və hesabat məlumatlarının yoxlanılması, əlaqəli məlumatların təhlil edilməsi zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC (VÖEN; **********) və "xxxx" MMC (VÖEN: **********) tərəflərindən əmtəəsiz (və ya riskli) əməliyyatlar aparıldığı müəyyən olunduğundan bu vergi ödəyiciləri riskli vergli ödəyiciləri hesab olunmuşdur. "xxxx" MMC tərəfindən 2021-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində "xxxx" MMC-dən (VÖEN: **********) aldığı vhf-lar, 2021-ci ilin noyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində isə "lnşaat-1” MMC-dən (VÖEN: **********) aldığı vhf-lar əvəzləşməyə təqdim edildiyindən uyğunsuzluqlar yaranmışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********125200 və xx.xx.2022-ci il tarixli **********854000 nömrəli uyğunsuzluq məktubları göndərilmişdir. Vergi ödeyicisi tərəfindən uyğunsuzluq məktublarında göstərilmiş müddət ərzində qeyd edilən uyğunsuzluqlar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2021-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 66037,75 manat və 2021-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 15833,54 manat əlavə vergi məbləğləri hesablanaraq, müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********612600 və xx.xx.2022-ci il tarixli **********421900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti və ona əlavənin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3-cü bəndində qeyd edilmişdir ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə görə VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İnzibati işdən görünür ki, iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlayaraq 13 elektron qaimə-faktura əsasında 82.592,22 manat (ƏDV 14.866,60 manat), xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlayaraq 14 elektron qaimə-faktura əsasında 366.876,39 manat (ƏDV 66.037,75 manat) məbləğində metal qırıntısı almışdır. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli **********612600 nömrəli və xx.xx.2022-ci il tarixli **********421900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar əsasında əlavə vergi məbləğləri hesablanmasına əsas iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC və "xxxx" MMCnin riskli vergli ödəyiciləri hesab olunmaları ilə bağlıdır. Mübahisələndirilən qərarların qanuniliyinin müəyyən edilməsi ilə bağlı həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda adıçəkilən vergi ödəyicilərinin həmin əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olub-olmaması aydınlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş qərarların surətindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC (VÖEN: **********) isə xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən müəssisələr ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixlərdə, yuxarıda qeyd edilən müəssisələr tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisələr ilə əməliyyat apardığı zamanı həmin müəssisələr riskli vergi ödəyicilər siyahısında olmamışlar ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanın qəbul etdiyi hazırda mübahisələndirilən qərarların qanunsuz və əsassız olmasına dəlalət edir. Ona görə ki, cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamış və bununla da kobud surətdə qanun pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası həmçinin, diqqət yetirir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli qərarı). Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri (ədv) hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla ƏDV hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4616/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar