Məhkəmə qərarları › İş №2-1(103)-510/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-510/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-510/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə (indiki adı: Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi) qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********0138 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırmışdır: “...Prime Accessories MMC (fraçayzer) İddiaçı (françayz alan) arasında 08 saylı xx.xx.2023-cü il tarixli Françayzinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satışın həyata keçirilməsi üçün zəruri olan bütün texniki və kommersiya sənədlərini və digər informasiyaları françayz alana verməyi, onu təcrübəli satış təmsilçiləri və işçi heyəti ilə təmin etməyi hər zaman mallar və uyğun gördüyü bütün mal çeşidləri ilə (satış əsas alınaraq), lazım olduqda reklam xidməti və digər zəruri ehtiyac meyarları ilə təmin etməyi, ona texniki və məsləhət xidməti göstərməyi, satdığı malın (xidmətin, işin) keyfiyyətinə nəzarət etməyə, ilk 6 aylıq müddətdə hissə-hissə mal təminatına, 6 aydan gec olmayaraq qaimə faktura təqdim etməyi (istisna hallarda səmərəli görülərsə 1 il müddətində), fraçayz alan isə kommersiya işarəsini və ya firma adını müqavilədə nəzərdə tutulan qaydada istifadə etməyi, istehsal sirrini və digər məxfi kommersiya informasiyalarını yaymamağı, təlimat və göstərişlərinə riayət etməyi –öhdəlik olaraq üzərinə götürmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixli **********9324 nömrəli “X8nin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2023-cü il tarixdə françayz alan İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi AZ1052, ünvan 1 ünvanda yerləşən “Prime watch saat gümüş aksesuarları” adlı obyektdə X8 keçirilmiş və nəticələrinə dair akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, keçirilən nəzarət tədbiri zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Həmin akta əsasən qəbul edilmiş **********0138 saylı xx.xx.2023cü il tarixli qərarla isə Vergi Məcəlləsinin 58.10-cu və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi qanuni qüvvəyə minmədən üç nəfər şəxsin işlərin yerinə yetirilməsinə cəlb etməklə, gəlirinin gizlədilməsinə (azaldılımasına) şərait yaratdığı əsas götürülməklə, iddiaçıya, həmin şəxslərin hər birinə görə 2000 manatdan olmaqla, 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı, Mülki Məcəllənin vergi orqanına təqdim etdiyi françayzinq müqaviləsinin şərtlərinə 723 və 724-cü maddələrinə və vergi qanunvericiliyinin tələblərinə istinadən hesab edir ki, cavabdehin ona maliyyə sanksiyası təbiq edilməsi barədə qərarı əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Araşdırma zamanı Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********9324 nömrəli “X8nin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2023-cü il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) AZ1052, ünvan 1 ünvanda yerləşən “Prime watch saat gümüş aksesuarları” adlı obyektində keçirilmiş X8 tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunduğundan xx.xx.2023-cü il tarixli DVX seriyalı 006231 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X8nin nəticəsi haqqında” aktı tərtib edilmiş və vergi ödəyicisi tərəfindən aktın bir nüsxəsi təhvil alınmış, lakin onun imzalanmasından imtina olunmuşdur. Tərtib edilmiş həmin akt əsasında Baş idarə tərəfindən xx.xx.2023-cü il tarixli **********0138 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və onun elektron qutusuna xx.xx.2023-ci il tarixdə göndərilmişdir…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş **********0138 saylı xx.xx.2023-cü tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPMin 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarında əsas kimi götürülən "xxxx" MMC arasında bağlanmış xx.xx.2023- cü il tarixli, 08 saylı “Françayzinq müqaviləsi” üzrə 3 nəfər işçilərin "xxxx" MMC-nin işçiləri olması və françayzinq müqaviləsi çərçivəsində həmin işçilərin xidmətindən istifadə edilməsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 723-cü və 724-cü maddələrinə müvafiq olaraq "xxxx" MMC ilə iddiaçı ilə arasında bağlanması güman edilən xx.xx.2023-cü il tarixli 08 saylı “Françayzinq müqaviləsi”ndə brenddən istifadə müqabilində ödənməli olan muzdun məbləği və onun ödəniş qaydasını müəyyən edən hər hansı bənd nəzərdə tutulmamışdır. Həmçinin, "Prime Accesories” MMC tərəfindən iddiaçıya muzdun ödənilməsi ilə bağlı heç bir elektron qaiməfaktura təqdim olunmamış və onlar arasında aparılan belə ödənişin aparılması aşkar edilməmişdir. Eyni zamanda, vergi orqanının “X8nin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya məxsus obyektdə həyata keçirilmiş X8 tədbiri zamanı obyektdə mövcud olan malların xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktları ilə "xxxx" MMC-dən təhvil alındığı bildirilmiş və qeyd olunan sənədlər vergi orqanına təqdim edilmişdir. Təqdim etdiyi françayzinq müqaviləsi üzrə araşdırılmalı digər məqam isə əmək fəaliyyətinin təşkili ilə bağlı münasibətlərin tənzimlənməsidir, hansı ki, françayzinq müqaviləsi bu zaman da Mülki Məcəllənin həmin münasibətləri tənzimləyən normalarının tələblərindən kənara çıxılmaqla tərtib edilmişdir. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “Françayzinq müqaviləsi”nin 2.1 -ci maddəsinin b bəndində françayz alanı təcrübəli satış təmsilçiləri və işçi heyəti ilə təmin etmək françayz verənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Halbuki, Mülki Məcəllənin 724.1-ci maddəsinin tələbinə uyğun olaraq, hazırkı iş üzrə "xxxx" MMC satışın təşkilinə dair məlumatları iddiaçıya təqdim etməlidir. Lakin X8 tədbiri zamanı "xxxx" MMC-nin 3 nəfər işçisinin faktiki olaraq əmək münasibətlərinə cəlb edilməsi, hətta onlardan biri - X3 iddiaçıya məxsus obyektdə satıcı kimi fəaliyyət göstərməsi müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC-nin işçilərinin həmin obyektə ezam edilməsinə dair müvafiq sənədlər də tədbir zamanı təqdim edilməmiş və bu xidmətə görə iddiaçı tərəfindən "xxxx" MMC-yə hər hansı ödəniş həyata keçirilməmişdir. Əlavə olaraq, məhkəmə araşdırması zamanı iddiaçı tərəfdən qeyd olunan məsələ ilə bağlı məhkəmə əlavə sübutların təqdim edilməsini bildirmişdir. Lakin iddiaçı tərəf xx.xx.2023-cü il tarixli françayzinq müqaviləsini təqdim etməklə kifayətlənmişdir. Əgər "xxxx" MMC tərəfindən 3 nəfər işçisinin faktiki olaraq əmək münasibətlərinə cəlb edilməsi, yəni fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi təsərrüfat subyektinə ezam edilmələri barədə rəsmi ƏMR var idisə, nəyə görə həmin sənəd nə vergi orqanı tərəfindən keçirilən yoxlama zamanı, nə də məhkəməyə iddia tələbi ilə müraciət edilən zaman bu sənədlər təqdim edilməmişdir. Bu hal Məhkəmənin israrla iddiaçı tərəfdən yönəldici ifadələrlə “həmin şəxslərin ezam olunmaları ilə bağlı hər hansı əmri məhkəməyə təqdim edin” deyə tələb etməsindən sonra xx.xx.2004-cü il tarixli 19/2024 nömrəli məktuba əlavə edilmiş “Xidməti münasibətlərin həyata keçirilməsi haqqında” 46-İR- 2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr məhkəməyə təqdim edilmişdir. Əmək müqavilələrinin olması iddiaçının vergi qanunvericiliyini pozmasını istisna edən, onun təqsirsizliyinə səbəb olan hal kimi qiymətləndirilə bilməz. Müqavilələr iddiaçının sahibkarlıq fəaliyyətində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmasını istisna etmir. Bu məsələ ilə bağlı qeyd edilir ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır ki, burada işə cəlb edilən fiziki şəxsin başqa şəxslə əmək müqaviləsinin olması həmin faktın mövcudluğunu birbaşa istisna edən hal deyildir. Həmin şəxslərin rəsmi olaraq əmək müqaviləsi bağladığı yerdə, eyni zamanda digər bir iş yerində işləməsi o demək deyildir ki, şəxslə yeganə əmək müqaviləsinin bağlanılması onun sonuncu fəaliyyətini də legitim edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, X8 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir…” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X8ni həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X8nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X8 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi X8 zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin hallarından göründüyü kimi, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin qeyd olunan tələblərindən irəli gələrək qəbul etdiyi “X8nin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarı əsasında iddiaçının, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli francayzinq müqaviləsinə əsasən fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən “Prime watch saat gümüş aksesuarları” adlı obyektdə X8 tədbiri keçirilmiş, bu zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi əsası ilə akt tərtib olunmuş və həmin akt əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla o, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərkən hesab etmişdir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 nömrəli xx.xx.2023-cü il tarixli Françayzinq müqaviləsi mövcuddur. Tərəflər arasında bağlanmış müqavilə mülki qaydada ləğv edilməmiş və ya etibarsız sayılmamışdır, müqavilə qüvvədədir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, OVN tədbirinin həyata keçirildiyi zaman, X5, X6 və X7 müqavilədən irəli gələn öhdəliklərin icrası üçün iddiaçının fəaliyyət göstərdiyi obyektə ezam olunmuş, müvafiq olaraq həmin şəxslər xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş əmək müqavilələri ilə "xxxx" MMC-də işləmişlər və həmin şəxslərin əmək müqaviləsi bildirişləri olmuşdur, qeyd edilən tarixlərdə sistemə adları daxil edilmişdir. X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən, X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsi bildirişlərinin işdə olan nüsxələrinə əsasən müəyyən edilmişdir ki, onların hər üçü "xxxx" MMC ilə əmək müqaviləsi bağlamaqla fəaliyyət göstərən işçilərdir. Belə olan halda cavabdehin həmin şəxsləri iddiaçının işçisi olaraq qəbul etməsi əsassızdır. "xxxx" MMC işin qeyd olunan hallarını məhkəmənin sorğularını cavablandırmaqla təsdiq etmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi həmin mövqeyi ilə razılaşır. Belə ki, birincisi, məhkəmənin qərarında istinad etdiyi həmin sənədlərin iş materiaları üzrə (françaycinq müqaviləsi, adıçəkilən şəxslərlə françayz verən "xxxx" MMC arasında bağlanmış əmək müqavilələrinin qüvvəyə minməsini təsdiq edən əmək müqavilələri bildirişləri və s.) mövcudluğu mübahisələndirilmir. İkincisi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 723-cü maddəsi nəzərədə tutur ki, françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. Həmin Məcəllənin 724.1-ci maddəsinə əsasən erançayz verən françayz alana standart formalı qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur. Həmin Məcəllənin 724.2-ci maddəsinə əsasən françayz verən birgə fəaliyyət sistemini üçüncü şəxslərin müdaxiləsindən qorumağa, onu aramsız təkmilləşdirməyə və françayz alanı işgüzar vərdişlərlə tanış etmək, informasiya vermək və ixtisasını artırmaq yolu ilə dəstəkləməyə borcludur. İşə əlavə olunmuş adıçəkilən françaycinq müqaviləsinin təsbit olunan şərtlərindən görünür ki, tərəflər (françayz verən "xxxx" MMC, françayz alan İddiaçı ) həmin müqavilə ilə aşğıdakı öhdəlikləri yerinə yetirməlidir. Françayz verən: -zəruri olan bütün texniki və kommersiya sənədlərini və digər informasiyaları françayz alana verməyi onu təcrübəli satış təmsilçiləri və işçi heyəti ilə təmin etməyi hər zaman mallar və uyğun gördüyü bütün mal çeşidləri ilə (satış əsas alınaraq), lazım olduqda reklam xidməti və digər zəruri ehtiyac meyarları ilə təmin etmək, ona texniki və məsləhət xidməti göstərməyi, satdığı malın (xidmətin, işin) keyfiyyətinə nəzarət etmək və ilk 6 aylıq müddətdə hissə-hissə mal təminatına, 6 aydan(istisna hallarda səmərəli görülərsə 1 il müddətində) gec olmayaraq qaimə faktura təqdim etmək; Fraçançayz alan: -kommersiya işarəsini və ya firma adını müqavilədə nəzərdə tutulan qaydada istifadə etmək, istehsal sirrini və digər məxfi kommersiya informasiyalarını yaymamaq, təlimat və göstərişlərinə riayət etmək, xidmət, mal və ödəmə qaimələri təqdim edildikdən sonra razılaşma əsasında ödnəişlər etmək. İşin mübahisələndirilən hallarından göründüyü kimi, françayz verən "xxxx" MMC müqavilə öhdəliklərinə uyğun olaraq hərəkət etmiş, o cümlədən, üzərinə götürdüyü öhdəliklər çərçivəsində françayz alanı işçi heyəti ilə (X5, X6 və X7) təmin etmiş, lakin cavabdeh vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən X8 zamanı, adıçəkilən işçi heyəti iddiaçının (françayz alanın) öz işçiləri kimi qiymətləndirilərək, iddiaçı (françayz alan) mübahisələndirilən qərarla 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Halbuki, iş materiallarına əsasən müəyyən edilir ki, həmin işçilərlə, o cümlədən, X5 xx.xx.2023-cü il tarixdən, X6 xx.xx.2023-cü il tarixdən, X7 xx.xx.2023-cü il tarixdən "xxxx" MMC ilə qüvvəyə minmiş olan əmək müqavilələr bildirişləri mövcud olmuş və onlarla bağlanmış əmək müqavilələrinə yalnız müvafiq olaraq xx.xx.2024, xx.xx.2024 və xx.xx.2023-cü il tarixlərdən xitam verilmişdir. Qeyd olunmalıdır ki, X8 keçirilərkən vergi orqanına həmin şəxslərin izahat verməkdən imtina etmələri, onların əslində, iddiaçı (françayz alan) ilə əmək münasibətlərində olmadıqlarını dolayısı ilə təsdiq edilir. Cavabdeh orqanın isə onların məhz iddiaçı tərəfindən işə götürüldüyünü, yəni sonuncunun işəgötürən olduğunu təsdiq edə bilən başqa sübutetmə vasitələri mövcud da deyildir və hazırkı mərəhələdə də belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, hazırkı apellyasiya mərhələsində iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi əmək haqqı barədə cədvəl məlumatlarına əsasən müəyyən olunur ki, adıçəkilə işçi heyəti (X5, X6 və X7) 2023-cü ildə françayz verən "xxxx" MMC-dən 345 manat məbləğində əmək haqqı almışlar. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış françayzinq müqavsləsi də ləğv olunmamış, etibarsız hesab edilməmiş, qüvvədə olmuşdur. Başqa sözlə, cavabdehin apellyasiya şikayətinin həmin şəxslərin əmək müqaviləsi üzrə iddiaçının sahibkarlıq fəaliyyətində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmasını istisna etmədiyini bildrən, ehtimal xarakterli dəlillərinin əsassız olduğu sübuta yetirilir. Ən azından, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsi imperativ qaydada nəzərədə tutur ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən isə “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin X8 tədbirinin hər hansı pozuntu olmadan vergi qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirildiyini mübahisələndiriən dəlillərinin əsassız olduğu öz təsdiqini tapır. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar