Məhkəmə qərarları › İş №2-1(103)-5103/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5103/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5103/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X4 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 11078/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2020-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar) maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə, pensiyanın təyin edilmə tarixinə düzəliş edilmiş və xx.xx.2017-ci il tarixə çəkilmişdir. Cavabdehin həmin qərarı ilə, həmçinin iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2023cü il tarixdən yenidən hesablanaraq (fərdi hesabının sığorta hissəsində toplanmış 177.973,68 manat pensiya kapitalı 362-yə (65 il – 40 il 10 ay = 290 ay + (144 ay – 72 ay)) bölünməklə) 1338,83 (847,19+491,64) (xx.xx.2025-ci il tarixdən indeksləşdirilməklə 1609,37) manat müəyyən edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarının ləğv edilməsi, pensiya hüququnun yarandığı tarix xx.xx.2017-ci il olduğu nəzərə alınmaqla xx.xx.2017-xx.xx.2023 illər ərzində yığılan 6 illik dövr üzrə sığorta kapitalının nəzərə alınmaqla iddiaçının barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablama yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-9669/2025 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2017-ci il tarixdən pensiya hüququnun yarandığı nəzərə alınmaqla pensiyanın xx.xx.2017-xx.xx.2023-cü il tarixlərdə 6 illik dövr ərzində qeydə alınmış sığorta kapitalının əsasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyasının yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan yenidən hesablanması, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiyadan xx.xx.2020-cı ildə pensiyaya çıxmışdır. Pensiya təyin tarixinin xx.xx.2017-ci ildən düzgün müəyyən edilməsi və növbəli yenidən hesablanmaların aparılmasını xahiş etmiş, müraciəti qismən təmin edilmişdir, pensiya hüququnun xx.xx.2017-ci ildən yaranması müəyyən edilsə də, növbəti yenidən hesablanmalar xx.xx.2017-xx.xx.2023 dövr üzrə 72 aya bölünməklə aparılmamışdır. İddiaçı pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. 6 il stajın tamamlanması ilə bağlı müraciəti əsasında pensiyanın yenidən hesablanması icra edilib, lakin cavabdeh qurum qanuna zidd olaraq pensiyanın həmin yenidən hesablanmasını sığorta kapitalı 72 aya bölməklə etməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-cı il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. İddiaçıya pensiya təyin edildikdən sonra 6 il işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 177.973,68 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1- ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (177973,68:362 ay (65 il - 40 il 10 ay = 290 ay + (144 ay - 72 ay) = 491,64 manat) əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 847,19 manatdan 1338,83 (847,19+491,64) manata artırılıb. Qanunun 32.1- 1-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş üç il üçün iddiaçıya ödənilməli olan 21718,20 manat pul vəsaiti hesablanıb. Həmin vəsait cari ilin iyul ayından etibarən hissə-hissə (hər ay 603,28 manat olmaqla) əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Əlavə olaraq bildiririk ki, Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2025-ci il tarixindən iddiaçının pensiya məbləği 1609,37 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-11078/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-9669/2025 nömrəli qərarı ləğv edilmiş, xx.xx.2017-ci il tarixdən pensiya hüququnun yarandığı nəzərə alınmaqla pensiyanın xx.xx.2017-xx.xx.2023-cü il tarixlərdə 6 illik dövr ərzində qeydə alınmış sığorta kapitalının əsasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyasının yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan yenidən hesablanması, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddanın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixindən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçıya pensiya təyin edildikdən sonra 6 il işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 177973,68 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (177973,68:362 ay (65 il - 40 il 10 ay = 290 ay + (144 ay - 72 ay) = 491,64 manat) əmək pensiyası Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 847,19 manatdan 1338,83 (847,19+491,64) manata artırılmışdır. Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2025-ci il tarixindən iddiaçının pensiya məbləği 1609,37 manat təşkil edir. İddiaçı tərəf xx.xx.2026-cı il tarixdə, məhkəmə iclasında elektron qaydada iddianın dəyişdirilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-9669/2025 nömrəli qərarın qismən 37.3.1-ci maddəyə aid hissəsində ləğv edilməsini, xx.xx.2017 tarixdən pensiya hüququnun yarandığı nəzərə alınmaqla pensiyanın xx.xx.2017-xx.xx.2023 tarixlərdə 6 illik dövr ərzində qeydə alınmış sığorta kapitalının əsasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması, "Əmək pensiyaları haqqında Qanunun" tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hazırkı iş üzrə xx.xx.2026-cı il tarixli qərardadı ilə, iddianın qeyd edilən məzmunda dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən, cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1982-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır; “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən, uçuş heyətinə aid olduğundan, yaşa görə 428,99 manat pensiya təyin edilməsi qərara alınmışdır; xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı pensiyanın yenidən hesablanması tələbi ilə bağlı ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir; "xxxx" QSC-nin 108 nömrəli xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı uçuş işində xidməti illərinə görə əmək stajı xx.xx.2017-ci ildə 20 il 01 ay (iyirmi il, bir ay) təşkil edir; "xxxx" QSC Milli Aviasiya Akademiyasının 645 nömrəli xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 1999-cu ildə Milli Aviasiya Akademiyasının “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasına (əyani) qəbul olmuş, 2004-cü ildə həmin ixtisası bitirmiş və ona AB-İ 086380 nömrəli mütəxəssis diplomu verilmişdir. Diplomun verilməsi tarixi xx.xx.2004, qeydiyyat nömrəli – 911; Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3017-1/3-3- 9669/2025 nömrəli qərarından görünür ki, İddiaçı pensiya təyin olunduğu tarix xx.xx.2017ci il göstərilməklə, pensiya məbləği yenidən hesablanmış, yenidən hesablanmanın səbəbi – hüququn yaranma tarixi xx.xx.2017-ə çəkilməsi (diplom, 9.3-cü maddə) + 6 illik pensiya sığorta kapitalı nəzərə alınması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. (xx.xx.2022-dək qüvvədə olan redaksiya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanun: 1.11. 45-ci maddənin ikinci cümləsi çıxarılsın. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisə predmeti xx.xx.2025-ci il tarixli qərarını tam ləğv etməklə xx.xx.2017-xx.xx.2023-cü il tarixlərdə 6 illik dövr ərzində qeydə alınmış sığorta kapitalının əsasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Mübahisə predmeti qərara nəzər yetirdikdə aydın olur ki, həmin qərarla həm pensiyanın təyin edilmə tarixinə düzəliş edilmiş və xx.xx.2017-ci il tarixə çəkilmiş, həm də iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən yenidən hesablanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi pensiyanın təyin edilmə tarixinin geri çəkilməsi hissəsində də qərarı ləğv etdiyi halda, xx.xx.2017-xx.xx.2023-cü il tarixlərdə toplanmış sığorta kapitalının əsasında pensiyanın yenidən hesablanmalı olması ilə bağlı gəldiyi nəticə ziddiyyətli olmuşdur. Mübahisə predmeti qərarın “pensiyanın təyin edilmə tarixinin geri çəkilməsi” hissəsi iddiaçı barəsində əlverişli nəticə yaratdığından, iddia tələbinin iddiaçının hüquqi marağına uyğun dəqiqləşdirilməsində birinci instansiya məhkəməsi yardımetmə vəzifəsini icra etməmişdir. Apellyasiya icraatı zamanı, məhkəmə iclasında məhkəmə kollegiyasının hüquqi yardımına əsasən iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-9669/2025 nömrəli qərarın qismən 37.3.1-ci maddəyə aid hissəsində ləğv edilməsini, xx.xx.2017 tarixdən pensiya hüququnun yarandığı nəzərə alınmaqla pensiyanın xx.xx.2017-xx.xx.2023 tarixlərdə 6 illik dövr ərzində qeydə alınmış sığorta kapitalının əsasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması, "Əmək pensiyaları haqqında Qanunun" tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hazırkı iş üzrə xx.xx.2026-cı il tarixli qərardadı ilə, iddianın qeyd edilən məzmunda dəyişdirilməsi qəbul edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin pensiyanın yenidən hesablanması ilə bağlı hüquqi əsaslandırması ilə razılaşsa da, iddianın yeni məzmunda dəyişdirilməsi səbəbindən qərarın ləğv edilməsi, yeni qərarın qəbul edilməsi nəticəsinə gəlir və bununla bağlı olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar) maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə, pensiyanın təyin edilmə tarixinə düzəliş edilmiş və xx.xx.2017-ci il tarixə çəkilmişdir. Cavabdehin həmin qərarı ilə, həmçinin iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən yenidən hesablanaraq (fərdi hesabının sığorta hissəsində toplanmış 177.973,68 manat pensiya kapitalı 362-yə (65 il – 40 il 10 ay = 290 ay + (144 ay – 72 ay)) bölünməklə) 1338,83 (847,19+491,64) (xx.xx.2025-ci il tarixdən indeksləşdirilməklə 1609,37) manat müəyyən edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə qeyd edilmiş xx.xx.2025-cü il tarixli qərarın qismən ləğv edilməsini və “Əmək Pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsi tətbiq edilməməklə ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə görə (Keçid müddəa) istinadən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 156 aya bölünməklə hesablanmalıdır. Məhkəmə kollegiyası tərəfindən ilkin olaraq araşdırılmalı məsələ sözügedən Keçid müddəanın iddiaçıya münasibətdə tətbiq edilməli olub-olmamasıdır. Məhkəmə kollegiyası işin göstərilən hallarını hallarını nəzərə alaraq, qeyd edir ki, ƏPQ-nin: - maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının 6 il işləməsi ilə bağlı əmək pensiyasını xx.xx.2023-cü tarixdən yenidən hesablamış, bu zaman ƏPQ-nin 45-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayını, yəni 144 ayı 72 ay azaltmaqla, 72 ay müəyyən etməli olduğu halda, xx.xx.2017-xx.xx.2022-ci illərdə qüvvədə olmuş 45-ci maddənin 2-ci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmışdır. Cavabdeh bu zaman xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli X2 istinad edir. Belə ki, həmin 2.2-ci maddəyə əsasən Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə kollegiyası cavabdehin bu istinadı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, ƏPQ-nin 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Belə ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi). “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini ƏPQ-dən çıxarmışdır. Keçid müddəaya gəldikdə isə, həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, pensiyanın yenidən hesablanmasına dair oxşar mübahisə ilə bağlı Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi belə olmuşdur ki, ... Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixli Qanunla ləğv edilmiş ikinci cümləsi 10 mart 2017-ci il tarixli Qanun ilə maddəyə əlavə edilmiş (xx.xx.2017-ci ildə qüvvəyə minmişdir) və yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir. Başqa sözlə yenidən hesablanmaya şamil olunmur. Pensiyanın yenidən hesablanması isə Qanunun 37.3.1 maddəsi ilə tənzimlənir. Buna görə də, ləğv edilmiş norma əsasında pensiyanın yenidən hesablanması hüquqi cəhətdən yolverilməzdir, çünki hüquqi normanın tənzimləmədiyi münasibətə ultraaktivliyin tətbiq edilməsi hüququn əsas prinsiplərinə ziddir. (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-2928/2025 №-li iş üzrə xx.xx.2025-ci il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-11078/2025 nömrəli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-11078/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Əli Cəfər oğlunun barəsində olan “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-9669/2025 nömrəli qərarı qismən – İddiaçı əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması hissəsində ləğv edilsin. İddiaçı əmək pensiyasının təyin edildiyi tarixdən sonra 6 il (xx.xx.2017-xx.xx.2023) işlədiyi müddət üçün fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan xx.xx.2023-cü il tarixdən yenidən hesablanması, “Əmək pensiyaları haqqında Qanunun” tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar