Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5108/2025 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair işi üzrə Açar sözlər: (əmək pensiyası; xüsusi rütbəli şəxs; xidmət illərinin hesablanması; qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburiliyi; preyudisiallıq; hüquqi müəyyənlik; əlverişli inzibati aktın ləğvi; etimadın qorunması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) “qərarların ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ## ###### 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən iddiaçı barəsində inzibati icraat başlanılmış və ona artıq pensiya ödənildiyi aşkar edilmişdir. Belə ki, xidmət keçilən qurum tərəfindən göndərilən məlumat vərəqəsində göstərilmiş xidmət illərinin düzgün hesablanmadığı aşkar edilmişdir. Cavabdehin iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv edilməsi barədə ## ###### 2025-ci il tarixli qərarından görünür ki, şəxsə pensiya təyin edilməsi barədə ## #### 2024-cü il tarixli qərar ləğv edilmiş, əmək pensiyasının ödənişinin dayandırılması və artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi qərara alınmışdır. Əmək pensiyasının dayandırılması haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, əmək pensiyasının dayandırılması qərara alınmışdır. Dövlət Gömrük Komitəsinin ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, xidmət illərinin hesablanması ilə bağlı məlumat cavabdehə təqdim edilmişdir. Siyahıdan görünür ki, həmin xidmət illəri ##.##.1999-##.##.2001-ci il tarixlərdə X4 dövlət qulluğu, ##.##.2001-##.##.2018-ci il tarixlərdə Vergilər Nazirliyində dövlət qulluğu və ##.##.2018-##.##.2022-ci il tarixlərdə Dövlət Gömrük Komitəsində dövlət qulluğunun xüsusi növü üzrə xidmətin aparıldığı illəri nəzərdə tutulmuşdur. Əmək pensiyasının yenidən hesablanması barədə ## ### 2024-cü il tarixli qərardan görünür ki, ## ######## 2022-ci il tarixdə təyin edilmiş əmək pensiyası yeni məlumat vərəqəsinə əsasən yenidən hesablanmış məbləğ 5840,52 manat çatdırılmışdır. Həmin qərardan görünür ki, pensiya ödənişləri ##.##.2022-ci il tarixdən həyata keçirilməkdədir. Dövlət Gömrük Komitəsinin ***-**** nömrəli məlumat vərəqəsindən görünür ki, iddiaçının cəmi iş stajı və xidmət illəri 24 il 10 ay 20 gün təşkil edir. Təqvim üzrə xidmət illəri 22 il 4 ay 20 gün, ali təhsil 2 il 6 ay təşkil edir. Gömrük orqanında son xidmət dövrü ## ######## 2022-ci il tarixdəndir. Təminat xərcliyi 7674,10 manat təşkil edir. Əmək pensiyasının təyin edilməsi haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, iddiaçının pensiya hüququnun yarandığı tarix ## ######## 2022-ci il tarixdir. Ümumi iş stajı 23 il 10 ay 24 gün kimi götürülmüşdür. 099-2024-cü il tarixli məlumat vərəqəsindən görünür ki, iddiaçının cəmi iş stajı və xidmət illəri 23 il 10 ay 24 gün kimi götürülmüşdür. Təqvim üzrə xidmət illəri 21 il 4 ay 24 gün, ali təhsil dövrü 2 il 6 ay təşkil edir. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı ##.##.1997-ci il tarixdən Nəsimi Rayon X4 fəaliyyətə başlamış, ## ###### 1999-cu il tarixdən Müfəttişlikdə dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, ## ##### 2001-ci il tarixdən Suraxanı rayonu Vergilər İdarəsində dövlət vergi müfəttişi olmuş, 2001-ci ildən 2018-ci il tarixədək vergi orqanlarında xidmət etmiş, ## ######## 2018-ci il tarixdən Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, ## ######## 2022-ci il tarixdən öz xahişi ilə həmin vəzifədən azad edilmişdir. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Dövlət Gömrük Komitəsinə qarşı ## ##### 2001-ci il tarixdən ## ######## 2018-ci il tarixədək vergi orqanlarında mövcud iş stajının gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlər Vergi Xidmətində həmin illər ərzində xüsusi rütbədə işləməsi işin mübahisəsiz halı olduğundan həmin dövr gömrük orqanlarında xidmət illərinə əlavə edilməlidir. Belə olduğu təqdirdə ## ######## 2022-ci il tarixdən iddiaçı işdən azad olduğu tarixdən pensiya hüququ qazanmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarının müddəalarının iddiaçıya münasibətdə tətbiq edilməsi Konstitusiyanın 149-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv edilməsi barədə ## ###### 2025-ci il tarixli və Əmək pensiyasının dayandırılması haqqında ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbinə əlavə olaraq tələb “əvvəlki pensiyanın hesablanma qaydasının bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının vergi xidmət orqanında və gömrük orqanında xüsusi rütbəli şəxs kimi xidmət ili 21 ildən artıq təşkil etmişdir. ##.##.2022-ci il tarixdə xüsusi rütbəli şəxs kimi güzəştli pnesiya hüququ qazanmışdır. Cavabdeh tərəfindən vətəndaşa ## ###### 2024-cü il tarixdə məktub ünvanlanaraq aparılmış araşdırmalar nəticəsində aşkar edilmiş hallar əsasında təyin edilmiş pensiya ödənişinin dayandırılması bildirilmişdir. İnzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmiş, inzibati icraat lazımı qaydada aparılmamış, onun iştirakı olmadan, dinlənilmə hüququ təmin edilmədən məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktda öz təşəbbüsü ilə dəyişiklik edilmiş, nəticədə iddiaçının pensiya təminatı hüququna qanunsuz müdaxilə edilmişdir.Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi edilmiş iddiaçıya dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 24 il 10 ay 20 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 22 il 4 ay 20 gün, ali təhsil müddəti 2 il 6 ay) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, ona ## ######## 2022-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilib. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu verilib. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən iddiaçının xidmət illərinin 6 il 6 ay 2 gün (təqvimi xidmət illəri 4 il 2 gün, ali təhsil müddəti 2 il 6 ay) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilib. İddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ## ###### 2024-cü il tarixli *-**-*/*-B-******/**** nömrəli məktub göndərilməklə ## ###### 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin qeyd edilən tarixədək iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra, iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilib. Eyni zamanda, ##.##.2022- ##.##.2024-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ümumilikdə 98099,01 manat artıq ödənilmiş pul vəsaiti müəyyən olunub. Həmin vəsaiti könüllü şəkildə büdcəyə qaytarmağı iddiaçıya bildirilib. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Orxan Həsənov) iddia tələbi təmin edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv edilməsi” barədə ## ###### 2025-ci il tarixli və “Əmək pensiyasının dayandırılması haqqında” ## ###### 2025-ci il tarixli qərarlarının ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki pensiyanın hesablanma qaydasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini etirazın dəlillərinə uyğun əsaslandırmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilmiş iddiaçıya dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 24 il 10 ay 20 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 22 il 4 ay 20 gün, ali təhsil müddəti 2 il 6 ay) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.14.1ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, ona ## ######## 2022-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilib. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən Dövlət Gömrük Komitəsinə sorğu verilib. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən iddiaçının xidmət illərinin 6 il 6 ay 2 gün (təqvimi xidmət illəri 4 il 2 ay , ali təhsil müddəti 2 il 6 ay) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilib. Şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olubolmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş məlumatların (xidmət illəri və s.) hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna görə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarına uyğun hesablanır. Həmin Qərarda hərbi qulluqçuların və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qulluq illərinin hesablanmasını tənzimləyir. Buna görə də sözügedən Qayda və şərtlərə əsasən, gömrük orqanlarının xüsusi rütbəli əməkdaşlarının əmək pensiyasının hesablanması üçün xidmət illəri müəyyən edilərkən onların dövlət qulluqçusu kimi fəaliyyət müddətlərinin nəzərə alınması və buna uyğun məlumat vərəqi göndərilməsi qanunvericiliyə ziddir. Eyni zamanda bildirilir ki, dövlət qulluğu stajının hərbi xidmət stajı ilə birləşdirilərək pensiya təyin edilməsinin mümkünlüyü məsələsi Qanunla tənzimlənib. Belə ki, Qanunun 9.5.2-ci və 9.5.3-cü maddələrinə əsasən hərbi xidmətdən yaşa, xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilir. Göründüyü kimi, 15 il hərbi xidmət müddəti olan şəxslərin hərbi xidmətə qəbul edilməzdən əvvəlki mülki iş stajı, o cümlədən dövlət qulluğu stajı da əmək pensiyası təyin olunarkən nəzərə alınır və həmin iş stajlarına görə əlavə faizlər hesablanır. Deməli, pensiyanın müəyyən edilməsi mülki iş stajının, o cümlədən dövlət qulluğu stajının hərbi xidmət illərinə birləşdirilməsi Dövlət Gömrük Komitəsinin sözügedən məlumat vərəqlərində tərtib etdiyi kimi Qanunun 9.5.1-ci maddəsi üzrə deyil, 9.5.2-ci və 9.5.3-cü maddələri üzrə təyinat zamanı tətbiq olunur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi 2-ci bəndinə əsasən, “Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, Rlərin və Rların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz.” Göründüyü kimi, sözügedən qanunda hərbi xidmətin dövlət qulluğunun digər növlərindən üstünlüyü təsbit olunub. Dövlət qulluğu stajının pensiya təminatı zamanı hərbi xidmətə bərabərləşdirilməsi qanunla təsbir edilmiş bu üstünlüyün mahiyyətinə və fəlsəfəsinə ziddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən, gömrük orqanlarının əməkdaşlarının xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarlarına uyğun qaydada həyata keçirilir: “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” ##.##.1992-ci il tarixli *** nömrəli; “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın (bundan sonra – Qayda) təsdiq edilməsi haqqında” 2006-cı il # ###### tarixli * nömrəli. Qaydanın 2-ci hissəsinin ##.##.2021-ci il tarixindən qüvvədə olan on üçüncü abzasına əsasən dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı onların gömrük orqanlarındakı xidmət illərinə daxil edilir. Qaydanın adından göründüyü kimi, Qayda əmək pensiyasının təyin edilərkən faiz dərəcəsinin müəyyən edilməsi üçün xidmət illərinin hesablanmasını deyil, xidmətdə olan şəxslərin xidmət illərinə görə əlavəsinin müəyyən edilməsi, o cümlədən əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin tərkibində göstərilən xidmət illərinə görə əlavənin hesablanmasını tənzimləyir. Xidmət illərinə görə əlavəyə nümunə olaraq Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşına dair sözügedən Komitə tərəfindən göndərilmiş məlumat vərəqinin “Təminat xərcliyi bağlı məlumatlar” hissəsinin çıxarışı aşağıda əlavə olunur. Sözügedən xidmət illərinə görə əlavə çıxarışda göstərilmiş 3.4.1-ci bənddə qeyd edilib. Yəni “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinə və “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın on üçüncü abzasına əsasən, aşağıda əlavə edilmiş çıxarışın 3.4.1-ci bəndindəki 437,60 manat fasiləsiz xidmət illərinə görə əlavənin qarşısında qeyd olunan faiz dərəcəsinin müəyyən edilməsi üçün həm hərbi xidmət müddəti, həm də dövlət qulluğu stajı nəzərə alınır. Həmçinin oxşar hal kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli Qərarının şərh hissəsində qeyd edilir: “Daxili işlər orqanlarının əməkdaşlarına pensiya təyin edilib verilməsi üçün “uzun müddət xidmət” vaxtının hesablanması Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarının tələbləri əsasında həyata keçirilməlidir. Nazirlər Kabinetinin 2004-cü il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Qayda daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə (təqvim) haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin hesablanmasını tənzimlədiyindən həmin Qaydanın 6cı bəndinin tələbləri pensiya təyin edilərkən əsas götürülə bilməz”. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin də mövqeyinə əsasən hərbi qulluqçuların və onlara bərabər tutulan şəxslərin güzəştli şərtlərlə pensiya hüququnun və faiz dərəcəsinin müəyyən edilməsi üçün xidmət illəri bir qayda olaraq yuxarıda qeyd edilmiş Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarına uyğun hesablanır. Bundan başqa, dövlət qulluğu stajının fəaliyyət müddətinin dövlət qulluğunun xüsusi növündəki xidmət illərinə daxil edilib, əmək pensiyasının təyin olunması və ya yenidən hesablanmasına analoji halla bağlı Ali Məhkəmənin ## ###### 2023-cü il tarixində qəbul etdiyi və iddianı (vətəndaşın Fonda qarşı “Əmək pensiyaları haqqında” Qanunun məqsədləri üçün dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi... iddiası) rədd edən *-*(***)-****/**** nömrəli qərarında bildirilir ki: “iddia olunan məzmunda tələb o halda təmin oluna bilərdi ki, ... şəxs... qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun.” Bu qərar Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qərarların siyahısına daxil edilərək, *** (üç ulduz) nişanı ilə nömrələnmişdir. Qeyd edilənlərə əsasən, iddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ## ###### 2024-cü il tarixli *-**-*/*-******/**** nömrəli məktub göndərilməklə ## ###### 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin qeyd edilən tarixədək Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra, ona ödənilən əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilib. Eyni zamanda, ##.##.2022- ##.##.2024-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ümumilikdə 98099,01 manat artıq ödənilmiş pul vəsaiti müəyyən olunub. Həmin vəsaiti könüllü şəkildə büdcəyə qaytarması bildirilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda pensiya ödənişi növbəti ayın 1-dən dayanır. İddiaçı İddiaçı əmək pensiyasının dayandırılmasına əsas olan hallar tərəflərindən ##.##.2025-ci il tarixində aşkarlanmış və həmin tarixdə də tərəflərindən inzibati icraat başladılaraq iddiaçıya dəvət məktubu göndərilmişdir. Daha sonra ##.##.2025-ci il tarixində iddiaçının pensiyasının dayandırılması, yəni inzibati aktın yenidən hesablanması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (##.##.2025-ci il) 1 il ərzində ləğv edilmişdir. Göründüyü kimi, tərəflərindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasınınn Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2022-ci il tarixli qərarında preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə aktının həqiqiliyi prezumpsiyasının təşkil etdiyi, məhkəmə aktı ilə müəyyən edilmiş hüquqi vəziyyətin hüquqi müəyyənlik prinsipi baxımından sonrakı icraatlarda nəzərə alınmalı olduğu, eləcə də məhkəmə aktları arasında kolliziya yarandıqda daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktının hüquqi nəticələrinin üstün tutulduğu qeyd edilmişdir. ... “İnzibati icraat haqqında” Qanunun: 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, yaxud səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, eləcə də inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır; belə ləğv aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt onun ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər; bu qayda Qanunun 67.6.1ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya bu nəticəyə aşağıdakı hüquqi əsaslarla gəlir. Hazırkı mübahisənin həlli üçün müəyyən edilməli əsas məsələ iddiaçının vergi orqanlarında dövlət qulluğunda keçdiyi dövrün onun gömrük orqanlarında xidmət illərinə daxil edilməsinin mümkün olub-olmamasının yenidən qiymətləndirilməsi deyil. Əsas məsələ həmin hüquqi məsələnin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq həll edildiyi şəraitdə cavabdehin sonradan fərqli hüquqi qiymətləndirməyə əsaslanaraq bu qərarın icrası nəticəsində yaranmış pensiya hüquqi vəziyyətini aradan qaldıra bilib-bilməməsidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçının ## ##### 2001-ci ildən ## ######## 2018-ci ilədək vergi orqanlarında mövcud iş stajının gömrük orqanlarındakı iş stajına hesablanması və pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin tərtib edilərək aidiyyəti üzrə göndərilməsi vəzifəsi Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuşdur. Həmin qərarda iddiaçının vergi orqanlarında xüsusi rütbə ilə xidmət etməsi və bu dövrün gömrük orqanlarında xidmət illərinə daxil edilməli olması mübahisənin həlli üçün həlledici hüquqi əsas kimi müəyyən edilmişdir. Qeyd olunan məhkəmə qərarının icrası məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən ***-**** nömrəli məlumat vərəqi tərtib edilmiş, həmin məlumat əsasında iddiaçıya ## ######## 2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiyanın məbləği yenidən hesablanmışdır. Beləliklə, pensiya təyinatının mübahisəli hissəsi inzibati orqanın müstəqil hüquqi qiymətləndirməsinin deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının nəticəsi olmuşdur. Kollegiya xüsusilə qeyd edir ki, əvvəlki inzibati işdə hazırkı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun tərəf kimi iştirak etməməsi səbəbindən MPM-in 82.3-cü maddəsində nəzərdə tutulan preyudisiallığın subyektiv hədləri hazırkı cavabdehə münasibətdə mexaniki şəkildə tətbiq edilə bilməz. Bununla belə, bu hal ## ###### 2024-cü il tarixli məhkəmə qərarının qanuni qüvvəsini və həmin qərarla Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuş konkret öhdəliyin məcburiliyini aradan qaldırmır. Əvvəlki işdə cavabdeh olmuş Dövlət Gömrük Komitəsi hazırkı işdə üçüncü şəxsdir və onun üzərinə qoyulmuş məhkəmə öhdəliyi qanunla nəzərdə tutulmuş qaydada həmin qərara yenidən baxılmadıqca qüvvədə qalır. Bu baxımdan hazırkı işdə cavabdehin istinad etdiyi Nazirlər Kabinetinin ## ###### 1992ci il tarixli *** nömrəli Qərarının, ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarla təsdiq edilmiş Qaydanın və digər maddi hüquq normalarının iddiaçının xidmət illərinə tətbiqi barədə irəli sürdüyü dəlillər mahiyyət etibarilə ## ###### 2024-cü il tarixli məhkəmə qərarında həll edilmiş hüquqi məsələyə fərqli qiymət verilməsinə yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının düzgünlüyü isə sonrakı inzibati icraat çərçivəsində inzibati orqan tərəfindən yoxlanıla və həmin qərarın hüquqi nəticələri inzibati akt vasitəsilə aradan qaldırıla bilməz. Hüquqi müəyyənlik prinsipi də eyni nəticəni tələb edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız tərəflər üçün konkret öhdəlik yaratmır, həm də həmin qərarın icrası ilə formalaşmış hüquqi vəziyyətin sabitliyini təmin edir. Dövlət orqanları arasında səlahiyyət bölgüsü və ya tətbiq edilən normaya dair sonradan yaranmış fərqli hüquqi yanaşma şəxsin xeyrinə icra edilmiş yekun məhkəmə aktının nəticələrinin inzibati qaydada təsirsiz hala gətirilməsinə əsas ola bilməz. Əks yanaşma şəxsin məhkəmə müdafiəsi vasitəsilə əldə etdiyi hüquqi nəticəni qeyri-sabit vəziyyətə salardı. Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 82.3-cü maddəsinin şərhinə dair ## ###### 2016-cı il tarixli qərarında da preyudisiallığın məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi ilə bağlı olduğu, bu institutun məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə xidmət etdiyi vurğulanmışdır. Hazırkı işdə həmin hüquqi mövqe əvvəlki məhkəmə qərarının subyektiv preyudisial hədlərindən daha geniş mənada deyil, qanuni qüvvəyə minmiş məhkəmə aktının məcburiliyi və onun inzibati qaydada faktiki olaraq aradan qaldırıla bilməməsi baxımından əhəmiyyət daşıyır. Ali Məhkəmənin İnzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına cavabdehin istinadı da fərqli nəticəyə gəlmək üçün əsas vermir. Həmin qərarda dövlət qulluğu stajının xüsusi növ dövlət qulluğunda xidmət illərinə daxil edilməsi məsələsinə maddi hüquq normaları əsasında qiymət verilmişdir. Hazırkı işin fərqləndirici xüsusiyyəti isə eyni hüquqi məsələnin iddiaçı ilə Dövlət Gömrük Komitəsi arasındakı mübahisədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həll olunması və həmin qərarın icra edilməsidir. Buna görə də sözügedən Ali Məhkəmə qərarı ## ###### 2024-cü il tarixli fərdi məhkəmə aktının hüquqi qüvvəsini aradan qaldıran əsas kimi çıxış edə bilməz. Kollegiya, həmçinin cavabdehin “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə istinadını mübahisənin həlli üçün yetərli hesab etmir. Həmin norma qanunsuz inzibati aktın hansı müddətdə ləğv edilə biləcəyini müəyyən edir. Lakin inzibati aktın həqiqətən qanunsuz olubolmadığı və onun ləğvinə maddi-hüquqi əsasın mövcudluğu məsələsini öz-özlüyündə həll etmir. Başqa sözlə, birillik müddətə riayət edilməsi ləğvetmənin müstəqil hüquqi əsası deyil. Hazırkı halda pensiya təyinatının mübahisəli hissəsi qüvvədə olan məhkəmə qərarının icrasına əsaslandığından, cavabdeh əvvəlcə həmin məhkəmə qərarının hüquqi nəticəsini nəzərə almalı idi. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi qanunsuz əlverişli inzibati aktın ləğvi zamanı etimadın qorunması ilə dövlət və ictimai maraqlar arasında diferensiallaşdırılmış yanaşma müəyyən edir. Qanunun 67.6-cı maddəsində şəxsin etimadın qorunmasına istinad edə bilmədiyi hallar ayrıca sadalanmışdır. İş materiallarında iddiaçının pensiya təyinatına rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə nail olması, yaxud onun tərəfindən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin təqdim edilməsi müəyyən edilmir. Əksinə, pensiya təyinatına əsas olmuş məlumat vərəqi Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmə qərarının icrası çərçivəsində hazırlanmışdır. Bu səbəbdən iddiaçıya ## ######## 2022-ci ildən pensiya təyin edilməsinin sonradan dövlət maraqlarına zidd olduğu qənaətinə gəlinsə belə, həmin hal iddiaçının davranışı ilə əlaqələndirilə bilməz. Qanunun 67.8-ci maddəsi dövlət və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati aktın ləğvini nəzərdə tutsa da, belə ləğvin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmadığını birbaşa müəyyən edir. Buna görə də cavabdehin ##.##.2022-##.##.2024-cü illər üzrə 98.099,01 manat məbləğin artıq ödəniş kimi müəyyən edilməsi barədə mövqeyi də, Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan hallardan biri sübuta yetirilmədiyi şəraitdə, ayrıca hüquqi əsaslandırma tələb edir. Məhkəmə kollegiyası cavabdehin sosial sığorta vəsaitlərinin yalnız qanuni əsaslarla xərclənməsinin zəruriliyi barədə mövqeyini nəzərə alır. Dövlətin büdcə və sosial sığorta vəsaitlərinin qorunması legitim ictimai maraqdır. Lakin həmin marağın təmin edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburiliyini aradan qaldırmır və inzibati orqana belə qərarın nəticələrini dolayı yolla yenidən qiymətləndirmək səlahiyyəti vermir. Dövlət orqanlarının öz aralarındakı hüquqi yanaşma fərqlərinin və ya əvvəlki inzibati hərəkətlərin nəticələrinin riski, şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsaslanan hüquqi vəziyyətinin hesabına aradan qaldırıla bilməz. Beləliklə, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər iddiaçının xidmət illərinin hesablanmasına dair maddi hüquqi yanaşmanın fərqli ola biləcəyini göstərsə də, həmin dəlillər qanuni qüvvəyə minmiş ## ###### 2024-cü il tarixli məhkəmə qərarının və onun icrası nəticəsində yaranmış hüquqi vəziyyətin cavabdeh tərəfindən inzibati qaydada aradan qaldırılmasını əsaslandırmır. Həmin məhkəmə qərarı qüvvədə olduğu müddətdə onun icrası nəticəsində qəbul edilmiş pensiya təyinatının yalnız eyni hüquqi məsələyə fərqli yanaşmaya əsasən ləğv edilməsi hüquqi müəyyənlik və məhkəmə aktlarının məcburiliyi prinsipləri ilə uzlaşmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə düzgündür. Apellyasiya şikayətinin dəlilləri həmin nəticənin dəyişdirilməsi üçün hüquqi əsas yaratmadığından şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-5108/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5108/2025
17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver