Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-511/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X2 iştirakı ilə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışların verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1080/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Adil İsgəndərov küçəsi ev 3/3 ünvandakı 3 və 5 saylı mənzillərin 2 ümumi dəhlizinin 1/2 nisbətində bölünməsi və bu barədə mülkiyyət hüququna dair yeni çıxarışların verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.10.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Səbail rayonu Adil İsgəndərov küçəsi ev 3/3 ünvanda yerləşən, ümumi və yaşayış sahəsi 42 kv.m. təşkil edən, 3 otaqdan ibarət olan 5 saylı mənzil iddiaçının mülkiyyətindədir. Bu barədə ona 18.01.2011-ci iil tarixdə MA ******* nömrəli çıxarış və texniki pasport verilmişdir. Həmin ünvanda yerləşən 3 otaqlı 3 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə qonşuları - X3 ümumi sahəsi 14,2 kv.m. təşkil edən 1 otaq, X6 ümumi sahəsi 34 kv.m. təşkil edən 2 otaq məxsusdur. Qeyd edilən 3 saylı mənzilə dair 20.11.2007-ci il tarixə paylı mülkiyyət hüququna dair MH ******* nömrəli çıxarış və texniki pasport verilmişdir. 3 və 5 saylı mənzillərə məxsus olan mətbəx, hamamxana razılığa əsasən 1/2 nisbətində bölünmüşdür. Ancaq ona və qonşulara məxsus 5 və 3 saylı mənzillərin 2 dəhlizi ümumi istifadədədir. Həmin dəhlizlərin də 1/2 nisbətində bölünməsi xahişi ilə cavabdehə müraciət etməyinə baxmayaraq, əsassız bəhanələrlə imtina olunur. Halbuki hər iki dəhlizin bərabər olaraq bölünməsi heç bir çətinlik yaratmır. Cavabdeh tərəfindən ünvanlanmış 25.07.2019-cu il tarixli məktubla bildirilir ki, AR Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qeyd etdiyi kimi, 3 və 5 saylı mənzillərə aid olan mətbəx və hamamxana 1/2 nisbətində rəsmən bölünmüşdür. Deməli dəhlizlərin də 1/2 nisbətində bölünməsi mümkündür. Ancaq məhkəmə qərar qəbul edərkən, cavabdehin qeyd edilən məsələnin həlli ilə bağlı məktubunu əsas götürmüşdür. Məhkəmə nəzərə almamışdır ki, ümumi paylı mülkiyyətdə olan 2 dəhlizin tərəflər arasında 1/2 nisbətində natura qaydasında bölünməsi mülkiyyətçilərin heç birinə maneçilik törətmir və onların heç birinin mülkiyyət hüququnu pozmur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərarın ləğvi hissədə əsaslıdır. İşdə olan, daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli və MH ******* nömrəli çıxarışların notarial təsdiqli surətlərindən müəyyən olunur ki, müvafiq olaraq Bakı şəhəri Səbail rayonu Adil İsgəndərov küçəsi ev 3/3 mənzil 5 xüsusi mülkiyyət hüququ ilə iddiaçının, mənzil 3 isə paylı mülkiyyət hüququ ilə X1 və X5 adına qeydiyyata alınmış, mənzillərə dair texniki pasportlar tərtib olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, sonuncunun 25.07.2019-cu il tarixli **********02 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrindən paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir və iddia edilən sahələr mənzilin ümumi istifadəsində olan birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçı müvafiq subyektiv hüquqa malik olmalı; 3. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 4. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.3, 34.1 və 35.1-ci maddələri). AR Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin öhdəliyin icrası haqqında hazırkı iddianın qeyd edilən mümkünlük şərtlərindən ikincisinə iş üzrə əməl olunmur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir; 35.2-ci maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir; 35.3-cü maddəsinə əsasən, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir; 35.4-cü maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın; 35.5-ci maddəsinə əsasən, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi digər şəxslərin məhdud istifadə hüququ ilə yüklü edilə bilər. Bu Məcəllənin qüvvəyə mindiyi günədək mövcud olan obyektlərə digər şəxslərin gediş-gəlişinin təmin edilməsi üçün zəruri olan hallarda torpaq sahəsinin yüklülüyünə qadağa qoyulmasına yol verilmir. Torpaq sahəsinin məhdud istifadə hüququ ilə yenidən yüklü edilməsi torpaq sahəsinin belə yüklülüyünü tələb edən şəxslə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında olan razılaşma ilə müəyyən edilir. Torpaq sahəsinin ondan məhdud istifadə hüququ ilə yüklülüyünün müəyyən edilməsi və bu yüklülüyün şərtləri ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 35.6-cı maddəsinə görə, çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İstinad olunan qanunvericilik normalarının mübahisəyə tətbiqindən irəli gələn nəticəyə görə, Bakı şəhəri Səbail rayonu Adil İsgəndərov küçəsi ev 3/3 ünvanın bütün paylı mülkiyyətçilərinin ümumi əmlakın, o cümlədən mübahisəli dəhlizlərin bölünməsi barədə öz aralarında razılaşması və ya bu barədə məhkəmə aktı mövcud olmalı idi ki, belə bir razılaşma və məhkəmə aktının mövcudluğu iş materialları ilə təsdiqini tapmır, iddiaçı da onda belə sənədlərin olduğunu irəli sürmür. Bundan əlavə, iddiaçı Bakı şəhəri Səbail rayonu Adil İsgəndərov küçəsi ev 3/3 ünvanın 3 nömrəli mənzilinə də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etmişdir ki, sözügedən mənzil başqa şəxslərin mülkiyyətindədir və bu səbəbdən iddiaçı həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsini tələb etməklə bağlı subyektiv hüquqa malik deyil. İddiaçı Bakı şəhəri Səbail rayonu Adil İsgəndərov küçəsi ev 3/3 ünvanın 3 nömrəli mənzilinə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsini tələb etməklə bağlı subyektiv hüquqa malik olmadığından, iddia bu hissədə, eləcə də hüquqi müqəddəratı həmin tələbin həllindən birbaşa asılı olan dəhlizin bölünməsi tələbinə dair hissədə, yəni bütövlükdə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 5.2, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Lakin şikayət edilən qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, iddianın mümkünlük şərtlərini yoxlamadan, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, həll etməklə, prosessual hüquq normalarını pozmuş və nəticədə səhv qərar qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə, onun mübahisənin bilavasitə mahiyyəti ilə bağlı dəlillərini müzakirə etmədən, qərarın ləğvi hissədə, qismən razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qismən təmin edilməlidir (İPM-in 87.6 və 35.1-ci maddələri). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-1080/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvandakı 3 və 5 saylı mənzillərin 2 ümumi dəhlizinin 1/2 nisbətində bölünməsi və bu barədə mülkiyyət hüququna dair yeni çıxarışların verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-511/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-511/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver