Məhkəmə qərarları › İş №2-1(103)-511/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-511/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-511/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6755/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 24 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, Bakı şəhər XDS İK-nin 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı sərəncamı ilə Türkan qəsəbəsində “Mayak” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən işçilərə paylanmış torpaq qrafikində göstərilən 24 saylı bağ sahəsi iddiaçıya məxsusdur. Həmin bağ sahəsi iddiaçıya Cənub Rayon Dəniz Neft Donanma İdarəsi tərəfindən 30.10.1987-ci il tarixli, 3 №-li protkola əsasən verilmişdir. 28.11.2004-cü il tarixdə 12 nömrəli protokolda 24 saylı bağın iddiaçıya məxsus olması yenidən təsdiqlənmişdir. Cənub Rayon Dəniz Neft Donanma İdarəsi “Mayak” Bağçılıq Yoldaşlıq Cəmiyyəti üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışda bağ sahəsinin İddiaçı məxsus olması qeyd olunur. Bu barədə iddiaçının adına bağçılıq kitabçası yazılmışdır. Hal-hazırda 24 saylı bağ sahəsi iddiaçının istifadəsindədir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə etiraz təqdim edərək, qeyd etmişdir ki, İdarəyə təqdim edilmiş bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Əlavə edilmiş bölgü sxemi X1 adına təsdiq edilmişdir, bundan əlavə bölgü sxemində 24 saylı bağ sahəsi qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6755/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 500 kv.metr olan 24 saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarəyə təqdim edilmiş “Mayak” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Əlavə edilmiş bölgü sxemi X1 adına təsdiq edilmişdir, bundan əlavə bölgü sxemində 24 saylı bağ sahəsi qeyd olunmamışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: İddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavadehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə Cənub Ekspedisiya dəstəsi İdarəsi”nin Həmkarlar İttifaqı Komitəsinin müdriyyəti ilə birgə iclasının 30.10.1987-ci il tarixli 3 nömrəli protokolundan çıxarışdan görünür ki, 24 nömrəli torpaq sahəsi İddiaçı ayrılmışdır. “Cənub Rayon Dəniz Neft Donanma İdarəsi”nin Həmkarlar İttifaqı Komitəsinin müdriyyəti ilə birgə iclasının 28.11.2004-cÜ il tarixli 12 nömrəli protokolundan çıxarışdan görünür ki, “Mayak” bağçılıq təsərrüfatında istifadəsiz qalan 24 nömrəli torpaq sahəsi 500 kv.m. istifadə olunmaq üçün idarənin radiomühəndisi İddiaçı verilmişdir. 10.11.1987-ci ildə verilmiş üzvlük kitabçasında göstərilmişdir ki, İddiaçı “Cənub Rayon Dəniz Neft Donanma İdarəsi”ndə 1983-cü ildən radiomühəndis kimi işləyir və 1987ci ildən bağçılıqla məşğuldur və ona Türkan qəsəbəsində 500 kv.m olan 24 №-li bağ sahəsi ayrılmışdır. 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 25 yanvar 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə iddiaçıya bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Əlavə edilmiş bölgü sxemi X1 adına təsdiq edilmişdir, bundan əlavə bölgü sxemində 24 saylı bağ sahəsi qeyd olunmamışdır. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı “Cənub Rayon Dəniz Neft Donanma İdarəsi”ndə 1983-cü ildən elektromontajçı, motorçu və mühəndis vəzifələrində işləmişdir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 10 iyun 2021-ci il tarixli məktubu ilə, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 27.10.1987-ci il tarixli, 20/396 saylı qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir; 1 saylı Bakı Ərazi İdarəsinin 24 iyun 2021-ci il tarixli məktubu ilə, “Mayak” bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda mövcud olan 1985 və 1986-cı illər üzrə üzvlərin siyahı məhkəməyə təqdim edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir; 10-cu maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir; 10-cu maddəsinin 4-cü hissəsinə əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahılarından görünür ki, həmin siyahılar 1985 və 1986-cı illərdə tərtib olunmuş, iddiaçıya bağ sahəsi isə ilk dəfə 1987-ci ildə ayrılmışdır. Belə olan halda iddiaçının adının həmin siyahılarda olmaması, həmçinin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının cavabdeh orqanda olmaması (ona təqdim edilməməsi) iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Bir halda ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarışlar mövcuddur, həmin çıxarışda bağ sahəsinin nömrəsi və sahəsi dəqiq göstərilmişdir və qanunun müddəasına görə həmin çıxarışlar iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə üst-üstə düşür. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq 1987-ci lə dair siyahının təqdim edilməsi, Axundzadə Məmmədin MTK-nın sədri olmasının müəyyənləşdirilməsi və adına olan sənədlərin təqdim edilməsi tələb olunmuş, sorğuya cavab olaraq təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, “Cənub Rayon Dəniz Neft Donanma İdarəsi”nin Həmkarlar İttifaqı Komitəsinin müdriyyəti ilə birgə iclasının 29.07.1996-cı il tarixli 18 nömrəli protokolundan çıxarışa əsasən “Mayak” bağçılıq təsərrüfatında 37 saylı bağ sahəsi 1000 kv.m. istifadə olunmaq üçün X3 verilmişdir. Seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Mayak” b/y-nın 37 saylı bağ sahəsi X2 adına ********** qeydiyyat nömrəsi ilə, 30.03.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan başqa, bölgü sxemin X1 adına təsdiq edilməsi, əlavə bölgü sxemində 24 saylı bağ sahəsi qeyd olunmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, bölgü sxemi X1 adına təsdiq edilməmiş, sadəcə olaraq X4 CRDND İdarəsinin HİK sədri kimi 24 saylı bağ sahəsinin mövcudluğunu təsdiq etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, uzun müddətdir ki, çıxarışın verilməsini tələb etdiyi bağ sahəsi iddiaçının faktiki istifadəsindədir. Cavabdehin çıxarışın verilməsindən imtina etdiyi bağ sahəsinə dair X2 hər hansı tələbi olmamışdır. Göründüyü kimi, cavabdehin imtinanın əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 24 saylı bağ sahəsinə çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6755/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar