Məhkəmə qərarları › İş №2-1(103)-5111/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5111/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5111/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Cavabdeh etdiyi müraciət, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq sənədin olmaması əsası ilə təmin edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1973-cü ildə Laçın rayonunun Alqulu kəndində doğulmuşdur, 1990-cı ildə Şuşa şəhərində texnikuma daxil olmuşdir, həmin ilin may ayında SSRİ ordu sıralarına çağırılmışdır, Leninqrad şəhərində hərbi xidmət etmişdir, SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik qazandıqdan sonra o da Azərbaycana qayıdaraq Laçın özünümüdafiə batalyonunda xidmət etmişdir. Müdafiə nazirinin əmri ilə batalyon N nömrəli hərbi hissə olduqdan sonra ##.##.1991-ci ildə * nömrəli əmrlə iddiaçı bölmə komandiri vəzifəsinə təyin olunmuşdur. Laçın rayonunun Cicimli, Səfiyan, Fəracan, Suarası kəndlərində gedən döyüşlərdə iştirak etmiş, iki dəfə yaralanmışdır. İddiaçı tələbə olduğu və atası və böyük qardaşı döyüşdə olduğu üçün hərbi hissədən azad edilərək təhsilini davam etdirmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibatı mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir.Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin ##.##.2017-ci il tarixli, */M-**** nömrəli sorğusuna əsasən cavab olaraq bildirilmişdir ki, iddaçı İddiaçı Bahadır oğluna “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın # #### 2017-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır.Hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağını təsdiq edən müvafiq sənəd olmadığından iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X4 İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2005-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respubikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir.İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edirlir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlanna və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılmasını) sübut edən başqa sənədlərə malik deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 Texnikumu tərəfindən iddiaçının adına verilmiş ****** nömrəli diploma əsasən iddiaçı həmin texnikuma 1990-cı ildə daxil olmuş, 1994-cü ildə həmin texnikumu bitirmişdir; Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi ##.##.2025-ci il tarixli məktubuna əsasən N №-li hərbi hissə komandirinin ##.##.1991-ci il tarixli, 9 Hs-G əmrində (əsas: §-1, səh-6, sıra-8, əmrdə atasının adı yazılmamışdır) həqiqi hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların siyahısında bölmə komandiri vəzifəsində, sıravi İddiaçı adı qeyd edilmişdir, N №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrində (əsas: §-1, səh-29, sıra-190, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “R” yazılmışdır) R İddiaçı bölmə komandiri vəzifəsində təsdiq edilməsi qeyd olunmuşdur, N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, *** №-li əmrində (əsas: §-1, səh-71, sıra-1191, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “sıravi” yazılmışdır) şəxsi heyətin siyahısında sıravi İddiaçı əsgər vəzifəsində təsdiq edilməsi qeyd olunmuşdur, N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, *** №-li əmrində (əsas: §-1, səh-83, sıra-72, əmrdə atasının adı “Bahadur”, hərbi rütbəsi “sıravi” yazılmışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1993-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, N №-li hərbi hissənin N №-li hərbi hissənin tərkibinə verilməsi ilə əlaqdar ştat-vəzifə strukturuna uyğun olaraq sıravi İddiaçı əsgər vəzifəsində təsdiq edilməsi yazılmışdır, N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il, ##.##.1993-##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barədə əlavə məlumat aşkar edilməmişdir, N nömrəli hərbi hissənin şəxsi heyətinə “Pul təminatının ödənilməsi” cədvəlləri, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır; N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli arayışına əsasən İddiaçı Bahadır oğlu ##.##.1991-ci ildən N nömrəli hərbi hissədə döyüşmüş və təhsilini davam etdirilməsinə icazə verilmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Füzuli Hərbi Prokurorluğunun ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Füzuli Hərbi Prokurorluğunun arxiv sənədlərinə əsasən müəyyən edilmişdir ki, vətəndaş ##.##.1973-cü il təvəllüdlü İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və təqsirləndirici material araşdırılmamışdır; Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X1 Xidmətinin Laçın Rayon Bölməsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Laçın rayon Alıqulu kənd sakini ##.##.1973-cü il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə X1 Xidmətinin Laçın rayon bölməsində mövcud olan qeydiyyat kartına əsasən o, ##.##.1991-ci il tarixdən ##.##.1991-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 1994-cü ildən sonra hərbi xidmət keçməməsinin səbəbləri barədə Səfərbərlik və Hərbi Xidmətə X1 Xidmətinin Laçın rayon bölməsinin mövcud arxiv-uçot sənədlərində heç bir məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə X1 Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə X1 Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə X1 Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə X1 Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu: 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı 1991-1993-cü illərdə Azərbaycan Respublikasının ərazü bütövlüyü uğrunda aparılan hərbi əməliyyatların iştirakçısı olmuş N nömrəli hərbi hissədə xidmət etmiş və döyüşmüşdür, hərbi hissə komandirinin icazəsi ilə təhsilini davam etdirmək üçün hərbi xidmətdən buraxılmışdır, Azərbaycan Respublikasının ərazü bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda döyüşən şəxslərə yüksək diqqət və qayğının hər zaman dövlətimizin əsas prioriteti olmasına, bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, onlara münasibətdə sosial siyasətin institutlaşdırılmasının dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirməsinə baxmayaraq cavabdeh yuxarıda sadalanan halları nəzərə almaqdan heç bir əsas olmadan imtina etmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, iddiaçının Azərbaycan Respublikasının dövləti tərəfindən müharibə veteranlarına göstərdiyi qayğıdan və diqqətdən yararlanmaq hüququnu pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanunvericiyilin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu ilə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə əlaqədar hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər anlayışına Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Kollegiya qeyd edir ki, şəxsə müharibə veteranı statusunun verilməsi üçün onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılması, könüllü qaydada və ya bağlaşma üzrə xidmətə daxil olmasından asılı olmayaraq, xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması, xidmət müddətini başa çatdırması, ehtiyata və ya istefaya buraxılması qanunla nəzərdə tutulan hallarda və qaydada həyata keçirilməlidir. Bu kontekstdə, qanunvericiliyin tələbinə görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin (hərbi hissənin) siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Nəzərə alınmalıdır ki, həmin norma anlamında şəxsin həqiqi hərbi xidməti yalnız onun qanuni əsaslarla hərbi xidmətə çağırılmasını deyil, həm də qanuni əsaslarla tərxis olunmasını nəzərdə tutur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığı müəyyən olunmur. Belə ki, iddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edildiyi müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə hərbi hissə komandirinin müvafiq əmrinin mövcudluğu təsdiq olunmur. Həmçinin, həmin dövrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” ## ###### 1996-cı il tarixli *** nömrəli Fərmanından sonra başlanmışdır. Bu baxımdan iddiaçının qanuni əsaslarla tərxis olunması istina edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübüta yetirilmiş sayıla bilməz. Başqa sözlə, müharibə veteranı adının verilməsi üçün iddiaçının döyüş zonasında hərbi xidmət keçməsi və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi yetərli deyil, iddiaçının bu zaman həm də qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərti də yerinə yetirilmiş olmalıdır. Həmin şərt iddiaçı tərəfindən ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda vəzifə qoyula bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ləğv edilərək, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar