Məhkəmə qərarları › İş №2-1(103)-512/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-512/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-512/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3228/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3228/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının xx xxxxxx 1991-ci ildən xx xxxxxx 1997-ci ilədək “Samir” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Z.Tağıyev). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-53/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3228/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi S.Seyidova, hakimlər V.Məmmədov və İ.Əhmədov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(102)- 1351/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-53/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi K.Bədəlov, hakimlər S.Hüseynova və İ.Dadaşov). Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-1768/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3228/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı – “xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi” hissəsində ləğv edilməklə, həmin hissədə iddia rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi M.Tağızadə, hakimlər V.Ağayev və Ü.Mayılov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(102)- 3541/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-1768/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi N.Rəsulbəyova, hakimlər Z.Quliyev və İ.Hüseynov). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1991-ci ildən xx xxxxxx 1997-ci ilədək “Samir” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx xxxxxx 1991-ci ildən xx xxxxxx 1997-ci ilədək “Samir” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmış, lakin əmək pensiyasına çıxarkən xx xxxxxx 1991-ci ildən xx xxxxxx 1997-ci ilədək “Samir” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməmişdir. Göstərilən dövrün sosial sığorta stajına daxil edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Şöbə onun xx.xx.2018-ci tarixdə təqdim etdiyi sənədlərə əsasən onun pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən 133,04 manat məbləğində yaşa görə əmək pensiyası təyin etmişdir. Həmçinin ona pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx xxxxxx 1991-ci ildən xx xxxxxx 1997-ci ilədək “Samir” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta ödəmələri və iş stajını yoxlamaq mümkün olmadığından həmin illər onun sığorta stajına daxil edilməmişdir. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, vətəndaşın əmək kitabçasında qeyd olunan xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxx 1997-ci ildən "Samir" kiçik müəssisəsində və xx xxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2006-ci il tarixədək "Napet" YDM-də işlədiyi dövrün sosial sığorta ödəmələri və iş stajının yoxlanılması mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixli, 02 saylı əmrlə “Samir” KM-də usta vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixli, 02 saylı əmrlə “Napet” YDM-də növbə rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.2006cı il tarixli, 07 saylı əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin yanında Dövlət X8 Bakı şəhəri Sabunçu rayon şöbəsinin xx/xx-3378 saylı, xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən 133,04 manat məbləğində yaşa görə əmək pensiyası təyin etmişdir. İddiaçıya pensiya təyin edilərkən edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx xxxxxx 1991ci ildən xx xxxxxx 1997-ci ilədək “Samir” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta ödəmələri və iş stajını yoxlamaq mümkün olmadığından həmin illər onun sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilə kimi və xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilə kimi sığorta ödəmələrinin yoxlanılmasını mümkün olmaması onun iradəsindən asılı olmayan səbəblərdən olduğundan cavabdehin həmin dəlili əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur və aşağıdakı kimi əsaslandırmışdır. xx.xx.2017-ci il tarixinə kimi qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Məcəllənin 1.0.10-cu maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçıların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Dövlət X8 xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci yarımbəndinə görə qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa Dövlət X10 haqqında Əsasnamənin 8.10-cu maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanılmasını və mühafizəsini təmin etmək Fondun vəzifəsidir. Halbuki cavabdeh inzibati orqan qeyd olunmuş normanı nəzərə almamış və iddiaçıya qanunsuz və əsassız olaraq imtina verərək qeyd olunan illərin onun sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, iddiaçının işlədiyi dövrdə (xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək) “Samir” kiçik müəssəsəsi barədə məlumatın əldə edilməsi ilə bağlı müvafiq vergi orqanına təkrar sorğu göndərmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli, **********804400 saylı məktubda idarədə olan reyestrdə “Samir” kiçik müəssisəsi adlı bir neçə kommersiya qurumu mövcud olduğundan, müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumatın (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının işlədiyi digər dövrdə (xx.xx.1997-xx.xx.2006-cı illərdə) “Napet” YDM (yanacaq doldurma məntəqəsi) barədə məlumatın əldə edilməsi üçün müvafiq orqanlara sorğular göndərilmişdir. İddiaçıya məxsus əmək kitabçasına vurulan “Napet” YDM möhüründən görünür ki, həmin YDM fiziki şəxs X1 (VÖEN **********) məxsus olmuşdur. AR Energetika Nazirliyinin məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli, EN-xxxx-1840/20 saylı məktubunda bildirmişdir ki, fiziki şəxs X1 (VÖEN **********) məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Bakı-Buzovna yolunda yerləşən YDM-in neft məhsullarının satışı üzrə fəaliyyət göstərməsi məqsədilə Energetika Nazirliyi tərəfindən xx.xx.2006-cı il tarixli, 021553 nömrəli lisenziya (qeydiyyat nömrəsi SEN-189) verilmişdir. X6 səhifəsindən çıxarışdan görünür ki, X4 (VÖEN **********) vergi ödəyicisi kimi İN Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmışdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində iddiaçının işlədiyi dövrün iş stajının yoxlanılması mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmaması dəlillərini qəbul etmir və hesab edir ki, iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur və həmin məlumatlar iş stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin digər - iddiaçının işlədiyi dövrün sosial sığorta ödəmələrin olmadığından həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmaması dəlili ilı razılaşmır. Belə ki, “Sosial sığorta haqqında” Qanunun (xx.xx.1997-ci il tarixli, 250-İQ nömrəli) həmin dövrdə qüvvədə olan 8-ci maddəsinin redaksiyasına əsasən sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir; sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir; sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin dövrdə qüvvədə olan Qanunun 9-cu maddəsinə görə bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək sığortaçının hüquqlarına aid edilmişdir. Həmin maddə ilə özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçının vəzifələri kimi nəzərdə tutulmuşdur. Qanunun 10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək;sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaedənlərin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, qanunvericiliklə sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi kimi sığortaedənlərin üzərinə; bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək isə sığortaçının hüquqlarına aid edilmişdir. “İnzibati icraat haqqında” Qanun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3228/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar