Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-512/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Wafa Najeebullahın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5855/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Wafa Najeebullah xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-90/1 saylı xx.xx.2020-ci il tarixli Qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, iddiaçı Wafa Najeebullahın xx.xx.2020-ci il tarixli “qaçqın statusu verilməsi haqqında" vəsatətinin təmin edilərək ona qaçqın statusu verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycana gəlmiş, xx.xx.2020-ci il tarixdə ərizəçi sığınacaq vəsatəti ilə müraciət etmişdir. DMX onun vəsatətini 38-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb, ərizəçi ilə müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı bildirmişdir ki, o, təhlükəsizliyin olmadığı şəraitdə, atası hərbçi olduğundan, özü isə uzun illər xarici şirkətlərdə işlədiyindən, özü və ailəsi təqib olunduğundan ölkəsinə geri qayıtmaq istəmir. xx.xx.2020-ci ildə cavabdehin İQ-90/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edilmişdir. Cavabdeh inzibati orqan qərarını onunla əsaslandırmışdır ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5855/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5855/2020 nömrəli qərarının, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-90/1 saylı xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın ləğv edilməsi və cavabdehin üzərinə iddiaçının xx xxxx 2020-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyi qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MŞ-21-2020 №-li müvəqqəti şəhadətnaməyə dair arayışa əsasən xx.xx.1990-cı ildə anadan olmuş Əfqanıstan İslam Respublikasının vətəndaşı Wafa Najeebullah qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxx 2020-ci il tarixdə ərizə ilə müraciət etmiş, onun adına 38-2020 saylı şəxsi işi açılmışdır. Bu sənəd xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. -Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-90/1 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında 38-2020 nömrəli vəsatətə (ərizə-anket) əsasən qeyd edilmişdir ki, adı-Najeebullah; atasının adı-Nasrullah (pasportda qeyd olunmayıb); soyadı-Wafa; soyadı və ya adı dəyişilibsə-nə vaxt və nə üçün-xeyr, dəyişilməyib; təvəllüd-doğum tarixini dəqiq bilmir, təxminən 28 yaşı var (pasportunda xx.xx.1990-cı ildə doğulduğu qeyd edilib); doğulduğu yer-ƏİR, Kabil şəhəri; vətəndaşlığı-Əfqanıstan İslam Respublikası; milliyəti-puştun; dini etiqatı/təriqəti-islam (sünni); ana dili-fars (dəri) dili; digər dillər- puştu dili (orta), ingilis (orta), urdu (az); peşəsiidarəetmə və menecment; Eyni zamanda iddiaçı ilə aparılan müsahibə zamanı onun valideynləri, qardaş və bacıları haqqında verdiyi məlumata əsasən qeyd edilir ki, atası X4, doğulduğu yer və tarixi bilmir, orduda zabit, polkovnik, hal-hazırda təqaüddədir; anası Kəndiqol doğulduğu yeri bilmir, təqribən 50 yaşı var, evdar xanımdır; analığının adını və soyadını, doğulduğu yer və və tarixi bilmir, evdar xanımdır; qardaşı Freydun Wafa, Kabil şəhərində doğulub, yaşını bilmir, ABŞ hərbçiləri üçün tərcüməçilik edir; qardaşı Homayun Wafa, Kabil şəhərində doğulub, yaşını bilmir, Kanadalılar üçün tərcüməçilik edir; qardaşı Sahel Wafa, Kabil şəhərində doğulub, yaşını bilmir, model agentliyinin rəhbəridir; bacısı Həmasə Wafa, Kabil şəhərində doğulub, yaşını bilmir, kompüter elmləri üzrə təhsil alıb; qardaşı Faez Wafa, Kabil şəhərində doğulub, yaşını bilmir, məktəblidir; bacısı Mərvə Wafa, Kabil şəhərində doğulub, yaşını bilmir, məktəblidir; ögey qardaşı Milad Wafa, Kabil şəhərində doğulub, yaşını bilmir, məktəblidir; Eyni zamanda iddiaçı ilə aparılan müsahibə zamanı iddiaçıya Əfqanıstanda olarkən xarici şirkətlərdə təhlükəsizlik işçisi olaraq nə iş gördüyü sualına cavab olaraq iddiaçı təhlükəsizlik sahəsi üzrə supervizor işlədiyini, onun tabeçiliyində mühafizəçilərin olduğunu, onlara rəhbərlik etdiyini bildirdi. Eyni zamanda iddiaçıya fars dilində verilən sualları aydın başa düşdüyü sualına cavab olaraq iddiaçı bəli cavabını vermişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycana gəlmiş, xx.xx.2020-cu il tarixdə sığınacaq vəsatəti ilə cavabdeh inzibati orqana müraciət etmiş, onun vəsatəti 38-2020 saylı iş nömrəsi ilə qeydiyyata alınaraq onunla müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı Əfqanıstanda anadan oldugunu, milliyyətcə puştun, dini etiqadına görə müsəlmandır (sunni), təxminən 8-9 yaşlarında məktəbə getdiyini, 1-9cu sinifləri Kabil şəhərində “Əziz Əfqan” adlanan orta məktəbdə, 10-12-ci sinifləri Kabil şəhərində “X5” liseyində oxuduğunu, 2012-ci ildə orta təhsilini başa vurduqdan sonra Kabil şəhərində “İdarəetmə və mühasibatlıq İnstitutu”na idarəetmə (menecment) ixtisası üzrə qəbul olunaraq orada 5 semestr təhsil aldığını bildirmişdir. 2015-ci ildə bu institutu bitirmiş, bundan əlavə Kabil şəhərində yerləşən müxtəlif kurslarda ingilis dili və kompüter sahələri üzrə təhsil almışdır. O, 2010-ci ildən işləməyə başlamış, ixtisası idarəetmə və menecment olmuşdur, ilk işi Qəndəhar şəhərində “İMS” (İnternational Management Services) şirkətində dəri-puştu-ingilis dilləri üzrə tərcüməçi olmuş, burada 2013-cü ilə qədər çalışmış. 2014-2016-cı illərdə mərkəzi ofisi Kabil şəhərində yerləşən “Ayel" (İnnovative Logistics) şirkətində dəri-puştu-ingilis dilləri üzrə ümumi olaraq tərcüməçi və sürücü vəzifələrində, həm də təhlükəsizlik üzrə çalışdığını, 2016-cı ilin sonlarından Azərbaycana gələnə qədər Kabil şəhərində fəaliyyət göstərən “AWCC”-də (X2 Company) təhlükəsizlik işçisi olaraq işlədiyini, bu işi ilə yanaşı həmin şirkətin daxilində “Ariana News” telekanalının da təhlükəsizlik işləri ilə məşğul olduğunu bildirmişdir. İddiaçı subaydır, ailədə atası, anası, 6 qardaş və 1 bacısı vardır, atası, anası, 3 qardaş və bir bacısı hazırda Kabil şəhəri 9-cu məntəqə, 4- cü mikrorayonda yaşayırlar, təxminən 5-6 il bundan əvvəl bir qardaşı ABŞ-a, digər qardaşı isə Kanadaya getmişlər və hazırda da həmin ölkələrdə yaşayırlar. İddiaçının ölkəsini tərk etməsinin səbəbləri taliblərlə əlaqəlidir. Belə ki, ailəsi daim taliblərin təhlükəsi altındadır, atası hərbiçi olduğu üçün, iki qardaşı isə xarici dövlətlərin nümayəndələri kimi işləmələrinə görə taliblər tərəfindən təhdid və təqib edilirlər, buna görə də həmin iki qardaşı Əfqanıstanı tərk edərək xarici dövlətlərə sığınmışlar. Valideynlərinin və digər ailə üzvlərinin yaşadıqları ev bir neçə dəfə naməlum şəxslər tərəfindən (taliblər olduğu ehtimal edilir) hücuma məruz qalmış, əmisi taliblər tərəfindən qətlə yetirilmiş, özü isə əcnəbi hərbi qulluqçulara tərcüməçilik etdiyinə, habelə xarici şirkətlərlə əməkdaşlıq etdiyinə görə taliblər tərəfindən axtarılır. Çoxsaylı təhdidlərə məruz qaldıqları üçün məcbur olub Əfqanıstanı tərk edərək xx.xx.2019-cu il tarixdə Azərbaycana gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ölkəsini tərk etməsinin səbəbi kimi ailəsinin daim taliblərin təhlükəsi altında, atasının hərbiçi olduğu üçün, iki qardaşı isə xarici dövlətlərin nümayəndələri kimi işləmələrinə görə taliblər tərəfindən təhdid və təqib edildiklərini, buna görə də həmin iki qardaşının Əfqanıstanı tərk edərək xarici dövlətlərə sığındıqlarını, valideynlərinin və digər ailə üzvlərinin yaşadıqları evin bir neçə dəfə naməlum şəxslər tərəfindən (taliblər olduğu ehtimal edilir) hücuma məruz qaldıgını, əmisinin taliblər tərəfindən qətlə yetirildiyini, özünün isə əcnəbi hərbi qulluqçulara tərcüməçilik etdiyinə, habelə xarici şirkətlərlə əməkdaşlıq etdiyinə görə əsaslı qorxusu üçün Əfqanıstanda qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndirmiş, lakin hər hansı təqibə məruz qalması barədə sübut ya dəlil gətirməmişdir. Yəni ərizəçi istinad etdiyi mənbələrdəki iddiaları ona aid təsdiq edən hər hansı sübut və ya məlumat təqdim etməyib. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməmişdir. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi cavabdehin iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakının təmin etməməsi dəlininə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə aparılan müsahibə zamanı iddiaçıya fars dilində verilən sualları başa düşdüyü sualı ünvanlanmış, iddiaçı da bəli cavabı vermişdir. Həmçinin, iş materiallarında olan Vəsatətə (ərizə-anket) əsasən iddiaçının ana dili fars dilidir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, 38-2020 saylı vəsatətin 1 №-li əlavəsinə əsasən Tərcüməçi – Şahin Ağayev, dil – fars dili qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ana dili – fars dili üzrə tərcüməçinin iştirakı təmin edilmiş, iddiaçı tərəfindən tərcüməçinin qərəzli olması barədə hər hansı sənəd-sübut iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də iddiaçının bu dəlili məhkəmə tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-90/1 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”nda qeyd edilmişdir ki, ərizəçi Əfqanıstanı tərk etməsinin səbəbləri ilə bağlı gətirdiyi dəlillər, habelə taliblər tərəfindən təhdid və təzyiqlərə məruz qalması barədə dedikləri ərizə-anketin qeydiyyatı və müsahibə zamanı verdiyi məlumatlarda öz əksini tapmamışdır. Ərizə anketin qeydiyyatı və müsahibə zamanı ərizəçinin bildirdiklərindən məlum olmuşdur ki, şəxsən o özü heç vaxt və heç bir yerdə təhdid olunmamış, bildirdiyi təhdid və təzyiq faktları isə onun özünə qarşı deyil, atasına və qardaşlarına qarşı yönəlmişdir. Ərizəçinin ailə üzvlərindən təhdid və təzyiqlərə məruz qaldığı deyilən iki qardaşı ABŞ və Kanadaya köçmüş, ailəsi isə xx.xx.2019-cu il tarixdə Kabil şəhərinin silahla mühafizə olunan (ərizəçinin şifahi bildirdiyinə əsasən) 4-cü mikrorayon ərazisinə yerləşmişdir. Həmçinin, ərizəçi xarici şirkətlərlə əməkdaşlıq etməsi məsələsinə görə ABŞ-ın Əfqanıstandakı səfirliyində xaricilər üçün nəzərdə tutulan SİV proqramında onlayn qeydiyyatdan keçdiyini və Amerikaya getmək üçün cavab gözlədiyini bildirmişdir. İddiaçı Wafa Najeebullah müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5855/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı Wafa Najeebullahın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5855/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-512/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-512/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver