Məhkəmə qərarları › İş №2-1(103)-512/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-512/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-512/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi uçotundan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5243/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması və əlavə heç bir verginin hesablanmamasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini, onun vergi uçotundan çıxarılması və ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin əvvəllərində Bakı şəhəri Dövlət Vergi Xidmətinə VÖEN-nin ləğv edilməsi ilə bağlı müraciət etmiş, ona 1 ay ərzində VÖEN-nin ləğv olunacağı bildirilmişdir. Lakin 1 il keçdikdən sonra e-taxes.gov.az saytında ada görə axtarış etdikdə iddiaçıya məlum olmuşdur ki, VÖEN-i ləğv olunmamışdır. Səbəb olaraq onun 2021 və 2022-ci illərdə iki ədəd avtomobil idxal etməsi, lakin bu barədə vergi orqanına müvafiq məlumat və ya bəyannamə təqdim etməməsi göstərilmişdir. İddiaçı avtomobilləri şəxsi istifadəsi üçün idxal etmiş və avtomobil satışı ilə məşğul deyildir. Bu səbəbdən hesab edir ki, tələbi təmin edilməlidir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı 11 oktyabr 2017-ci il tarixli, **********287000 nömrəli fiziki şəxsin şəhadətnaməsi ilə vergi ödəyicisi statusu əldə etmişdir. Daha sonra iddiaçı vergi uçotunun ləğv edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Müraciət 03 aprel 2023-cü il tarixli **********275800 nömrəli məktub ilə cavablandırılmışdır. İddiaçı tərəfindən 2021 və 2022-ci illərdə 2 ədəd avtomobil idxal edilmiş, lakin bu barədə vergi orqanına müvafiq məlumat və ya bəyannamə təqdim edilməmişdir. Bu səbəbdən avtomobil idxalı ilə bağlı məlumat və ya idxal əməliyyatları aparılmış dövrlər üzrə müvafiq bəyannamələr təqdim edildikdən, vergi orqanı tərəfindən müvafiq prosedurlar yerinə yetirildikdən sonra vergi uçotunun ləğv olunmağı barədə uçotda olduğu vergi orqanı tərəfindən iddiaçıya məlumat verilmişdir. Aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2021 və 2022-ci illər üzrə 26.551,57 (iyirmi altı min beş yüz əlli bir manat, əlli yeddi qəpik) manat dəyərində iki ədəd eyni növ nəqliyyat vasitələrinin (“Toyota Prius hibrid”) idxal edilməsi sahibkarlıq subyekti məqsədləri daşıdığı üçün, eyni zamanda müvafiq dövrlər üzrə vergi bəyannamələrinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçı iki ədəd eyni növ nəqliyyat vasitələrinin şəxsi istifadəsi üçün gətirdiyini qeyd etmişdir. Keçirilən sorğu zamanı nəqliyyat vasitələrinin eyni markalı “TOYOTA PRİUS HİBRİD” minik olduğu müəyyən edilmişdir. Hüquq və vəzifələrini bilən bir vergi ödəyicisi olan iddiaçının eyni markalı avtomobilin əyləc sistemində problem olması səbəbindən onu satması, daha sonra yenidən məhz eyni növdən olan nəqliyyat vasitəsini satın alması məhz onun gəlir əldə etmək məqsədləri güddüyünü göstərir. Belə ki, real vəziyyətdə şəxsi istifadə üçün satın alınan nəqliyyat vasitəsində hər hansı bir problem aşkarlandıqda ümumən eyni növdən nəqliyyat vasitəsini satın alınmaz. Həmçinin, etiraza əlavə edilən qoşma cədvəldən görünür ki, iddiaçı nəqliyyat vasitələrini əldə etdikdən qısa müddət sonra satmışdır, bu isə vergi ödəyicisinin məqsədlərinin sahibkarlıq subyekti məqsədi daşıdığını göstərir. Qeyd edilənlərə əsasən, fiziki şəxs olan vergi ödəyicisinin uçotdan çıxarılması üçün avtomobil idxalı ilə bağlı məlumat və ya idxal əməliyyatları aparılmış dövrlər üzrə müvafiq bəyannamələr təqdim edildikdən və vergi orqanı tərəfindən müvafiq prosedurlar yerinə yetirildikdən sonra vergi uçotu ləğv edilə bilər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5243/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilmiş, İddiaçı vergi uçotundan çıxarılması və ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5243/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbində onun vergi uçotundan çıxarılması və ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh inzibati orqan isə fiziki şəxs olan vergi ödəyicisinin uçotdan çıxarılması üçün avtomobil idxalı ilə bağlı məlumat və ya idxal əməliyyatları aparılmış dövrlər üzrə müvafiq bəyannamələr təqdim edildikdən və vergi orqanı tərəfindən müvafiq prosedurlar yerinə yetirildikdən sonra vergi uçotunun ləğv edilə biləcəyini qeyd etməklə tələbin təmin edilməsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.2017-ci il tarixli, ********** VÖEN-dən görünür ki, iddiaçı həmin VÖEN-ə əsasən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. VÖEN-də iddiaçının fəaliyyət istiqaməti kimi “taksi fəaliyyəti” göstərilmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli gömrük bəyannamələrinə əsasən iddiaçı tərəfindən “TOYOTA PRİUS (HİBRİD) minik” markalı 2012-ci və 2008-ci il buraxılışlı nəqliyyat vasitələrini ölkəyə idxal edilmişdir. Minik avtomobillərinin reyestr barədə hesabatına əsasən iddiaçı tərəfindən idxal edilmiş 2012-ci il buraxılışı olan qızıl metallik rəngli “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışı olan açıq yaşıl metallik rəngli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Həmin avtomobilin sahibi X3r. “TOYOTA PRİUS (HİBRİD) minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. Həmin avtomobilin sahibi X1r. Əmək müqaviləsi bildirişlərindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də kredit inspektoru vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdən bugünədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyində aparıcı mühasib vəzifəsində işləyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 33.1 vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır (33.1.). 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (34.1.). 34.6. Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir. 34.7.3 Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: fəaliyyətinə xitam verildikdə; məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; vəfat etdikdə. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda göstərilmişdir ki, fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin fəaliyyətinə xitam verildikdə; ailə kəndli təsərrüfatının statusu itirildikdə, ləğv edildikdə və ya ailə kəndli təsərrüfatının başçısı dəyişdikdə; torpağa mülkiyyət hüququ özgəninkiləşdirildikdə; fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; fiziki şəxs vəfat etdikdə (4.1.). Uçotdan çıxarılma barədə müraciətlər edilən zaman vergi orqanı əməkdaşı müraciətin edilməsi tarixinə uçot məlumat bazasında uçotdan çıxarılan şəxs barədə aşağıdakı halların mövcud olub-olmamasını yoxlayır: uçotdan çıxarılan vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması; vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi uçotunda olub-olmaması; vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması; vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) Pos-terminalının qeydiyyatda olubolmaması; fiziki şəxsin aktiv bank hesablarının olub-olmaması; fiziki şəxsin dövlət büdcəsinə borcunun olub-olmaması; təqdim edilməmiş bəyannamələrin hesabatların) olub-olmaması; torpaq mülkiyyətçisi və ailə kəndli təsərrüfatının başçısı kimi vergi orqanında uçotda olub-olmaması; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan aktiv əmək müqavilələrinin olub-olmaması (4.6.). Bu Qaydaların 4.6-cı bəndində qeyd edilən hallar aşkar edildikdə fiziki şəxsin uçotdan çıxarılması ilə əlaqədar müraciət edən şəxs (fiziki şəxsin səlahiyyətli nümayəndəsi, varisi və s.) aşağıdakı hərəkətlərin yerinə yetirilməsi zərurəti barədə məlumatlandırılmalıdır: vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizənin təqdim edilməsi; vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizənin təqdim edilməsi; vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması barədə ərizənin təqdim edilməsi; vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) olduğu yer üzrə qeydiyyata alınmış Posterminalların qeydiyyatdan çıxarılması; fiziki şəxsin aktiv bank hesablarının bağlanılması; müraciətin edilməsi tarixinə, fiziki şəxsin dövlət büdcəsinə borcunun ödənilməsi; təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan aktiv əmək müqavilələrinin ləğv edilməsi (4.7). Qeyd edilən normaların məzmunundan göründüyü kimi fiziki şəxslər vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındıqdan sonra onlara vergi ödəyicisinin eynləşdirmə nömrəsi (VÖEN) verilir. İddiaçı xx.xx.2017-ci il tarixliində vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. Həmin VÖEN-də iddiaçının əsas fəaliyyət istiqaməti taksi fəaliyyəti göstərilmişdir. İddiaçı vergi uçotundan çıxarılmasını xahiş etsə də, cavabdeh onun 2021 və 2022- ci illərdə iki ədəd avtomobili ölkəyə idxal etdiyini, lakin müvafiq dövrlər üzrə vergi bəyannamələrini təqdim etmədiyini bildirmişdir. Buna əsas kimi isə iddiaçının həmin avtomobilləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar idxal etdiyi göstərilmişdir. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 2 il ərzində eyni markalı 2 avtomobili ölkəyə idxal etməsi və sonradan həmin avtomobilləri satması artıq onun avtomobil alqı-satqısı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlir. İddiaçının qeyd olunan avtomobilləri sahibkarlıq məqsədi ilə idxal edib-etməməsini müəyyən etmək üçün öncə “sahibkarlıq fəaliyyəti ilə bağlı idxal etmək” anlayışına aydınlıq gətirilməlidir. Belə ki, iddiaçının fərdi sahibkar statusunun olması işin mübahisəsiz halıdır. Qeyd edilməlidir ki, iddiaçıya məxsus VÖEN-də onun əsas fəaliyyət istiqaməti kimi “taksi fəaliyyəti” qeyd edilmişdir. Lakin, bu onun digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını istisna etmir. Belə olan halda iddiaçının həmin avtomobilləri şəxsi istifadəsi üçün və ya taksi kimi fəaliyyət göstərmək üçün idxal etməsi onların məhz sahibkarlıq fəaliyyəti ilə bağlı idxal edilməsi anlamına gələ bilməz. Belə ki, iddiaçının əsas məqsədi həmin avtomobilləri sataraq gəlir əldə etmək, yəni avtomobil alqı-satqısı ilə məşğul olmaq olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının avtomobil alqı-satqısı ilə məşğul olması o zaman təstiqini tapmış olardı ki, o mütəmadi və davamlı olaraq ölkəyə avtomobil idxal etsin və dərhal və ya qısa müddət ərzində həmin avtomobilləri özgəninkiləşdirsin. Müxtəlif illərdə cəmi 2 ədəd avtomobilin iddiaçı tərəfindən idxal edilməsi isə onun məhz avtomobil alqı-satqısı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olması və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş vergi öhdəliklərini yerinə yetirmək vəzifəsi daşıması anlamına gələ bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı vergi uçotundan çıxarılması və ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5243/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar