Məhkəmə qərarları › İş №2-1(103)-5128/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5128/2025

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5128/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, İddiaçı X17 (İddiaçı hüquq varisi) cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı (üçüncü şəxslər X26 və X16) qərarın ləğv edilməsi və s. tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(112)-24/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı X5 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair xx.xx.2005-ci il tarixli, 017 saylı qərarın ləğv edilməsi və qərar əsasında verilmiş xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi, işin araşdırılması zamanı cinayət əlamələtləri müəyyən edildiyi təqdirdə müvafiq materialların araşdırılması üçün prokurorluğa göndərilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh Fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə xx.xx.2006-cı il tarixli, 99 saylı qərarı və Torpaqların alqı-satqısına dair akta əsasən Bilgəh bağ massində 1200 kv.m. torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Sabunçu rayon Cavabdeh xx.xx.2019-cu il tarixli arayışından görünür ki, qeyd edilən qərar əsasında verilmiş torpaq sahəsi iddiaçıya məxsusdur, Cavabdeh inzibati ərazisində yerləşir və halhazırda hüquqi qüvvədədir. Cavabdeh “Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında” xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Bilgəh qəsəbəsi, dalan 18 Məlikaslanov küçəsi ünvanında vergi ödəyicisi kimi qeydiyyatdadır. Qeyd edilmiş şəxs tərəfindən torpaq vergisinin ödənilməsinə dair ödəniş qəbzləri iş materiallarına əlavə olunur. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması müddətində əmlakın reyestr xidmətinə sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq bildirilmişdir ki, mübahisəli əmlak bələdiyyə tərəfindən digər şəxslərə verilib. Həmin torpaqayırma sənədlərinin alınması üçün bələdiyyəyə müraciət etsələr də, nəticəsi olmamışdır. Lakin, məhkəmə araşdırması zamanı onlara məlum olmuşdur ki, guya Cavabdeh xx.xx.2005-ci il tarixli, 017 saylı qərarı ilə mübahisəli torpaq sahəsi X11 verilib. Sonuncu da, həmin sənədlər əsasında qeyd edilən torpaq sahəsini əvvəl öz adına, sonradan isə digər üçüncü şəxs X18 adına rəsmiləşdirmişdir. Cavabdeh tərəfindən verilməsi göstərilən xx.xx.2005-ci il tarixli, 017 saylı qərar qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən eyni torpaq sahəsi barədə iki və ya daha çox şəxsə münasibətdə qərar verilməsi qanuna birbaşa ziddir. Digər tərəfdən, üçüncü şəxs X5 adına cavabdeh tərəfindən verilən qərar torpaq sahəsinin ölçüsünə münasibətdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1 və 8.0.2-ci maddələrinin tələblərinə ziddir. Həmin Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərinə görə fərdi yaşayış evlərinin tikintisi üçün 0.06, bağ evlərinin tiktintisi üçün 0.12 ha-dək sahə verilə bilər. Lakin, üçüncü şəxs X5 adına verilmiş qərarda sonuncuya fərdi yaşayış evinin tikilməsi üçün 6000 kv.m. (0.6 ha) torpaq sahəsinin verilməsi göstərilmişdir. Bundan başqa, həmin qərar əsasında verilmiş Torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixdə tətib edilmiş və imzalanmış aktdan görünür ki, həmin aktı imzalayan şəxslərdən biri torpaq şöbəsinin müdiri X10 olmuşdur. Onlarda olan məlumata görə qeyd edilən şəxs həmin dövrdə orada fəaliyyət göstərməmişdir. Yuxarıda qeyd edilənlər belə qənaəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar və torpaqların alqı-satqısına dair akt qanun pozulması ilə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2-1(112)-573/2022 saylı qərardadı ilə İddiaçı hüquq varisi X22 ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(112)-24/2025 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia rədd edilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş və məhkəmə araşdırması birinci instansiyası məhkəməsi səviyyəsində 4 ildən artıq müddətdə davam etmişdir. İddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, “.... hüquq sistemdə mülkiyyət hüquqlarının mübahisəsində əsas meyar hüquqi üstünlükdür, yəni mülkiyyət hüququ ilk dəfə və qanuni şəkildə kimə verilibsə, onun hüquqları sonrakı hüquq əldəedənlərin hüquqlarından üstün sayılır. Belə ki, hüquqi üstünlük verilməsindəəsas meyar hüququn yaranma vaxtıdır. Əvvəl yaranan hüquq sonrakı hüquqlardan üstün tutulur. Hüquq qanuni əsaslarla və düzgün prosedurla əldə edilməlidir”. Məhkəmə, “Hüquqi üstünlük” anlayışı barədə mülahizələrini məhz hansı maddi hüquq normaları ilə əsaslandırdığını qərarda göstərməmişdir. Qərarda hüquqi tövsif yoxdur. Məhkəmə öz qərarında “Hüquqi üstünlük” anlayışını şərh edərək, “Hüququn qanuni əsaslarla və düzgün prosedurla əldə edilməsi” barədə fikirlərə yer vermiş, lakin nədənsə gəldiyi nəticəni əsaslandırarkən saxtalaşdırılmış və qanuna zidd olaraq tərtib edilmiş sənədlərə üstünlük vermişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Cavabdeh Fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə xx.xx.2006-cı il tarixli, 99 saylı qərarı və Torpaqların alqı-satqısına dair akta əsasən Bilgəh bağ massində 1200 kv.m. torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh xx.xx.2019-cu il tarixli arayışından görünür ki, qeyd edilən qərar əsasında verilmiş torpaq sahəsi iddiaçıya məxsusdur, Cavabdeh inzibati ərazisində yerləşir və hal-hazırda hüquqi qüvvədədir. Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Bilgəh qəsəbəsi, dalan 18 Məlik Aslanov küçəsi ünvanında vergi ödəyicisi kimi qeydiyyatdadır. İddiaçı tərəfindən torpaq vergisinin ödənilməsinə dair ödəniş qəbzləri də iş materiallarına əlavə olunmuşdur. Beləliklə, mübahisəli torpaq sahəsinin məhz qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilməsi öz təsdiqini tapmışdır. Üçüncü şəxs X11 gəlincə, onun adına rəsmiləşdirilmiş bələdiyyə sənədlərinə əsasən, sonuncuya 6000 kv.m. (0,6 ha) torpaq sahəsi verilmiş və bu da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1 və 8.0.2-ci maddələrinin tələblərinə zidd olmuşdur. Həmin Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərinə görə, fərdi yaşayış evlərinin tikintisi üçün 0,06, fərdi bağ evlərinin tikintisi üçün 0.12 hektaradək sahə verilə bilər. Lakin, üçüncü şəxs X5 adına verilmiş qərarda, sonuncuya fərdi yaşayış evinin tikilməsi üçün 6000 kv.m. (0,6 ha) torpaq sahəsinin verilməsi göstərilmişdir. Bundan əlavə, həmin qərar əsasında verilmiş, torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixdə tərtib edilmiş və imzalanmış aktdan görünür ki, həmin aktı imzalayan şəxslərdən biri guya torpaq şöbəsinin müdiri X10 olmuşdur. Lakin, Səbinə Hacıyevanın özünün iddiaçı olduğu eyni xarakterli iş üzrə məhkəmə iclasında şahid qismində iştirak etmiş, X12 ifadə verərək bildirmişdir ki, bələdiyyə tərəfindən qərar qəbul edilən dövrdə yəni 2005-ci ildə o, X23 Şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir. Sözügedən “Torpaqların alqı-satqısına dair akt”a baxış keçirən zaman, aktda olan imzanın ona məxsus olmadığını müəyyən etmişdir. O, 2005-ci ildə Suraxanı rayon ərazisində, 2011-2015-ci illərə qədər isə Sabunçu rayon ərazisində işləmişdir. Məhkəməyə öz imzası ilə bir neçə sənəd təqdim etmiş və bildirmişdir ki, sözügedən aktdakı imza ona məxsus deyildir. Qeyd olunanlara əsasən, iddiaçı Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(112)-24/2025 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də (*şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə qeyd bildirişlərdə öz əksini tapmışdır), məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı X17 nümayəndəsi və vəkili Vəkil xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, başqa məhkəmə iclaslarında iştirak etməli olduğundan hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işlərin bir hakimin icraatinda birləşdirilməsinə dair ərizəsinə münasibət bildirilməsinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası tərəfindən müraciət nəzərə alınmış, vəsatətə münasibət bildirilmiş, eyni zamanda məhkəmə iclasının iddiaçı və digər tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 08 iyun 2006cı il tarixli, 99 saylı “Vətəndaş İddiaçı fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən Bilgəh bağ massivində 1200 kv.m. torpaq sahəsi fərdi bağçılıq və bağ evinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 1 ünvanında yaşayan İddiaçı mülkiyyətinə verilmişdir. Qərara “Torpaqların alqı-satqısına dair akt”, kassa mədaxil orderi, torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən verilmiş 25 iyul 2019-cu il tarixli, 166 saylı arayışa əsasən, həqiqətən Cavabdeh tərəfindən 99 saylı, 08 iyun 2006-cı il tarixli qərarla verilmiş 18-ci dalan, Məlik Aslanov küçəsində yerləşən 1200 kv.m. torpaq sahəsi vətəndaşa məxsusdur, Cavabdeh inzibati ərazisində yerləşir və hal-hazırda hüquqi qüvvədədir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 16 may 2005-ci il tarixli, 017 saylı “X1 fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində yerləşən 6000 kv.m. torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməlkə (alqı-satqı yolu ilə) ünvan 2 ünvanda yaşayan X7 mülkiyyətinə verilmişdir. Qərara Torpaqların alqı-satqısına dair akt əlavə edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 0.6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 adına xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********86 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 0.6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X18 adına xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********86 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reeystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********50 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 0.6 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. 23 saylı NK-nın 4Ə-666 reyestr nömrəli xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinə (elektron müqavilə) əsasən xx.xx.2019-cu il tarixdə X18 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin müraciətinə əsasən X15 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 221 saylı mütəxəssis rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq İddiaçı hüquqi varisi X17 iddia etdiyi torpaq sahəsinin Bakı Dairəvi Yolunun kənarında (Bilgəh-Novxanı avtomobil yolunun sol tərəfində), yoldan təqribən 150 metr aralıda və 18-ci dalanda yerləşməsi, hər tərəfdən daş hasarla sərhədə alınması və boş ərazi olduğu müəyyən edilir. İddia edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları “Google Earth” proqramının ortofoto göründtüləri üzərindən dəqiqləşdirilmiş və rəyin tədqiqat hissəsində qeyd edilmişdir. Lakin, rəyin tədqiqat hissəsində göstərilən səbəblərə görə, X17 iddia etdiyi 1200 kv.m. torpaq sahəsinin hüquqi rejiminin, mübahisəli torpaq sahəlrinin naturada yerinin, koordinatlarının və üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün deyildir. İş materiallarında olan iddiaçının müraciətinə əsasən X19 tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 79 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı satılmış 0.12 ha torpaq sahəsi ümumilikdə daş hasara alınmış 0.63 ha torpaq sahəsinin Cənub-Qərb hissəsində yerləşir, X21 satılmış 0.12 ha torpaq sahəsi ilə, şərqdən Səbinə Hacıyevaya satılmış 0.12 ha torpaq sahəsi ilə, qərbdən və cənubdan daş hasarla həmsərhəddir. Mütəxəssislər qarşısında qoyulmuş sualı cavablandırarkən mövcud torpaq qanunvericiliyə uyğun olaraq ərazinin elektron ümumi xəritəsindən, aerootoplanşet xəritə məlumatlarından, Google Earth xəritə proqramından istifadə olunmuşdur. Birinci instansiyası məhkəməsi qərarında belə nəticəyə gəlmişdir ki, hüquq sistemdə mülkiyyət hüquqlarının mübahisəsində əsas meyar hüquqi üstünlükdür, yəni mülkiyyət hüququ ilk dəfə və qanuni şəkildə kimə verilibsə, onun hüquqları sonrakı hüquq əldə edənlərin hüquqlarından üstün sayılır. Belə ki, hüquqi üstünlük verilməsində əsas meyar hüququn yaranma vaxtıdır. Əvvəl yaranan hüquq sonrakı hüquqlardan üstün tutulur. Hüquq qanuni əsaslarla və düzgün prosedurlarla əldə edilməlidir. X8 xx.xx.2005-ci il tarixli, 017 nömrəli qərarı ilə torpaq sahəsinə əldə etdiyi hüququ, İddiaçı Mirzəliyevanın 99 nömrəli 08 iyun 2006-cı il tarixli qərarı ilə əldə etdiyi torpaq sahəsi üzərində olan hüququndan üstündür. Belə olan halda, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən X5 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş 017 nömrəli, xx.xx.2005-ci il tarixli qərarın ləğv edlməsi və qərar əsasında verilmiş xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi tələbində iddiaçı haqlı hesab edilə bilməz. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsini zəruri hesab edir. Hazırkı mübahisə mahiyyət etibarilə inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2005-ci il tarixli, 017 saylı qərarın və onun əsasında tərtib olunmuş xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın mübahisələndirilməsinə yönəldiyindən, iddia öz hüquqi təbiətinə görə mübahisələndirmə haqqında iddiadır və inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi də bunu belə qiymətləndirmiş, iddianın düzgün cavabdehə qarşı verildiyini, iddiaçının subyektiv hüquqa malik olduğunu və mübahisələndirmə müddətinə riayət olunduğunu göstərmişdir. Xüsusilə əhəmiyyətlidir ki, məhkəmə iddiaçının xx.xx.2005-ci il tarixli qərarın mövcudluğundan başqa inzibati məhkəmə icraatı gedişində xəbərdar olduğunu, bundan sonra həmin qərarı ayrıca mübahisələndirdiyini və buna görə prosessual müddətin ötürülmədiyini qəbul etmişdir. Bu yanaşma düzgündür. Çünki şəxs ona təqdim edilməmiş inzibati aktın mövcudluğunu yalnız başqa məhkəmə prosesi çərçivəsində öyrənmişdirsə, ondan həmin aktı əvvəldən mübahisələndirməsinin gözlənilməsi hüquqi müəyyənliklə deyil, əksinə, məhkəməyə çıxış hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnərdi. Eyni qaydada, torpaq sahələrinin naturada koordinatlarının və üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmaması avtomatik olaraq iddiaçının subyektiv hüququnun yoxluğu kimi qiymətləndirilə bilməz, əks halda, məhz inzibati orqanın sənədləşdirmə qüsurları və ya torpaq uçotu sahəsindəki natamamlıq şəxsin məhkəmə müdafiəsi hüququnun əleyhinə işləyərdi. Buna görə iddianın mümkün sayılması həm prosessual, həm də konstitusion hüquq baxımdan doğru olmuşdur. Lakin iddianın mümkün olması onun əsaslı olması demək deyildir. Mahiyyət üzrə baxıldıqda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh xx.xx.2006-cı il tarixli, 99 saylı qərarı ilə 1200 kv.m. torpaq sahəsi ayrılmış, həmin qərara torpaqların alqı-satqısına dair akt, kassa mədaxil orderi və torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmiş, sonradan xx.xx.2019-cu il tarixli arayışla da bu torpaq sahəsinin vətəndaşa məxsus olduğu və hüquqi qüvvədə qaldığı təsdiq edilmişdir. Eyni zamanda iş materiallarında X3 adına verilmiş daha əvvəlki - xx.xx.2005-ci il tarixli, 017 saylı qərarın və həmin qərar əsasında tərtib edilmiş alqı-satqı aktının mövcudluğu da təsbit edilmişdir. Deməli, mübahisənin əsasında eyni əraziyə və ya ən azı eyni ərazi ilə əlaqələndirilən torpaq hüquqlarının ardıcıl iki inzibati aktla rəsmiləşdirilməsi dayanır. Burada əsas məsələ ondan ibarətdir ki, iddiaçı tərəf 2006-cı il tarixli qərara və sonrakı arayışlara istinad etməklə 2005-ci il tarixli inzibati aktın ləğvini tələb etsə də, sübutetmə yükünü daşıyan tərəf kimi məhz həmin əvvəlki aktın onun hüquqlarını pozduğunu, yəni sonradan əldə etdiyi hüququn konkret predmetinə müdaxilə etdiyini hüquqi baxımdan yetərli səviyyədə sübuta yetirməli idi. Lakin iş üzrə toplanmış əsas texniki sübut bunun əksini göstərir: mütəxəssis rəyində iddiaçının istinad etdiyi 1200 kv.m. torpaq sahəsinin hüquqi rejiminin, naturada yerinin, koordinatlarının və mübahisəli torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Başqa sözlə, iddianın faktiki dayağı olan tezis texniki və məkan baxımından təsdiqlənməmişdir. Halbuki, inzibati aktın ləğvi üçün onun ümumən qanuna zidd olması barədə mücərrəd mülahizə kifayət etmir, iddiaçının hüquqlarına real və sübuta yetirilmiş müdaxilə göstərilməlidir. Üst-üstə düşmə, koordinatlar və naturadakı eynilik müəyyən edilmədiyi halda, 2005-ci il tarixli qərarın ləğvi iddiaçının öz hüququnu deyil, ümumi qanunçuluğa nəzarət xarakterli bir tələbə çevrilir ki, bu da inzibati mübahisələndirmə iddiasının məqsədinə uyğun gəlmir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb iki müxtəlif hüquqi nəticəyə yönəlmişdir: bir tərəfdən, Cavabdeh xx.xx.2005-ci il tarixli, 017 saylı qərarının ləğvi, digər tərəfdən isə həmin qərar əsasında tərtib olunmuş xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi. Buna görə də mübahisənin həlli zamanı həm əlverişli inzibati aktın hüquqi taleyi, həm də həmin aktdan törəyən sənədin hüquqi qüvvəsi ayrıca hüquqi meyarlar əsasında yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddənin məzmunundan göründüyü kimi, eyni predmetə dair sonradan başqa bir aktın qəbul edilməsi faktı əvvəlki aktın hüquqi qüvvəsini öz-özünə aradan qaldırmır. Əvvəlki akt yalnız qanunda nəzərdə tutulmuş əsaslar və prosedurlar əsasında hüquqi dövriyyədən çıxarıla bilər. İş üzrə mübahisələndirilən xx.xx.2005-ci il tarixli, 017 saylı qərar ünvanlandığı şəxs üçün hüquq yaradan, yəni əlverişli inzibati akt xarakteri daşıyan inzibati qərardır. Əlverişli inzibati aktın sonradan eyni torpaq sahəsinə münasibətdə digər şəxs barədə ayrıca qərar qəbul edilməsi səbəbindən avtomatik qüvvədən düşdüyünü qəbul etmək “İnzibati icraat haqqında” Qanunun məntiqinə zidd olardı. Bu baxımdan birinci instansiya məhkəməsinin əvvəl yaranmış hüququn sonrakı hüquqdan üstün tutulması barədə gəldiyi nəticə ümumi və abstrakt mülahizə deyil, məhz inzibati aktın hüquqi qüvvəsinin davamlılığı prinsipi ilə şərtlənən hüquqi nəticədir. Əvvəl qəbul edilmiş və hüquqi qüvvəyə minmiş əlverişli inzibati akt qanunda nəzərdə tutulmuş qaydada ləğv edilmədikcə və ya etibarsız sayılmadıqca hüquqi dövriyyədə qalır. Sonrakı tarixli başqa aktın mövcudluğu əvvəlki aktın ləğvi üçün ayrıca hüquqi əsasın mövcudluğunu sübut etmədən bu nəticəni dəyişmir. Buna görə də birinci instansiya məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarla rəsmiləşdirilmiş hüquqi vəziyyətin xx.xx.2006cı il tarixli qərarla yaranmış sonrakı hüquqi vəziyyətə münasibətdə üstünlüyü barədə mövqeyi nəticə etibarilə düzgün olmuşdur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. ... “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. ... prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır”. Birinci instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə iki ayrıca sənəd zəncirini müəyyən etmişdir: bir tərəfdən İddiaçı xx.xx.2006-cı il tarixli, 99 saylı qərarla Bilgəh bağ massivində 1200 kv.m. torpaq sahəsinin verilməsi, digər tərəfdən isə X9 xx.xx.2005-ci il tarixli, 017 saylı qərarla 6000 kv.m. torpaq sahəsinin ayrılması və bu hüququn sonradan dövlət qeydiyyatına alınması. Məhkəmə həmçinin müəyyən etmişdir ki, 0.6 ha torpaq sahəsi əvvəlcə xx.xx.2019-cu il tarixdə X3, xx.xx.2019-cu il tarixdə isə X18 adına qeydiyyata alınmışdır. Apellyasiya şikayətində qeyd edilir ki, xx.xx.2006-cı il tarixli, 99 saylı qərar, alqı-satqı aktı, bələdiyyə arayışı, vergi qeydiyyatı və vergi qəbzləri İddiaçı torpaq sahəsi üzərində hüququnu tam təsdiqləyir və buna görə də digər qərar ləğv edilməlidir. Halbuki bu sənədlər yalnız bir hüquqi vəziyyəti - İddiaçı ayrıca torpaq sahəsinə dair hüquqi titulunun mövcudluğunu təsdiq edir, lakin mübahisənin həlledici elementi olan digər faktı - həmin sahənin 017 saylı qərar əsasında ayrılmış və sonradan dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə eyni obyekt təşkil etməsini sübut etmir. Birinci instansiya məhkəməsi də qərarında iddiaçının sənədlərini nə inkar etmiş, nə də hüquqi əhəmiyyətini sual altına qoymuşdur, əksinə, onları işin faktiki fonunun bir hissəsi kimi qəbul etmişdir. Lakin inzibati aktın ləğvi üçün təkcə alternativ hüquq titulunun mövcudluğu kifayət deyil. Bunun üçün həmin aktın konkret olaraq iddiaçının hüquqlarına müdaxilə etdiyini, başqa sözlə, mübahisələndirilən aktla rəsmiləşdirilmiş torpaq sahəsinin iddiaçının iddia etdiyi sahə ilə üst-üstə düşdüyünü göstərmək tələb olunur. Apellyasiya şikayətində sənədlərin mövcudluğundan avtomatik olaraq “eyni torpaq sahəsi” nəticəsinə keçid edilir, lakin bu keçidi əsaslandıran nə kadastr uyğunluğu, nə koordinat müqayisəsi, nə də mütəxəssis rəyi ilə təsdiqlənmiş texniki sübutlar təqdim edilir. Bu səbəbdən irəli sürülən arqument hüquqi baxımdan natamamdır: o, iddiaçının hüququnun mövcudluğunu göstərir, lakin həmin hüququn mübahisələndirilən inzibati aktla pozulduğunu sübut etmir. Məhz buna görə də birinci instansiya məhkəməsinin bu arqumenti iddianın təmini üçün yetərli hesab etməməsi əsaslıdır. Apellyasiya şikayətində həmçinin ona istinad edilir ki, “məhkəmə iş üzrə ekspertiza təyin etməmiş qeyd edilən məsələni ümumiyyətlə araşdırmamış, saxtalaşdırılmış və qanunsuz sənədlərə əsaslanaraq iş üzrə səhv qərar qəbul etmişdir”. Halbuki, birinci instansiyası məhkəməsinin qərarından göründüyü kimi, qərarda həm xx.xx.2025-ci il tarixli, 221 nömrəli mütəxəssis rəyinə, həm də iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 79 nömrəli mütəxəssis rəyinə istinad edilir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi mütəxəssis rəy(lər)inə müraciət etməmişdən əvvəl xx.xx.2022-ci il tarixli, 2- 1(112)-573/2022 saylı qərardadı ilə ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmış, lakin qərardad xx.xx.2023cü il tarixdə icrasız geri qaytarılmışdır. Birinci instansiyası məhkəməsinin qərarında əksini tapmış xx.xx.2025-ci il tarixli, 221 nömrəli X4 mütəxəssis rəyi məhkəmənin nəticəsi üçün həlledici əhəmiyyət daşıyır. Həmin rəyə əsasən, mübahisəli sahələrin hüquqi rejimini, naturada yerləşməsini, koordinatlarını və üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarındakı digər mütəxəssis rəyi - xx.xx.2025-ci il tarixli, 79 nömrəli X14 rəyi isə yalnız bunu göstərir ki, İddiaçı satılmış 0.12 ha torpaq sahəsi ümumilikdə daş hasara alınmış 0.63 ha torpaq sahəsinin cənub-qərb hissəsində yerləşir, X21, şərqdən Səbinə Hacıyevaya satılmış 0.12 ha torpaq sahələri ilə, qərbdən və cənubdan isə daş hasarla həmsərhəddir. Göründüyü kimi, iddiaçının istinad etdiyi sahənin öz daxilində təsviri verilsə də, həmin sahənin məhz 017 saylı qərar əsasında qeydiyyata alınmış sahə ilə hüquqi-faktiki üst-üstə düşməsi sübut olunmayıb. xx.xx.2025-ci il tarixli, 221 nömrəli X4 mütəxəssis rəyinin tədqiqat hissəsində həmçinin göstərilmişdir ki, “ ... hər hansı bir torpaq sahəsinin (ərazi, məkan) yerinin müəyyənləşdirilməsi üçün, onun yerləşdiyi ərazinin bütün texniki parametrlərini (sərhədləri, istinad və tərpənməz dayaq nöqtələri, döngə nöqtələrinin koordinatları və s.) əks etdirən dövlət və ya ayrıc aktları, torpaq sahəsinin planı və ölçüləri, o cümlədən torpaq sahələrinin ərafında mövcud olan binalardan, tikililərdən, küçə (avtomobil və piyada) yollarından, kommunikasiya (su, qaz, neft, elektrik və s.) xətlərindən və digər sərhədi bilinən sahələrdən hansı məsafədə yerləşməsini əks etdirən sənədlər tədqiq edilməlidir. Belə ki, ekspertiza tədqiqatına təqdim olunmuş sənədlərdə bu kimi zəruri məlumatlar əşkar olunmadığı üçün, qərardadın suallarının həlli mümkün deyildir”. Apellyasiya şikayətində ayrıca vurğulanır ki, üçüncü şəxsə 6000 kv.m. torpaq sahəsinin ayrılması “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1 və 8.0.2-ci maddələrinə zidd olmuş, çünki bələdiyyə tərəfindən fərdi yaşayış evi üçün 0.06 ha, bağ evi üçün 0.12 ha-dək sahə verilə bilərdi. Bu arqument nəzəri baxımdan əhəmiyyətli sayıla bilər. Lakin məhkəmə kollegiya hesab edir ki, bu hal da öz-özlüyündə mübahisələndirilən qərarın hazırkı iş üzrə ləğvi üçün kifayət etmir. Çünki inzibati mübahisədə normativ uyğunsuzluq ehtimalı ilə konkret iddiaçının fərdi-subyektiv hüququnun pozulması eyni anlayış deyildir. Hətta fərz edilsə ki, verilmiş torpaq sahəsinin ölçüsü qanunda nəzərdə tutulan limitlərə uyğun olmamışdır, bu fakt yenə də avtomatik olaraq həmin qərarın məhz iddiaçının hüquqlarını pozduğunu və buna görə onun tələbi əsasında ləğv edilməli olduğunu sübut etmir. xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin akt mübahisələndirilən qərardan törəyən sənəddir və onun hüquqi taleyi də sırf ehtimal, şübhə və dolayı mülahizələr əsasında deyil, konkret hüquqi qüsurların və bu qüsurların nəticəyə təsirinin mötəbər sübutlarla təsdiqi əsasında müəyyən edilə bilər. Apellyasiya şikayətində əsasən torpaq şöbəsinin müdiri kimi göstərilən X2 imzası ilə bağlı şübhələrə istinad edilmiş, başqa iş üzrə verilmiş ifadədə həmin imzanın ona məxsus olmadığı bildirildiyi göstərilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, başqa iş üzrə verilmiş belə bir izahat hazırkı iş üçün öz-özlüyündə həlledici sübut qüvvəsinə malik deyildir. Həmçinin bununla əlaqədar məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2-1(102)-2598/2025 saylı qərarının Kassasiya instansiyası məhkəməsinin mövqeyi bölməsində aşağıdakılar göstərilmişdir: “ ... inzibati aktdakı imzanın inzibati aktı qəbul etmək səlahiyyəti olmayan şəxs tərəfindən icra edilməsi ilə bağlı hal öz-özlüyündə (digər sübutlar olmadığı, yalnız inzibati aktın səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaması halına istinad etməklə) inzibati aktın etibarsız hesab edilməsi üçün yetərli əsas sayıla bilməz. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsız sayılması üçün “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanan əsaslardan biri olmalıdır.

35. Belə ki, inzibati akt - dövlət idarəetməsində hakimiyyət səlahiyyətlərinin birbaşa təzahürüdür. İnzibati akt sadəcə bir sənəd deyil, dövlətin “publik hakimiyyət” imtiyazından istifadə edərək fərdin hüquqi sferasında konkret dəyişiklik yaratmaq iradəsidir. 36. Başqa sözlə, inzibati akt inzibati orqanın iradə ifadəsinin əks olunduğu hüquqi nəticəyə yönəlir. Tənzimləyici məzmun o deməkdir ki, inzibati orqanın hərəkəti sadəcə, məlumatlandırma və ya tövsiyə xarakteri daşımır. Əksinə, subyektiv hüquq və vəzifələri bilavasitə müəyyən edir, dəyişdirir və ya ləğv edir. Bu baxımdan, inzibati aktı “hakimiyyət sərəncamı” kimi xarakterizə etmək mümkündür. Burada əsas meyar inzibati orqanın iradə ifadəsinin xaricə yönələn subyektiv hüquqi statusa təsir göstərməsidir. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş qaydalara riayət olunmaqla qəbul edilməlidir. İnzibati aktlara münasibətdə “yazılı forma” tələbi xüsusən inzibati orqanın iradə ifadəsinin müəyyənləşdirilməsi baxımından önəm kəsb edir. Bununla, inzibati orqanın iradəsini, yəni inzibati aktın əsaslandığı faktiki və hüquqi səbəbləri, eləcə də yaradılan hüquqi nəticələri aydınlaşdırmaq mümkün olur.

37. Bu baxımdan, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktda imza ilə bağlı forma tələbinin icrasında yol verilmiş pozuntu, inzibati orqanın həmin inzibati aktın yaratdığı hüquqi nəticələrdəki iradəsini birmənalı istisna edən amil kimi nəzərə alınmamalıdır.

38. Bu, o halda baş verə bilər ki, inzibati aktın özünü qəbul edən inzibati orqan tərəfindən həmin inzibati aktın onun iradə ifadəsini əks etdirməməsi bəyan edilsin.

39. Əgər inzibati orqan bu halda (imza ilə bağlı pozuntuya yol verilməsi halında) inzibati aktın mövcud olmasına və onun nəticələrini tanımasına istinad edirsə, bu halda bu vəziyyət inzibati orqanın iradəsinin ratifikasiyası kimi qəbul edilməlidir”. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 108 nömrəli Cavabdeh sədri tərəfindən imzalanmış arayışda göstərilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2005-ci il tarixli, 017 saylı qərarla X13 Cavabdeh inzibati ərazisində yerləşən 6000 kv.m. torpaq sahəsi verilmiş və qərar halhazırda qüvvədədir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(112)-24/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar