Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-513/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-820/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" MMC 13.03.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarının tamamilə ləğv olunması və "Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1343 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində bildirilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək "Konfirella Торт бисквитный кокосовый" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1343 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 30.1-ci, 32.1-ci və 38.1-ci maddələrinə və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 29-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarının ləğv olunması və "Konfirella Торт бисквитный кокосовый" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1343 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edirlər. 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərar iddiaçı tərəfindən 15 yanvar 2020-ci il tarixində alınmışdır. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanunun 29-cu maddəsinin son abzasında qeyd edilmişdir ki, apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər. "xxxx" adlı əmtəə nişanının təsviri fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Konstantinovka şəhəri, İnternasionalnaya küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi "Konti" Xüsusi Səhmdar Cəmiyyətinin (bundan sonra "Konti İB") işçisi X3 tərəfindən yaradılmışdır və təsvirə dair bütün əqli mülkiyyət hüquqları işəgötürən kimi Konti İB-yə məxsusdur. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 05 avqust 2016-cı il tarixində 2016 00564 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 12 dekabr 2016-cı il tarixində " Konfirella Торт бисквитный кокосовый " adlı əmtəə nişanı 2016 1343 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar hesab edirlər ki, Koroğlu MMC "Konfirella Торт бисквитный кокосовый” adlı əmtəə nişanını qeydiyyata alaraq, Konti İByə məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Konti İB ilə X3 arasında imzalanmış "xxxx" adlı təsvirin yaradılması haqqında 20 oktyabr 2014-cü il tarixli Aktlarda göstərilmişdir ki, " Topт KOHTИ" əmtəə nişanının təsviri adlı təsvirin müəllifi X1 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-yə keçmişdir. "Ədəbi və Bədii əsərlərin Qorunması haqqında Bern Konvensiyası"nın 2-ci maddəsinin 1-ci bəndində "Ədəbi və Bədii Əsərlər" terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Qeyd etmək istərdik ki, həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Eyni zamanda, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, qrafika, dizayn, qrafik hekayələr və s. müəllif hüququnun obyekti olan əsərlər sayılır. Göründüyü kimi, Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanuna əsasən, "xxxx" adlı təsvir müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür kimi, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. Bununla da qeyd etmək istərdik ki, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, Kombinasiya nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5-ci və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Əmtəə Nişanlarının oxşarlığını müəyyən edərkən, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.3-cü (“Qrafiki (görünüşlü) oxşarlıq”), 29.6.4-cü (“Məna etibarı ilə”), 29.6.5-ci (“Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər”), 29.7.1-ci (“Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə olunur”), 29.7.2-ci (“Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir”), 29.8.1-ci (“Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər”), 29.8.2-ci (“Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1— 29.6.5 və 29.7.1—29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur”), 29.9.1-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə almır”) və 29.9.2-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır”) bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçılar hesab edir ki, "xxxx" adlı əmtəə nişanı və "Konfirella Торт бисквитный кокосовый" adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1343 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Koroğlu MMC-nin Konti İB ilə bilavasitə əlaqəsi var idi. Belə ki, Konti İB və Koroğlu MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, Koroğlu MMC Konti şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. Konti şirkəti Koroğlu MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin "xxxx" adlı məhsul da mövcud idi. Bundan əlavə Konti İB-yə məxsus olan "xxxx" adlı məhsullar Azərbaycan Respublikasına Koroğlu MMC-yə məxsus "Konfirella Торт бисквитный кокосовый" adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Nəzərə alsaq ki, Koroğlu MMC Kontinin distribütoru olub, onun mallarını Azərbaycan Respublikasında təchiz edib və onun məhsulları ilə yaxından tanış idi. Nəticəyə gəlmək olar ki, Koroğlu MMC "Konfirella Торт бисквитный кокосовый" adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Bununla bağlı, qeyd etmək istərdik ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Eyni zamanda "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. O cümlədən, qeyd olunmalıdır ki, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının özbaşına təqlid edilməsinə yol verilmir və göstərilən hərəkətlər haqsız rəqabət hesab olunur. Eyni zamanda, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. Göründüyü kimi, Koroğlu MMC Konti İB-yə məxsus olan və əvvəlcədən qeydiyyata alınmış "xxxx" adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan "Konfirella Торт бисквитный кокосовый" adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. Koroğlu MMC "Konfirella Торт бисквитный кокосовый" adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da Konti şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki həmin sənədlər əsasında " Topт KOHTИ” adlı məhsulun iddiaçı tərəfindən göndərildiyi, yəni "xxxx" MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən etmək mümkündür. Apellyasiya şurası öz qərarında "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllifi X2 və onun işəgötürəni Ukrayna Respublikasının Konti İB-nin müəlliflik hüquqları məsələsinə ümumiyyətlə toxunmamışdır. Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-820/2021 saylı iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-820/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarının ləğv olunması və “Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1343 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. Qərardan üçüncü şəxs "Koroğlu” MMC apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-820/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Koroğlu" MMC-yə məxsus «Konfırella Торт бисквитный кокосовый» kombinasiya edilmiş əmtəə nişanı olub 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə (30 - Konfetlər; 35 - 30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmət(lər) 20.10.2016-cı il tarixdə “Koroğlu" MMC-nin adına Azərbaycan Respublikasında 2016 1343 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçıya məxsus olan “Tort Konti” əmtəə nişanı yalnız sözdən ibarət əmtəə nişanıdır. Bundan başqa həmin iş üzrə apellyasiya şurasında araşdırma aparılan zaman bununla bağlı təkrar ekspertiza aparılmış və bu iki nişanın oxşar olmadığı müəyyən olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsinin mövqeyinin yalnız iddiaçı tərəfin mənafeyinə xidmət etdiyini və işin hərtərfli, tam və obyektiv araşdırılmadığını bir daha sübut edir. Birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışı zamanı mübahisə predmeti olan əmtəə nişanlarının arasında oxşarlığın müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizasının aparılması zəruri olsa da ekspertiza keçirilməmişdir. Göründüyü kimi məhkəmə hazırkı işə iddiaçı tərəfi olaraq yanaşmış və iddiaçının mövqeyini təsdiqləmişdir. 23 fevral 2022-ci il tarixində məhkəməyə iddiaçıların nümayəndəsi tərəfindən apellyasiya şikayıtinə dair etiraz daxil olmuşdur. Etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsə də, işin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi qərarla razı olmadıqlarını, apellyasiya şikayətinin nüsxəsinin mövcud olmasına baxmayaraq, şikayəti təqdim etmədiklərini,hazırda üçüncü şəxsin apellyasiya şikayəti ilə eyni mövqedə olduqlarını bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Üçüncü şəxs və onun vəkili X5 (Bakı şəhəri 17 saylı Vəkil Bürosu) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-820/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - "xxxx" adlı əmtəə nişanının təsviri fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Konstantinovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi "Konti" Xüsusi Səhmdar Cəmiyyətinin (bundan sonra "Konti İB") işçisi X3 tərəfindən yaradılmışdır və təsvirə dair bütün əqli mülkiyyət hüquqları işəgötürən kimi Konti İB-yə məxsusdur. - Konti İB ilə X3 arasında imzalanmış "xxxx" adlı əmtəə nişanının yaradılması haqqında 20 oktyabr 2014-cü il tarixli Aktlarda göstərilmişdir ki, "xxxx" adlı təsvirin müəllifi X1 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-yə keçmişdir. - İddiaçı1 QSC və "xxxx" MMC arasında 09.07.2013-cü il tarixində 1520/8/13 nömrəli Zaminlik müqaviləsi imzalanmışdır. - Eyni zamanda "xxxx" MMC tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 05 avqust 2016-cı il tarixində 2016 00564 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 12 dekabr 2016-cı il tarixində "Konfirella Торт бисквитный кокосовый" adlı əmtəə nişanı 2016 1343 nömrəsi ilə qeydiyyata alınmışdır - Apellyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli məktubla təqdim edilmiş 2010- 2016-cı illəri əhatə edən idxal sənədlərinə əsasən görünür ki, "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanlı tortlar İddiaçı1, İddiaçı2 və "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin ünvanına 2016-cı il ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. - İddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək "Konfirella Торт бисквитный кокосовый" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1343 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişlər. - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; ... Həmin Qanunun 10-cu maddəsinə əsasən Əmtəə nişanının ilkinliyi bu Qanunun 9cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Həmin Qanunun 25-ci maddəsinə əsasən Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. ... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 29-cu maddəsinə əsasən Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: (...) əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. (...) bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:
29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması (...) 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1.Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2.Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3.Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası) 29.6.4.Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5.Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1.Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2.Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 29.7.3.Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1.Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. 29.8.2.Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. 29.9.1.Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2.Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. “Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsinə əsasən haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A42-7 saylı qərarının ləğv edilməsi və "Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1343 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 22.08.2019-cu il tarixli 1000-170/170-24/018181 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirillən idxal əməliyyatları haqqında məlumatlarından göründüyü kimi "xxxx" MMC ilə iddiaçılar arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə "xxxx" əmtəə nişanlı tort məhsullarının İddiaçı1, İddiaçı2 və "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin ünvanına 2016-cı il ərzində Azərbaycan Respublikasına idxal olunması təsdiq olunur. Eyni zamanda iş materiallarından görünür ki, "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri “Konti” Xüsusi Səhmdar Cəmiyyətinin tapşırığı ilə onun işçisi X3 tərəfindən 20.10.2014-cü il tarixdə yaradılmış, həmin əmtəə nişanının "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqlarını pozmuşdur. “Konfirella Торт бисквитный кокосовый” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmış “Konfirella Торт бисквитный кокосовый” əmtəə nişanının qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olması, əmtəə nişanlarının təsvirlərinin eynilik təşkil etməsi, əmtəə nişanlarının təsvirlərində istifadə edilən sözlərin ümumi görünüşü (müşahidə) təəssüratı, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbasının üst–üstə düşməsi, hər iki əmtəə nişanında sözlərin kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazılmaları, əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması və xüsusiyyətlərinin (naturallığı) oxşarlıq yaratması, həmçinin 2016-cı ildən əvvəl bağlanılmış müvafiq müqavilələrə uyğun olaraq "xxxx" adlı məhsulun iddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilməsi, Azərbaycan Respublikasına idxal edilməsi hazırkı iddia tələbinin əsaslı olması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlili olan birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan əmtəə nişanlarının arasında oxşarlığın müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizasının keçirilməməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs işin birinci instansiya icraatı zamanı ekspertiza keçirilməsi zərurətinin olduğunu qeyd etsə də, onun ekspertiza keçirilməsi barədə vəsatət təqdim etməsi iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi üçüncü şəxs işin nə birinci instansiya icraatı zamanı, nə də apellyasiya icraatı zamanı ekspertiza keçirilməsi barədə əsaslandırılmış vəsatət təqdim etməmiş, ümumiyyətlə, məhkəmə iclasları barədə məlumatlı olmasına baxmayaraq, birinci instansiya və apellyasiya icraatları zamanı məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı hər hansı şifahi və yazılı münasibətlərini bildirməmiş, apellyasiya şikayətinin dəlili kimi əsassız olaraq ekspertizanın keçirilməsini birinci instansiya məhkəməsinə həvalə etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-820/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq
qərara aldı:
Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-820/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.