Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-513/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (əvvəlki iddiaçı X3) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçünün tərtib edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 ünvanda yerləşən 778v saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alılnması və texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********13 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən ləğv edilmiş DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” JN 20536D saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Həmçinin, qeyd edilən bağ nömrəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsinə malik, 778v saylı bağ sahəsinə dair texniki pasport tərtib edilməklə, bu barədə müvafiq qeydiyyat aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 ərazisində yerləşən 0,12 ha sahəsi olan 778V saylı bağ sahəsinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq sxematik xəritəyə uyğunlaşdırmaqla plan-ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, halhazırda mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 ünvanda yerləşən 778v saylı 0,12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsi, sahənin keçmiş mülkiyyətçisi X9 ilə aralarında bağlanmış 16 dekabr 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında satın alınmışdır. Torpaq sahəsi ona satılarkən qanunvericiliyin bütün tələblərinə əməl olunaraq, torpaq sahəsinin alqı-satqı müqaviləsinin predmeti olması üçün tələb olunan bütün zəruri sənədlər mövcud olmuş və notariusa təqdim olunmuşdur. Ərizəsinə əlavə etdiyi, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05A4/1937 saylı arayışdan göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 ünvanda yerləşən 778v saylı 0,12 hektar torpaq sahəsinə malik bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində, 1060 nömrəli reyestr kitabının 101175 vərəqində qeydiyyata alınmaqla, üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Eyni zamanda, bu torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 20536D, KOD 00500003 saylı Şəhadətnamədə torpaq sahəsinin yerləşmə koordinatları əks olunmaqla sərhədlərinin ölçüsü göstərilmişdir. Müvafiq sənədləri təqdim etməklə xx.xx.2021-ci il tarixdə və təkrarən xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək mülkiyyətində olan bağ sahəsinə dair texniki pasport tərtib etməklə qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ünvanına göndərilmiş cavablarla onun haqlı tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 ərazisində yerləşən 0,12 ha sahəsi olan 778V saylı bağ sahəsinə dair sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla iddiaçı X3 adına torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən ləğv edilmiş DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” JN 20536D saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Həmçinin, qeyd edilən bağ nömrəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Belə ki, göstərilən ərazi sxematik xəritəyə əsasən 800- 810 saylı bağların ərazisinıə uyğun gəlir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 ünvanda yerləşən 778v saylı 0,12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 məxsus olmuş, iddiaçı cavabdehə müraciət edərək torpaq sahəsinin plan-ölçünün tərtib edilməsini xahiş etsə də, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunmayaraq ona imtina məktubu ünvanlanmışdır. Daha sonra X8 hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya əvvəla qeyd edir ki, apellyasiya instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, X8 mübahisə premeti olan torpaq sahəsini İddiaçı satmış, beləliklə həmin torpağa aid hüquqlar sonuncuya keçmişdir. Bu səbəbdən də Kollegiyanın xx.xx.2024-cü il tarixli, 2-1(103)-513/2024 nömrəli qərardadı ilə, iddiaçı X8 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçının əsaslığına gəldikdə isə, Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 104 saylı orderdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 730 saylı qərarı ilə X6 0,12 ha sahəsi olan 778v saylı bağ sahəsi ayrılmışdır. JN-19404D, KOD 00500003 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bağlar Təsərrüfatı İdarəsinin 104 saylı orderinə əsasən 778v saylı bağ sahəsinə Solmaz Əliyevin mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə 2095 nömrə ilə qeydə alınmışdır. xx.xx.2005-ci il tarixli AN-İ №0036962 nömrəli alqı satqı müqaviləsindən görünür ki, X10 JN-19404D, KOD 00500003 olan xx.xx.2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Vişnyovka - 1 bağ massivində yerləşən 0,12 hektardan ibarət torpaq sahəsini X4 mülkiyyətinə verilmişdir. X4 adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-20536D, Kod 00500003 seriya nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun 08 aprel 2005-ci il tarixli 4Ə/2-215 saylı alqısatqı müqaviləsi ilə satılmış 0,12 hektar Vişnyovka - 1 bağ massivində yerləşən 778v saylı bağ sahəsi onun mülkiyyətinə verilmişdir. AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə ona verilmiş seriya nömrəsi JN-20536D, Kod 00500003 olan şəhadətnaməyə əsasən tam mülkiyyət üzrə 0,12 ha torpaq sahəsini X1. İşdə olan xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsi X3 (bundan sonra – İddiaçı) mülkiyyətində olmuşdur. Göründüyü kimi, iddiaçı X8 mübahisəli torpaq sahəsini alqı-satqı əsasında əldə etmiş, onun həmin sahəyə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yuxarda qeyd edilən iş materiallarından görünür ki, Bakı şəhəri, Vişnyovka - 1 bağ massivində yerləşən 0,12 hektardan ibarət 778v saylı bağ sahəsi ilk dəfə 2005-ci ildə qeydiyyata alınaraq mülkiyyətə verilsədə, plan-ölçü tərtib edilərək verilməmişdir. Halbuki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq publik hüquqi şəxsin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nə əsasən: - 3. Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. - 5. Bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir (bənd 4.1). Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur (bənd 4.2) Göründüyü kimi, torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən ilk növbədə həmin torpaq sahəsinə dair plan və ölçü tərtib edilməli, daha sonra hüquqların dövlət qeydiyyatı həyata keçirilməlidir. Lakin cavabdeh tərəfindən plan və ölçü tərtib edilməmişdir. Cavabdeh apellyasiya şikayətində ləğv edilmiş DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” JN 20536D saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcud olduğunu, qeyd edilən bağ nömrəsinin göstərilən əraziyə aidiyyəti olmadığını, göstərilən ərazi sxematik xəritəyə əsasən 800-810 saylı bağların ərazisinə uyğun gəldiyini bildirmişdir. Kollegiya cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, sxematik xəritədə hər hansı uyğunsuzluğun olması iddiaçının təqsiri deyil. Həmçinin hər hansı uyğunsuzluq varsa belə həmin uyğunsuzluğun aradan qaldırılması cavabdehin vəzifələrinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Göründüyü kimi, torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdehin vəzifələrinə aid edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “, bağ sahələri ilə bağlı tərtib edilən sxematik xərtiələr uzun müddət əvvəl tərtib edildiyindən hazırkı faktiki vəziyyəti əks etdirmir. 2005-ci ldən dövlət qeydiyyatına alınmış və hazırda iddiaçının mülkiyyətində olan 778v saylı bağın nömrəsinin sxematik xəritədə olmaması bu halın əyani sübutudur.” Eyni zamanda iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Tikili yoxdur. Bundan əlavə, ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından, həmçinin bağ nömrəsi sxematik xəritədə müşahidə olunmadığından 778v saylı bağın sənəd üzrə sahəsini müəyyənləşdirmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqları kateqoriyasına aiddir. Həmçinin, qeyd olunan əraziyə dair digər fiziki şəxsin müraciəti yoxdur. Göründüyü kimi, sözügedən torpaq sahəsinə hər hansı şəxsin müraciəti olmamış, hər hansı sahə ilə üst-üstə düşmə halıda müəyyən edilməmişdir. Həmçinin Kollegiya bildirir ki, sözügedən torpaq sahəsi iddiaçının və əvvəlki mülkiyyətçilərin maneəsiz istifadəsində olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.–ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur.( “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6.–cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. İddiaçı qəbul edilməklə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-513/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-513/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver