Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-513/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının hüquqi varisi X1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hesablanmış, lakin iddiaçıya ödənilməmiş vəsaitin ödənilməsi və yenidən hesablanmış pensiya məbləğindən 20% tutma istisna olmaqla əvəzləşdirmənin aparılmasının qanunsuz hesab edilməsi, əvəzləşdirilmiş pensiya fərqinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9957/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçıya pensiya hesablanması və ödənilməli olan pulun əvəzləşdirilərək dövlət büdcəsinə bərpa edilməsinə dair hərəkətlərinin qanunsuz sayılması, 1-ci qrup əlillik dərəcəsi üzrə əmək pensiyasının əvvəlki pensiya təminatından az olmamaqla hesablanıb ödənilməsi və əsassız olaraq tutulmuş pulun iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1 avqust 2006-cı ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik dərəcəsi ilə pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə 944 (doqquz yüz qırx dörd) manat pensiyanın ödənişi 1 fevral 2024-cü ildən heç bir əsas olmadan qəflətən dayandırılmışdır. Pensiyanın dayandırılması ilə bağlı cavabdehə müraciət olunduqda iddiaçının yenidən tibbi müayinədən keçməsi tələb olunmuşdur. Halbuki, bunun üçün heç bir hüquqi əsas olmamış, ikinci qrup əlillik müddətsiz təyin olunmuşdur. Nəhayət, xx.xx.2024-cü ildə iddiaçının tibbi müayinədən keçməsi üçün müvafiq tibbi-sosial ekspert komissiyası formalaşmış və tibbi müayinənin nəticəsində iddiaçının səhhətinin daha da ağırlaşması təsbit olunaraq onun əlillik dərəcəsi birinci qrup müəyyən olunmuşdur. Müayinənin nəticəsinə uyğun olaraq xx.xx.2024-cü ildə iddiaçıya birinci qrup əlillik dərəcəsi ilə pensiya təyin olunmuşdur. Cavabdeh tərəfindən birinci qrup əlillik dərəcəsi ilə pensiyanın hesablanması düzgün həyata keçirilməmiş, əvvəlkindən daha az – 843 manat pensiya təyin olunduğu bildirilmiş, buna baxmayaraq, pensiya həmin məbləğdə ödənilməmiş, 2024-cü ilin aprel ayı üzrə 709 manat, may ayı üzrə 674 manat pensiya ödənilmişdir. Habelə, iddiaçıya pensiya ödənişinin həyata keçirilmədiyi xx.xx.2024-cü ildən xx.xx.2024cü ilədək ödənilməmiş vəsait də cavabdeh tərəfindən qeyri-müəyyən səbəbdən bu günədək ödənilməmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Bildirilir ki, iddiaçıya 1 avqust 2006-cı il tarixindən əlilliyə görə pensiya təyin edilib. Mərkəzi Filial tərəfindən 1 yanvar 2007-ci il tarixindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.1-ci. maddəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilib. Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda Fondun müvafiq struktur bölməsi tərəfindən də 30 noyabr 2017-ci il tarixinədək ümumilikdə 18548,61 manat pensiya məbləği ödənildiyi bildirilib. Həmin 18548,61 manat artıq ödənilmiş vəsait 2017-ci ilin noyabr ayından etibarən iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir, qalıq artıq ödəməsi 9113,94 manat təşkil edib. Eyni zamanda, iddiaçının 15 yanvar 2024cü il tarixli müayinəsinin nəticəsi olaraq, “diaqnozun təsdiqini tapmaması” barədə qəbul edilmiş qərara uyğun qaydada ona əlilliyə görə ödənilən əmək pensiyası 1 fevral 2024-cü il tarixindən dayandırılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlilliyi təkrar qiymətləndirilərək 18 mart 2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə əlillik təyin edilib. Qanunun 36.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası 1 aprel 2024-cü il tarixindən təminat xərcliyinin (843,00 manat) 100 faizi miqdarında bərpa edilib. Bundan başqa, iddiaçının 15 yanvar 2024-cü il tarixli müayinəsinin “Əlillik" altsistemində etibarsız edilməsi ilə əlaqədar əmək pensiyası keçmiş müddət üçün hesablanaraq ona ödənilməli olan 1987,68 manat pul vəsaiti müəyyən edilib. Qeyd olunanlara əsasən, iddiaçının qalıq artıq ödəməsi 9113,94 manat vəsaitdən ona ödənilməli olan 1987,68 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib. 1 iyun 2024-cü il tarixinə iddiaçının qalıq artıq ödəməsi 7126,26 manat təşkil edir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9957/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia tələbi təmin edilmiş və İddiaçı 2024-cü ilin fevral və mart ayları üzrə hesablanmış, lakin ödənilməmiş (əvəzləşdirilmiş) 1987,68 manat məbləğdə vəsaitdən və 2024-cü ilin aprel və may ayları üzrə yenidən hesablanmış pensiya məbləğindən 20% tutulma istisna olmaqla cavabdeh tərəfindən əvəzləşdirmənin aparılmasının qanunsuz hesab edilməsi və əvəzləşdirilmiş pensiya məbləği fərqinin hesablanaraq İddiaçı birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı işin hallarına əsasən İddiaçı 1 avqust 2006-cı ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik dərəcəsi ilə pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə 944 (doqquz yüz qırx dörd) manat pensiyanın ödənişi 1 fevral 2024-cü ildən dayandırılmışdır. Əlillik haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü ildə müayinə olunmuş, ona xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcəli müddətsiz əlillik (gözdən əlil) təyin edilmişdir. Cavabdeh tərəfindən birinci qrup əlillik dərəcəsi ilə pensiyanın hesablanması nəticəsində əvvəlkindən daha az – 843 manat pensiya təyin olunduğu bildirilmiş, pensiya həmin məbləğdə ödənilməmiş, 2024-cü ilin aprel ayı üzrə 709 manat, may ayı üzrə 674 manat pensiya ödənilmişdir. Habelə, iddiaçıya pensiya ödənişinin həyata keçirilmədiyi xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək ödənilməmiş vəsait də cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh iddiaçıya 1 avqust 2006-cı il tarixindən iddiaçıya əlilliyə görə pensiya təyin edildiyini, ona “Azərbaycan Respublikasını ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlillik əmək pensiyasının ödənildiyini təsdiq etmiş, Mərkəzi Filiala təqdim olunmuş 14 noyabr 2017-ci il tarixli məktuba əsasən, iddiaçıya Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda Fondun müvafiq struktur bölməsi tərəfindən də 30 noyabr 2017-ci il tarixinədək ümumilikdə 18548,61 manat pensiya məbləği ödənildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iddiaçı tərəfindən artıq ödənilmiş pensiyanın tutulması ilə bağlı cavabdehin hərəkətlərinə hər hansı etiraz bildirilməmiş, hətta tutulmanın aparılmasına razılıq ifadə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bunu təsdiq edərək iddia tələbinin dəqiqləşməsində iddiaçıya ödənilən pensiya məbləğindən 20 faiz tutmaların aparılması istisna olmaqla cavabdehin hərəkərlərinin qanunsuz sayılmasını tələb etmişdir. Cavabdeh tərəfindən iddiaçının əlilliyə görə pensiyası 1 aprel 2024-cü il tarixindən təminat xərcliyinin (843,00 manat) 100 faizi miqdarında bərpa edilmiş, bundan başqa, 15 yanvar 2024-cü il tarixli müayinənin “Əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar əmək pensiyası keçmiş müddət üçün hesablanaraq iddiaçıya ödənilməli olan 1987,6 manat pul vəsaiti müəyyən edilib. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sözügedən məbləğ iddiaçıya ödənilməmiş, əvəzləşmə aparılmışdır. Beləliklə qeyd olunanlarla müəyyən edilir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik dərəcəsi ilə pensiya təyin edilmiş, pensiyanın ödənişi 1 fevral 2024-cü ildən dayandırılmış, iddiaçı xx.xx.2024-cü ildə müayinə olunmuş, ona xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcəli müddətsiz əlillik (gözdən əlil) təyin edilmiş, xx.xx.2024-cü il tarixdən ona birinci dərəcəli müddətsiz əlil kimi pensiya ödənişi bərpa edilmişdir. Fevral və mart ayları üzrə iddiaçıya 1987,68 manat məbləğdə vəsait hesablanmış və həmin vəsait iddiaçıya vaxtında ödənilməməsi əsası ilə cavabdeh tərəfindən iddiaçıya hesablanmış artıq ödəmə məbləğinə münasibətdə əvəzləşdirilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pensiya ödənişi birinci qurup əlil olan aztəminatlı iddiaçının sosial təminatının həyata keçirilməsi üçün nəzərdə tutulduğundan və ödənişinə dövlət tərəfindən təminat verildiyindən, cavabdeh tərəfindən həmin məbləğin iddiaçıdan bütövlükdə tutulması və əvəzləşdirilməsində ifadə olunan hərəkətlər qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçının əlilliyinə görə ödənişlərinin dayandırılmasının hüquqi əsasının olmaması iş materialları ilə öz təsdiqini tapmış, hətta əlilliyə görə ödənişlərinin dayandırılmasından sonra əyani müayinənin nəticəsi olaraq iddiaçıya birinci qrup əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən pensiyaçıya ödənilməli olan məbləğin 20 faizindən artıq hissəsinin tutulması Qanunun 39-cu maddəsinin tələblərinə zidd həyata keçirilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 1. yaşa görə əmək pensiyası; 2. əlilliyə görə əmək pensiyası; 3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin, qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9957/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-513/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-513/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver