Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5138/2025 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Xuduyev İbrahim Həsən oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “əlilliyin yenidən təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X8 və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Xuduyev İbrahim Həsən oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. ##.##.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2014cü il tarixdə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı, nazik və yoğun bağırsaqların rezeksiyasından s/v bitişmə xəstəliyi
2. ##.##.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2015ci il tarixdə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmişdir. Diaqnoz: Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı. Bitişmə xəstəliyi
3. ##.##.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2015ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qarın boşluğunu və hər iki aşağı ətraflı dəlib-keçən qəlpə yarasından sonraki vəziyyət. Nazik və yoğun bağırsağın rezeksiyası. Bağırsaq bitişmələri, keçməməzlik ilə. Bitişmə xəstəliyi. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Laparotomiya, nazik və yoğun bağırsağın rezeksiyası. Qarnın ön divarının əməliyyatdan sonrakı yırtığına görə inlay üsulu ilə alloplastikadan sonrakı vəziyyət. Vertebrobazilyar arterial sistem sindromu. Vertebro bazilyar çatmamazlıq. Aşağı ətrafın venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi. Hər iki aşağı ətrafın vena damarlarının varikozu.
4. ##.##.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2016cı il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmişdir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qarın boşluğunu və hər iki aşağı ətraflı dəlib-keçən qəlpə yarasından sonraki vəziyyət. Nazik və yoğun bağırsağın rezeksiyası. Bağırsaq bitişmələri, keçməməzlik ilə. Bitişmə xəstəliyi. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Laparotomiya, nazik və yoğun bağırsağın rezeksiyası. Qarnın ön divarının əməliyyatdan sonrakı yırtığına görə inlay üsulu ilə alloplastikadan sonrakı vəziyyət. Vertebrobazilyar arterial sistem sindromu. Vertebro bazilyar çatmamazlıq. Aşağı ətrafın venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi. Hər iki aşağı ətrafın vena damarlarının varikozu.
5. ##.##.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslı klinikada əlavə müayinə və müalicə qərar verildi.
6. ##.##.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Xuduyev İbrahim Həsən oğluna ##.##.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
8. Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin pozulmasının 65% olmaqla əlillik təyin edilmişdir. Diaqnoz: Periton bitişmələri, qarnın ön divarının çoxsaylı qəlpə yaralanması, laparotomiya, nazik və yoğun bağırsaqların rezeksiyası. …
9. * nömrəli X11 tərəfindən verilmiş rəydən görünür ki, iddiaçıya “Üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” F07.0, F07.8, F06.7.
10. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarına əsasən iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi qərara alınmışdır.
11. X2 tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli forma 088 arayışdan görünür ki, iddiaçıda: Əsas diaqnoz K66.0 Periton bitişmələri. Qarnın ön divarının çoxsaylı qəlpə yaralanmasına görə (X5) laporotomiya, nazik və yoğun bağırsağın rezeksiyası (1992) Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər. Laporotomiya əməliyyatından sonra yırtığın ləğvi, alloplastika (2014) əməliyyatından sonraki vəziyyət; F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə Yanaşı xəstəliklər: E11.4 İnsulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla. Şəkərli diabet tip 2 insulin tələbi H93.3 Eşitmə sinirinin xəstəlikləri. İki tərəfli koxlear nevrit H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sağ tərəfli 3-4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə. Sol tərəfli 4-cü dərəcəli neyrosensor tip xroniki ağıreşitmə İ79.2 Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən perifirik angiopatiya. Diabetik angiopatiya İ70.2 Ətraf arteriyalarının aterosklerozu G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə) Diabetik polneyropatiya İ77.1 Arteriyaların daralması. Hər iki a/ə baldır arteriyaların stenozu. Aşağı ətrafların III dərəcəli xroniki işemiyası.
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Xudiyev İbrahim Həsən oğlu cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “## ### 2025-ci il tarixli göndəriş əsasında əlilliyin yenidən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin ##.##.2025-ci il tarixli qiymətləndirmə qərarı ilə iddiaçının əlilliyinə səbəb olmuş xəstəliklərin sağaldığına görə pensiya təminatı dayandırılmışdır. Vətən Müharibəsi əlili kimi ona ##.##.2015-ci il tarixdə II dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2021-ci il tarxdə aparılmış qiymətləndirmə nəticəsində ona əlilliyinin təyin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə ##.##.2023cü il tarixdən onun əlilliyinin bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş və pensiyası bərpa olunmuşdur. Buna baxmayaraq əlilliyin qiymətləndirilməsindən iki il keçməmiş heç bir əsas olmadan təlimata əsasən 5 il müddətindən bir qiymətləndirmə aparıldığı olduğu halda qeyd edilən müddət tamam olmamış, iddiaçıya ekspertiza nəticəsində və məhkəmə tərəfindən təsdiq edilmiş xəstəliklərin yenə də qalmasına hətta ağırlaşmasına baxmayaraq əlillik dərəcəsi düzgün qiymətləndirilməyərək əlilliyin təyin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək X3 ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet II tip, insulin tələbli. Diabetik polineyropatiya. Qlukoza-6 fosfat dehidrogeneza çatmamazlığı. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sağ tərəfli 3-4 cü dərəcəli xroniki neyrosensor ağıreşitmə. Sol tərəfli 4 cü dərəcəli neyrosensor tip xroniki ağıreşitmə. Periton bitişmələri, Qarnın ön divarının dəlib-keçən güllə yaralanmasından sonra bağırsaq rezeksiyası, bitişmə xəstəliyi.Postoperasion yırtıq və yırtığın ləğvi əməliyyatından sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnozun əlillik əlamətləri aşkar edilmir." barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, Kəlbəcər rayon sakini ##.##.1966-cı il təvəllüdlü Xuduyev İbrahim Həsən oğlu hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sol qulaqda eşitmə zəifliyindən, əsəbilikdən, yuxusuzluqdan, başağrılarından şikayətlənmişdir. Anamnestik məlumatlarda bir neçə ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, medikamentoz preparatlradan “Metformin”, “Amaryl”, “İnsulin” qəbul etdiyini ifadə edilmişdir. Müayinə zamanı boyu 169 sm, çəkisi 95 kq, BKİ=33,3 müəyyənləşdirilmişdir. Hər iki ön və arxa qamış arteriyaları üzərində dolğun nəbz hiss edilmişdir. Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası situasiyaya uyğun olmuşdur. Psixiatrik şikayətlər və müraciətlər barədə məlumat verə bilməmişdir. Müayinə zamanı “Sağ qulaqda 30db, sol qulaqda 65db” müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Audiometriya müayinəsi aparılmışdır. Hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika və patofunksional pozuntular aşkarlanmamışdır. Hərbi Qərar Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi və iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri əsasında alınmışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Xuduyev İbrahim Həsən oğluna ## ### 2025-ci il tarixli göndəriş əsasında əlilliyin yenidən təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
19. Məhkəmədə iddiaçı ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
24.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 25.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)
27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-23-cü bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.
28. Belə ki, iddiaçı ## ### 2025-ci il tarixli göndəriş əsasında əlilliyin yenidən təyin olunmasını tələb edir.
29. Cavabdeh orqan isə diaqnozun əlillik əlaməti təyin etməməsinə əsaslanaraq əliliyin təyinatından imtina etmişdir.
30. İş materiallarından görünür ki, iddiaçıya ##.##.2014-cü il tarixdən 1 il müddətinə, ##.##.2015-ci il tarixdən 1 il müddətinə, ##.##.2015-ci il tarixdən 1 il müddətinə, ##.##.2016-cı il tarixdən 5 il müddətinə, ##.##.2023-cü il tarixdən 2 il müddətinə əlillik təyin edilmişdir. Əlillik müddətinin başa çatması ilə əlaqədar olaraq iddiaçı yeni forma 088 arayışı ilə əlilliyin yenidən qiymətləndirilməsi üçün müraciət etmiş, lakin onda olan diaqnozların əlilliyin təyin edilməsi üçün əsas vermədiyi səbəbi ilə ona əlillik verilməsindən imtina olunmuşdur.
31. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, İ.Xuduyevə ##.##.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə 2 il müddətinə (##.##.2025-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi ##.##.2025-ci il tarixindən sonra X2 Y********KII nömrəli göndərişi və müraciəti əsasında İ.Xuduyev ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, ##.##.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
32. Qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ tərəfindən verilmiş T***/**** saylı ekspert rəyinə əsasən Vətəndaş İ.H.Xuduyevin tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: K66.0 Periton bitişmələri, qarnın ön divarının çoxsaylı qəlpə yaralanmasına görə (X5) laporotomiya, nazik və yoğun bağırsağın rezeksiyası( 1992). Ağırlaşma: Z98.8 digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, laporomotiya əməliyyatından sonra yırtığın ləğvi, alloplastika (2014) əməliyyatdan sonrakı vəziyyət, F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları koqnitiv funksiyaların enməsi ilə. Yanaşı xəstəliklər: El 1.4 İnsulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbi, H93.3 eşitmə sinirinin xəstəlikləri, iki tərəfli koxlear nevrit, xroniki neyrosensor ağır eşitmə, sol tərəfli 4-cü dərəcəli neyrosensor tip xroniki ağıreşitmə. 179.2 digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, diabetik angiopatiya, 170.2 Ətraf arteriyaların aterosklerozu, Ateroskleroz, 177.1 Arteriyaların daralması, hər iki aşağı ətrafların baldır arteriyaların stenozu, aşağı ətrafların III dərəcəli xroniki işemiyası, G63.2 Diabetik polinevropatiya ( E10-14 ümumi dördüncü 4 işarəsi ilə) diabetik polneyropatiya” diaqnoz stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmiş, hazırda da həmin diaqnoz öz təsdiqini tapır. ##.##.2026-cı il tarixdə məhkəmə-tibbi müayinə zamanı qarının ön divarında və sağ qalça çuxurunda, hər iki aşağı ətrafda dəri ilə eyni rəngdə çapıqların olması, danışarkən kəkələməsi, qulağında eşitmə aparatının olması müşahidə olunur. Müayinə zamanı boyu -169 sm, çəkisi - 85 kq, BKİ-29.7 bərabərdir.
33. Göründüyü kimi əvvəlki tibbi vəziyyət və şərtlərlə müqayisədə iddiaçının ilkin əlilliyin təyininə əsas olan xəstəliyin davam etməsi və əlavə tibbi problemlərin (məsələn, venoz çatışmazlığı) meydana gəlməsi iş materialları və ekspert rəyi ilə sübut olunur
34. Odur ki, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmişdir.
35. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.