Məhkəmə qərarları › İş №2-1(103)-514/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-514/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-514/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3025/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Daxili İşlər Nazirliyində işlədiyi 24 il ərzində istifadə etmədiyi məzuniyyətlərə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1987-ci ildən 2011-ci ilə qədər Daxili İşlər orqanlarında işləmişdir. İşlədiyi 24 ildə məzuniyyətə çıxmamışdır. xx xxxx 2001ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 78-ci maddəsinə əsasən əsas məzuniyyət Daxili İşlər orqanının əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsasnamənin 88-ci maddəsinə əsasən polis əməkdaşı müvafiq iş ilində (iş illərində ) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. O, Daxili İşlər Nazirliyinə xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət etmiş, müsbət nəticə əldə etmədiyinə görə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 027-1343-1220 saylı məktubla bildirmişdir. Məktubda qeyd edilmişdir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına əlavə və dəyişikliklər ediməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 185 nömrəli qərarına əsasən daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Qərarın imzalandığı gündən qüvvəyə minməsi baxımından ödəniş yalnız həmin tarixdən etibarən xidmət edən əməkdaşlara şamil edilir. Qeyd olunan qərarın qüvvəyə mindiyi xx xxxxxx 2004-ci il tarixədək daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən pul müavinəti ödənilmirdi. Bu baxımdan İddiaçı yuxarıda qeyd olunan normativ hüquqi aktın qüvvəyə mindiyi 2004-cü ilədək olan xidmət müddəti ərzində hər ay müvafiq iş illərinin məzuniyyət ayları da daxil olmaqla bütün növ ödənişlər verilmişdir. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən təqdim olunan məlumata əsasən İddiaçı 2004-2011-ci illərin məzuniyyətindən istifadə etmiş və buna görə ona müvafiq pul müavinəti ödənilmişdir. İddiaçı DİN-in Bakı şəhər Baş Polis İdarəsinin Yol Patrul Xidməti X2 Xidməti baş inspektoru vəzifəsindən polis baş leytenantı rütbəsi ilə «DİO əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə görə» xx.xx.2011-ci il tarixindən X1 xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 25 il, 11 ay, 22 gün, imtiyazlı hesablama ilə 31 il, 02 ay, 13 gün təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının x xxxxxx 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanuna əsasən hazırda İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ödənilən pensiya təminatı: vəzifə maaşı - 693 manat, rütbə maaşı - 144 manat, xidmət illərinə görə 30 faiz əlavə - 251,1 manat və ərzaq payı əvəzinə kompensasiya - 64 manat, cəmi 1152,1 manat təminat xərcliyindən yeni hesablama qaydasına görə 927,97 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3025/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o bir dəfə də olsun məzuniyyətdə olmamışdır və ona hər hansı bir məbləğdə vəsait ödənilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 039-5168-1220 saylı məktubda ona istifadə edilməmiş məzuniyyətə görə müavinət ödənilməsi göstərilmişdir. Lakin məhkəmə təqdim edilmiş məlumatı araşdırmadan ona məzuniyyətə görə pulun ödənilməsi qənaətinə gəlmişdir. Halbuki, onun müavinəti alması barədə imzanın olub-olmaması hissəsinə məhkəmə laqeyd yanaşmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3025/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, əmək kitabçası əsasında iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətdə olması müəyyən edilmişdir. Həmçinin həmin xidmət illərinin 2004cü il də daxil olmaqla 2010-cu il tarixinədək olan dövrü üzrə ona məzuniyyətə görə pul müavinətinin ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən faktiki olaraq iddiaçıya xidmətdə olduğu 1987-ci il tarixindən 2004-cü il tarixədək olan dövr ərzində məzuniyyətə görə pul kompensasiyasının hesablanması və ödənilməsindən imtina edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı daxili işlər orqanlarında xidmətdə olduğu 24 il ərzində istifadə etmədiyi məzuniyyətə görə ona kompensasiya ödənilməsini tələb edir. Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli,168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 78-ci bəndinə əsasən əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvəl uyğun olaraq verilir. Həmin Əsasnamənin 88-ci bəndinə əsasən Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən, ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Həmin Əsasnamənin 88-ci bəndinə əsasən əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. “Polis əməkdaşının maddi və sosial təminatı ilə bağlı Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 saylı qərarı ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi” Qaydaları (1 nömrəli əlavə) təsdiq edilmişdir. Həmin Qaydaların 13-cü bəndinə əsasən növbəti və qısamüddətli məzuniyyət dövründə əməkdaşlara sonuncu tutduğu vəzifə üzrə müəyyən edilmiş məbləğdə təminat xərcliyi ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Əməkdaşlara məzuniyyət dövründə ildə bir dəfə respublika daxilində nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyat ilə gedişin dəyəri miqdarında ödənilir. Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. Həmin Qaydaların 13-cü bəndinə yeni məzmunda ikinci abzas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 185 nömrəli Qərarı ilə əlavə edilmişdir. İkinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilmişdir. Göründüyü kimi “Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməsi Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli,168-İİQ nömrəli Qanunu ilə təsdiq edilsə də, daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilməsi «Polis əməkdaşının maddi və sosial təminatı ilə bağlı Qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 saylı qərarının 1 nömrəli əlavəsinin 13-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 185 nömrəli Qərarı əsasında edilmiş əlavədən sonra qüvvəyə minmiş və həmin tarixdən sonra tətbiq edilməyə başlanılmışdır. İddiaçının xx xxxx 2011-ci il tarixində X1 xaric edildiyi, 2004-2010-cu illər üzrə ona məzuniyyətə görə pul müavinətinin verilməsi müəyyən edilmişdir. xx xxxxxx 2004-cü il tarixdən əvvəlki dövr üzrə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının ona 2004-cü il tarixdən əvvəlki dövr üzrə istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiya ödənilməsini də əsaslı hesab etməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1987-ci il tarixdən 2003-cü il tarixədək polis orqanı əməkdaşlarının istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi qanunvericiliklə müəyyən edilmədiyindən, 2004-cü il tarixdən 2010-cu il tarixədək olan müddət ərzində iddiaçıya məzuniyyətə görə pul müavinətini verildiyi müəyyən edildiyindən, iddiaçının tələbi əsassızdır. İddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, aparılmış araşdırma nəticəsində iddianın əsassız olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3025/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar