Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-514/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin əmək pensiyasının geri qaytarılması barədə məktubunun və 13.05.2021-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3891/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin 06 may 2021-ci il tarixli, **********0 nömrəli, artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında cavab məktubunun və 19 may 2021-ci il tarixli, 119 saylı qərarının qanunsuz hesab edilməsi, iddiaçının Bakı Dövlət Universitetinin riyaziyyat fakultəsində təhsil aldığı 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayına qədər olan 4 il 9 ay müddətinin 4 il 9 ay sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə doğulmuşdur, 20.08.1976-cı ildə əmək fəaliyyətinə başlamışdır və 09.01.2019-cu ildə 64 yaşı tamam olduğu üçün ona əmək pensiyası təyin edilmişdir.İddiaçının 01.01.2006-cı ilə əmək stajı 25 ildən çox olduğu üçün iddiaçı əmək kitabçasının surətini sonuncu iş yerində təsdiq etdirərək DSMF-nin Nizami rayon şöbəsinə təqdim etmişdir. 25 ildən artıq olan əmək stajı 6 il 4 ay hesablanaraq iş stajına əlavə olunmuşdur. Bundan sonra da iddiaçı bir il işləmişdir. İddiaçı 09.01.2020-ci ildə 65 yaşı tamam olduqda işdən azad edilmişdur. İddiaçı 2020-ci ilin 06 iyun tarixindən 2019-cu ilin iyul-dekabr və 03-09 yanvar 2020-ci il tarixinə qədər əmək haqları və istifadə olunmamış məzuniyyətlərinə görə hesablanmış kompensasiyadan tutulan 3% və işəgötürənin ayırdığı 22 % məbləğləri nəzərə alınmaqla pensiya məbləğinin hesablanması haqqında DOST Mərkəzindən cavabdehə müraciət etmiş və diplomunun surətini də müraciətinə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi üçün əlavə etmişdir. Cavab məktubunda iddiaçıya bildirilmişdir ki, əmək kitabçasında olan 02.08.1993- cü ildən 02.07.2005-ci ilə qədər işlədiyi müəssisələrin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün deyildir. 31.03.2021-ci ildə isə cavabdeh tərəfindən iddiaçıya göndərilən sms məktubda iddiaçıya bildirilmişdir ki, iddiaçıya pensiya təyin edilən zaman sosial sığorta stajı artıq hesablanmış və nəticədə iddiaçı artıq pensiya almışdır. 2021-ci ilin aprel ayı üçün pensiya alan zaman iddiaçıya məlum olmuşdur ki, pensiyasından təqribən 40 manat tutulmuşdur. Belə ki, iddiaçı 362 manat alırdı və növbəti dəfə isə 322 manat köçürülmüşdür. İddiaçı cavabdehə müraciət etdikdə ona 06.05.2021-ci il tarixli cavab verilmişdir və 13.05.2021-ci il tarixli qərarı isə iddiaçı 20.05.2021-ci ildə almışdır. Cavabdan iddiaçıya məlum olmuşdur ki, 01.01.2006-cı ilə qədər iddiaçının sosial sığorta stajı əyani təhsil aldığı dövr 4 il 9 ay nəzərə alınaraq 23 il 7 ay 28 gün olmuşdur və 01.01.2006-cı il tarixindən fərdi hesabın sığorta hissəsində 20413,13 manat nəzərə alınaraq iddiaçının yekun pensiyası 345,99 manat hesablanmışdır. Sığorta stajı hesablanarkən "xxxx" ASC-də işlədiyi sosial sığorta stajı haqqında məlumat aşkar edilmiş və nəzərə alınmışdır. Lakin 02.08.1993-cü ildən 02.07.2005-ci illər arasında işlədiyi müəssisə və təşkilatlar sırasından "xxxx" ASC istisna olunmaqla iş yerləri aşkar əmək kitabçasında göstərilsə də onların faktiki ünvanları və arxivlərinin saxlandığı ünvanların aşkar edilə bilməməsi əsası ilə həmin müddətlər iddiaçının sosial sığorta stajından əsassız olaraq çıxarılmışlar. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərmişdir ki, iddiaçının 09.01.2019-cu il tarixində pensiya hüququ yaranmış və Fondun müvafiq şöbəsi ona yaşa görə əmək pensiyası təyin etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə yenidən inzibati araşdırmalar apararkən iddiaçının 02.08.1993-cü ildən 23.11.1993-cü ilədək "xxxx" kiçik müəssisəsində, 01.04.1994-cü ildən 10.06.1996-cı ilədək X2 "xxxx" İcarə Müəssisəsində və 10.06.1996-cı ildən 17.08.1998-ci ilədək X2 Tikinti İdarəsində işlədiyini iddia etdiyi illəri müəssisələrin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün sosial sığorta stajına daxil etməmişdir. 07.07.2021-ci il tarixli **********4 nömrəli sorğu ilə Milli Arxiv İdarəsinin Bakı filialına, 07.07.2021-ci il tarixli **********1 nömrəli sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumatların alınması məqsədi ilə müraciət olunmuşdur. Milli Arxiv İdarəsinin Bakı filialı "xxxx" kiçik müəssisəsinin, X2 "xxxx" İcarə Müəssisəsinin və X2 Tikinti İdarəsinin sənədlərinin mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi cavabını bildirmişdir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. "xxxx" kiçik müəssisəsinin, X2 "xxxx" İcarə Müəssisəsinin və X2 Tikinti İdarəsinin arxiv sənədlərinin yeri məlum olmadığı üçün inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əmək haqqı alıb-almadığını və əmək haqqından sosial sığorta haqlarının tutulub-tutulmamasını yoxlamaq mümkün olmadığı üçün həmin illər vətəndaşın sosial sığorta stajına daxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3891/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06 may 2021-ci il tarixli, **********0 nömrəli, artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında cavab məktubu və 19 may 2021-ci il tarixli, 119 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarı qanunsuz hesab edilmiş, İddiaçı Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakultəsində təhsil aldığı 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayına qədər olan 4 il 9 ay müddətinin 4 il 9 ay sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddiaya verilmiş yazılı etiraza uyğun tərtib edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 02.08.1993-cü ildən 23.11.1993-cü ilədək "xxxx" kiçik müəssisəsində, 01.04.1994-cü ildən 10.06.1996-cı ilədək X2 "xxxx" İcarə Müəssisəsində və 10.06.1996-cı ildən 17.08.1998-ci ilədək X2 Tikinti İdarəsində işlədiyini iddia etdiyi illəri müəssisələrin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, - Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır. - 005954 nömrəli diploma əsasən iddiaçı 1971-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 10 iyun 1976-cı ildə həmin ali təhsil müəssisəni bitirmişdir. - Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 06.05.2021-ci il tarixli, **********0 nömrəli məktubuna əsasən İddiaçı bildirilmişdir ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iddiaçıya 09.01.2019-cu ildə ilkin əmək pensiyasının təyinatı aparılarkən 01.01.2006-cı il tarixinə kimi 31 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 20413,13 manat pensiya kapitalı nəzərə alınaraq 325,18 manat məbləğində pensiya hesablanmışdır. İddiaçının 12.06.2020-ci il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı iddiaçının əmək kitabçasında qeyd olunmuş 02.08.1993-cü ildən 23.11.1993-cü ilə qədər, 01.04.1994-cü ildən 17.08.1998-ci ilə qədər, 28.09.1998-ci ildən 27.09.2000-ci ilə qədər, 02.04.2002-ci ildən 02.07.2005-ci ilə qədər işlədiyi "xxxx" Kiçik Müəssisəsinin, UNTRA, Zərif Mahud, Tural-Ə” müəssisələrinin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab edilməmişdir. Mərkəzi filial tərəfindən “Veysəloğlu” Şirkətlər qrupuna iddiaçının 28.09.1998-ci ildən 08.12.1998-ci ilə qədər və 06.04.1999-cu ildən 27.09.2000-ci ilə qədər işlədiyi "xxxx" SC-də olan iş stajı və almış olduğu əmək haqqı məbləğləri barədə sorğu verilmişdir. Müvafiq cədvəllərin təqdim olunması əsasında həmin illər sığorta stajına əlavə edilmişdir və 23 il 7 ay 28 gün sığorta stajı əsasında iddiaçıya 345,99 manat əmək pensiyası təyin edilmişdir. 02.08.1993-cü ildən 23.11.1993-cü ilə qədər, 01.04.1994-cü ildən 17.08.1998-ci ilə qədər müəssisələrin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Əmək pensiyası yenidən hesablanan zaman iddiaçının təqdim etdiyi əyani ali təhsil haqqında diplomun surətinə əsasən iddiaçının təhsil aldığı 01.09.1971- 30.06.1976-cı illər nəzərə alınmışdır. Yenidən hesablama zamanı məlum olmuşdur ki, ilkin pensiya təyinatı zamanı sığorta stajının düzgün müəyyən edilməməsi (yuxarıda qeyd olunan təsdiqlənməyən staj illərinin daxil edilərək hesablanması nəticəsində) səbəbindən 19.01.2019-cu ildən 31.03.2021-ci ilə qədər 171,11 manat artıq ödəmə aşkar edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçıya bildirilmişdir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19.03.2021-ci il tarixli, 119 nömrəli qərarına əsasən iddiaçıya ödənilmiş 19.01.2019-cu il tarixdən 31.03.2021-ci ilə qədər 171,11 manat hər ay iddiaçının əmək pensiyasından tutularaq DSMF-nin hesabına ödəniləcəkdir. - Cavabdehin 19.05.2021-ci il tarixli, 119 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarına əsasən iddiaçıya 19.01.2019-cu ildən 31.03.2021-ci il tarixinə qədər hər ay 171,11 manat artıq ödənilmiş məbləğin hər ay İddiaçı əmək pensiyasından tutularaq DSMF-nin hesabına ödənilməsi qərara alınmışdır .Qərarda bunun əsası kimi aşağıda qeyd edilənlər göstərilmişdir: iddiaçının 01.01.2006-cı il tarixinə kimi 31 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 20413,13 manat pensiya kapitalı nəzərə alınaraq 325,18 manat məbləğində pensiya hesablanmışdır. 02.08.1993-cü ildən 23.11.1993-cü ilə qədər, 01.04.1994-cü ildən 17.08.1998-ci ilə qədər, 28.09.1998-ci ildən 27.09.2000-ci ilə qədər, 02.04.2002-ci ildən 02.07.2005-ci ilə qədər iddiaçının işlədiyi "xxxx" Kiçik Müəssisəsinin, UNTRA, Zərif Mahud, Tural-Ə” müəssisələrinin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab edilməmişdir. Mərkəzi filial tərəfindən “Veysəloğlu” Şirkətlər qrupuna iddiaçının 28.09.1998-ci ildən 08.12.1998-ci ilə qədər və 06.04.1999-cu ildən 27.09.2000-ci ilə qədər işlədiyi "xxxx" SC-də olan iş stajı və almış olduğu əmək haqqı məbləğləri barədə sorğu verilmişdir. Müvafiq cədvəllərin təqdim olunması əsasında həmin illər sığorta stajına əlavə edilmişdir. 02.08.1993-cü ildən 23.11.1993-cü ilə qədər, 01.04.1994-cü ildən 17.08.1998-ci ilə qədər iddiaçının işlədiyi müəssisələrin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Yekun olaraq əmək pensiyası təyin olunan zaman təsdiqlənməyən illərin sığorta stajına daxil edilməsi nəticəsində 19.01.2019-cu ildən 31.03.2021-ci ilə qədər 171,11 manat artıq ödəmə aşkar edilmişdir. Qərarın nəticə hissəsinə əsasən İddiaçı 19.01.2019-cu ildən 31.03.2021-ci ilə qədər 171,11 manat artıq ödənilmiş məbləğin hər ay əmək pensiyasından tutularaq DSMF-nin hesabına ödənilməsi qərara alınmışdır. - Pensiya işinin surətinə əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19.03.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında Qərarına” əsasən iddiaçıya 19.01.2019-cu ildə yaşa görə 278,89 manat əmək pensiyası təyin edilmişdir, 01.01.2020-ci ildə pensiyası artırılaraq 325,18 manat müəyyən edilmişdir, 01.01.2021-ci ildə isə onun pensiyası artırılaraq 362,25 manat olmuşdur, lakin 19.03.2021-ci il tarixdən onun pensiyasının məbləği azaldılaraq 356,88 manat təyin edilmişdir; İddiaçı cavabdehə ünvanlanmış 12.06.2020-ci il tarixli ərizəsinə əsasən iddiaçı 2019-cu ilin iyul-dekabr və 2020-ci ilin yanvar ayı üçün sığorta ödəmələrinin pensiyasının hesablanması zamanı nəzərə alınmasını və ali məktəbdə əyani təhsil illərinin də sığorta stajına daxil edilməsini xahiş etmişdir; Monitorinq və araşdırma sektorunun böyük mütəxəssisi V.Qasımovanın cavabdehin direktoruna xidməti məruzəsinə əsasən iddiaçının 02.08.1993-cü ildən 23.11.1993-cü ilə qədər, 01.04.1994-cü ildən 17.08.1998-ci ilə qədər, 28.09.1998-ci ildən 27.09.2000-ci ilə qədər və 02.04.2002-ci ildən 02.07.2005-ci ilə qədər işlədiyi "xxxx" KM-nin, UNTRA, "xxxx" SC, Tural-Ə” müəssisələrinin faktiki ünvanı və arxiv sənədlərinin saxlanıldığı yer məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün deyildir. Beləliklə hazırkı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş yaşa çatdığı üçün ona əmək pensiyasının məbləği cavabdeh tərəfindən müəyyən edilməklə yaşa görə əmək pensiyası təyin edilmiş və sonradan isə cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə 19.03.2021-ci il tarixli qərarı ilə əmək pensiyasının məbləği azaldılmışdır, həmçinin cavabdeh 19 may 2021-ci il tarixli, 119 saylı qərarı ilə iddiaçının əmək pensiyasının müəyyən hissəsinin tutulması haqqında qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qeyd etmişdir ki, “cavabdeh iddiaçıya pensiya təyin edilməsi haqqında ilkin qərarını ləğv edərək yeni, pensiyanın yenidən hesablanması haqqında adlandırılan, əslində isə mahiyyəti etibarı ilə yenidən pensiya təyin edilməsi barədə qərar qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın;n müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Göründüyü kimi qanunvericilikdə cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması, pensiya təyin edilən zaman sığorta stajı kimi qəbul edilmiş və sənədlərlə təsdiq edilmiş iş stajlarının sonradan nəzərə alınmaması kimi norma nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları ilə cavabdeh inzibati orqan tərəfindən pensiya təminatı ilə bağlı qəbul edilən qərarların formaları müəyyən edilmişdir, belə ki, qeyd edilən Qaydaların 5 nömrəli əlavəsində pensiya təyin edilməsi qərarın forması, 6 nömrəli əlavəsində isə pensiya təyin edilməsindən imtina edilməsi haqqında qərarın forması göstərilmişdir. Yuxarıda qeyd edilən qaydalarda “Əmək pensiyasının yenidən hesablanması haqqında Qərarı” kimi inzibati aktın forması müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının razılığı olmadan və məhkəmə qərarı olmadan cavabdeh iddiaçının pensiyasından tutulma barədə 19 may 2021-ci il tarixli, 119 nömrəli qərar qəbul etmişdir ki, bu yuxarıda qeyd edilən normaya, habelə “İnzibati icraat haqqında” Qanunun normalarını pozmuşdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçının mübahisələndirildiyi qərar və məktub (inzibati akt) iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı qəbul edilməmişdir, iddiaçıya təyin edilmiş pensiyasından müəyyən məbləğin, cavabdehin artıq ödənilmiş hesab etdiyi məbləğin tutulması barədə qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdehin müvafiq qərar qəbul edərkən əsas dəlillərindən olan iddiaçıya artıq pensiya ödənilməsi bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan hazırkı iş üzrə yuxarıda qeyd edilən hallardan hər hansı birinə istinad edilməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakultəsində 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayına qədər olan 4 il 9 ay müddətində ali təhsil almış, təhsil müddətinin sosial sığorta stajında nəzərə alınması üçün ona ilkin olaraq yaşa görə əmək pensiyası təyin edən zaman, yəni 19.01.2019-cu il tarixdə deyil, 13.06.2020-ci ildə müraciət etmiş və diplomun surətini cavabdehə təqdim etmişdir. Cavabdeh apellyasiya şikayətində pensiya məbləğinin azalma səbəbinin təhsil illərinin nəzərə alınmaması deyil, yenidən araşdırma zamanı staja daxil edilməyən iş illəri dövrlərinin olmasına əsaslanmışdır. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh təhsil müddətinin sığorta stajı kimi nəzərə alınmasını bildirsə də bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin etirazının və apellyasiya şikayətinin dəlili olan nəzərə alınmayan iş illəri ilə bağlı qeyd edir ki, iddiaçının müvafiq dövrlər üzrə iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Göründüyü kimi cavabdehin 06 may 2021-ci il tarixli, **********0 nömrəli, artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında cavab məktubu və 19 may 2021-ci il tarixli, 119 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarı qanunsuz olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3891/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-514/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-514/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver