Məhkəmə qərarları › İş №2-1(103)-514/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-514/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-514/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqillliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 20 oktyabr 2011-ci il tarixli 763 nömrəli qərarı əsasında iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqillliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.) İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı xx.xx.1984-cü ildə hərbi xidmətə çağırılmış, 01 noyabr 1992-ci il tarixdən 20 oktyabr 1993-cu il tarixə qədər N saylı hərbi hissədə baş leytenant vəzifəsində xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 763 saylı qərarına əsasən döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Başın yumşaq toxumasının qəlpə yaralanması» (Xətai RHK-nın xx.xx.2011-ci il tarixli, 145 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli, 148 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.1998- ci il tarixli, 26/2-463 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Həmin qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” bəndində öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı haqqında “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsi və davranış pozuntuları. Kəskin ifadə olunmuş astenonevrotik sindrom. Xüsusi epileptik sindromlar. Tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 xx.xx.2022-ci il tarixli, 1/525 saylı rəyinə əsasən iddiaçı haqqında yüngül dərəcəli diffuz residual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi qeyd olunmuşdur Qeyd olunanlara əsasən cavabdeh tərəfindən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməli olduğu halda cavabdeh tərəfindən əsassız olaraq onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur…» Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə 26 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “ümumi xəstəlik;xəstəliklərin beynəlxalq təsnifatı:Vİ sinif – sinir sistemi xəstəlikləri => G40-G47 – epizodik və paroksizmal pozğunluqlar => G40 – epilepsiya => G40/3 - generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; diaqnozun mətni: generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə); meyar 2.3 Üçüncü dərəcə əlillik =>2.3.4.epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40- G40.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Vətəndaşın müraciəti əsasında Agentliyin TSEK-də əyani müayinə aparılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyası tərəfindən verilən qərarda qeyd olunan diaqnoz üçün travmanın səbəb əlaqəsi “Hərbi travmadır.Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.Qeyd olunan diaqnoz anamnestik məlumatlar və obyektiv müayinələrdə araşdırılmışdır.Hərbi qərarda baş travması qeyd olunmadığından hazırki sağlamlıq vəziyyətinin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul olunmuşdur.İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi- Həkim Komissiyasının 20 oktyabr 2011-ci il tarixli 763 nömrəli qərarı əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyinə,o cümlədən «İnzibati icraat haqqında» Qanunun tələblərinin pozulmadığına baxmayaraq,məhkəmə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdudur. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə cavabdehə müraciət edərək Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 20 oktyabr 2011-ci il tarixli 763 nömrəli qərarı əsasında ona səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqillliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsini xahiş etmiş, lakin sonuncu ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina edərək aşağıdakıları bildirmişdir: - «Sizin hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı kəllə-beyin sinirlərindən yaşa uyğun dəyişikliklər,burun dodaq bucağı asimmetrik,ətrafıinda reflekslər canlı çağırılmış, əzələ gücü hər iki ətrafda normal,emosional-labil, iflic parez qeyd olunmamışdır. Nəticədə Sizə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən təyinat aparmaq mümkün olmamışdır. Müayinə zamanı aşkar olunan digər xəstəlik (Diaqnoz: Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.3.4-cü bəndinə uyğun olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü əlillik təyinatına əsas verdiyindən müvafiq qərar qəbul edilmişdir.» Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçının müraciətinin təmin olunmasından imtna olunması əsassıdır. Belə ki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda, istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin orqannın üzərinə düşür. Konkret halda, iş materiallarına əsasən iddiaçının tələbində haqlı olduğu və cavabdeh tərəfindən onun üçüncü dərəcə əlilliyinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqillliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə təyin edilməsi barədə qərarın qəbulunu zəruri edən faktiki şərtlər mövcudluğu öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş: - N №li hərbi hissənin N №li arayışından görünür ki, iddiaçı 26 yanvar 1993-cü il tarixdə «başın yumşaq toxumalarının qəlpə yarası» diaqnozu ilə N saylı hərbi hissənin tibbi bölüyündə qəbulda olmuş; -Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 763 №li, xx.xx.2011-ci il tarixli qərarına əsasən iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: ”Başın yumşaq toxumasının qəlpə yaralanması” (Xətai RHK-nın xx.xx.2011-ci il tarixli, 145 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli, 148 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.1998-ci il tarixli, 26/2-463 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssiscərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi şəhadətləndirilmiş; - Tibbi-Sosial Ekspert Komissiyasının müayinələrinin nəticələrinə əsasən xx.xx.2014-cü ildə, xx.xx.2015-ci ildə, xx.xx.2016-cı ildə “kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kəskin ifadə olunmuş astenonevrotik sindrom, xüsusi epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» səbəbi ilə əlillik təyin edilmiş; - Ambulator kitabçadan çıxarışlara əsasən də müəyyən olunur ki, həmin xəstəlik diaqnozu ilə iddiaçı xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021 tarixlərində 15 saylı BŞX-da və 18 saylı BŞX-da müalicə olunmuş, 2 nömrəli X1 599 nömrəli, xx.xx.2022-ci il tarixli həkim-psixiatr komissiyasının rəyinə əsasən isə onda baş beynin üzvi xəstəliyi aşkar edilmiş; -Lakin sonuncu dəfə qeyd olunan tibbi göstərişlərin əksinə olaraq, cavabdeh tərəfindən xx.xx.2022-ci ildə iddiaçıya ümumi xəstəliklə üçüncü dərəcə əlillik təyin edilmiş, daha sonra isə cavabdeh Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********4 №li qərarı ilə onun müraciəti əsasında əlavə əyani müayinə aparılmaqla, ona ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ-nin T262/2023 nömrəli xx.xx.2023-cü il tarixli aşağıdakı nəticələri əks etdirən ekspert rəyi verilmişdir: -“İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbacan Respublikası Nazrlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü maddəsində olan xəstəliklərin əhatə dairəsinə düşdüyündən ümumi xəstəliklə əlaqədar Meyarların 2.3.4-cü bəndinə uyğun olaraq üçüncü dərəcə əlillik təyinatı verilmişdir.İddiaçı Nazirlər Kabinetinin 187 saylı qərarı ilə “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin və müddəti”nin qiymətləndirilməsi üçün tibb müəssisəsindən Yeni Forma 88 rəsmiləşdirildikdən sonra dəyərləndirilə bilər”. Hazırkı apellyasiya mərhələsində mübahisələndirilən məsələyə aydınlıq gətirilməsi üçün AR Nazirlər Kabinetinin 187 saylı qərarı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları» və iddiaçının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il taricxli 763 №-li qərarında göstərilən yaralanması nəzərə alınmaqla, iddiaçının başından aldığı travmanın yenidən dəqiqləşdirilməsi üçün əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və “MTE VƏ PAB” PHŞ tərəfindən aşağıda göstərilən nəticələrlə T922/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. -vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə 2 saylı X2 baş beyinin elektroensefaloqrafik müayinəsində yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi müəyyən edilmişdir. Həmin ocaqların onun 1993-cü ildə baş dərisinin yumşaq toxumalarının qəlpə yaralanmasının nəticəsi olması kimi dəyərləndirilməsi düzgün olmazdı. Belə ki, bu kimi, ocaqlara onun düçar olduğu sinir sistemi xəstəliyi olan «Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, teztez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə) xəstəliklərin instrumental müayinəsində rast gəlinir… Rəyin sözügedən ifadə formasından göründüyü kimi, birinci cümlədə imperativ şəkildə xx.xx.2022-ci il tarixdə 2 saylı X2 baş beyinin elektroensefaloqrafik müayinəsində yüngül dərəcəli «diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi» müəyyən edildiyi qeyd olunsa da, ekspertlər tərəfindən sonrakı cümlədə, ehtimalla mülahizə yürüdülərək, «bu kimi, ocaqlara onun düçar olduğu sinir sistemi xəstəliyi olan «Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə) xəstəliklərin instrumental müayinəsində rast gəlinir» kimi ifadə işlədilmiş, daha sonrakı bənddə də iddiaçının instrumental müəyənələrini kənarda qoyaraq öz mülahizələrinə əsasən onunbaş beynində travmadik tzədələnmə müşayət olunmadığını qeyd etmiş, sonda hər bir halda, baş veynin yüngül travmasının olması göstərilmişdir. Halbuki, hər iki ekspert rəyinin tədqiqi hissəsində ekspertlər tərəfindən müayinə olunarkən iddiaçının şikayətlərinin yuxusuzluqdan, başgicəllənmədən, başağrılarından, ayda 3-4 dəfə qıcolma tutmalarından və ətraflarında keyimədən əziyyət çəkdiyi təsbit olunmuşdur. Əslində, yuxarıda xronoloji ardıcıllıqla tədqiq olunan tibbi səndələrlə müəyyən edilən məlumatlardan göründüyü kimi, iddiaçıda 1993-cü ildə birinci Qarabağ müharibəsində yaranmış və 2011-ci ildən ona qoyulmuş “kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kəskin ifadə olunmuş astenonevrotik sindrom, xüsusi epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu 2022-ci ilə qədər davam etmiş, 2019-2022-ci illər üzrə müayinə və müalicələri üzrə tibbi sənədlərlə də kəllə-beyin travmasının mövcudluğu və bununla bağlı onun mütəmadi müalicələr aldığı, lakin hələ də həmin travmadan ziyyət çəkdiyi öz təsdiqini tapır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Nazirlər Kabinetinin 187 saylı qərarı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş yeni «Əlilliyin müəyyən olunması meyarları»ın 3.1-ci və 6.1-ci bəndlərindən də görünür ki, «baş beynin və kəllə sinirlərinin travmaları və bunun nəticəsində başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi» müddətsiz İİİ dərəcə əlillik təyini üçün əsas verən göstərici hesab olunur. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası»nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. İşin tədqiq olunan sübutlarla müəyən olunan hallarından da göründüyü kimi, iddiaçıda onun 1993-cü ildə birinci Qarabağ müharibəsində aldığı baş beyin travması ilə əlaqədar xəstəlik diaqnozu onun bütün əlillik dövrü 2022-ci ilə qədər mövcud olmuş və hazırda da davam etməkdədir. Başqa sözlə, cavabdeh Agentliyin Tibbi-sosial ekspert komissiyasının sonuncu qiymətləndirilməsinin işin sübutlarla müəyyən olunan hallarına və qanunvericiliyin tələblərinə zidd olduğu, bununla da, iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması mahiyyəti üzrə düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmadığını mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-4997/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar