Məhkəmə qərarları › İş №2-1(103)-515/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-515/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-515/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Nərimanov xidmət nümayəndəliyinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1673/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.10.2019-cu il tarixli **********8 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi, 29.06.1998-ci ildən 01.01.2006-cı ilədək “Günəş firması”nda çilingər ustası işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtdan (01.01.2019-cu ildən) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Ucar rayonu, Kəçəkənd kəndində doğulmuşdur. 1975-1977-ci illərdə hərbi xidmət keçmişdir. Əmək fəaliyyətinə 28.03.1974-cü il tarixdən başlamışdır. Həmin tarixdən fasiləsiz olaraq işləmişdir. Bütün iş illəri əmək kitabçasında qeyd olunmuşdur. 01.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X3 rayon şöbəsinə müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, 29.06.1998-ci ildən 01.01.2006-cı ilədək “Günəş firması”nda işlədiyi stajını araşdırmaq, əmək haqqından sığorta ayırmalarının tutulmasını müəyyən etmək mümkün olmadığına görə ona pensiya təyin etmək mümkün deyildir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. Göründüyü kimi mənim iş stajımı təsdiq edən əmək kitabçası vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənlərin vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq sığortaolunanın hüququdur. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Şübhə yaradan hallar qismində 1. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasən “Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar”. Əmək kitabçasında qeyd olunan dövrlərdə “Günəş” firması üçün 2 vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) yazılmışdır. Bir müəssisədə yalnız bir VÖEN olmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeyd olunan VÖEN-lərdən biri aşkar edilsə də, digəri ümumiyyətlə aşkar edilməmişdir 2. İddiaçının işdən azad olunma tarixi isə elektronlaşdırılmış sistemə keçid gününə təsadüf etməsi şübhə yaradan digər bir haldır. İddiaçı işlədiyini iddia etdiyi “Günəş” firmasının vergi uçotu orqanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X4 üzrə Baş İdarəsidir. Cavabdehdə şübhə yaradan hallara aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X4 üzrə Baş İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq qeyd edilmişdir ki, “Günəş” firması (VÖEN: **********) 15.04.1999-cu ildə vergi orqanında qeydiyyata alınmışdır. Müəssisənin 15.04.1999-cu il tarixdə qeydiyyata alınmasına baxmayaraq iddiaçının 29.06.1998-ci il tarixdən orada işləməsi cavabdeh orqanda əmək kitabçasında aparılan qeydlərin düzgünlüyünə şübhə yaradır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1673/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin 16.10.2019-cu il tarixli **********8 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi, İddiaçı 29.06.1998-ci ildən 01.01.2006-cı ilədək “Günəş firması”nda çilingər ustası işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 64 yaşı tam olduğu 01.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon Şöbəsi Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Nərimanov xidmət nümayəndəliyi kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. O, 03 may 1975-ci il tarixdən 08 may 1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 28.03.1974-cü il tarixdən Azərbaycan SSR Əhalinin məişət xidməti Nazirliyinin trikotaj məhsullarının fərdi tikişi və təmiri fabrikinin 15 saylı atelyesinə toxucu vəzifəsinə qəbul olunmuş, 11.06.1974-cü il tarixdən 18 saylı atelyeyə sahə ustası vəzifəsinə keçirilmiş, 28.04.1975-ci il tarixində Sovet Ordusunda xidmətə çağırılması ilə bağlı işdən azad edilmişdir, 05.07.1977-ci il tarixdən Azərbaycan SSR Əhalinin məişət xidməti Nazirliyinin trikotaj məhsullarının fərdi tikişi və təmiri fabrikinin 4 saylı atelyesinə xəzinədar vəzifəsinə qəbul edilmiş, 17.10.1988-ci il tarixdə 4 saylı atelyedə istehsalatın hazırlığı mühəndisi vəzifəsinə təyin edilmiş, 23.11.1988-ci il tarixdən Fabrikin strukturunun dəyişilməsi ilə bağlı “Natavan” trikotaj məmulatların toxuculuğu və təmiri fabriki adlandırılmışdır. 09.04.1991-ci il tarixdən həmin atelyedə sifarişləri qəbul edən vəzifəsinə keçirilmiş, 01.10.1992-ci il tarixdən 4 saylı atelyedə usta vəzifəsinə təyin edilmiş, 02.08.1993-cü il tarixdə “Günəş” təsərrüfatı hesablı müəssisəyə keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. 03.08.1993cü il tarixdən “Günəş” təsərrüfat hesablı müəssisəsinə usta vəzifəsinə təyin edilmiş, 05.12.1993-cü il tarixdən strukturunun dəyişilməsi ilə əlaqədar “Günəş” firmasına keçirilmiş, 29.06.1998-ci il tarixdən 01.01.2006-cı il tarixdək həmin firmada çilingər ustası vəzifəsinə keçirilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 16.10.2019-cu il tarixli, **********8 saylı imtina məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə istinad etmiş, qeyd olaraq 29.06.1998-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Günəş” firmasında iş stajını araşdırmaq, əmək haqqından sığorta ayrılmalarının tutulmasını müəyyən etmək mümkün olmadığına görə həmin illər iş stajına daxil edilmədiyi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının 1955-ci il yanvarın 1-də doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 01.01.2019-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının 29.06.1998-ci ildən 01.01.2006-cı ilədək “Günəş firması”nda çilingər ustası işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun ümumi sosial sığorta stajı həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 31 il 06 ay 25 gün təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Apellyasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X7 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X9) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1998-2006-cı illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı 29.06.1998-01.01.2006-cı illərdə işləməsi barədə əmək kitabçası təqdim etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Cavabdehin imtina məktubunda və apellyasiya şikayətində 29.06.1998-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan dövr üzrə əmək haqqından sığorta ayırmalarının tutulmasının müəyyən edilməməsi barədə dəlilini əsassız hesab edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 01 yanvar 1999-cu il tarixli, 1999-cu ilin İİİ rübü üzrə və 2004cü il tarixli Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqqhesab cədvəllərindən görünür ki, “Günəş” firması tərəfindən həmin dövlər üzrə sığorta ödənişləri aparılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma dövründə “Günəş” firmasının 29.06.1998-ci il tarixdən 01.01.2006-cı il tarixədək fəaliyyət olub-olmaması, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 29.06.1998-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Günəş” firmasında çilingər usta peşəsində işləyib-işləməməsi, işlədiyi təqdirdə buna dair əmrlərin, əmək haqqı ödənişləri cədvəllərinin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən və “Günəş” firmasından sorğu əsasında tələb edilmiş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 18 fevral 2020-ci il tarixli, 5/308 saylı məktubla bildirilmişdir ki, “Günəş” firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmiş, sorğuya cavab olaraq “Günəş” firması tərəfindən verilmiş 16 mart 2020- ci il tarixli, 1 saylı məktubdan görünür ki, İddiaçı 03.08.1993-cü il tarixdən “Günəş” müəssisəsinə işə qəbul olunmuş, 05.12.1993-cü il tarixdən müəssisə “Günəş” firması adlandırılmış (VÖEN 140052796, VÖEN **********) və İddiaçı 01.01.2006-cı il tarixə qədər çilingər ustası işləmişdir. Müəssisənin rəhbəri vəfat etmiş və mühasibi başqa ölkəyə köçmüş, bununla əlaqədar mühasibat sənədləri (əmək haqqı cədvəlləri 1993-2006-cı illər üzrə və s.) təqdim edə bilmir. O, müəssisədə mühəndis vəzifəsində işləmiş və sonra rəhbəri əvəz etmişdir. Vaxtı-vaxtında sosial sığorta vergilər üzrə ödənişlər olunmuş və hesabatlar DSMF-yə təqdim olunmuşdur. “Günəş” firması 27.01.2009-cu il tarixdən 29.12.2021-ci il tarixə qədər fəaliyyətini dayandırıb. Qeyd edilən məktub firmanın rəhbəri Ş.H.Hüseynova tərəfindən imazalanaraq, müəssisənin möhürü ilə təsdiqlənmişdir. Vergi İdarəsində Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlardan görünür ki, “Günəş” firması 29.06.1998-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsində VÖEN ********** ilə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X1r. Cavabdeh etirazında “Günəş” firmasının 15.04.1999-cu il tarixdə qeydiyyata alınmasına baxmayaraq iddiaçının 29.06.1998-ci il tarixdən orada işləməsinin əmək kitabçasında aparılan qeydlərin düzgünlüyünə şübhə yaratması ilə bağlı dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun “Natavan” trikotaj məmulatlarının toxuculuğu və təmiri Fabrikinin 4 saylı atelyesində işlədiyi usta vəzifəsindən 02.08.1993-cü il tarixədək “Günəş” təsərrüfat hesablı müəssisəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilməsi göstərilmişdir. Həmçinin iş materiallarından görünür ki, “Günəş” firması 15.04.1999-cu il tarixdə vergi orqanında firma kimi qeydiyyata alınsa da, lakin daha əvvəl “Günəş” təsərrüfat hesablı müəssisə kimi fəaliyyət göstərmiş və iddiaçı 29.06.1998-ci il tarixdən daha əvvəl orada işləmişdir. Belə olan halda göstərilən əsaslarla iddiaçının işlədiyi illərin ümumi iş stajına hesablanmaması əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının 29.06.1998-ci ildən 01.01.2006-cı ilədək “Günəş firması”nda çilingər ustası işlədiyi illər iş stajına daxil edilməsə belə, iddiaçının təhsil aldığı dövr də daxil olmaqla iş stajı 25 ildən çoxdur. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş diplomun əslinə baxış keçirilmişdir. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus diplomun surətindən görünür ki, iddiaçı 1971-ci ildən 1974-cü ilədək orta texniki peşə məktəbində təhsil alaraq trikotaj istehsalatı ixtisası üzrə tam kursu bitirərək ona texnik-texnoloq ixtisası verilmişdir. Kollegiya iddiaçının təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş, 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “E” bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin “Ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 64 yaşı tam olduğu 01.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1673/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar