Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-515/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin müvafiq əlavələr göstərilməklə aidiyyəti quruma göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-2469/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 2014 – 2018-ci illərdə (60 ay) ödənilmiş əmək haqqı və əlavələrin (təminat xərcliyi, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclər nəzərə alınmaqla) ödənilməsi göstərilməklə tərtib edilən məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi öhdəliyinin cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,11 avqust 1998-ci il tarixdən 8 may 2019-cu il tarixədək AR Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 11 avqust 2018-ci il tarixdə xüsusi rütbəsi olmaqla 20 təqvim ili iş stajı toplamış və bununla da onun Azərbaycan Respublikası qanunvericiliyinə əsasən pensiya hüququ yaranmışdır. Ona «Əmək pensiyaları haqqında» AR Qanununun 20.14-cü maddəsinə uyğun olaraq 2019-cu ilin iyul ayından əmək pensiyası təyin edilmişdir. Həmin pensiya təyinatı AR Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən məlumat vərəqəsinə əsasən aparılmışdır. Lakin sözügedən məlumat vərəqəsi əsasında pensiya hesablanarkən əmək haqqına əlavələr öz əksini tapmamış, buna görə də nəzərdə tutulan məblığdən xeyli az pensiya hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli 38 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin müəyyən faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan əlavələrdən qanunvericiliklə nəzərdə tutulmuş dövlət ödənişləri də həyata keçirilmişdir. Dəfələrlə AR Dövlət Gömrük Komitəsinə müraciət edərək, pensiyanın düzgün hesablanması üçün Dövlət Sosial Müdafiə Fonduna gömrük orqanları əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələr göstərilməklə yeni məlumat vərəqəsinin göndərilməsini xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir. Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə isə, həmin qurumdan Dövlət Gömrük Komitəsi tərəfindən məlumat vərəqəsinin düzgün tərtib edilmədiyi bildirilmişdir. Belə olan halda, onunla bərabər çalışan və əmək pensiyası alan iş yoldaşlarından fərqli olaraq ona təyin olunmuş pensiya məbləği fərqlənir və qeyri-bərabərlik yaranır. Sonuncu dəfə AR Dövlət Gömrük Komitəsinə müraciət edərək məlumat vərəqəsinin işlədiyi dövrdə aylıq vəzifə maaşına edilən əlavələrlə yenidən tərtib olunmasını xahiş etmişdir. Komitənin cavab məktubunda ona yenidən bildirilmişdir ki, bu məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət olunması məqsədəuyğundur. Hesab olunur ki, AR Dövlət Gömrük Komitəsi trəfindən ona ünvanlanmış həmin məktub qanunsuzdur və əsassız olaraq onun Konstitusiyada təsbit olunmuş hüquqlarını məhdudlaşdırır. Belə olan halda, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının iddia tələbi büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin və 2014cü il tarixdən 2018-ci il tarixədək, yəni 60 aya aid ona ödənilmiş əmək haqqının və digər növ əlavələrin ödənilməsinə barədə yeni məlumat vərəqəsi tərtib edilməklə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə dəyişklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun 1 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları» «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» AR Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saytı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlann təqdim olunması» Qaydalarının 2ci bəndində isə, təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmətkeçmə haqqında» Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə göra əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı barəsində AR Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi «Əmək pensiyaları haqqında» AR Qanununa və AR Naziriər Kabinetinin 17 avqust 2007-ci il tarixli 135 nömrəli qərarına uyğun olaraq hazırlanmış və DSMF aidiyyəti qurumuna təqdim edilmişdir. İddiaçı iddiasında 2014 – 2018-ci illərdə, yəni 60 aya aid ona ödənilmiş əmək haqqının və digər növ əlavələrin ödənilməsinə barədə yeni məlumat vərəqəsi tərtib edilməklə DSMF-nin aidiyyəti qurumuna təqdim edilməsini mübahisələndirmişdir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqları 1 yanvar 2006- cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanunu ilə müəyyən edilir. Qeyd edilən Qanun eyni zamanda indiki qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiya hüquqlarını da nəzərə alır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinin tələblərindən aydın görünür ki, İddiaçı iddia ərizəsində 2014 – 2018-ci illərdə, yəni 60 aya aid ona ödənilmiş əmək haqqının və digər növ əlavələrin ödənilməsinə barədə yeni məlumat vərəqəsi tərtib edilməklə DSMF-nin aidiyyəti qurumuna təqdim edilməsi tələbi də əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununda iddiaçının qeyd olunana tələbini tənzimləyən hər-hansı bir normanın olmaması da hazırki iddia tələbinin əsassız olmasının bariz sübutudur. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2469/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2469/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, İddiaçı 1998 – 2019-cu illərdə 20 ildən artıq gömrük orqanlarında xidmət etmiş və 8 may 2019-cu il tarixdə onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Cavabdeh AR Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının barəsində “məlumat vərəqəsi” tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna göndərilmişdir. İddiaçı həmin məlumat vərəqisində göstərilənlərlə razılaşmamış və onun 2014 – 2018-ci iilərdə əmək haqqına bütün əlavələr əks olunmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan tələblərinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – AR Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – AR Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir: 3-cü bənd-ə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində DSMF-yə təqdim edilir. Əmək pensiyaları haqqında qanunvericilik gömrük orqanlarının xüsusi rütbəli əməkdaşını hərbi qulluqçu ilə bərabər tutaraq ona pensiya təyinatını “təminat xərcliyi” ilə şərtləndirir, hansı ki, bu barədə onun xidmət etdiyi orqan tərəfindən müvafiq məlumat vərəqəsi tərtib edilərək DSMF orqanına göndərilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır və qeyd edir ki, cavabdehin imtinası əsaslı olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixə qədər qüvvədə olan redaksiyasında qeyd edilirdi ki, təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Bu normaya 30 noyabr 2018-ci il tarixli Qanunla “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmiş və bu əlavə 26 dekabr 2018-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmiş, 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Əlavə edilmiş normanın tələbinə görə təminat xərcliyinə (pul təminatına) büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilmir. İddiaçının xüsusi rütbəli şəxs kimi pensiya hüququ 11.08.2018-ci il tarixdə yaranmış, iddiaçının gömrük orqanlarında xidmətinə 2019-cu ilin yanvar ayının 1-dən sonra xitam verilmişdir və həmin tarixdən qüvvədə olan qanunvericilik normaları büdcədənkənar vəsaitlər hesabına verilən əlavə və digər ödənişləri təminat xəcliyini müəyyən edən məbləğlər sırasından istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2469/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-515/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-515/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver