Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-515/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10517/2023 nömrəli 18 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində xx.xx.2022-ci il tarixdə etibarsız hesab edildiyi xx.xx.2022-ci il tarixli əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-10517/2023 nömrəli 18 avqust 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1993-cü ildən 1996-cı ilədək Cəmşid Naxçıvanski adına hərbi litseydə, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Hal-hazırda ehtiyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2-ci qrup müharibə əlilidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Mayor rütbəsində zabit kimi Xüsusi Təyinatlı, kəşfiyyat bölmələrində və xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X3, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3029/2021 saylı qərarı ilə ona “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilməsi təmin edilmiş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin edilmiş, xəstəlik diaqnozu 2008-ci ildən bu günədək eyni xəstəlikdir. Eyni diaqnozla və səhhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olmuş, bu xəstəlik diaqnozuna əsasən ona 2-ci qrup xx.xx.2021-ci il tarixdən etibarən müddətsiz əlillik təyin edilməsini qanuna müvafiq hesab edir. Belə ki, ona müddətsiz əlillik təyin edilməsindən cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli Qərarları ilə xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsinə qərar verildi və cavabdeh tərəfindən icra edildi. Ona müddətsiz əlillik təyin edilənədək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının diaqnoz və əmək zəmanəti qrafasında düzəlişlər edilərək cavabdeh tərəfindən ona qarşı bir çox qanuna zidd hərəkətlərə yol verilmişdir, xx.xx.2021-ci ilə kimi təyin olunmuş əlillikdə əmək zəmanəti qrafasında “Xüsusi yaradılmış şəraitdə işləyə bilər” kimi qeyd edilmiş, sonradan xx.xx.2021-ci ildə əlillik səbəbi dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmiş, daha sonra Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarını icra edərək xx.xx.2022-ci ildə xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. Cavabdehin qanuna zidd hərəkətləri barədə xx.xx.2022ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Azərbaycan Respublikası adından çıxarılan qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)- 1012/2022 nömrəli Qərarını nəzərə almaqla xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayşında əmək zəmanəti qrafasında “yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsinə göstəriş verəsiniz. Lakin xx.xx.2022ci il tarixli müraciətindən sonra cavabdeh əvvələr olduğu kimi yenə də ona qarşı qərəzli mövqe nümayiş etdirmişdir, belə ki, xx.xx.2022-ci ildə elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müraciətinə əsasən ona köməkdarlıq etmək əvəzinə Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözlərinin Diaqnoz qrafasında “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotk hallar” sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin əlillik arayşında Əmək zəmanəti qrafasında “əmək qabiliyyətsiz” sözləri ilə əvəz etmişdir. Hal-hazırda müraciəti ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində xx.xx.2022ci il tarixdə etibarsız hesab edildiyi xx.xx.2022-ci il tarixli əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması barədə Qərar qəbul edilməsidir. Cavabdeh orqan uzun müddətdir ona qarşı çox qəddarcasına şəxsi qərəzçilik etməklə məşğuldur, bu şəxsi qərəzçilik nəticəsində cavabdeh onu bir ilə qədər sosial təminat hüququndan məhrum etmişdir, hüquq mühafizə orqanları, xüsusən məhkəmələr, hakimlər onun sosial hüquqlarını bərpa etmişdirlər. xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə iddia tələbi üzrə icraata başlayaraq hazırlıq iclası təyin etdi, lakin heç bir araşdırma aparmadan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10517/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkünsüz sayılmışdır və əsas kimi qeyd edilmişdir ki, qərar qəbul edən məhkəmə bu barədə qərarın icrası barədə izah verməlidir. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə onun izah verilməsi barədə ərizəsi təmin edilməmişdir, məhkəmə qeyd etmişdir ki, bu ayrılıqda mübahisələndirilməli olan iddiadır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati icraat haqqında qanununun 65.1-ci və 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir, maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir tələblərinə tamamilə əməl etməmişdir. Belə ki, məhkəmənin 2 ay icraatdan sonra iddia tələbini mümkünsüz saymasını əsassız, qanunsuz və ədalətsiz bir mövqe hesab edir, dolayısı ilə məhkəmə cavabdehin nümayəndəsi rolunu oynamaqla onun ziyanına qərardad qəbul etmişdir, 2 ay ərzində məhkəmə icraatı getsə də cavabdehin məhkəmə qərarını icra etdikdən sonra etibarsız hesab etdiyi inzibati aktın bərpa edilməsi mümkün olmamışdır. Beləliklə, 2 ay məhkəmə icraatı müddətində iddia tələbi üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, iddia tələbi üzrə dəqiqləşdirmə nəzərə alınmamaışdır. Bu səbəbdəndə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10517/2023 nömrəli qərardadı ləğv edilməli, iddia tələbi üzrə icraat davam etdirilərək iddia tələbi təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəsindən görünür ki, iddiaçı onun əlilliyi qiymətləndirilərkən xx.xx.2022-ci il tarixdə əmək zəmanətinin “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” kimi müəyyən edildiyi halda, xx.xx.2022-ci il tarixdə dəyişdirilərək “əmək qabiliyətsiz" kimi müəyyən edildiyini bildirməklə, sonuncu dəyişikliyin ləğv edilməsini, əvvəlki qiymətləndirmənin, yəni əmək zəmanətinin “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” kimi müəyyən olunmasının bərpa edilməsini xahiş edir. Yəni iddiaçının hazırkı iş üzrə çatmaq istədiyi məqsəd onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı əmək zəmanətinin “əmək qabiliyyətsiz"-dən, “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər”-ə dəyişdirilməsidir. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyi müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. xx.xx.2021-ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli məhkəmə qərarı ilə müəyyən edilən diaqnozlar əsas götürülməklə iddiaçının əmək qabiliyyətsiz olması barədə qeyd altsistemə daxil edilmişdir. Hazırda iddiaçının tələbi də məhz məhkəmənin həmin qərarı ilə öz həllini tapmış mübahisənin predmetinə aiddir. Konkret halda da iddiaçı qanuni qüvvəsini almış yekun məhkəmə aktının düzgün icra olunmadığını mübahisələndirdiyi halda, eyni məsələ ilə əlaqədar təkrarən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iş materiallarında olan məhkəmə qərarlarının surətlərindən görünür ki, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, iddialar mümkün sayılmamışdır (iş № 2-1(112)-7645/2023, 2-1(103)-2536/2023, 2-1(112)- 7004/2023, 2-1(103)-2726/2023, 2-1(112)-10407/2023, 2-1(103)-2965/2023). Ona görə də iddiaçının eyni iddia tələbinə eyni əsas üzrə yenidən baxılması mümkün hesab edilə bilməz. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1918/2023 saylı qərardadından görünür ki, iddiaçı hazırkı iş üzrə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 29 iyul 2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının (inzibati aktının) əsassız hesab edilməsi, cavabdehin Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarını ilk dəfə icra edərək 30 iyun 2022-ci il tarixli tibb müəssisəsisinin 0280003AAFMA göndərişinə əsassən tərtib etdiyi TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktını) əsas kimi hesab edərək TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotik hallar” sözlərinin Diaqnoz qrafasında «Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik endefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış "əmək qabiliyyətsiz” sözlərinin Əmək zəmanəti qrafasında "Yüngül işlərdə işləyə bilər ’’sözləri ilə əvəz edilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul ediməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia tələbi mümkün sayılmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10517/2023 nömrəli 18 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-515/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-515/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver