Məhkəmə qərarları › İş №2-1(103)-5152/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5152/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5152/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6551/2025 nömrəli, 02 oktyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. “X5” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı 21 oktyabr 2020-20 noyabr 2020-ci il və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında "X5" QSCyə məxsus **-JF-*** qeydiyyat seriyalı “Dong Feng DFL 4251A8” yük yəhərli dartıcısı avtomobilinin Sürücüsü kimi döyüş zonasına ezam olunmuşdur.

2. AR MN N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində SHXŞÜDX-nin Nərimanov rayon İdarəsi tərəfindən təqdim olunaraq, DONG FENG DFL4251a8 yük markalı yəhərli dartıcısı avtomobilinin sürücüsü vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2020-cı il tarixdən xx.xx.2020-cı il tarixədək döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə döyüş bölgəsinə hərbi hissə tərəfindən ezam olunmuşdur.

3. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı N nömrəli hərbi hissəyə təyin edilmiş səfərbərlik üzrə komandaya uyğun olmadığına və səfərbərlik üzrə hərbi xidmətə çağırılış üzrə heç bir sənəd təqdim etmədiyinə görə vəzifəsi şəxslər tərəfindən hərbi hissəyə qəbul edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin səfərbərlik üzrə naryad müvafiq olaraq “X5”dan təyin olunmuş hərbinəqliyyat vasitəsi N nömrəli hərbi hissəyə təyin edilmişdir

4. N nömrəli hərbi hissə tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı döyüş əməliyyatları zamanı hərbi hissənin tərkibində iştirak etməmişdir.

5. İddiaçıya məxsus hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək N nömrəli hərbi hissədə sürücü vəzifəsində işləmişdir..

6. 275 nömrəli Hərbi hissənin komandiri tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Fəxri Fərmandan görünür ki, Vətən müharibəsində hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak etdiyinə görə İddiaçı Fəxri Fərmanla təltif olunmuşdur.

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə hazırki tələblə müraciət etmiş, lakin sonuncu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2020-il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar müraciət müəllifinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair vətəndaş İddiaçı xidməti barədə hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayış-məlumatı və həmçinin qeyd olunan məlumatları qısa müddət ərzində təqdim edilməsi iddiaçıya bildirilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakə İnzibati Məhkəməsinə müraciət edərək 21 oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci ilədək hərbi döyüşlərdə iştirak etməsi nəzərə alınaraq ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, onun hərbi biletində qeydin aparılmasının ona müharibə veteranı adı verilməsi üçün əsas olmasını nəzərə alaraq, “Müharibə veteranı” adı verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina etmiş, əsas kimi isə müəyyən sənədlərin toplanmasını xahiş etmişdir. İddiaçı bildirir ki, o, 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. O, SHXŞÜDX-nin Nərimanov rayon İdarəsi tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Vətən müharibəsi zamanı 21 oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək işlədiyi şirkət tərəfindən döyüş bölgəsinə **-JF-*** dövlət qeydiyyat nişanlı DONG FENG EQ 840 1 CCYL yarım qoşqunun sürücüsü kimi ezam olunmuşdur. Bu yük maşını SHXŞÜDX-nin Nərimanov rayon İdarəsi tərəfindən istənilmişdir. Baxmayaraq ki, o, 4 ay müharibədə olmuşdur, sənədlərdə isə cəmi 21 oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarix göstərilmişdir. İddiaçının döyüşlərdə iştirak etməyi barədə onun hərbi biletində Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən qeydlər aparılmış və həmin qeydlər hərbi komissarın imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçınnı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak etməyinə baxmayaraq ona hələ də müharibə veteranı adı verilməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı Komissiyanın rəyini almadan məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. Belə ki, məhkəmə iş materiallarına əlavə olunmuş 4/3-4577 nömrəli məktubdan görmək olar ki, “Müharibə veteranı” adının verilməsi ilə bağlı Komissiyanın imtinası yoxdur, İddiaçı müraciəti ilə bağlı sənədlərin əldə olunması ilə bağlı sorğular göndərilib və cavabları daxil olandan sonra rəyin bildirilməsi üçün Komissiyanın iclasında baxılacaqdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-6551/2025 nömrəli, 02 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

12. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilrək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(112)- 6551/2025 nömrəli qərarı ilə onun iddia tələbi təmin edilməmişdir. Məhkəmə iddia ərizəsinə əlavə etdiyi arayış və sübutlarını araşdırmadan, onu məhkəmə prosesində dindirsə də, dediklərini nəzərə almadan, iddia tələbini təmin etməmişdir. Belə ki, o, məhkəməyə verdiyi iddia ərizəsində 2-ci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, SHXŞÜDX-nin Nərimanov rayon İdarəsi tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərildiyini, vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək işlədiyi şirkət tərəfindən döyüş bölgəsinə **-JF-*** dövlət qeydiyyat nişanlı “DONG FENG EQ 840 1 CCYL” yarım qoşqunun sürücüsü olaraq ezam olunduğunu, adı gedən qoşqunu SHXŞÜDX-nin Nərimanov rayon İdarəsi tərəfindən istənilməsini, 4 ay müharibədə iştirak etdiyini, lakin rəsmi sənədlərdə onun döyüşlərdə iştirak etməyi barədə Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən hərbi biletində aparılan qeyddə, tarixin cəmi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə göstərildiyi, buna baxmayaraq o Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak etdiyini qeyd edib, məhkəmə gedişatı zamanı iddia ərizəsinə müvafiq izhat verib, müharibə zamanı döyüş bölgəsində sürücü kimi iştirak etdiyinə görə iddia tələbinin təmin edilməsini xahiş etsə də, hakim Tural Məmmədov onu bir neçə məhkəmə proseslərində dinləsə də, bəzən onunla qərəzli şəkildə davransa da, yekun olaraq, sürdüyü tələbləri dinləyib, yenə də iddia tələbinin təmin edilməməsini qərara almışdır. İddianın təmin edilməməsinin əsas səbəbi kimi məhkəmə hakimi, onun döyüş əməliyyatları zamanı hərbi hissənin tərkibində iştirak etməməyini, sürücü vəzifəsində işlədiyini əsaslandırmışdır. Məhkəmənin nəzərinə çatdıraraq bildirmək istərdi ki, o 2-ci Qarabağ müharibəsində sürücü vəzifəsində işləsə də, döyüş bölgələrində idarə etdiyi avto qoşlu ilə birlikdə hərbi hissə və yuxarı komandanlıq tərəfindən qarşıma qoyulmuş bütün vəzifələri yerinə yetirmişdir. Bu barədə lazımı sənədlərin, arayışların və sübut xarakterli foto şəkilləri iddia ərizəsinə əlavə etmişdir. Bununla yanaşı məhkəmənin nəzərinə həmçinin çatdıraraq bildirmək istərdi ki, onunla eyni vaxtda döyüş bölgəsində onun kimi sürücü işləmiş hərbi yoldaşı X6 (tel:050 254-81-74) onun döyüş bölgəsində onun kimi döyüş zamanı sürücü olduğunu və eyni zamanda hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirdiyini, fəal iştirak etdiyini şahidlik edərək təsdiq edə bilər) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasındanM/V № 140520 vəsiqəsini almışdır. Bakı İnzibati Məhkəməsinə müraciət etdiyi iddia ərizəsinə iş üzrə bütün sübutlarını əlavə edilmiş şəkildə işin içindədir. Hərbi hissənin komandiri tərəfindən ona vətən müharibəsində hərbi hissənin döyüş tapşırıqlarını yerinə yetirilməsində fəal iştirak etdiyinə görə fəxri fərmanı ilə təltif olunmamın, döyüş bölgəsində çəkmiş olduğu dörd ədəd sübut xarakterli 2020-ci ilin noyabr ayının bir neçə gün fərqi ilə çəkilmiş müvafiq dörd ədəd foto şəkilləri və döyüş bölgəsində onun kimi sürücü işləmiş hərbi yoldaşı Ələddin Bağırovun veteran vəsiqəsini apellyyasiya şikayətinə əlavə edir. (apellyasiya şikayətinə əlavə olunur) Həmçinin apellyasiya şikayətinə ona hərbi hissə tərəfindən “Kontakt Home”a təqdim etmək üçün verilmiş arayışda, onun xx.xx.2020-ci il tarixdən döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə döyüş bölgəsinə hərbi hissə tərəfindən ezam olunduğu bildirilmişdir. (apellyasiya şikayətinə əlavə olunur) Eyni zamanda bildirmək istərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş əlavə 1-in müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnaməyə əsasən, bu əsasnamə “veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Meharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydası və şərtləri tənzimlənmə əsasları; Maddə 1-də göstərildiyi kimi, Azərbaycan Respublikasının ərazi bütpvlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xicavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirilmiş, həmin ərazilərdə döyülərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparaq hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Mənim də, döyüş bölgəsinə ezam olunmam barədə arayışımı işə əlavə etmişdim. Bu səbəbdən də, mən belə hesab edirəm ki, Bakı İnzibati Məhkəməsinin hakimi Tural Məlikovun qərara aldığı xx.xx.2025-ci il tarixli, 2-1(112)-6551/2025 saylı qərarı ləğv edilməli, mənim iddia tələbi təmin edilməlidir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

15. 03 fevral 2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu:

3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir):

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

22. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

23. İşin mahiyyətinə gəldikdə isə, İddiaçı tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətdə göstərdiyi xidmətlərə və mükafatlandırılmasına baxmayaraq, onun döyüş əməliyyatlarının qanunla müəyyən olunmuş dövründə və döyüş əməliyyatlarının aparıldığı ərazilərdə iştirakı sübuta yetirilməmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

25. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində SHXŞÜDX-nin Nərimanov rayon İdarəsi tərəfindən təqdim olunaraq, DONG FENG DFL4251A8 yük markalı yəhərli dartıcısı avtomobilinin sürücüsü vəzifəsində çalışmışdır. Bu hal həmçinin onun hərbi biletində və iş materiallarında olan digər sənədlərlə təsdiqlənmişdir. Lakin qeyd olunmalıdır ki, iddiaçının həm N nömrəli, həm də N nömrəli hərbi hissələrdə müharibə dövründə döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat yoxdur və həmin hərbi hissələr döyüş bölgəsində yerləşmir.

26. İşin birinci instansiya məhkəməsi tərəfindən verilmiş məhkəmənin sorğusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1956-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdə keçmiş Suraxanı rayon hərbi komissarlığı hərbi-həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin 11-ci maddəsinin “b” bəndi və 44-cü maddəsinin “b” bəndinə əsasən (SSRİ MN-nin 1987-ci il tarixli 260 nömrəli əmri) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Məmmədov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən səfərbərliklə hərbi xidmətə cəlb edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə SHXÇDX-nin Nərimanov rayon idarəsi tərəfindən təqdim olunaraq DONG FENG DFL4351a8/ markalı yük-yəhərli dartıcı avtomobilinin sürücüsü vəzifəsində işləmişdir. Əlavə olaraq, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə döyüş bölgəsinə hərbi hissə tərəfindən ezam olunmuşdur.

27. İşin birinci instansiya məhkəməsinə təqdim olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilərkən, hərbi hissələrin “hərbi nəqliyyat vasitələri” ilə təmin olunması məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən təqdim olunmuş nəqliyyatın siyahısında N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi qeyd edilmişdir. SHXÇDÜDX-nın heç bir rayon idarəsi, yerli idarəetmə orqanları tərəfindən və işlədiyi (MMC) idarə tərəfindən N nömrəli hərbi hissəyə rəsmi olaraq ezamiyyətə göndərilməsi sənədlərdə əksini tapmamışdır. Lakin, İddiaçı N nömrəli hərbi hissədə könüllü olaraq sürücü kimi işləmiş, belə ki, N nömrəli hərbi hissədən Bakı şəhəri üzrə daxili daşımalarda iştirak etmişdir. Vətəndaş İddiaçı təqdim olunmuş xx.xx.2021-ci il tarixli 146 №-li arayışda onun N nömrəli hərbi hissə tərəfindən döyüş bölgəsinə göndərilməsi qeyd edilməyib. Arayışda göstərilən qeyd N nömrəli hərbi hissə tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsinə maşın başçısı təyin edilərək ezamiyyətə göndərilməsi kimi nəzərdə tutulur. N nömrəli hərbi hissə həmin vaxt Beyləqan rayonu Daşburun qəsəbəsi ərazisində yerləşirdi. SHXÇÜDX Nərimanov Rayon İdarəsi tərəfindən təqdim olunmuş siyahıda İddiaçı, idarə etdiyi “X5” MMC-yə məxsus, DON FENG markalı 99JF196 dövlət qeydiyyat nişanlı yehərci dartıcı yük qoşqusu olan nəqliyyat vasitəsinə N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi siyahıda əksini tapdığından aidiyyəti üzrə N nömrəli hərbi hissəyə müraciət etməsi ona tövsiyə olunmuşdur.

28. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

30. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

31. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

32. Hazırki işdə cavabdeh qurumun imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı döyüş əməliyyatlarına cəlb olunmamışdır.

33. Mövcud qanunvericiliyə əsasən müharibə veteranı statusunun verilməsi üçün 2 şərt tələb olunur:

1. Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii)

2. həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olubolmaması.

34. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının həm N nömrəli, həm də N nömrəli hərbi hissələrdə müharibə dövründə döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat yoxdur və həmin hərbi hissələr döyüş bölgəsində yerləşmir. Belə ki, iddiaçının həm birinci instansiya məhkəmsində, həm də apellyasiya instansiyası məhkəməsində iclaslarda verdiyi izahatdan da müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə Qaradağ rayonunun Puta qəsəbəsində, N nömrəli hərbi hissə isə Beyləqan rayonunda yerləşir. Həmçinin “X5” MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli 005/E nömrəli əmrində iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək 30 gün müddətində ölkədaxili rayonlara ezam olunduğu görünür. Lakin bu ezam əmrində iddiaçının hansı hərbi hissəyə, əraziyə ezam edilməsi barədə məlumat göstərilməmişdir. İddiaçı izahatlarında Vətən müharibəsi dövründə Hadrut qəsəbəsi, Qubadlı və Füzuli rayonlarından vurulmuş döyüş texnikalarının daşınmasını bildirsə də, bununla bağlı tutarlı sübut təqdim edə bilməmişdir.

35. Məhkəmə kollegiyası 275 nömrəli Hərbi hissənin komandiri tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Fəxri Fərmana münasibətdə qeyd edir ki, iddiaçının təltif olunması onun "Vətən Müharibəsi" dövründən sonra xx.xx.2021-xx.xx.2021 tarixlərində ezamiyyətə getməsi və ezamiyyət müddətində verilən tapşırıqları düzgün yerinə yetirməsi ilə bağlı olmuşdur. Həmin dövrdə iddiaçının xidmət etdiyi hərbi hissə Beyləqan rayonu ərazisində yerləşmişdir.

36. Beləliklə, hazırki iş üzrə isə müəyyən olunur ki, iddiaçı göstərilən tarixlərdə nəzərdə tutulmuş bölgələrdə olan döyüş əməliyyatlarında iştirak etməmiş, “Vətən müharibəsindən” sonra o, Beyləqan rayonu ərazisində xidmət etmiş və Fəxri Fərmanla təltif olunmuşdur ki, bu isə nə nəzərdə tutulan müddət, nə də ki ərazi meyarı baxımından uyğun gəlmədiyini göstərir.

37. Bununla bağlı hazırki işdə cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.

38. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin təmin olunması, yəni xeyrinə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh qurum iddiaçının tələb etdiyi inzibati aktın qəbulundan imtina üçün zəruri şərtlərin mövcudluğunu sübuta yetirir.

39. Qeyd edilənlərə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6551/2025 nömrəli, 02 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6551/2025 nömrəli, 02 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar