Məhkəmə qərarları › İş №2-1(103)-5154/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5154/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5154/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli 27 okyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək 2012-2018 dövr üçün və 2018-2024 dövr üçün 6 illik sığorta kapitalının 72 aya bölünməsi yolu ilə pensiyasının yenidən hesablanmasının təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr nəzərə alınmaqla məhkəmənin müvafiq qərardadları ilə iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi “Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında” *-**- */*-*-****/**** nömrəli ##.##.2025 tarixli qərarının qismən Əmək pensiyaları haqqında Qanununun 37.3.1-ci maddəsi ilə bağlı hesablama hissəsində ləğv edilməsi, iddiaçı İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi" kimi dəyişdirilmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Cari il ərzində müəyyən etmişdir ki, pensiyasının təyin tarixi düzgün təyin edilməyib. Bununla bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Nəticədə pensiyasının təyin tarixi, yəni pensiya hüququnun yarandığı tarix düzgün müəyyən edilmiş, 2012-ci il tarixdən etibarən pensiya hüququnun yarandığı təsdiqini tapmışdır. Lakin həmin vaxtdan etibarən növbəti 2012-2018 illik dövr üçün və 2018-2024 illik dövr üçün növbəti 6 illik sığorta kapitalının əsasında pensiyasının yenidən hesablanması aparılmalı olduğu halda, icra edilmir. Həmçinin sığorta kapitalının 72 aya bölünməsi yolu ilə yenidən hesablanma aparılmalıdır, çünki iddiaçı 144 ay pensiya ödənişi müddəti ilə pensiya hüququ qazanmışdır. Iddiaçı hesab edir ki, ##.##.2022-dək pensiyasının yenidən hesablanması hüququ yarananlar ##.##.2022-dək pensiya təyin edilmiş şəxslərdir. Əmək pensiyaları haqqında Qanuna ##.##.2022 tarixli *** nömrəli Qanunla dəyişikliklər edilib. Həmin dəyişikliklər ##.##.2022 tarixindən qüvvəyə minib. *** nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən, Bu Qanunun 1.11-ci maddəsi (45-ci maddənin ikinci cümləsi qanundan çıxarılması) bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ##.##.2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, iddiaçıya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi ilə əlaqədar əmək pensiyası ##.##.2021-ci il tarixindən hesablanaraq 884,12 manatdan 1705,11 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla 'və indeksləşdirilməklə ##.##.2025-ci il tarixinə 2453,86 manat) artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2006-cı 41 tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətimdə işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndinə əsasən Qanunun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. (25x12x18=5400 saat). Eyni zamanda bildirilir ki, Mərkəzi Filiala ##.##.2025-ci il tarixində daxil olmuş müraciətinə əlavə edilmiş “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli *** nömrəli arayışında qeyd olunan əyani təhsil müdddəti nəzərə alınmaqla əmək pensiyası ##.##.2012-ci il tarixindən yenidən hesablanmışdır. Qanunun 27-ci maddəsinin ##.##.2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, ##.##.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: Pensiya işinə əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, təhsil müddəti nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək ümumi iş stajı 7 il 3 ay 5 gün təşkil edir. ##.##.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 8,58 manat (7,26 il x 170 manat : 144 ay) hesablanaraq ##.##.2012-ci il tarixinə indeksləşdirilib 15,16 manat müəyyən edilməklə, üzərinə ##.##.2006-##.##.2012-ci il tarixləri arasındakı işlədiyi dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 58285,44 manat pensiya kapitalına uyğun 404,76 (58285,44:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək ##.##.2012-ci il tarixinə əmək pensiyası 504,92 (15,16+404,76+85,00) manat (indeksləşdirilməklə##.##.2021-ci il tarixinə 884,26 manat)) məbləğində müəyyən edilmişdir. Qanununun 37.3.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ## #### 2022-ci il tarixindək qüvvədə olan ikinci cümləsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (##.##.2021-ci il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiya təyin edildikdən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 289609,67 manat pensiya kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (289609,67:347 ay (65 il – 42 il 1 ay = 275 ay + (144 ay – 72 ay) = 834,61 manat) əmək pensiyası ##.##.2021-ci il tarixindən yenidən hesablanaraq 884.26 manatdan 1718.87 (884.26+834,61) manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə ##.##.2025-ci il tarixinə 2473,49 manat) artırılmışdır. Qanunun 32.1- 1-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş üç il üçün ödənilməli olan 616.20 manat pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari ilin iyul ayından etibarən hissə-hissə (hər ay 77.03 manat olmaqla) əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli 27 okyabr 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun olaraq onunla əsaslandırılmış və əlavə olaraq məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edilmişdir ki, hazırda mübahisənin yaranma səbəbi “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsi ilə bağlıdır. Belə ki, Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (kişilər ##.##.2022-ci il tarixinə 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar bildirilmişdir ki, bir sıra aşağı instansiya məhkəmələri, o cümlədən hazırkı iş üzrə Bakı Inzibati Məhkəməsi analoji işlər üzrə qərarlarında sözügedən maddənin yalnız pensiya təyinatı zamanı tətbiq edilə bilən norma olduğuna dair mövqe ifadə etsələr də, digər işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarlarında eyni maddə ilə bağlı daha əvvəl ifadə edilmiş mövqeni nəzərə almamış və onun əleyhinə olan mövqe sərgiləmişdirlər. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2022-ci il tarixinədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Həmçinin Qanunda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən“Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, ***-VIQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Bu isə o mənaya gəlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: - bu Qanunun qüvvəyə mindiyi günədək, yəni ##.##.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; - həmin günədək, yəni ##.##.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; - həmin günədək, yəni ##.##.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, ##.##.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı həm də nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” ## #### 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir.” Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan ## ### 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq ## ###### 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Həmin Qanunun ##.##.2022-ci il tarixinədək qüvvədə olan 45ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Nəzərə çatdırılmışdır ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanması” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hüquq pozuntusuna yol verilməmiş, İddiaçı əmək pensiyası yenidən hesablanaraq ödənişi həyata keçirilməkdədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. IPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Işin araşdırılmış hallarından görünür ki, cavabdeh pensiya qurumu tərəfindən iddiaçıya ##.##.2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edildikdən sonra iddiaçı əmək fəaliyyətini davam etdirmiş, nəticədə sığorta kapitalı toplamışdır. Yığılan pensiya kapitalı nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası ##.##.2021-ci il tarixdə və ##.##.2025-ci il tarixdə yenidən hesablanmışdır. Iddiaçının əmək pensiyası yenidən hesablanarkən cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-##.##.2022-ci illərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi tətbiq edilərək gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş Əmək pensiyasının yenidən hesablanması haqqında *********** nömrəli ##.##.2021-ci il tarixli qərarı ilə yenidən hesablamanın səbəbi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi (6 il və daha çox işlədiyi üçün) qeyd edilərək, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası (hazırkı məbləğ 884.12 manat) yenidən hesablanma nəticəsində 1705.11 manat müəyyən edilmişdir. Hazırda mübahisələndirilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş Əmək pensiyasının yenidən hesablanması haqqında *-**-*/*-*-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə yenidən hesablamanın səbəbi kimi “6 illik, hüququ ##.##.2012-ci ilə çəkildi” qeyd edilərək, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası (hazırkı məbləğ 2453.86 manat) yenidən hesablanma nəticəsində 2473.49 manat müəyyən edilmişdir. Iddiaçı sözügedən qərarla qismən razılaşsa da, Əmək pensiyaları haqqında Qanununun 37.3.1-ci maddəsi ilə bağlı hesablama hissəsində həmin qərarın ləğv edilməsini və ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının əmək pensiyası yenidən hesablanarkən mövcud qanunvericilik normalarının tələblərinin pozulması ilə aparılmasına istinad edərək iddia tələbini təmin etmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırda mübahisənin yaranma səbəbi “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsi ilə bağlıdır. Cavabdeh öz imtinasında və apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinə əsasən 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilməklə hesablanmalıdır və buna uyğun olaraq da iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: Əmək pensiyaları haqqında Qanun: 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

45. (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə # #### 2006-cı il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). Əmək pensiyaları haqqında Qanununun 45-ci maddəsinə ##.##.2017-ci il tarixli ***- VQD nömrəli Qanunla (##.##.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.” ##.##.2022-ci il tarixli ***-VIQD nömrəli Qanunun (##.##.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə Əmək pensiyaları haqqında Qanununun 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Məhkəmə kollegiyası hazırkı işə baxarkən əvvəla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının **/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı diqqət önünə çəkir. Belə ki, həmin qərardadla mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi təmin edilmişdir. “14. Məhkəmələr iddianın təmin olunmasının əsası kimi ona istinad etmişlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022- ci il 29 iyun tarixədək qüvvədə olmuş ikinci cümləsi yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir, pensiyanın yenidən hesablanmasına şamil olunmur. Pensiyanın yenidən hesablanması adı çəkilən Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Buna görə də, 2022-ci il ## #### tarixdən ləğv edilmiş norma əsasında pensiyanın yenidən hesablanması hüquqi cəhətdən yolverilməzdir, çünki hüquqi normanın tənzimləmədiyi münasibətə ultraaktivliyin tətbiq edilməsi hüququn əsas prinsiplərinə ziddir.

15. Kollegiya qeyd edir ki, sözügedən məsələyə münasibətdə bənzər hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** saylı qərarında, eləcə də çoxsaylı oxşar mübahisələr üzrə çıxarılmış məhkəmə aktlarında əks olunmuşdur.

16. Kollegiya hesab edir ki, sözügedən hüquqi mövqeyə yenidən baxmaq, başqa sözlə, hüququn tətbiqi üzrə təcrübənin vahidliyini təmin edən əvvəlki hüquqi mövqeləri inkişaf etdirən fərqli yanaşmanı tətbiq etmək zərurəti yaranmışdır. ...

31. Nəticədə, keçid müddəaları ##.##.2022-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən təyin edilmiş pensiyaların yenidən hesablanması, eləcə də bu tarixə kimi hüquq qazanmış, lakin ##.##.2022-ci il tarixdən sonra təyinat üçün müraciət edənlərə pensiya təyinatı zamanı tətbiq edilməli, onların pensiyasının məbləği müəyyənləşdirilərkən Qanunun ##.##.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır.

32. Keçid müddəalarının məqsədi vaxtilə aparılmış təyinatların sabitliyini təmin etməyə yönəlib, yəni qeyd edilən qaydada təyinat aparılmış və ya hüququ yaranmış şəxslərə eyni yanaşma ilə (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla) təyinatı nəzərdə tutur. Qanunvericinin iradəsi məhz 45-ci maddənin ikinci cümləsi çıxarılmasına yönəlir, əks yanaşma həmin dəyişikliyi əhəmiyyətsiz edərdi. Odur ki, keçid müddəaları əvvəlki qaydada təyin edilmiş və ya təyin edilməsə də, hüququ yaranmış şəxslərə münasibətdə aparılmış (ilkin) təyinatı və məhz həmin (ilkin) təyinatın yenidən hesablanmasında istisnanı tənzimləyir.” Beləliklə, sözügedən qərardadla vahid məhkəmə təcrübəsi dəyişdirilərək aşağıdakılar qərara alınmışdır:

1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il ## #### tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır.

2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair müəyyən edilmiş yeni hüquqi mövqelər bu Qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu Qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir.

3. Apellyasiya və ya kassasiya məhkəməsinin icraatında olan işlər üzrə əgər şikayət verilmiş məhkəmə aktları qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqelərə uyğun çıxarılmışlarsa, yalnız yeni müəyyən edilmiş hüquqi mövqelərə istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni hüquqi mövqelərə istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərardadın qəbul edildiyi tarixdən sonra birinci instansiya məhkəmələri tərəfindən yekunlaşdırılmış işlər üzrə veriləcək apellyasiya və ya kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının **/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı nəzərə alınaraq hazırkı inzibati iş üzrə qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqeyə uyğun birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar yeni müəyyən edilmiş hüquqi mövqeyə istinadla ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Belə ki, məhkəmələr tərəfindən formalaşmış əvvəlki hüquqi mövqe ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022- ci il 29 iyun tarixədək qüvvədə olmuş ikinci cümləsi yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir, pensiyanın yenidən hesablanmasına şamil olunmur. Pensiyanın yenidən hesablanması adı çəkilən Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Buna görə də, 2022-ci il ## #### tarixdən ləğv edilmiş norma əsasında pensiyanın yenidən hesablanması hüquqi cəhətdən yolverilməzdir, çünki hüquqi normanın tənzimləmədiyi münasibətə ultraaktivliyin tətbiq edilməsi hüququn əsas prinsiplərinə ziddir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli) qəbul etdiyi qərarında qeyd edilirdi ki: “21. Kassator həmçinin bildirir ki, iddiaçıya hazırda 479,35 manat pensiya ödənilir ki, bu da yığılan kapitala mütənasibdir. 22. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli iş üzrə qərarında qeyd edilmişdir: Iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. Iddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz. 23. Məhkəmə kollegiyası oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, iddiaçı xx.xx.2009-cu ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra faktiki olaraq 3 il 9 ay 7 gün (45 ay) işləmişdir. (xx.xx.2009 – xx.xx.2010, xx.xx.2010 – xx.xx.2012, xx.xx.2014 – xx.xx.2016) Sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya təyinolunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı 99 (144 ay-45 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölməklə (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılmaqla) qanuni əmək pensiyanın üzərinə əlavə edilərək və qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilərək ödənilməlidir.” Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin qərarı işə baxılan zamanı mövcud olmuş hüquqi mövqeyə uyğun olduğuna görə dəyişdirilmədən saxlanılmaldır. Inzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli 27 okyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar