Məhkəmə qərarları › İş №2-1(103)-516/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-516/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-516/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin nümayəndəsi X1 iştirakı ilə qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5318/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 01.06.2020-ci il tarixli **********136744 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.09.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin qərarı, 14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddia təmin olunan hissədə ləğv edilib, iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərar verərkən işin faktiki hallarını tam araşdırmadan yanlış nəticəyə gəlmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə etmiş, iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərarın ləğvi hissədə əsaslıdır. İşdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi əlavə hesablanmış vergilər 596.766,41 manat, tətbiq edilmiş maliyyə sanksiyaları 318.512,68 manat təşkil edən iş üzrə çox səthi araşdırma aparmış, icraat və prosessual məsələləri müzakirə edərək, irihəcmli işdə olan çoxsaylı sübutlara hüquqi qiymət verməmiş, hətta iddia ərizəsində iddiaçının 11 bənddə qruplaşdırdığı faktiki halları təsdiq və ya təkzib etmədən, yekun qərar qəbul etmişdir. İPM-in: 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 87.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əhəmiyyətli sayda sübutları araşdırmamaqla ciddi prosessual pozuntulara yol verən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5318/2020 nömrəli iş üzrə 25 sentyabr 2020ci il tarixli qərarı ləğv edilsin, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar