Məhkəmə qərarları › İş №2-1(103)-516/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-516/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-516/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" MTK və "xxxx" MMC) “iddiaçının mənzilə hüququn qeydiyyata alınması və reyestdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-3662/2021 saylı qərarından 3cü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mənzilə hüququn qeydiyyata alınması və reyestdən çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC və "xxxx" MMC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 23 oktyabr 2010-cu il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, 3 otaqlı, 19 nömrəli, 140,6 kv.m sahəsi olan mənzilinə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər kv.m üçün 796,60 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 112.000 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri kimi İddiaçı tərəfindən 23 oktyabr 2010-cu il tarixdə 88.000 manat, 23 noyabr 2010-cu il tarixdə 16.000 manat və 28 dekabr 2010-cu il tarixdə 8.000 manat kassa mədaxil orderləri ilə "xxxx" MMC-nin hesabına ödənilmişdir. Buna dair kassa mədaxil orderləri verilmişdir. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.1-ci bəndinə əsasən podratçı ("xxxx" MMC) Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, 3 otaqlı, 19 nömrəli, 140,6 kv.m sahəsi olan mənzilini tikib sifarişçiyə (İddiaçı) təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq podratçı "xxxx" MMC həmin mənzili tikib sifarişçi İddiaçı təhvil vermişdir, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 529 saylı 19 fevral 2019-cu il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və AR Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Həmin Fərmanın 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının Dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin etsin. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMMC-nin adına Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına sadələşdirilmiş formada yaşayış obyekti kimi icazə verilmiş və həmin bina tikintilərin dövlət reyestrinə daxil edilmişdir. AR Mülki Məcəlləsinin 178.8-ci maddəsinə (tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olmuş redaksiyada) əsasən mənzil, bağ, qaraj kooperativinin və başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “AR Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən AR Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinin və AR Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Pay yığımına hüququ olan şəxslər mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Göstərilənlərə əsasən "xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 16 may 2015-ci il tarixdə bağlanmış "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi İ saylı çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, 3 otaqlı, 19 nömrəşli, 140,6 kv.m sahəsi olan mənzilinə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını – mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ yaranmışdır. Belə ki, AR Mülki Məcəlləsinin 139.1- ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakindakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqas ina keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göstərilənlərə əsasən, podratçı "xxxx" MMC ilə sifarişçi İddiaçı arasında 16 may 2015-ci il tarixdə bağlanmış "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi İ saylı çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, 3 otaqlı, 19 nömrəli, 140,6 кv.m sahəsi olan mənzilinə müqavilədə göstərilən pay haqqını – mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində onun sahiblik və istifadə hüququ yaranmışdır. Odur ki, həmin mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Bununla əlaqədar iddiaçı həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət emişdir. Lakin cavabdeh hərəkətsizlik edərək həmin mənzilin qeydə alınması və müvafiq reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Çoxmənzilli binaların istismarına icazə verilməsini müəyyən edən qanunvericilik aktlarında, o cümlədən istismarı məhz onun əsasında həyata keçirilmiş “Bəzi çoxmənzilli binaların istismarına icazə yerilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 529 saylı 19 fevral 2019-cıı il tarixli Fərmanında hər bir mənzilin fərdi qaydada istismarına, o cümlədən mənzil sahibinin adına istismarına icazənin alınması nəzərdə tutulmamışdır. Binanın istismarına hər bir mənzil üzrə fərdi qaydada deyil, bütövlükdə bina üzrə verilir. Cavabdeh DƏDRX etirazında bildirilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ərizə ilə 13 noyabr 2020-ci il tarixdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir. Həmçinin aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı 9 dekabr 2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Vətəndaşın İdarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa 29 dekabr 2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı ŞİH başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin AR Nazirlər Kabineti və AR Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-3662/2021 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 3 otaqlı, sahəsi 140,6 kv.m olan 19 nömrəli mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717 məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binası bütünlükdə "xxxx" MTK-ya məxsusdur və iddiaçının podratçı "xxxx" MMC ilə mübahisəli mənzilə dair bağlanılmış müqaviləsi tam əhəmiyyətsizdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru kimi imza edən Çingiz Məmmədov olmuş, hansı ki, "xxxx" MMC-yə heç bir aidiyyəti olmamışdır. Bundan başqa, şikayətə əlavə olunmuş müqavilədən görünür ki, 05 mart 2006-cı il tarixdə "xxxx" MTK (sifarişçi) ilə "xxxx" MMC arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Həmin müqavilədə birmənalı göstərilir ki, mənzillərin satılması müqavilələri MTK tərəfindən bağlanmalıdır. Lakin məhkəmə "xxxx" MMC-nin də mənzillərin satılması hüququna malik olduğu nəticəsinə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" MMC ilə İddiaçı arasında 23 oktyabr 2010-cu il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 3 otaqlı, 19 nömrəli, 140,6 kv.m sahəsi olan mənzili tikilib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdələrinə götürmüşlər. "xxxx" MMC-nin “maliyyə arayışı”nda bildirilmişdir ki, İddiaçı "xxxx" MMC-dən 23 oktyabr 2010-cu il tarixli müqavilə ilə Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində yerləşən 140,6 kv.m sahəsi olan 19 saylı mənzilə görə müəssisəyə 112.000 manat pul ödəmişdir. Onun 23 oktyabr 2010-cu il tarixli müqavilə üzrə borcu qalmamışdır. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir. 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - MTK-nın binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubuna baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquqmüəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti AR Mənzil Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X1 Baş İdarəsinin "xxxx" MMMC-yə ünvanlanmış 28 avqust 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - "xxxx" MMMC-nin müraciəti əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində "xxxx" MMC əvəzinə "xxxx" MTK oxunmalıdır. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "xxxx" MTK-ya ünvanlanmış xx/xx- 3630 nömrəli 9 sentyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış anoloji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X1 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli xx/xx-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə "xxxx" MTK oxunmalı olduğu bildirilmişdir. 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı baarədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020-ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(103)-965/2019 saylı cinayət işi üzrə 23 iyul 2019-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" MMC-nin təsisçisinin və rəhbərinin AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət mühakimə icraatına İddiaçı zərərçəkmiş qismində cəlb edilmiş və iş üzrə 23 oktyabr 2010cu il tarixli ("xxxx" MMC ilə İddiaçı arasında bağlanmış) müqavilə nəzərə alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTK-ya qarşı iddiası qismən təmin edilərək, ünvan 3dəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanıllan “ünvan 3də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyriyaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınmış, "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin” hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 2-2(102)-158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 3 ünvanındakı İddiaçı üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmişdir. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə İddiaçı arasındakı 23 oktyabr 2010-cu il tarixli müqavilə üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır (qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır). Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(103)-965/2019 saylı cinayət işi üzrə 23 iyul 2019-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" MMC-nin təsisçisinin və rəhbərinin AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət mühakimə icraatına hazırkı İddiaçı da cəlb olunmuş və hazırkı iş üzrə iddiaçının hüquq müəyyənedici sənədi kimi təqdim edilən 23 oktyabr 2010- cu il tarixli ("xxxx" MMC ilə İddiaçı arasında bağlanmış) müqavilə sözügedən icraatın araşdırma predmeti olmaqla, həmin hissədə İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı müqavilənin qanuniliyi və mötəbərliyi tanınmışdır. Göründüyü kimi, "xxxx" MMC ilə İddiaçı arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 23 oktyabr 2010-cu il tarixdə bağlanmış müqavilə həmçinin hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilməli, İddiaçı 23 oktyabr 2010-cu il tarixli müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, AR Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 8-ci maddəsinə həmin hüquq qeydiyyat alınmalıdır. Birinci instansiyası məhkəməsi qərarında iddianı təmin edərək qeyd etmişdir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Bu səbəbdən “tikinti obyektinin istismarına icazənin verilməsi” sənədində həmin xüsusat inzibati orqanın imtinası üzrə əsas kimi formal xarakterlidir. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlkət reyestrində qeydiyyata alınmasından imtinası qanuni qiymətləndirilmir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal hesab edilir. Üçüncü şəxs apellyasiya şikayətin əsası kimi "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. Ona görə də İddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası üçüncü şəxsin həmin dəlilini əsası hesab etmir və qeyd edir ki, üçüncü şəxsin özünün də istinad etdiyi - "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında bağlanmış 2006-cı il 5 mart tarixli müştərək fəaliyyət müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisini 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və ya satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14cü bənd isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırkı halda, iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 3 otaqlı, 19 nömrəli, 140,6 kv.m sahəsi olan mənzili tikilib İddiaçı təhvil verməyi, sonuncu isə tikilən mənzili qəbul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 3 otaqlı, 19 nömrəli, 140,6 kv.m sahəsi olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası 3-cü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-3662/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, 3-cü şəxsin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 3-cü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-3662/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar