Məhkəmə qərarları › İş №2-1(103)-5162/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5162/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5162/2025 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsal Birliyinin Cavabdehnə qarşı (üçüncü şəxs X2) “sərəncamın etibarsızlığının tanınması”″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9267/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsal Birliyi cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında, 1205 və 1369 saylı neft-qaz quyusunun mühafizə zonasında, 39 T 392605, ******* coğrafi koordinatlarda yerləşən 0,06 ha-dan ibarət bir hissəsinin məqsədi təyinatı nəzərə alınmadan fərdi yaşayış evinin tikilməsi məqsədləri üçün ayrılması barədə Cavabdeh xx.xx.2000-ci il tarixli, 155 nömrəli sərəncamın etibarsızlığının tanınması barədə qərarın qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi 2-1(112)-9267/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə X2 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 39 T 392605; ******* coğrafi koordinatlarda yerləşən 0,06 ha-dan ibarət bir hissəsi Cavabdeh xx.xx.2000-ci il tarixli, 155 nömrəli sərəncamı ilə məqsədli təyinatı nəzərə alınmadan fərdi yaşayış evinin tikilməsi məqsədləri üçün ayrılmışdır. Həmin torpaq sahəsi 59 və 46 m məsafədə müvafiq olaraq 1205 və 1369 nömrəli neft-qaz quyularının mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9267/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisa predmeti olan Qaradağ rayon icra Hakimiyyetinin 07 022000-ci il tarixli 155 nömrəli sərəncamı hal-hazıra qədər "Azneft" İB-yə verilməmişdir va yalnız belə qərarın mövcudluğu "Azneft" İB tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə "Məlumatların təqdim edilməsi barədə" müraciətindan sonra məlum olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər. Qanunverciliyin tələbləri baxımından məhkəmə kolleqiyası iclası cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı ″sərəncamın etibarsızlığının tanınması″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Hazırki işin hallarından görünür ki, iddiaçı Cavabdeh 155 saylı, 07.02. 2000-ci il tarixli sərəncamının etibarsız hesab edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, həmin sərəncama əsasən ünvan 1 ünvanında, 39 T 392605; ******* coğrafi koordinatlarda yerləşən 0,06 ha-dan ibarət bir hissəsi Cavabdeh xx.xx.2000-ci il tarixli, 155 nömrəli sərəncamı ilə məqsədli təyinatı nəzərə alınmadan fərdi yaşayış evinin tikilməsi məqsədləri üçün X1 ayrılmışdır. İddiaçı isə hazırda həmin sərəncam ilə ayrılan torpaq sahəsinin “SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrıldığını iddia etmiş və buna görə də həmin inzibati aktı mübahisələndirmişdir. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Göründüyü kimi iddiaçının mübahisə açdığı inzibati akt müvafiq olaraq 2000-ci ildə verilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. Kollegiya qeyd edir ki, hazırkı işdən iddiaçının qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianı mümkün saymamışdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9267/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9267/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar