Məhkəmə qərarları › İş №2-1(103)-5166/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5166/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5166/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5024/2025 nömrəli, 08 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 24737/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-24254/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-23606/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-155674/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-187124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 21-2-3/2-203144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-203111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-274213/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) e-2-1(112)-5024/2025 nömrəli, 08 sentyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-187124/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-203144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-203111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-274213/2024 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, Bakı İnzibati Məhkəməsinin qərarı 08 oktyabr 2005-ci il tarixdə cavabdeh vergi orqanına daxil olmuşdur. 06 noyabr 2025-ci il tarixində hazırlanan apellyasiya şikayəti elektron sistemə yerləşdirən zaman faylların yüklənməsində xəta baş vermiş və apellyasiya şikayəti sistemə yerləşdirilə bilməmişdir. Həmin gün apellyasiya şikayəti özəl poçt vasitəsi ilə məhkəməyə çatdırılması üçün verilmişdir. 07 noyabr 2025-ci il tarixdə isə apellyasiya şikayəti elektron sistemə yerləşdirilmişdir. Baş verən xəta lokal xarakterli olmuşdur. Bu, asan imza üzrə yaranan problem olmuşdur. Həmin vaxt imzada xəta baş vermiş və yüklənmə həyata keçirilə bilməmişdir. Yəni bu, vergi orqanının ümumi problemi olmamışdır ki, bununla bağlı hər hansı əlavə arayış və ya sənəd tərtib edilsin. Göstərilənlərə əsasən apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5024/2025 nömrəli, 08 sentyabr 2025-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci ildə rəsmi qaydada alınmışdır. Apellyasiya şikayəti isə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) cavabdeh tərəfindən buraxılmışdır (01 gün). Cavabdeh tərəfindən məhkəməyə "xxxx" MMC-yə məxsus olan poçt qaiməsinin surəti təqdim edilərək apellyasiya şikayətinin poçta xx.xx.2025-ci il tarixdə verildiyi bildirilir. Lakin həmin qaimədən görünür ki, poçta verilmə xx.xx.2025-ci il tarix göstərilsə də, Bakı İnzibati Məhkəməyə çatdırılma xx.xx.2026-cı il tarix göstərilmişdir. Göründüyü kimi, həmin poçt qaiməsinə əsasən çatdırılma 2 ayın tamamında həyata keçirilmişdir. Halbuki qeyd olunan kuryer xidməti sürətli çatdırılma xidmətidir və qaimədə sənədin 72 saat müddətində çatdırılması qeyd olunur. Həmçinin cavabdeh apellyasiya şikayətini poçt vasitəsi ilə göndərərkən bunun səbəblərini (elektron imzanın işləməməsi, elektron sistemdə baş verən digər xəta və s.) məhz həmin tarixdə müvafiq məktubla məhkəməyə bildirməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həm xx.xx.2025-ci il tarixdə, həm də qərarın rəsmi alındığı tarixdən 30 gün ərzində cavabdehin apellyasiya şikayətini birbaşa məhkəmənin dəftərxanasına təqdim etmək imkanı da mövcud olmuşdur. xx.xx.2026-cı il tarixdən sonra isə cavabdeh inzibati orqan elektron kabinet vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə üzərində «06 yanvar 2026-cı il» tarix göstərilməklə apellyasiya şikayətini təkrar təqdim etmişdir. Qeyd edilənlər isə cavabdeh tərəfindən apellyasiya şikayətinin xx.xx.2025-ci ildə poçta təqdim edilməsinin açıq-aşkar həqiqətə uyğun olmadığını göstərir və bu, gələcəkdə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürüldüyü hallarda müddətin ötürülməməsinin sübut edilməsi istiqamətində sui-istifadələrə gətirib çıxara bilər. Cavabdeh inzibati orqan bunu apellyasiya şikayətinin elektron sistemə yerləşdirilməsi zamanı baş vermiş xəta ilə izah etməyə çalışsa da, həm şikayət elektron sistemə yerləşdirilən zaman, həm də qərarın rəsmi alındığı tarixdən 30 gün ərzində elektron sistemdə hər hansı problemin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Halbuki işdən görünür ki, hazırki iş üzrə məhkəmə icraatı elektron qaydada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılmış və cavabdeh tərəfindən bütün yazışmalar elektron kabinet vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh elektron sistemdə baş vermiş xəta ilə əlaqədar qərardan apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə müvafiq ərizə və sübutların məhkəməyə təqdim etməmiş, əksinə belə bir qaimənin təqdim edilməsi ilə apellyasiya şikayətinin mümkün sayılmasına nail olmağa çalışmışdır. Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilsə də, cavabdeh tərəfindən ərizə və müddətin üzrlü səbəblərdən buraxılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Analoji hal üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1566/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında (müddətin ötürülməsinə görə apellyasiya şikayətinin mümkün sayılmaması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) qeyd olunur: 8. … kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə, müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzürlü səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiya şikayətinin mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-3657/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-2151/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-2359/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)- 1737/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-1506/2024 nömrəli qərardadları; xx.xx.2024-cü il tarixli 2-1(102)-2187/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)- 1170/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-1167/2024 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-2463/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-1617/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-524/2023 nömrəli qərarları). 9. Nəzərə alınmalıdır ki, prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5024/2025 nömrəli, 08 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar