Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-517/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1969-cu il tarixində Ermənistan Respublikasının Sisian rayonunun Şəki kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası X3 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5420/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən, 7 nömrəli mənzilin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X2 1989-cu ildən 2 nömrəli Şərab zavodunda fəhlə işləmişdir. 2 nömrəli Şərab zavodunda fəhlə işlədiyi dövrdə iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Həyat yoldaşı T.Səfərov iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra 2 nömrəli Şərab zavodunun müdiriyyəti və Həmkarlar Komitəsinin xx.xx.1993-cü il tarixli, 36 nömrəli protokol və xx.xx.1994-cü il tarixli 32 nömrəli protokol qərarı ilə zavodun Bakı şəhəri, Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsi 12 nömrəli binasında 17,0 kvm. olan 1 otaqlı yaşayış sahəsindən ibarət 7 nömrəli mənzil növbəsindən çıxarılmaqla 3 nəfər ailə tərkibi ilə (o, qızı Yeganə və oğlu Seymur) ona verilmişdir. Onun adına ünvan 2, 7 nömrəli mənzilə dair order verilməsindən imtina edildiyindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı kirayə müqaviləsinin bağlanmasına dair iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 2266/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 1 otaqlı, yaşayış sahəsi 16,59 kv.m. olan 7 nömrəli mənzilə dair onun ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2266/2019 saylı qərarının icrası olaraq Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 77 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 1 otaqlı, yaşayış sahəsi 16,59 kv.m. olan 7 nömrəli mənzilə dair mənzil-kirayə müqaviləsi onun adına sənədləşdirilmiş və o, mənzilin kirayəçisi hesab edilmişdir. Bundan sonra o, həmin mənzilin adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə müraciət etsə də İdarə xx.xx.2020-ci il tarixli, **********64 nömrəli məktubu ilə müraciətinin icrasından imtina etmişdir. İmtinaya əsas kimi 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilməsi qeyd edilmişdir. Cavabdeh orqanın imtina məktubu əsassızdır, onun hüquqları bərpa olunmalıdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5420/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5420/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 3, 7 nömrəli mənzilə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 77 saylı sərəncamının xx.xx.2020-ci il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Belə ki, 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir və mənzildə məcburi köçkünlər müvəqqəti məskunlaşmışdır. Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 2-1(112)-5420/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qayadada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əsasən: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Ermənistan, Sisian rayonu, Şəki kəndində doğulmuşdur. - İİİ-ЖГ saylı, xx.xx.1989-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1989-cu il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2266/2019 №-li, xx.xx.2019-cu il tarixli qanuni qüvvəsini almış qərarından (hakim A.Abdullayeva) görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş və ünvan 3 ünvanında yerləşən, 1 otaqlı, sahəsi 16.59 kv.m. olan 7 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Nərimanov rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 77 №-li, xx.xx.2020-ci il tarixli məhkəmə qərarının icra edilməsi barədə sərəncamından görünür ki, İddiaçı həyat yoldaşı - X1 1989-cu ildən 2 №-li Şərab zavodunda fəhlə işləmiş, iş yeri üzrə mənzil növbəsinə götürülmüş, iş vaxtı bədbəxt hadisə nəticəsində vəfat etmişdir. 2 №-li Şərab zavodunun müdiriyyəti və Həmkarlar Komitəsinin birgə iclasının xx.xx.1993-cü il tarixli (Protokol № 36) və xx.xx.1994-cü il tarixli (protokol № 32) Qərarı ilə zavodun Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsi 12 №-li binasında 1 otaqlı, yaşayış sahəsi 17,0 kv.m. olan 7 №-li mənzili mənzil növbəsindən çıxarılmaqla 3 nəfər ailə tərkibi ilə (özü, oğlu Seymur, qızı Yeganə) İddiaçı verilmişdir. İddiaçı adına sözügedən mənzilə dair yaşayış orderinin verilməsi barədə müvafiq qurumlardan hər hansı bir müraciət daxil olmadığından onun adına orderin verilməsi rəsmiləşdirilməmişdir və onun bu barədə ərizəsinə tərəflərindən imtina məktubu verilmişdir. Bu məsələ ilə əlaqədar İddiaçı məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırki Bakı İnzibati Məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(81)-2266/2019 №-li iş üzrə qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanda yerləşən 1 otaqlı, yaşayış sahəsi 16,59 kv.m. olan 7 №-li mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Nərimanov RİH-ə həvalə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qərarının icrası təmin edilmiş, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsi, ev № 12 ünvanda yerləşən 1 otaqlı, yaşayış sahəsi 16,59 kv.m. olan 7 №-li mənzilə dair mənzil-kirayə müqaviləsi İddiaçı adına sənədləşdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. - Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********64 №-li məktubundan görünür ki, aparılan araşdırma zamanı vətəndaş İddiaçı qeyd olunan mənzilə dair Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 77 saylı sərəncamın xx.xx.2020-ci il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli daşınmaz əmlak Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 77 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı əsasında İddiaçı ayrılsa da, həmin mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd kimi daha əvvəllər xx.xx.1993-cü il tarixli (Protokol № 36) və xx.xx.1994-cü il tarixli (protokol № 32) qərarı mövcud olmuş, iddiaçının mübahisəli mənzil üzrə hüquqları 1993-cü ildən yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, onun barəsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli, mübahisəli mənzilə dair iddiaçının adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmalı və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq mənzilə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh qeyd edilən halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikası X3 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5420/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-517/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-517/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver