Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-517/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62 yaşı tamam olduğu 15 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1959-cu il tarixdə doğulmuşdur, 2010cu ildən ikinci qrup əlilliyə görə əmək pensiyası almış, 31 yanvar 2021-ci il tarixdə əlillik müddəti bitmişdir. O, 10 yanvar 1977-ci il tarixdən 15 sentyabr 1994-cü il tarixədək X13, 16 sentyabr 1994-cü il tarixdən 1 iyul 1997-ci il tarixədək Şəki İpək Şirkətinin 1 nömrəli filialında, 30 sentyabr 1997-ci il tarixdən 3 iyun 2003-cü il tarixədək isə Şəki Uşaq xəstəxanasının poliklinika şöbəsində işləmişdir. Həmçinin 13 mart 1989-cu il və 14 iyun 1991-ci il tarixlərdə övladları doğulmuş, bu səbəbdən 1989-1994-cü illərdə analıq məzuniyyətində olmuşdur. 15 mart 2021-ci il tarixdə 62 yaşı tamam olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən əmək pensiyası təyini üçün tələb olunan sənədlərlə Şəki Regional “Asan Xidmət Mərkəzi” vasitəsilə DSMF 15 saylt Regional Ərazi Filialına muraciət etmişdir. Lakin Filial onun xx.xx.2021-ci il tarixdə daxil olmuş müraciətinə 17 may 2021-ci il tarixli məktub göndəərək ona əmək pensiyası təyinatının mümkün olmadığı bildirilmişdir. Əmək pensiyası təyin edlməsinin mümkün olmaması səbəbi kimi 25 il iş stajının və 28.800 manat pensiya kapitalımın olmaması qeyd olunmuşdur. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, əmək kitabçasına əsasən onun 26 il 1 ay 24 gün iş stajı vardır. Ona əmək pensiyası təyınatı üçün 25 il kifayət edir. Lakin imtina məktubunda əmək kİtabçasına əsasən deyil, əmək haqqı arayışına əsasən sosial sığorta stajının hesablanmalı olduğu bildirilmiş, normativ-hüquqi aktlar düzgün tətbiq edilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddia əsassızdır və və təmin edilməməlidir. İddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X5 Regional “Asan Xidmət” Mərkəzindən 27 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Təqdim olunan 15 mart 1978-ci il tarixdə tərtib edilmiş MT-İ Ns0289335 saylı əmək kitabçasının surətinə əsasən iddiaçının sıqorta stajı 20 il 11 ay olmaqla tələb olunan nüddətdən (25 ildən) azdır. Eyni zamanda 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, X11 Filialının 1 aprel 2021-ci il tarixli 264 nömrəli məktubuna əsasən X12 işçi və qulluqçuların əmrlər kitabı və əmək haqqı cədvəlləri X8 təhvil verilmədiyindən, 1 yanvar 1992-ciil tarixdən 15 sentyabr 1994-cü il tarixədək olan dövrə aid əmək fəaliyyətininin araşdırılması mümkün olmamış və sığorta stajına daxil edilməmişdir. Eyni zamanda Şəki Rayon Mərkəzi Xəstəxanasınm 17 aprel 2021-ci il tarixli 144 saylı əmək haqqı arayışından göründüyü kimi, 1 yanvar 1997-ci il tarixdən 1 iyul 1997-ci il tarixədək, 1999-cu və 2001-ci İ ərzində əmək haqqı ödənilmədiyindən, həmin dövrlərin sığorta stajına daxil edilməsi nümkün deyil. İddiaçıya 15 mart 2021-ci il tarixdən yaşa görə müavinət təyin olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 15 mart 2021-ci il tarixdən (62 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Belə ki, X12 işçi və qulluqçuların əmrlər kitabı və əməkhaqqı cədvəlləri X8 təhvil verilmədiyindən xx.xx.1992xx.xx.1994-cü il dövrlərinə aid əmək fəaliyyətininin araşdırılması mümkün olmamış və sığorta stajına daxil edilməmişdir. Eyni zamanda Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli №144 saylı əmək haqqı arayışından göründüyü kimi xx.xx.1997xx.xx.1997-ci il, 1999-cu il və 2001-ci il ərzində əmək haqqı ödənilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün deyil. Çünki, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İs materiallarına əsasən, X12 işçi və qulluqçuların əmrlər kitabı və əməkhaqqı cədvəlləri X9 təhvil verilmədiyinə görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib- işləmədiyini, əməkhaqqı alıb-almadıqını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Əzizli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (No 0******* Şəki ŞRPŞ xx.xx.2010) surətinə əsasən xx.xx.1959-cu il tarixində doğulmuş iddiaçının xx.xx.2019-cu il tarixində 60 yaşı tamam olur. Həmin tarixdə pensiya Qanunun qeyd olunan 7-ci maddəsinin qeydi baxımından qadınlar üçün pensiya yaş həddi 61 yaş təşkil edirdi. Belə olan halda, iddiaçı pensiya yaş həddinə xx.xx.2021 ci il tarixində, yəni 62 yaş həddinə çatımış olur. İddiaçının Qanunun qeyd olunan 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajının mövcudluğu da iş materiallarına əsasən öz təsdiqini tapır. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, onun X13 xx.xx.1992-xx.xx.1994 və cü illərdə işələdiyi dövrün əmrlər kitabı və əmək haqqı cədvəlləri X8 təhvil verilmədiyi, xx.xx.1997-xx.xx.1997-ci il, 1999-cu və 2001-ci illərdə isə Şəki Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrün əmək haqqı ödənilmədiyi əsas tutularaq, sığorta stajına daxil edilməsi mümkünsüz hesab edilir. Məhkəmə kollegiyası qeyd olunan əsaslarla iddiaçının ümumi sığorta stajının 25 ildən az olmasını əsaslandıran dəlilləri ilə razılaşmır Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının işlədiyi vaxt qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulurdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixədək qüvvədə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: -əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); -iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir (b.3). Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, 2006-cı ilədək iş stajı əmək kitabçasına əsasən, əmək kitabçası olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışına əsasən hesablana blər. Birincisi, iddiaçının iş materiallarına əlavə olunmuş 15 mart 1978-ci il tarixdə doldurulmasına başlanılmış ******* saylı əmək kitabçasının surətindən görünür ki, onun aşağıdakı kimi iş stajı vardır: xx.xx.1977-xx.xx.1994-ci illərdə X13 tikişçi şagirdi və tikişçi (17 il 8 ay 5 gün) ; xx.xx.1994 – xx.xx.1997-ci illərdə Şəki İpək Şirkətinin 1 nömrəli filialında xadimə ( 2 il 9 ay 15 gün ); xx.xx.1997-xx.xx.2003-cü illərdə Şəki Uşaq xəstəxanasının poliklinika şöbəsində sanitar (5 il 6 ay 3 gün) - işləmişdir ki, həmin müddətlər toplandıqda iddiaçının 25 il 3 ay 23 gün iş stajı yaranır. Əmək kitabçasının sözügedən qeydlərində iddiaçının işə qəbul tarixi, işlədiyi müəssisənin adı, əmrin nömərisi və tarixi, işdən azad olunması kimi məlumatlar kadrlar üzrə inspektorun imzası və müəssisənin möhürü ilə təsdiq olunmuş, həmin qeydlərdə qaralama və pozuntular mövcud deyil, vərəqin tamlığı pozulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Digər tərəfdən, işə əlavə olunmuş "xxxx" ASC-nin 16 iyun 2021-ci il tarixli 4 saylı arayşından görünür ki, tikişçi X4 “X15”nin 8 fevral 1989-cu il tarixli 20 saylı əmri ilə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 181-ci maddəsinə əsasən 4 fevral 1989cu il tarixdən 11 dekabr 1989-cu il tarixədək qismən ödənilən analıq məzuniyyətinə buraxılmış, 20 sentyabr 1990-cı il tarixli 104 nömrəli əmri ilə qismən ödənilən analıq məzuniyyəti birdiyi üçün 13 sentyabr 1990-cı il tarixdən 1 mart 1992-ci il tarixədək öz hesabına analıq məzuniyyətinə buraxılmış, 18 dekabr 1992-ci il tarixli 205 nömrəli əmri ilə qismən ödənilən analıq məzuniyyəti bitdiyi üçün 14 dekabr 1992-ci il tarixdən 14 iyun 1994-cü il tarixədək öz hesabına analıq məzuniyyətində olmuşdur. Lakin cavabdehin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının eyni müəssisədə 17 il çalışdığı dövrün yalnız son iki ilini: 92-94-cü illərdə analıq məzuniyyət dövrünü sığorta stajı kimi nəzərə alınmasından imtina edir. Halbuki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 185-ci maddəsi nəzərədə tuturdu ki, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Eyni zamanda, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajjına hesablanır. Eyni zamanda, “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanlanmış 8 iyul 2022-ci il tarixli məktubundan görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanasında 1997-ci ilin oktyabr ayından 2003-cü ilin iyun ayınadək əmək haqqı almışdır. Cavabdehin apellyasiya şikayətinin mübahisələndirilən dövrlərin məcburi dövlət sığorta haqlarının ödənilmədiyinə istinad olunan dəlilləri ilə əlaqədar isə qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1992xx.xx.1994 və xx.xx.1997-xx.xx.1997-ci il, 1999-cu və 2001-ci illər üzrə eyni istehsal müəsisəsində (X13) işlədiyi dövrün müəssisənin əmrlər kitabı və əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi səbəbi ilə cavabdeh tərəfindən sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin qeyd olunan tələbləri baxımından qanuna zidd olduğu öz təsdiqini tapır. Bununla da onun apellyasiya şikayətinin iddiaçının sığorta stajının 25 ildən az olduğunu mübahisələndirilən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina etməklə cavabdeh onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən hüququn tətbiqində səhvə yol verildiyini və düzgün olmayan qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2877/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-517/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-517/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver