Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-517/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxslər X2, X4 və X6, Üçüncü şəxs X10 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər qismində X11, X15, X22, X16, X17, X5, X3, X25, X18, X26, X19 cəlb edilməklə) “fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5857/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iş üzrə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “X11, X15, X22, X16, X17, X5, X3, X25, X18, X26, X7 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən X11, X15, X22, X16, X17, X5, X3, X25, X18, X26, X12 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5857/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Həmin qərardan iş üzrə üçüncü şəxslər X17, X19, X16, X15 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əliyar Əliyev 3A ünvanında bir neçə fərdi yaşayış evləri vardır. Yəni bu iş üzrə iddiaçının mülkiyyətində olan Əliyar Əliyev küçəsi ЗА ünvanlı yaşayış evinə onların heç bir aidiyyətləri yoxdur. Onların yaşadıqları Əliyar Əliyev küçəsi ЗА ünvanlı fərdi yaşayış evi keçən əsrdən mövcud olub böyüklərindən qalan evdir. Eyni ünvanlı yaşayış evlərinin bir neçə olması onların günahı deyil. Həmin qərardan iş üzrə üçüncü şəxslər X11, X22 və X5 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxslərin məhkəmə prosesindən ümumiyyətlə məlumatları olmamışdır. Poçt və ya telefon vasitəsilə onlara hər hansı bildiriş təqdim edilməmişdir. X20 şəxsiyyət vəsiqəsini dəyişmək üçün müraciət etdikdə şəxsiyyət vəsiqələrinin deaktiv olduğunu öyrənmişlər. Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 3A saylı evdə üçüncü şəxs Zaur Fərəcov ailəsi ilə birlikdə yaşayır. Evdə onlardan başqa heç kim yaşamır. Belə məlum olur ki, DƏDRX-dən hazırkı iddiaçıya çıxarış verilməsi ilə ünvanlar üst-üstə düşmüşdür. Lakin, bu problemin yaranması nəticəsində vətəndaşların hüquqlarının pozulmasına yol verilməməlidir. Üçüncü şəxs X10 Nərimanov Rayon Məhkəməsinin 2- 2940/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 3 A saylı evə istifadə hüququ tanınmışdır. Qətnamədə qeyd edilir ki, iddiaçı həmin evdən 1977-ci ildən daimi və fasiləsiz olaraq vicdanla istifadə edir və kommunal xidmət haqlarını mütəmadi olaraq ödəyir. Qeyd etmək zəruridir ki, Zaur Fərəcov müharibə veteranıdır, Qarabağ müharibəsində iştirak etmişdir və hazırda cəbhə bölgəsində hərbi əməliyyatlarda iştirak edir. Üçüncü şəxs Hafızat Fərəcova 1973-cü ildən mübahisəli evdə yaşayır və qeydiyyata alınmışdır, üçüncü şəxs Zaur Fərəcovun anasıdır. Həmin qətnamə əsasında Zaur Fərəcov fərdi yaşayış evinə pasport qeydiyyatına alınmışdır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı Şəbnəm Fərəcova da həmin evə köçmüşdür və qeydiyyata alınmışdır. Övladları doğulduqdan sonra onlar da həmin mənzilə qeydiyyata alınmışlar. Mənzil ilə bağlı 55 saylı MKİS-nə məhkəmə tərəfindən sorğu verilsəydi, üçüncü şəxslərin qeydiyyata alındıqları tarix müəyyən olunardı. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X5, X11 və X15 tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 vəkili Vəkil üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını və üçüncü şəxsləri dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “X11, X15, X22, X16, X17, X5, X3, X25, X18, X26, X12 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və üçüncü şəxslərin fərdi yaşayış evləri faktiki olaraq fərqli olsa da, müxtəlif evlərə eyni ünvan verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1 nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğuna görə mülkiyyətçi ona məxsus evdə qeydiyyatda olan, lakin faktiki olaraq həmin evdə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Sözügedən fərdi yaşayış evində qeydiyyatda olan şəxslər həmin evdə yaşamadıqlarından, eləcə də onların həmin evə dair istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmamaları qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına əsasən, X11 (xx.xx.1986-cı il təvəllüdlü), X15 (xx.xx.1984-cü il təvəllüdlü), X22 (xx.xx.1977-ci il təvəllüdlü), X16 (xx.xx.1981-ci il təvəllüdlü), X17 (xx.xx.1960-cı il təvəllüdlü), X5 (xx.xx.1952-ci il təvəllüdlü), X3 (xx.xx.1957-ci il təvəllüdlü), X25 (xx.xx.2006-cı il təvəllüdlü), X18 (xx.xx.2016-cı il təvəllüdlü), X26 (xx.xx.2009-cu il təvəllüdlü), X19 (xx.xx.1980-ci il təvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadırlar. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 1 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri Nərimanov rayon İH Nərimanov rayon Kommunal Təsərrüfatı Birliyinin 55 saylı MKİS tərəfindən verilən 11 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ə.Əliyev küçəsi 3A ünvanında ayrı-ayrı şəxslərin istifadəsində olan fərdi evlər vardır. Belə ki, eyni ünvanı olan evlərdən biri X1, digəri isə X14 aiddir. -Bakı şəhəri Nərimanov rayon İH Nərimanov rayon Kommunal Təsərrüfat Birliyinin 30 saylı MKİS tərəfindən verilən 11 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ə.Əliyev küçəsi 3A ünvanı 30 saylı MKİS-in ərazisində iki evdən ibarətdir. 1-ci Ə.Əliyev 3A ünvanı şəxsi ev kimi (çıxarışlı) İddiaçı məxsusdur. 2-ci Ə.Əliyev 3A ünvanı özbaşına tikili ev kimi X13 aiddir. Göstərilən iki ünvanın bir-birinə heç bir aidiyyatı yoxdur. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən X10 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 3 “A” saylı evə istifadə hüququ tanınmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ə.Əliyev küçəsi 3A ünvanı hazırkı iş üzrə iddiaçı da daxil olmaqla ayr-ayrı şəxslər (üçüncü şəxslər) olmaqla, ümumilikdə dörd şəxsə məxsus əmlaka verilmişdir. Göründüyü kimi, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, hər biri özlərinə məxsus olan, fərdi yaşayış evlərində (özbaşına tikililərdə) qeydiyyatdadırlar. Belə olan halda, həmin şəxslərə münasibətdə iddiaçı iddia tələbində haqlı hesab edilə bilməz. İşin faktiki hallarını hərtərəfli araşdıran və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir...” Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Beləliklə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Eyni xarakterli iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Məhkəmə kollegiyası üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də səhv nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, ünvan 1 ünvanında yerləşən və üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evləri dövlət reyestrində qeydiyyatdan keçməmiş evlərdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən üçüncü şəxslərdən birinin (X22) yaşadığı evə (həmin ünvan altında) istifadə hüququ tanınmışdır. Göründüyü kimi üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, özlərinə aid (faktiki sahibliklərində) olan yaşayış evlərində qeydiyyatdadırlar və orada da yaşayırlar. Belə olan halda, həmin şəxslərə münasibətdə iddiaçı iddia tələbində haqlı hesab edilə bilməz. Eyni ünvan göstəricisinə malik iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, eləcə də üçüncü şəxslərə aid dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlakların olması iddiaçının eyni ünvan, lakin müxtəlif yerlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxslərin apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X17, X19, X16, X6 apellyasiya şikayəti təmin edilsin. Üçüncü şəxslər X11, X22 və X2 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5857/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-517/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-517/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver