Məhkəmə qərarları › İş №2-1(103)-5170/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5170/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5170/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “əlavə ödəmələrin hesablanması” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” məsələsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-711/2014 nömrəli, 24 oktyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-711/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 27 saylı evin sahəsi 140.0 kv.m olan mənzili, sahəsi 212.4 kv.m olan və 32.0 kv.m olan qeyri-yaşayış sahəsinin cəmi 463.650 manat məbləği dəyərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (463.650=20%=92.730), habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4-cü maddəsinə əsasən 10% (463.650=10%=46.365) miqdarında əlavə haqqın - cəmi 139.095 (92.730+46.365=139.095) manat miqdarında əlavə ödəmələrin hesablanması Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-711/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı xx.xx.2014-cü il tarixdə icra olunması üçün cavabdehə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1664/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-711/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qərarından cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-711/2014 saylı xx.xx.2014-cü il tarixli qərarının məcburi icraya yönəldilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 711/2014 saylı xx.xx.2014-cü il tarixli qərarının icrası ilə bağlı icra vərəqəsi icra olunması üçün xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2016-cı il tarixli “İcraata başlamaq haqqında” Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin qərarına əsasən iş üzrə Bakı şəhər İcra Hakimiyyətinə aid hissədə icraata başlanılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-711/2014 saylı xx.xx.2014-cü il tarixli qərarının təxirəsalınmadan icra edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini, borclunun ən yüksək həddə cərimə edilməsini, eyni zamanda, müvafiq cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-711/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı xx.xx.2014-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin qərara əsasən icra vərəqəsi xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Ötən müddət ərzində aidiyyəti qurumlara dəfələrlə müraciətlər ünvanlasa da, 11 il keçməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarı bu günə qədər icra edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-711/2014 nömrəli, 24 oktyabr 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli, 2-1(81)-711/2014 saylı Qərara əsasən ümumilikdə 139.095 (bir yüz otuz doqquz min doxsan beş) manat məbləğin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yenidən hesablanaraq ona ödənilməsi qərara alınmışdır. Qərar 15 dekabr 2014-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin Qərara əsasən 22 sentyabr 2016-cı il tarixli, 2-1(81)-711/2014 saylı İcra vərəqəsi Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Ötən müddət ərzində aidiyyəti qurumlara - Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və s. dəfələrlə müraciətlər ünvanlansa da, 11 il keçməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarı bu günə qədər icra edilməmişdir. İcra məmurunun bütün səylərinə baxmayaraq, dövlət idarəsi olan Bakı şəhər İcra Hakimiyyəti qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməkdən yayınmaqdadır. Qarşı tərəfə hansısa bir təsir vasitəsi olsun deyə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2014-cü il tarixli, 2-1(81)-711/2014 saylı qərarın təxirəsalınmadan icra edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini, 11 ildən artıq müddət keçməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə Qərarına əhəmiyyət verməyərək icra edilməməsi səbəbindən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin ən yüksək həddə cərimə edilməsi, eyni zamanda, müvafiq cinayət işinin başlanılması barədə xüsusi qərardad çıxarılması istəyi ilə iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edilmişdir. Ərizəyə baxan Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(81)-711/2014 saylı, xx.xx.2025-ci il tarixli Qərardadla ərizə təmin edilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarı artıq 11 ildən çoxdur ki, icra edilmir. İşdə olan bütün sübutlardan da görünür ki, icra məmuru və tələbkar bütün vasitələrdən istifadə etmişlər. Sadəcə cavabdeh tərəf dövlət təşkilatı olmasından istifadə edərək işi icra etmir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Dövlət adından çıxarılan və icrası məcburi olan qərar faktiki olaraq 11 ildir icra edilmir və buna qarşı heç bir tədbir görülmür. Məhkəmə icra vərəqəsi verməklə işin yekunlaşdığını və artıq heç bir tədbir görə bilməyəcəyini və işin nəticəsinin artıq onlar üçün əhəmiyyətsiz olması qənaətinə gəlmişdir. Halbuki, qanunvericilikdə icra vərəqəsi verdikdən sonra məhkəmə tərəfindən digər vasitələrdən istifadə edilə bilməməsi göstərilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən icra vərəqəsi verilən vaxtadək hansı tədbirlərin görülməsi aydın deyildir. Belə tədbirlər görülmüş olsaydı, məhkəmə qərardadda qeyd edərdi. İş üçün əhəmiyyətli olan hallardan biri 11 il ərzində heç olmasa bir dəfə cavabdehin cərimə edilməsi olmalı idi. Belə bir halın olması ilə bağlı heç bir sübutun olmamasına baxmayaraq, məhkəmə öz qərardadında bütün zəruri tədbirlərin həyata keçirildiyini yazmışdır. İcra məmuru tərəfindən dəfələrlə cavabdeh quruma məktub ünvanlanması və cavabdeh qurum tərəfindən dəfələrlə şablon cavabların verilməsi sübutlarına məhkəmə əhəmiyyət verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. İş materiallarından göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-711/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra icra üçün cavabdehə göndərilmiş, daha sonra cavabdehə xəbərdarlıq göndərilmiş və icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Səbail rayon icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-711/2014 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılması haqqında xx.xx.2016-cı il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarında inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı icra vərəqəsi verildikdən sonra cərimənin təyin edilməsi nəzərdə tutulmamışdır. Həmin qərardan görünür ki, icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1725/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərarında qeyd olunur: 22. … hazırda iddiaçının əsl hüquqi marağı və məqsədi qanuni qüvvəyə minmiş məhkəmə qərarının tam icra edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı isə, hazırkı ərizəsi ilə sözügedən məhkəmə qərarının icrasının təmin edilməsi üçün cavabdehin cərimə olunmasını xahiş edir. 23. Nəzərə alınmalıdır ki, inzibati prosessual qanunvericiliyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir və həmin istiqamətdə bu və ya digər məcburiyyət tədbirinin seçilməsi, o cümlədən cərimənin tətbiq edilib-edilməməsi həmin məhkəmənin diskresion səlahiyyətinə aiddir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən məhkəmə qərarı əsasında verilmiş icra sənədi üzrə Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən icraat başlanılmışdır və qanunvericiliyə əsasən icra sənədinin icrasının təmin edilməsi üçün icra qurumu müvafiq məcburiyyət tədbirləri tətbiq etmək səlahiyyətinə malikdir. Bu baxımdan, iddiaçı sözügedən məhkəmə qərarının icrasının təmin edilməsi barədə icra qurumuna, həmin icra qurumunun hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı halda isə, birinci instansiya məhkəməsinə müraciət edə bilər. Odur ki, iddiaçı, sözügedən məhkəmə qərarının tam icra edilmədiyi üçün cavabdehin cərimə edilməsinə dair hazırkı tələbində haqlı sayıla bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz ərizəsində həmçinin cavabdeh barəsində xüsusi qərardadın qəbul edilməsini xahiş edir. Lakin hazırkı iş üzrə icra vərəqəsi verilərək müvafiq icra qurumuna göndərilmişdir. Bundan sonrakı mərhələdə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq təqdimat vermək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-711/2014 nömrəli, 24 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar