Məhkəmə qərarları › İş №2-1(103)-5174/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5174/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5174/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11309/2025 nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 815 saylı sərəncamından görünür ki, Suraxanı İHB-nin 23 oktyabr 1998-ci il tarixli 1867 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab olunmuş, İddiaçı fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 97-ci sahədə 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır.

2. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 1421 nömrəli, xx.xx.2000- ci il tarixli sərəncamından görünür ki, Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999cu il tarixli 815 saylı sərəncamında dəyişiklik aparılaraq aşağıdakı kimi oxunması qərara alınmışdır: X1 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi Bakı-Aeroport yolunun cənub hissəsində, 9 nömrəli sahədə 200 kv.m torpaq sahəsi ayrılsın. Həmin Sərəncamın 3-cü hissəsinə əsasən qalan 400 kv.m-in vət. İddiaçı tərəfindən saxlanılması qərara alınmışdır.

3. xx.xx.2000-ci il tarixli aktdan görünür ki, Suraxanı rayonu İHA-tı Təsərrüfat şöbəsinin müdiri V.Seyidov, Bülbülə qəsəbəsindəki İHB-nın nümayəndəsi E.Seyfullayevin iştirakı ilə Suraxanı İHB-nın 02 oktyabr 2000-ci il tarixli, 1421 saylı sərəncamı əsasında Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 9 nömrəli sahədə, 400 ( dörd yüz) kv.m. torpaq sahəsinin ölçülərini natura ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1421 saylı sərəncamı ilə İddiaçı ayrılmış 400 kv.m torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1421 saylı sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı xx.xx.1999-cu il tarixli 815 saylı sərəncamında dəyişiklik aparmışdır. Bakı şəhəri, M.X.Şərifli küçəsi, ev 98, mənzil 7-də yaşayan X5 rayon icra hakimiyyətinə müraciət edərək, qarşılıqlı razılaşma əsasında vətəndaş İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin 200 kv.m-nin ona ayrılmasına icazə verilməsini xahiş etmişdir. Həmin sərəncamla qalan 400 kv.m torpaq sahəsinin İddiaçı saxlanılmasına dair sərəncam verilmişdir. İddia ərizəsinə əlavə olunan arxiv sənədlərində, eləcə də sərəncamda İddiaçı torpaq sahəsinin ayrılmasına dair qeyd əksini tapır.

6. Cavabdeh iddiaya yazılı münasibətini təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646- VİQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti "orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

7. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-11309/2025 nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 815 nömrəli və xx.xx.2000-ci il tarixli 1421 nömrəli sərəncamlarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində yerləşən 400 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində inizbati işə baxılarkən Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 1421 saylı sərəncamında qeyd olunan ünvanda sözügedən ərazinin koordinatlarının uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646- VİQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti "orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanalar və Azərbaycan Respubblikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “cizginin (ayrıc aktının) verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

11. xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

14. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür):

7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kəndəsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər.

10. Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara;

11. Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir.

12. Torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçirir.

23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. 65.1 -1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

15. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

20. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Ona görə də iddia mümkün iddiadır.

21. İşin mahiyyətinə gəldikdə isə hazırda X2 cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı tələbi “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 815 nömrəli və xx.xx.2000-ci il tarixli 1421 nömrəli sərəncamlarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində yerləşən 400 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

23. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya 600 kv.m torpaq sahəsi xx.xx.1999-cu il tarixli 815 saylı Sərəncamla ayrılmış, daha sonra xx.xx.2000-ci il tarixli 1421 saylı Sərəncamla sahəsi 400 kv.metr müəyyən edilmişdir, həmin sərəncam hazırda qüvvədədir. İddiaçı bu sərəncamlar əsasında ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etmiş, yerləşmə cizgisinin təqdim edilməməsi əsası ilə ona imtina cavabı verilmişdir.

24. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X11 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 35885/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi "Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahə son sərhədlə Suraxanı rayonu, Bülbülə qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşir. X4 xəttinin mühafizə zonasında qalır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi”nin hüdudları daxilindədir (Suraxanı Oil).

25. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılsa da həmin sərəncama cizgi əlavə edilməmişdir. Ona görə də cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

26. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.

27. Hazırki işdə iddiaçının istədiyi inzibati aktın qəbulundan imtina edən cavabdeh inzibati orqanın həmin inzibati aktın qəbulunu istisna edən halları əsaslandıra bilməməsini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-2246/2022 saylı xx.xx.2022-ci il tarixli qərar).

28. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-ci il tarixli 1858 saylı sərəncamı ilə qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməməsi” barədə dəlilə gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, iddiaçının tələbi onun göstərdiyi hansısa yerə plan sxem sənədinin verilməsi ilə bağlı deyil, onun tələbi müvafiq qərarla ona ayrılmış torpaq sahəsinin cizgisinin çəkilib ona verilməsi ilə bağlıdır. Hansı ki, belə cizginin çəkilməsi də qanunla cavabdeh inzibati orqanın vəzifəsinə aid edilmişdir və həmin cizgi məhz torpağın ayrıldığı dövrdə çəkilib verilməliydi, halbuki hazırki işdə cizginin həmin dövrdə çəkilib verilməsi nə qərarın məzmunundan müəyyən olunur, nə də cavabdehin dəlilləri ilə sübuta yetirilir. Belə olan halda torpaqayıran orqan kimi cavabdeh ayırdığı torpağın hansı ərazidə yerləşdiyinə uyğun olan cizginin çəkilib verilməsi öhdəliyini daşıdığından, bu vəzifəni vaxtında icra etməməsi hazırki vəziyyətdə vaxtında çəkilməmiş cizgiyə görə məsuliyyət məsələsinin iddiaçının üzərinə qoyulması üçün əsas ola bilməz.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-11309/2025 nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11309/2025 nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar