Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5175/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirinin ##.##.2024-cü il tarixli, ***-K saylı əmrinin ləğv edilməsi və ədliyyə orqanlarına xidmətə bərpa edilməsi, ötən müddət üçün almadığı əmək haqqının, məzuniyyət pulunun, maddi yardımın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə isə həmin Universitetin “Cinayət hüququ“ ixtisası üzrə magistr pilləsini bitirmişdir. Ədliyyə orqanlarına işə qəbul edilməmişdən əvvəl hüquqşünas kimi fəaliyyət göstərmiş və 2010-cu ildə ədliyyə orqanlarına işə qəbul edilmişdir. Işlədiyi 14 il ərzində bir ədliyyə zabiti olaraq xidmət göstərdiyi orqanın nüfuzunu aşağı sala biləcək heç bir hərəkətə yol verməmişdir, bu müddət ərzində şərəf və vicdanla xidmət etmişdir. Həm Icra xidmətində, həm də Probasiya xidmətində fəaliyyət göstərdiyi zaman haqqında korrupsiya və digər prosessual pozuntularla bağlı heç bir vətəndaş şikayəti daxil olmamışdır. Probasiya xidməti yarandığı gündən öz xahişi ilə probasiya üzrə icra məmurlarından biri də o, olmuş, yeni yaranmış xidmətin inkişafı üçün bacardığı köməkliyi etmiş, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün təkliflər vermiş, Probasiya xidmətinin elektron sisteminin hazırlanması üçün yaradılmış işçi qrupun üzvü olmuş və əlindən gələn köməyi əsirgəməmişdir. Hətta məzuniyyətdə və bülletendə olduğu vaxtlarda belə iş yükünün çoxluğundan öz istəyi ilə işə çıxmışdır. Buna baxmayaraq, Ədliyyə Nazirinin ##.##.2024-cü il tarixli, ***-K saylı əmri ilə xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntusuna yol verməyi əsas gətirilməklə ədliyyə orqanlarından xaric edilmişdir. Əmrin verilməsinə səbəb Probasiya Xidmətinin yeni rəhbərliyinin əsassız təqdimatı olmuşdur. Bakı Inzibati Məhkəməsinin (hakim Səlma Qənbərova) *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Probasiya xidmətinin rəisi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə nazirinə ünvanlanmış ##.##.2024-cü il tarxili məktubdan görünür ki, Bakı şəhər probasiya idarəsinin rəis müavini, rəis vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə və böyük icra məmuru İddiaçı tərəfindən həmin idarənin qeydiyyatında olan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (elektron nəzarət vasitəsi tətbiq edilmiş) Tural Rüstəmovdan pul müqabilində həmin nəzarət vasitəsinin onun üzərindən çıxarılması, uzun müddət nəzarətsiz saxlanılması və bundan əlavə bir sıra digər qanun pozuntuları ilə bağlı xidmətə məlumat daxil olmuşdur, bununla əlaqədar Bakı şəhər probasiya idarəsinə xidməti yoxlamanın təyin edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin ## ###### 2024-cü il tarixli arayışda qeyd olunur: ##.##.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsində başlanılmış icraat üzrə oğurluq və dələduzluq etdiyinə görə 1 il 9 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Tural Rüstəmovun üzərinə yaşadığı ünvanı saat 00:00-06:00 aralığında, habelə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək və s. vəzifələr qoyulmuşdur (icra məmuru Aynur Yadigarova). ##.##.2023-cü il tarixdə məhkumun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, o, ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış, ##.##.2023-cü il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilərək vaxt məhdudiyyətlərini pozması ilə bağlı 5 və ## ###### 2023-cü il tarixlərdə töhmət verilmiş (məhkum ilkin tənbehdən xəbərsiz olduğunu və müvafiq qərardakı imzanın ona məxsus olmadığını deyir), bununla belə şəxsi iş idarənin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə tərəfindən nöqsanların aşkar edilməsi bəhanəsi ilə (məhkumun qeydiyyata alındıqdan sonra ENV tətbiq edilənədək keçən 3 həftə ərzində müvafiq göstərişin tələblərinə riayət olunmaması, onun əl-barmaq izlərinin götürülməməsi və s.) ##.##.2023-cü il tarixdə məqsədli olaraq böyük icra məmuru Rövşən Ibrahimova həvalə edilmişdir (bundan sonra da həmin nöqsanlar aradan qaldırılmayıb, iş uzun müddət hərəkətsiz saxlanılıb və ciddi pozuntulara münasibət bildirilməyib). Elektron monitorinq idarəsi cari ilin yanvar ayından iyun ayınadək məhkumun hərəkət trayektoriyasının müəyyən olunmaması barədə dəfələrlə icra məmuruna məlumat vermiş və səbəbinin həmin idarəyə bildirilməsini tapşırmış, bununla belə məlumatlar araşdırılmamış, Elektron monitorinq idarəsi də nəticə ilə maraqlanmamış, Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə isə hökmün icrasının düzgün həyata keçirilməsi üçün şəxsi işi digər icra məmuruna həvalə etsə də, məsələni nəzarətdə saxlamamışdır. Probasiya xidmətinin müdaxiləsi ilə məhkumun məcburi gətirilməsi ##.##.2024-cü il tarixdə qərara alınmış, ##.##.2024-cü il tarixdə o, axtarışa verilmiş, lakin ##.##.2024-cü il tarixdən onun başqa cinayət işi üzrə - dələduzluq əməlinə görə tutulduğu müəyyən olunmuşdur. X1 izahatlarında göstərmişdir ki, A.Yadigarova ona bahalı geyimdə və avtomobildə idarəyə gəlməməsini, əks halda idarənin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadənin ondan pul istəyəcəyini bildirmiş, o, ##.##.2023-cü il tarixdə peşə bayramı münasibəti ilə icra məmuru A.Yadigarovaya ətir hədiyyə etmiş (A.Yadigarova hədiyyəni icra məmuru R.Ibrahimov vasitəsilə qaytardığını bildirir, sonuncu bunu təsdiq etmişdir), sonradan icra məmuru ona zəng vuraraq hədiyyəyə görə incidildiyini və işin əsassız olaraq ondan alındığını söyləmişdir. Bundan sonra icra məmuru İddiaçı ona zəng vuraraq idarəyə dəvət etmiş, 2023-cü ilin dekabr ayının əvvəlində onu şöbənin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə qəbul etmiş və pozuntulara yol verdiyi üçün hədə-qorxu gəlmiş, icra məmuru Rövşən Ibrahimovu dəvət edərək şəxsi işin həmin icra məmurunda olacağını, lakin bütün məsələləri icra məmuru İddiaçı bildirməsini söyləmiş, bundan sonra onlar xidməti otaqdan çıxdıqda Rövşən Ibrahimov getmiş, o, icra məmuru İddiaçıla təklikdə söhbət etmişdir. Əldə edilmiş razılığa əsasən 2023-cü ilin sonunda ENVnin açılması üçün icra məmuru İddiaçı təklikdə 3.000 manat pul vermiş (icra məmuru həmin puldan 500 manatının ona çatdığını, qalan 2.500 manatı Elşad Əbdülrəhimzadəyə verdiyini bildirmişdir), İddiaçı tapşırığı ilə mobil qurğunu evində qoyaraq Nərimanov rayonu ərazisində “xxxx" ASC-nin filialının yaxınlığında maşında gözləmiş, İddiaçı ona verdiyi tanımadığı şəxsə zəng vurmuş və sonuncu onun avtomobilində əyləşərək ENV-ni ayağından açmış (bu zaman cihaz səs edib, lakin həmin şəxs əlindəki qurğunu ENV-yə yaxınlaşdırdıqda səs dayanmış, ENV-nin açılması müqabilində ona 100 manat verib) və hərəkət trayektoriyasının dəyişməsi üçün mobil qurğunun daşınması ona tapşırılmışdır. Bundan sonra hər ay 500 manat, bir dəfə isə əlavə 200 manat olmaqla 6 ay ərzində icra məmuru İddiaçı cəmi 3.200 manat pul vermiş (bəzən pulları ENV-ni açan şəxsin bank kartına köçürmüş), habelə icra məmuru İddiaçı və idarənin rəhbərliyinə bahalı ətir hədiyyə etmiş, həbs edildikdən sonra isə qaynı Amin Muradlı və həyat yoldaşı Bahar Muradlı vasitəsilə 4.500 manat pulu İddiaçı geri götürmüş (1.500 manat ödənişi təsdiq edən qəbz təqdim olunub), icra məmuru bu məlumatları təkzib etməsini müxtəlif vasitələrlə ondan xahiş etmiş, hətta təqsirləndirildiyi yeni cinayət işi üzrə ona vəkil də tutmuşdur. Məhkum T.Rüstəmov görüşlərin birinə icra məmuru İddiaçı 3 xanımla gəldiyini, onların da üzərindən ENV-nin açıldığını və hər ay onlardan 300 manat götürüldüyünü qeyd etmişdir (yalnız adlarını deyir, bununla əlaqədar hazırkı araşdırma çərçivəsində onların şəxsiyyətini müəyyən etmək mümkün olmadı). Icra məmuru Aynur Yadigarova və məhkumun qaynı Amin Muradlı izahatlarında aidiyyəti hissələrdə məhkumun dediklərini təsdiq etmişlər. Əldə edilmiş səs yazılarından məlum olur ki, məhkumun həyat yoldaşı Bahar Muradlı İddiaçı zəng vuraraq pulun qismən ödənildiyini söyləyir, İddiaçı bu məsələyə münasibət bildirmir (inkar da etmir), məhkuma köməklik etmək istədiyini deyir, lakin bunun qarşılığında ondan şikayət olunmasına etiraz edir, qardaşı ilə (məhkumun qaynı) görüşmək istədiyini vurğulayır. Digər səs yazısında isə icra məmuru İddiaçı məhkumun qaynı ilə görüşməyi planlaşdırır. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, sözügedən şəxsi iş üzrə çoxsaylı pozuntulara yol verilmiş, o cümlədən ENV tətbiqinədək müvafiq göstərişin tələblərinə əməl olunmamış, məhkumun əlbarmaq izləri götürülməmiş, iş idarənin rəhbərliyi tərəfindən başqa icra məmuruna həvalə edildikdən sonra yol verilmiş çoxsaylı ciddi pozuntular işə əlavə edilməmiş və bununla bağlı tədbirlər görülməmiş, idarə rəhbərliyi tərəfindən öz göstərişinə əməl edilməsi vəziyyəti nəzarətdə saxlanılmamış, nəticədə məhkumun islah edilməsinə nail olunmamış və o, yeni cinayət törətməkdə təqsirli bilinib həbs olunmuş, icra məmuru A.Yadigarova məhkumla xidmətdənkənar lüzumsuz danışıqlara yol vermiş, həmçinin məhkum həbs olunandan sonra əvvəlcədən onun üzərindən açılmış ENV qaynı tərəfindən İddiaçı təhvil verilsə də, ##.##.2024-cü il tarixli formal akt tərtib olunaraq ENV-nin böyük icra məmuru R.Ibrahimov və Elektron monitorinq idarəsinin məsləhətçisi Amil Məlikov tərəfindən məhkumun üzərindən açılaraq təhvil alınması qeyd olunmuşdur. Göstərilənlərə əsasən aşkar olunmuş pozuntulara görə (məhkum T.Rüstəmovun şəxsi işi və Bakı şəhər probasiya idarəsinin fəaliyyətinin yoxlanılması üzrə) böyük icra məmuru İddiaçı və idarənin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadənin ciddi intizam məsuliyyətinə cəlb olunmaları, toplanmış materialların onlara aid hissədə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi, bununla yanaşı fəaliyyətində yol verdikləri nöqsanlara görə icra məmuru Aynur Yadigarovanın, böyük icra məmurları Rövşən Ibrahimov və Məmməd Sərdarovun, Elektron monitorinq idarəsinin məsləhətçisi Amil Məlikovun intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması, Bakı şəhər probasiya idarəsinin fəaliyyətinin yoxlanılması üzrə verilmiş təkliflər üzrə tədbirlər görülməsi və məhkum T.Rüstəmov üzərində lazımi probasiya nəzarətinin və qanunauyğun tədbirlərin həyata keçirilməsinin Probasiya xidmətinin rəhbərliyinə tapşırılması məqsədəuyğundur. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2024-cü il tarixli, ***-K nömrəli əmrindən çıxarışdan görünür ki, Probasiya xidmətinin məlumatı əsasında məhkumun şəxsi işi üzrə aparılmış araşdırma ilə Bakı şəhər probasiya idarəsinin böyük icra məmuru İddiaçı tərəfindən qanunazidd hərəkətlərə, çoxsaylı pozuntulara və nöqsanlara yol verildiyi aşkar edilmişdir. İddiaçı iş icraatında olmadığı halda məhkumla təklikdə görüşərək elektron nəzarət vasitəsinin onun üzərindən açılması müqabilində korrupsiya hüquqpozması təəssüratı yaradan hərəkətlərə yol vermiş, probasiya nəzarətinin olmaması nəticəsində yeni cinayət törədərək həbs olunmuş məhkumun tanışı və onun qardaşı ilə xidmətdənkənar münasibətlər qurmuş, habelə sonuncu ilə görüşərək elektron nəzarət vasitəsini təhvil almışdır. Araşdırma zamanı həmçinin İddiaçı verdiyi izahatlarda qeyri-səmimilik göstərmişdir. Göstərilənlərə əsasən, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 11-ci, 31.1.8-ci, 31.5-ci, 32.1-ci və 40.1.11-ci maddələrini, Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 16.5-ci bəndini və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 3.1-ci və 3.3-cü bəndlərini rəhbər tutaraq, xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntularına yol verdiyinə görə Bakı şəhər probasiya idarəsinin böyük icra məmuru R İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu: 3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. 10.0. Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 10.0.1. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli; 10.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 10.0.5. lazım gəldikdə, öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli; 10.0.6. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı; 10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 10.0.8. qulluq etdiyi ədliyyə orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli; 10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli; 10.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. 11.2. Ədliyyə orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalar törətməyə; 11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 11.2.3. işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 11.2.4. işlədiyi ədliyyə orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getməyə; 11.2.5. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 11.2.6. dini təbliğ etmək üçün ədliyyə işçisinin statusundan istifadə etməyə və ədliyyə orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.8. ədliyyə orqanlarından xaric etmə. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə. Sadalanan normaların tələblərindən göründüyü kimi, ədliyyə orqanlarının işçisi "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə onun barəsində ədliyyə orqanlarından xaric etmə intizam tənbehi tətbiq oluna bilər. Eyni zamanda ədliyyə orqanlarından xaric etmə intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Iş materiallarından görünür ki, Bakı şəhər probasiya idarəsinin rəis müavini, rəis vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə və böyük icra məmuru İddiaçı tərəfindən həmin idarənin qeydiyyatında olan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (elektron nəzarət vasitəsi tətbiq edilmiş) Tural Rüstəmovdan pul müqabilində həmin nəzarət vasitəsinin onun üzərindən çıxarılması, uzun müddət nəzarətsiz saxlanılması və bundan əlavə bir sıra digər qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında xidməti yoxlama aparılmış, yoxlama çərçivəsində X1, iddiaçı və digər şəxslərin izahatları alınmışdır. Aparılmış yoxlama nəticəsində iddiaçı tərəfindən ximdəti vəzifələrinin icrası zamanı kobud pozuntuya yol verməsi, həmçinin qulluqla bir araya sığmayan hərəkətlərə yol verməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının ədliyyə orqanlarından xaric edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır, mübahisələndirilən əmr qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-5175/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5175/2025
15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver