Məhkəmə qərarları › İş №2-1(103)-5199/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5199/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5199/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13162/2025 nömrəli, 17 oktyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 xx.xx.2005-ci ildə nikah bağlamışlar.

2. xx.xx.2009-cu il tarixli, 329076 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixində Bakı şəhərində doğulmuşdur, atası Qanuni nümayəndə1, anası Qanuni nümayəndə2dır.

3. AA seriyalı 081902 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə1 Ağdam rayonunu 1993-cü ildə tərk etmişdir, cavabdehin xx.xx.2004-cü il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir.

4. İddiaçı Qanuni nümayəndə1 ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edərək, övladı İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il təvəllüdlü İddiaçı anası Qanuni nümayəndə2 qeydiyyatı ünvan 1 ünvanında olduğundan ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə havələ edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası 1993-cü ildən Ağdam şəhərindən məcburi köçkün düşmüşdür. İddiaçının qardaşı və atasının məcbur köçkün vəsiqəsi vardır. İddiaçı məcburi köçkün vəsiqəsi almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin məcburi köçkün vəsiqəsinin verilməsinin imkan xaricində olduğu bildirilmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə1 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. İddiaçı anası Qanuni nümayəndə2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. Qanuni nümayəndə2 qeydiyyatı Baki şəhərİ, Nəsİmİ rayonu, Ənvər Qasımzadə küçəsi, 72, mənzil 137 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı atası Qanuni nümayəndə2 qeydiyyatı “Bakı şəhəri” olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13162/2025 nömrəli, 17 oktyabr 2025-ci il tarixli qərarı ilə idda tələbi rədd olunmuşdur.

9. Həmin qərardan narazı qalan iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğundur və əlavə olaraq qeyd edilmişdir ki, məcburi köçkün statusunun verilməsi şəxsə ali təhsil alması üçün zəruridir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

12. xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

13. İddiaçının qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər..

15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: ... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

16. Azərbaycan Respublikasının Qaçqınların və və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə:

3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

20. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının qanuni nümayəndəsinə ünvanlanan imtina məktubunun tarixi xx.xx.2025-ci il tarixdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.

21. İşin mahiyyətinə gəldikdə isə hazırda İddiaçı tələbi “ona məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin verilməsi “barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, “hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Çünki iddiaçının anası işğal olunmuş rayon (şəhər) üzrə deyil, Bakı şəhəri üzrə daimi qeydiyyatdadır.”

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

23. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavabdehin xx.xx.2025-ci il tarixli, 3-36-3/2-3714/2025 nömrəli cavab məktubundan görünür ki, Qanuni nümayəndə1 Ağdam rayonundan məcburi köçkündür. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında Qanuni nümayəndə2, İddiaçı və X1 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir.

24. Birinci instansiya məhkəməsinin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 37106/2025 nömrəli cavab məktubundan görünür ki, ünvan 1 ünvanı xx.xx.2020-ci il tarixdə, ünvan 3 ünvanı xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, mənzil 121 (yeni qaydalarla: AZ 1007, ünvan 4 ünvanı xx.xx.2024-cü il tarixdə, ünvan 5 ünvanı xx.xx.2025- ci il tarixdə, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 1 otağı (y/s - 20.9 kv.m, k/s - 13.8 kv.m) xx.xx.2014- cü il tarixdə, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Qanuni nümayəndə1 adına qeydiyyata alınmışdır. ünvan 7 ünvanı xx.xx.2021-ci il tarixdə Qanuni nümayəndə2 adına qeydiyyata alınmışdır.

25. Birinci instansiya məhkəməsinin sorğusuna Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-31/2-654/2025 nömrəli cavab məktubundan görünür ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 avqust 2025- ci il tarixli, 5-31-12/2-153/2025 nömrəli arayışına əsasən Qanuni nümayəndə1 məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət ödənilmir. Övladları İddiaçı, X2, X4 və həyat yoldaşı Qanuni nümayəndə2 Ağdam şəhərində daimi qeydiyyatda yoxdur və hazırda məcburi köçkünlər üçün nəzərədə tutulmuş vahid aylıq müavinət ödənilmir.

26. Birinci instansiya məhkəməsinin sorğusuna Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-28579/2025 nömrəli cavab məktubundan görünür ki: - xx.xx.2009-cu il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən hazıradək ünvan 1 ünvanında; -xx.xx.1977-ci il təvəllüdlü Qanuni nümayəndə1, xx.xx.2002-ci il tarixdən hazıradək ünvan 2 ünvanında; - xx.xx.1982-ci il təvəllüdlü Qanuni nümayəndə2 xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 8 ünvanında, xx.xx.2020-ci il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

27. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının atası məcburi köçkün statusuna malik olsa da, anası məcburi köçkün statusuna malik deyil və iddiaçının anası işğal olunmuş rayon (şəhər) üzrə deyil, Bakı şəhəri üzrə daimi qeydiyyatdadır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilk normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir.

29. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.

30. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın: - 1.1-ci bəndinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi qəbul edir; - 1.2-ci bəndinə görə məcburi köçkünlər «Qaçqınların və məcbiri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunu ilə və bu Qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər; - 4.1-ci bəndinə görə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına (4.1.1-ci yarımbənd), sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına (4.1.2-ci yarımbənd), sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə (4.1.3-cü yarımbənd), hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən təxris olunduqdan sonra) (4.1.4-cü yarımbənd), sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə (4.1.5-ci yarımbənd), valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara (4.1.6-cı yarımbənd), məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara (4.1.7-ci yarımbənd), “məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə (4.1.8-ci yarımbənd) verilir.

31. Göründüyü kimi, qanunvericilik "məcburi köçkün” statusunun əldə edilməsi üçün valideynlərindən atası “məcburi köçkün” statusuna malik olmalı, hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmalı və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi almış olmalıdır.

32. Hazırki işdə də iddiaçının atası məcburi köçkün olsa da anası məcburi köçkün deyil və ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Bundan başqa, iddiaçı özü də işğal olunmuş rayon üzrə deyil, məcburi köçkün olan atası Qanuni nümayəndə1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə daimi qeydiyyata alınmışdır.

33. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçıya “məcburi köçkün” statusunun verilməsi mümkün olmadığından iddia birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir.

34. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

35. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir.

36. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-13162/2025 nömrəli, 17 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-13162/2025 nömrəli, 17 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar