Məhkəmə qərarları › İş №2-1(103)-52/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-52/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-52/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X27 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, vəkili Vəkil1, cavabdehin nümayəndəsi X11 və 3-cü şəxs X13 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X12, X25, X21 və X14 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1210/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı, X12 və X25 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X25 və X7 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, üçüncü şəxslərin adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun hazırki iş üzrə üçüncü şəxs Mələk Gülməmmədovaya və digərlərinə qarşı çıxarışın etibarsız hesab edilməsi və maddi zərər tələblərinə dair iddiası üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınıb, ona müvafiq çıxarış verilsə də, həmin qeydiyyatın və çıxarışın verilməsinə əsas olmuş, Əzizbəyov (hazırki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 407/306 saylı, 10 may 1994cü il tarixli sərəncamı ilə həmin torpaq sahəsinin ünvanı 502 E saylı deyil, 5/502 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrıldığı təsdiq edilmişdir. X17 mübahisəli torpaq sahəsini digər üçüncü şəxs Zaur Məmmədovdan alqı-satqı yolu ilə əldə etmiş və torpaq sahəsinə dair Xəzər rayon İcra hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli Sərəncamı məhz sonuncunun adına verilmişdir. Cavabdeh tərəfindən üçüncü şəxslərin adına mübahisəli torpaq sahəsinə dair dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsinə əsas olmuş yuxarıda göstərilən sənədlərlə (sərəncam), cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərə verilmiş sənədlər, xüsusilə torpaq sahəsinin planı və ölçüsü və çıxarış arasında uyğunsuzluqlar aşkar olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.08.2019-cu il tarixli qərardadı ilə X14 və X21 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artrılması) barədə ərizə təqdim edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X25 və X7 və X13 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, habelə üçüncü şəxslərin adına, yəni X19 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış 11.12.2015-ci il tarixli qeydiyyatı və RX seriyalı, ******* №-li Çıxarışı, X7 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış 22.12.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın və X13 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reystrində aparılmış 30.12.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artrılması) barədə ərizə təqdim edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X25, X7 və X13 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə üçüncü şəxslərin adına, yəni X19 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış 11.12.2015-ci il tarixli qeydiyyatı və RX seriyalı, ******* №-li çıxarışın, X7 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış 22.12.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın və X13 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reystrində aparılmış 30.12.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi 08.09.2020ci il tarixli etirazında göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Bundan əlavə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsi Xəzər rayon İcra hakimiyyəti başçısının 407/306 nömrəli 10.05.1994-cü il tarixli sərəncamı və təsdiqlənmiş yerləşmə cizgisi əsasında X19 adına JN-17630D saylı şəhadətnamə verilmiş, daha sonra isə həmin şəhadətnamə əsasında qeydiyyata alınaraq **********1 reyestr nömrəsi ilə 11.12.2015-ci il taixdə çıxarış verilmişdir. X25 ilə X7 arasında bağlanmış 16.12.2015-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak X7 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 22.12.2015-ci il tarixli çıxarış verilmişdir. X12 ilə X21 arasında 15.12.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak X13 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 20.12.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçı iddia ərizəsində Xəzər rayon İcra hakimiyyəti başçısının 407/306 nömrəli, 10.05.1994-cü il tarixli sərəncamında müvafiq daşınmaz əmlakın 5/502 saylı sahə kimi göstərilsə də, X22 verilmiş çıxarışda hansı səbəbdən ünvanın 502E saylı olmasını qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarının 3.14-cü bəndinə əsasən ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən istifadə etməklə bu Qaydaların 3.9-3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan nömrələrinin verilməsi zamanı Ə,Ö,Ü,İ,İ,Ç,J,G,O,Ş hərfləri istisna olmaqla, digər hərflərdən istifadə edilə bilər. Ünvan nömrəsi verilmiş obyektlər arasında inşa edilmiş yeni tikilinin giriş ünvanına ünvan nömrəsi hərflərdən istifadə olunmaqla verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər statusa malikdir. 10 fevral 2012-ci il tarixli 590 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə artıq nömrələnmiş daşınmaz əmlak obyektləri arasında yeni inşa edilmiş daşınmaz əmlak obyektinə iki nömrədən kiçik nömrəyə kəsr xəttindən sonra yeni nömrə verilməsini nəzərdə tutan 3.17-ci bənd ləğv edilmişdir. Cavabdeh həmçinin etirazda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55 və 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddələrinə istinad etməklə məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs X25 məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı adına olan şəhadətnamədə göstərilən torpaq sahəsinin onun mülkiyyətində olmuş torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/306 saylı sərəncamı ilə ona (Z.Məmmədova) Mərdəkan qəsəbəsində 5/502 saylı sahədə torpaq sahəsi ayrılmış, 11.12.2015-ci il tarixdə həmin torpaq sahəsinə 502 E saylı ünvan kimi onun mülkiyyət hüququ qeydə alınmış, müvafiq çıxarış verilmiş, 16.12.2015-ci il tarixdə torpaq sahəsini o, notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə X3, 22.12.2015-ci il tarixdə sonuncunun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatdan keçmişdir. Mələk Gülməmmədova 2019-cu il tarixdə həmin torpaq sahəsini Heyran Seyid adlı şəxsə satmışdır, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/245 saylı sərəncamı ilə X10 Mərdəkan qəsəbəsində 5/102 saylı sahədə torpaq sahəsi ayrılmışdır. Hesab edir ki, həmin sərəncam saxtadır. Belə ki, sərəncamın tarixi 10 may 1994-cü il tarixlidir, lakin sərəncamın birinci cümləsində “Əzizbəyov rayon İH-nin Mərdəkan qəsəbəsindəki nümayəndəsinin Ş101 04.04.99-cu il tarixli sərəncamına baxıldı” sözləri qeyd olunmuşdur. Buradan görünür ki, həmin 10 may 1994-cü il tarixli sərəncam 1999-cu ildə 5 il əvvələ 1994-cü il üçün saxta yolla hazırlanıb, əgər həmin sərəncam 1994-cü ildə verilmişdirsə nə üçün özündən 5 il sonraya 04.04.1999-cu il tarixə istinad olunur. Bu saxta sərəncamla 12.04.2002-ci il tarixdə həmin torpaq sahəsinə İlhamə Qafarova şəhadətnamə almış, 16.05.2002-ci il tarixdə torpaq sahəsini şəhadətnamə əsasında hazırki İddiaçı satmış, 07.06.2002-ci il tarixdə İddiaçı adına şəhadətnamə almışdır. Xəzər Rayon Məhkəməsində məhkəmə araşdırmaları zamanı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İlhamə Qafarovanın və İddiaçı adına olan şəhadətnamədə göstərilən torpaq sahəsinin ilkin torpaq ayırma sənədlərinə əlavə edilmiş sxemdə miqyas, koordinatlar və yaxud hər hansı bir tərpənməz nöqtədən məsafəsi qeyd edilməməsi səbəbindən həmin torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək olmur. X7 adına olan çıxarışda göstərilən torpaq sahəsi isə mübahisəli əraziyə düşür. Məhkəməyə daxil olmuş yeni rəydə göstərilir ki, elektron kadastr məlumatlarına əsasən İlhamə Qafarovanın və İddiaçı adına olan şəhadətnamədə göstərilən torpaq sahəsinin ilkin torpaq ayrıma sənədlərinə əlavə edilmiş sxemdə miqyas, koordinatlar və yaxud hər hansı bir tərpənməz nöqtədən məsafəsi qeyd edilməməsi səbəbindən həmin torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək olmur. Onun və Mələk Gülməmmədovanın mülkiyyətində olmuş torpaq sahəsi isə mübahisəli əraziyə düşür. Sonuncu rəydə ekspert tərəfindən heç bir hüquqi əsası olmayan arayışa istinad olunmuşdur. Xəzər Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilməklə Z.R.Məmmədovun adına olan çıxarışın etibarsız hesab edilməsi, M.Gülməmmədova ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sonuncunun adına verlmiş çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 30.04.2018-ci il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin 28.11.2017-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin tarixli qərardadı ilə onun adına mülkiyyət hüququ ilə qeydə alınması barədə çıxarışın etibarsız hesab edilməsi hissəsində də qətnamənin ləğv olunaraq həmin hissədə işin icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1210/2020 saylı qərardadı ilə iddia cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X7 və X13 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə üçüncü şəxs X7 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış 22.12.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın və X13 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reystrində aparılmış 30.12.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1210/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında qeyd etmişdir ki, “işin araşdırılan hallarından göründüyü kimi hazırda iddiaçının mübahisələndirdiyi cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı üçüncü şəxslər arasında notariat qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən verilmişdir. Bu mövqeyini əsaslandırmaq üçün birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanunun 2.1-ci və AR İPM-in 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarına istinad etmiş və həmin qərarda göstərmişdir ki, “Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Əvvəla qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarına düzgün istinad etməmiş, qərarın mahiyyətinə varmadan tamamilə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 12-ci bəndinə əsasən inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələblərinin qismən mümkün sayılmaması barədə qərardad qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı cavabdehin hər üç üçüncü şəxslərin adına mübahisəli torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı DƏDRX-nin verdiyi çıxarışla bağlı iddiaçıya münasibətdə mübahisəli torpaq sahəsinin planı və ölçüsünə dair faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə vəziyyətdə, yəni cavabdehin hərəkətləri qanunsuz hesab edildiyi təqdirdə mübahisəli torpaq sahəsinə dair dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş çıxarışların da ləğvi labüddür. Məhkəmənin birtərəfli yanaşması onunla təsdiq edilir ki, öz qərardadında məhkəmə üçüncü şəxslərdən X12 və X15 münasibətdə mümkün saymadığı eyni iddia tələblərini, iş üzrə digər üçüncü şəxs X22 münasibətdə mümkün saymışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, X22 münasibətdə həmin iddia tələbləri cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə yanaşı DƏDRX-nin verdiyi çıxarışın da ləğvini nəzərdə tuturdu. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisə predmeti alqı-satqı müqavilələri əsasında verilmiş hüquqmüəyyənedici sənədlər deyil, cavabdeh inzibati orqanın üçüncü şəxslərin adına mübahisəli torpaq sahəsinin plan və ölçüsünə dair qanunsuz hərkətləri olmuşdur. Mübahisə predmetinin nədən ibarət olduğunu görməzdən gələn birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddianın mümkün sayılmamasına dair qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X13 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3cü şəxslər X12, X25 və X9 iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/245 saylı 10 may 1994-cü il sərəncamı ilə X10 Mərdəkan qəsəbəsində 5/102 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 7 saylı notariat kontorunda reyestrdə 4Ə/İ-125 sayla qeyd edilmiş 16.05.2002-ci il tarixli alqı-satqı müqaviləsi ilə X14, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/245 saylı 10 may 1994-cü il tarixli sərəncamına əsasən özünə məxsus olan ünvan 2 ünvanda yerləşən 0,12 hektar torpaq sahəsini 18.000.000 manata İddiaçı satmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-3217D kod 00300016 saylı şəhadətnaməyə əsasən, Bakı şəhəri 7 saylı notariat kontorunun 16.05.2002-ci il tarixli reyestrdə 4Ə/İ-125 saylı alqı-satqı müqaviləsi ilə satılmış, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi İddiaçı adına 07.06.2002-ci il tarixdə qeydə alınmışdır. Şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin əks olunduğu sxemi və ərazinin planı qeyd olunmuşdur. Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/306 saylı 10 may 1994-cü il tarixli sərəncamı ilə X22 Mərdəkan qəsəbəsində 5/502 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-17530D kod 00300016 saylı şəhadətnaməyə əsasən, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/306 saylı 10 may 1994-cü il tarixli sərəncamı ilə ayrılmış Mərdəkan qəsəbəsi, 5/502 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi X19 adına 28.12.2004-cü il tarixdə qeydə alınmışdır. Şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin əks olunduğu sxemi və ərazinin planı qeyd olunmuşdur. ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X19 adına daşınmaz əmlakın Dövlət reyestrində 11.12.2015-ci il tarixdə 600 saylı reyestr kitabının 56765 saylı vərəqində ********** sayla qeydə alınmış və bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarış verilmişdir. X25 həmin torpaq sahəsini daşınmaz əmlakın AN–İ № ******* saylı 16.12.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi 22.12.2015-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 600 saylı reyestr kitabının 56765. saylı vərəqində ********** sayla qeydiyyata alınmışdır. X12 həmin torpaq sahəsini daşınmaz əmlakın AN –İ № ******* saylı 15.12.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi 22.12.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 600 saylı reyestr kitabının 56765 saylı vərəqində ********** sayla qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə, X22 və Bakı şəhəri 7 saylı notariat kontoruna qarşı “əqdin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X20 cavabdeh İddiaçı qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiaları üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 329/2017 saylı iş üzrə çıxartdığı 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə X19 adına qeydə alınması barədə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı 11.12.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər X25 ilə cavabdeh X12 arasında bağlanmış Bakı şəhəri 7 saylı notariat kontorunda reyestrdə 4Ə-377 sayla qeyd edilmiş ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin alqı-satqısına dair AN-İ № ******* saylı 16.12.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə X7 adına qeydə alınması barədə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı 22.12.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd olunması, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X20 cavabdeh İddiaçı qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan iş üzrə qəbul etdiyi eyni tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı X7 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3919/2018 saylı iş üzrə çıxartdığı 30 aprel 2018-ci il tarixli qətnaməsi ilə X7 apellyasiya şikayəti təmin edilərək, həmin iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində (icraatına xitam verilən hissədən başqa) ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X20 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə qeyd olunan iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixl qətnaməsinin İddiaçı ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə X19 adına qeydə alınması barədə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX JNb ******* saylı 11.12.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5220/18 saylı 03.08.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30.12.2019-cu il tarixli 22951 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 27 dekabr 2019-cu il tarixli **********64 saylı mütəxəssis rəyinə əsasən, X9 adına verilmiş JN-2669 saylı şəhadətnamənin verilməsinə əsas olmuş ilkin sənədlər və Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti tərəfindən verilmiş ilkin yerləşmə cizgisi mülki işə əlavə edilmədiyi üçün (yenidən əlavə edilib göndəriləcəyi təqdirdə miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməlidir) eyni zamanda mülki işə əlavə edilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı adına verilmiş JN-32170 saylı (KOD ********) “Torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə”də məkan göstəriciləri olmadığından sözü gedən torpaq sahələrinin eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin vətəndaş İddiaçı 19 fevral 2016-cı il müraciətinə əsasən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 1 saylı Bakı şəhər Layihə-Təqiqat İdarəsi tərəfindən İddiaçı adına verilmiş JN-32170 saylı (KOD ********) şəhadətnamə ilə faktiki sahənin elektron baza məlumatlarına əsasən müqayisəsi göstərilmişdir və sxem təqdim edilmişdir. Təqdim edilmiş sxemə əsasən mübahisəli ərazinin koordinatları ilə İddiaçı adına verilmiş JN-32170 saylı (KOD ********) şəhadətnamənin qismən üst-üstə düşdüyü müəyyən olunmuşdur (sxem əlavə edildi). Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Əzizbəyov RİH-in 10 may 1994-cü il tarixli 407/306 nömrəli sərəncamına ərazinin yerləşmə sxemində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən daşınmaz əmlakın dövlət reyestrində X13 adına 30 dekabr 2018-ci il tarixdə qeydiyyata alınmış (reyestrdən çıxarış seriya RX nömrə 1437552) 1.200 kv. metr ölçüdə 502 E saylı torpaq sahəsinin koordinatlarının eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, mübahisələndirilən ərazi kimi koordinatları verilmiş 1296,0 kv. metr torpaq sahəsi Xəzər rayon İcra hakimiyyəti başçısının 407/306 nömrəli, 10.05.1994-cü il tarixli sərəncamı və təsdiqlənmiş yerləşmə cizgisi əsasında 11.12.2015-ci il tarixində 0**********1 reyestr nömrəsi ilə X19 adına qeydiyyata alınmış, torpaq sahəsi sonradan X25 tərəfindən 16.12.2015-ci il tarixində 7 saylı notariat kontorunun 4Ə-377 reyestr nömrəli, AN-İ № ******* seriyalı alqı-satqı müqaviləsi əsasında X1. X4 torpaq sahəsini 2 saylı Asan Xidmətin Xüsusi notariusu X16 təsdiqi ilə 4Ə-2486 reyestr nömrəli, 15.12.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X6, sonuncunun adına ********** qeydiyyat nömrəli çıxarışla 780 qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən X25, X12 və X13 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə sonuncuların adına qeyd olunan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışların ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanunun 2.1-ci və AR İPM-in 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırda iddiaçının mübahisələndirdiyi cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı üçüncü şəxslər X7 və X13 adına hüquqmüəyyənedici sənədlər, müvafiq olaraq iş üzrə üçüncü şəxslər arasında notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 12-ci maddələrinin, habelə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın qeyd olunan əsasla mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1210/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar