Məhkəmə qərarları › İş №2-1(103)-520/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-520/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-520/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X9 və X8 ibarət tərkibdə, İddiaçı vəkili Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı arayış verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1684/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən birmərtəbəli evin anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri ərizəyə əlavə edilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq torpaq sahəsinin perimetrik ölçü fərqləri mövcuddur. Bundan əlavə, müvafiq fərdi yaşayış evinə dair cizgi və torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2342/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-3546/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin düzgün həll olunmasında xüsusi əhəmiyyətə malik “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir, yəni, burada çox mühüm məsələ ondan ibarətdir ki, sözügedən arayış ölmüş şəxsin qanun və ya vəsiyyət üzrə vərəsəsinə verilir. Məlum olduğu kimi isə, şəxsin qanun və ya vəsiyyət üzrə vərəsə olması vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir (“Notariat haqqında” Qanunun 57-60-cı maddələri). Yuxarıda isə artıq göstərildiyi kimi, iddiaçının adına işdə belə bir şəhadətnamə mövcud deyildir. Lakin hazırkı mübahisəni həll etmiş məhkəmələr bunu İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbləri baxımından araşdırmamış və nəticə etibarı ilə də həmin məsələyə hüquqi qiymət verməmişlər.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı işin sonrakı xüsusatlarının müzakirəsini zəruri sayır. İşdə olan, Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli 80 nömrəli məktuba görə, notariat ofisinə, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X1 evin texniki pasportu əsasında Bakı şəhəri Şağan qəsəbəsi Qazmaçılar küçəsi ev 9A-ya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair çıxarış verilməsinə etiraz edilmir. Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başıçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə Şağan qəsəbəsi Qazmaçılar küçəsində yerləşən 1 mərtəbəli “A” tikilisi 1 yaşayış otağı-12,9 kv.m, köməkçi sahə 14,7 kv.m, torpaq sahəsində tövlə-16,7 kv.m, ayaqyolu 1,8 kv.m, cəmi torpaq sahəsi 255 kv.m. sahədən ibarət olan 9a saylı mülkün mərhum X2 adına ilkin qeydiyyat vəsiqəsi verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasortunda qeydə alınması DƏDRX Bakı şəhər ərazi idarəsindən xahiş edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********67 nömrəli imtina məktubunda göstərmişdir ki, ünvan 5 saylı ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim ediləcəyi halda ərizəyə yenidən baxıla bilər. Bununla da, işdə olan sənədlərdən məlum olur ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Qazmaçılar küçəsi 9A saylı evin iddiaçının nənəsi, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X3 məxsus olduğu irəli sürülür, iddiaçı Bakı şəhəri 31 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, nənəsindən miras qalmış fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, iddiaçının ərizəsi əsasında notariat kontorunda vərəsəlik işi açılmış və iddiaçı vərəsə kimi tanınmışdır. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq nənəsinə məxsus olmuş evin sonradan anasına məxsus olması barədə arayışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göstərilən Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin işdən görünür ki, ünvan 1 ünvanda yerləşən birmərtəbəli evin qanuni icarədə və ya istifadədə olan torpaq sahəsində inşa edilməsi iş materialları ilə təsdiqini tapmır, evin eskiz layihəsi yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış, yaşayış evi istismara qəbul edilməmiş, tikilinin texniki pasportu tərtib olunmamış və cavabdehə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi ilə nəzərdə tutulan qayda yalnız həmin Qanunun 8-ci və 10-cu maddələrinin tələblərinə riayət edilən halda müsbət nəticə verə bilər. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsi ilə nəzərdə tutulan, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədləri, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda təsbit olunan sənədlərdən də hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, iddiaçının adına işdə vərəsəlik şəhadətnaməsinin mövcud olmaması iddianın mümkün sayılmamasına əsas təşkil etmir. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi məhz belə halları tənzimləyir. Bu kimi hallarda qanunvericinin məqsədi ondan ibarət olmuşdur ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs (gümanla, əvvəlcə iddiaçının nənəsi, daha sonra anası) həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsələri (iddiaçı) hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana (cavabdehə) müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri (vərəsəlik şəhadətnaməsi) onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, bundan sonra vərəsəlik sənədləri (vərəsəlik şəhadətnaməsi) qeydiyyat orqanına (cavabdehə) təqdim edilməli və daşınmaz əmlak üzərində hüquq həmin vərəsənin adına dövlət qeydiyyatına alınmalıdır (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir). Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə ilə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarının pozuntusuna yol verməklə, səhv qərar qəbul etmişdir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1684/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı ünvan 1 ünvanda yerləşən birmərtəbəli evin anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Xəyalə Cəmilova Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar