Məhkəmə qərarları › İş №2-1(103)-520/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-520/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-520/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvan- AZ1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 32 B, qanuni təmsilçi-X2, dövlət qeydiyyatına alındığı tarix- 06.09.1993-cü il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)-1633/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC 18.03.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 4583 manat məbləğində “vergilərin hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC öz nizamnaməsi əsasında fəaliyyət göstərən hüquqi şəxs olmaqla əhaliyə müxtəlif növ xidmətlər göstərməklə kommersiya fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti olub. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32B ünvanında yerləşən qeyri-yaşayış binası (avtomobillərə texniki xidmət məntəqəsi) “İddiaçı" MMC-nin xüsusi mülkiyyətində olmuş, 29.04.2017-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Əmlakın dağılması ilə bərabər bütün fəaliyyət infrastrukturu da ləğv edildiyindən, iddiaçının hər hansı fəaliyyət növü ilə məşğul olması mümkünsüz olmuşdur. Bundan sonra müəssisə fəaliyyət göstərməmiş və ləğv edilməsi barədə vergi orqanına müraciət olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin müvafiq qərarı ilə iddiaçıya əsassız olaraq 4583 manat məbləğində borc hesablanmışdır. Halbuki bundan qabaq, yəni, 17.05.2018-ci il tarixli **********443900 saylı məktubu ilə ‘‘Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında“ xəbərdarlıq iddiaçının ünvanına daxil olmuş və müəyyən edilmişdir ki, “İddiaçı" MMC-nin 16.05.2018-ci il tarixə dövlət büdcəsinə 4309.0 manat, o cümlədən: vergilər üzrə 3266.23 manat, faizlər üzrə 1042.77 manat borcu vardır və 10 gün müddətində ödəniş edilməlidir.Bu hesablanma ilə bağlı məhkəməyə verilmiş iddiadan sonra cavabdeh orqan tərəfindən yenidən araşdırılma aparılacağı bildirilsə də, sonradan iddiaçının şəxsi hesab vərəqəsinə yenidən borc hesablanmış və bu borcun artaraq 4583 manat olması müəyyən edilmişdir. Cəmiyyətə məxsus avtomobillərə texniki xidmət məntəqəsi qismində Bakı şəhəri Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmışdır. Lakin Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus əmlak söküldüyü üçün 2017-ci ilin aprel ayından İddiaçı MMC-nin fəaliyyəti dayandırılmış, bununla əlaqədar, heç bir gəliri olmamış və maliyyə əməliyyatları aparılmamışdır. Sonradan iddiaçının qanuni təmsilçisi X2 məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən “Hesablanmış vergilərin xülasəsi barədə” 25 dekabr 2018-ci il tarixli **********524700 saylı qərarın və 22 avqust 2017-ci il tarixli **********-394900 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, iş materiallarından və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin məzmunundan müəyyən edilir ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 25 dekabr 2018-ci il tarixli, **********524700 saylı “Hesablanmış vergilərin xülasəsi barədə” müvafiq qərarı ilə İddiaçı MMC-yə 4098.37 manat məbləğində borc hesablanmış, həmin borcun 2016-cı vergi ili üçün hesablanması bildirilmişdir. Bundan əlavə İddiaçı MMC-yə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 22 avqust 2017-ci il tarixli **********394900 saylı “Hesablanmış vergilərin xülasəsi barədə” müvafiq qərarı ilə 2996 manat məbləğində borc hesablanmış, bu borc isə 2017-ci ilin vergi borcu olaraq hesablanmışdır. İddia ərizəsində qeyd edildiyi kimi cəmiyyətə məxsus avtomobillərə texniki xidmət məntəqəsi qismində Bakı şəhəri Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus əmlak söküldüyü üçün 2017-ci ilin aprel ayından İddiaçı MMC-nin fəaliyyəti dayandırılmış, bununla əlaqədar, heç bir gəliri olmamış və maliyyə əməliyyatları aparılmamışdır. İcarə yerləri ilə müqavilə münasibətlərinə xitam verildiyindən iddiaçı tərəf hər hansı gəlir əldə etməmiş və 2016-cı il üçün isə vergilərin ödənilməsi təmin edilmişdir. 03.05.2019-cu il tarixdə cavabdeh vəsatət təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərarı ilə (hakim X.İmanov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «Vergilərin hesablanması barədə» 25 dekabr 2018-ci il tarixli, **********524700 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərardadı ilə (hakim X.İmanov) iddianın “22.08.2017-ci il tarixli, **********-394900 saylı qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. 30.01.2020-ci il tarixdə iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadından apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. 13.05.2020-ci il tarixdə cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın 25 dekabr 2018ci il tarixli **********524700 saylı qərarın ləğv edilməsi hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində apellyasiya şikayəti əvəzinə şikayət yazılmasını texniki xəta kimi qəbul edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1220/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseyn, V.Ağayev,A.Nuriyeva) İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)- 1633/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102) -2159/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev, R.Nəbizadə, İ.Şəfiyev) iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1220/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə dair etiraz ünvanlanmış, etirazda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. 02.02.2021-ci il tarixində keçirilən məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X2 məhkəmə iclasında vəkili Vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da (SMS xəbərdarlığı göndərilmişdir) növbəti məhkəmə iclasında iddiaçının vəkili iştirak etməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Hazırkı iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, “iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bundan başqa 2017-ci təqvim ili başa çatmadığı halda cavabdeh tərəfindən 2017-ci ilin mənfəət vergisinin bəyannaməsinin kameral yoxlanılması mümkün deyil. Kollegiya hesab edir ki, 2017-ci təqvim ili başa çatmadan həmin il üçün mənfəət vergisinin bəyannaməsinin təqdim edilməsi və təqdim edilmiş bəyannamənin kameral yoxlanılması o zaman mümkün olur ki, cavabdeh təqvim ili başa çatmadan həmin il ərzində sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmış olsun. Lakin apelyasiya instansiyası yuxarıda qeyd olunan halları araşdırmamışdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır (maddə 70.2-1.3. ). 01 yanvar 2019-cu il tarixədək Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazimi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən normalardan göründüyü kimi, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən 22 avqust 2017-ci il tarixli **********-394900 saylı qərarı elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyi yoxlanılmamışdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən alan aşağıdakı hallarda elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab etməlidir:

35. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.)

36. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Beləliklə, yuxarıda qeyd edilən normaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, iddiaçı tərəfindən hansı qaydada və hansı tarixdə həmin qərarın alınması araşdırılmalı və iddiaçının məhkəməyə müraciət edildiyi tarix nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüklə bağlı şərtinə qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2- 1(82)-1633/2019 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82, 87 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)- 1633/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Hesablanmış vergilərin xülasəsi barədə” 22 avqust 2017-ci il tarixli **********-394900 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar