Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-521/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-4200/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının düzgün hesablanması və yaranmış fərqin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixində Nizami rayonunda yerləşən 3 saylı DOST Mərkəzinə pensiyanın yenidən hesablanması üçün rəsmi qaydada müraciət etmiş və xx.xx.2020-ci il tarixində onun telefonuna sms göndərilərək bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək olan 19 il 1 ay 2 gün sığorta stajı əsasında ona 256.12 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçının xx.xx.2006-cı il tarixinə qədər olan əmək stajı 33 ildən çoxdur. Məhkəmənin hazırlıq icraatı iclaslarında iddiaçı iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, hazırkı cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini və tələbinin “xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizələr icraata qəbul edilmiş, ilk cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-4200/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-4200/2021 nömrəli qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə hazırkı işdə iddiaçının hüquqi marağı onu tələb edir ki, iddiaçı ona təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbi ilə çıxış etməlidir. Məhkəmə iddianın mümkünlük şərtlərini xidməti vəzifəsinə görə araşdırmalı, iddiaçının hüquqi marağını düzgün müəyyən etməli, cavabdehin təqdim etdiyi dəlillərə də formal münasibət bildirməli, həmin dəlillərdən irəli gələn zəruri araşdırmanın aparılmasını təmin etməlidir. İddiaçının real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin iddiçı tərəfindən bu illərə dair həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini şübhə altına alır. Bununla da, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, 1990-cı ildən 2006-cı ilə qədər olan dövrdə sosial sığorta stajı yoxdur. Əmək kitabçasında qeyd olunsa da, əmrlər yoxdur. Bu da əmək kitabçasında olan qeydləri şübhə altına alır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuş, pensiyanın məbləği 213,86 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “DOST” Mərkəzi vasitəsilə cavabdehə müraciət edərək, təqdim edilmiş sənədlər əsasında ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh xx.xx.2020-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul etmiş, həmin tarixə 246.73 manat olan pensiya məbləği 256.12 manata çatdırılmışdır. Bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubla məlumat verilmiş, iddiaçının xx.xx.2006-cı il tarixədək 19 il 1 ay 2 gün sığorta stajı əsasında 256.12 manat yaşa görə əmək pensiyasının təyin edildiyi, əyani təhsilə görə əlavənin xx.xx.2019-cu il tarixdə ödəniləcəyi bildirilmişdir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən onun xx.xx.2006-cı il tarixədək 19 il 1 ay 2 gün sığorta stajının olduğu qəbul edilmiş, bu zaman iddiaçıya məxsus ИТ-İ №0268293 nömrəli əmək kitabçasında göstərilən xx.xx.1971xx.xx.1977, xx.xx.1078-xx.xx.1978, xx.xx.1979-xx.xx.1981, xx.xx.1981-xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991xx.xx.1992-ci illərdəki iş dövrü nəzərə alınmışdır. İddiaçı hazırda xx.xx.2006-cı il tarixədək 33 ildən artıq iş stajına malik olduğunu iddia edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan xx.xx.1978-ci il tarixli arayışdan, iddiaçıya məxsus ИТ-İ №0268293 nömrəli əmək kitabçasından və 017299 nömrəli diplomun surətindən görünür ki, o, 1071-1977-ci illərdə M.Əzizbəyov adına X6 Ordenli Neft və Kimya İnstitutunda təhsil almış, xx.xx.1977-xx.xx.1978-ci illərdə İ.Q.Yesman adına Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda mühəndis, xx.xx.1078-xx.xx.1978-ci illərdə Bakı Məişət Kondisionerləri Zavodunda nəzarət ustası, xx.xx.1979-xx.xx.1981-ci illərdə böyük mühəndis, xx.xx.1981-xx.xx.1988-ci illərdə X1 Tədqiqatı İnstitutunda böyük mühəndis, aparıcı mühəndis, xx.xx.1988-xx.xx.1989-ci illərdə “Çıraq” Kooperativində aparıcı mühəndis, xx.xx.1989-xx.xx.1990-cı illərdə S.M.Kirov adına X6 Ordenli maşınqayırma zavodunda baş mühəndis, xx.xx.1990-xx.xx.1991-ci illərdə “Qəbələ” Xarici-iqtisadi Assosiasiyasında baş mütəxəssis, xx.xx.1991-xx.xx.1993-cü illərdə "xxxx" MMC-də direktor, xx.xx.1993-xx.xx.1995-ci illərdə “Qəbələ” Xariciiqtisadi Assosiasiyasında mühasib, xx.xx.1996-xx.xx.1998-ci illərdə "xxxx" şirkətində baş mühasib, xx.xx.1998xx.xx.1999-cu illərdə “AZFA” firmasında baş mühasib, xx.xx.1999-xx.xx.2001-ci illərdə “Sahib” istehsal-kommersiya kiçik müəssisəsində baş mühasib, xx.xx.2001-xx.xx.2008-ci illərdə “X3-Baku” LTD şirkətində baş mühasib vəzifələrində çalışmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 33 il 8 aydan çox sığorta stajı olmuşdur. Cavabdeh hazırda iddiaçının xx.xx.1991-xx.xx.1993-cü illərdə "xxxx" MMC-də, xx.xx.1993-xx.xx.1995-ci illərdə “Qəbələ” Xarici-iqtisadi Assosiasiyasında, xx.xx.1996xx.xx.1998-ci illərdə "xxxx" şirkətində, xx.xx.1998-xx.xx.1999-cu illərdə “AZFA” firmasında, xx.xx.1999-xx.xx.2001-ci illərdə “Sahib” istehsal-kommersiya kiçik müəssisəsində və xx.xx.2001-xx.xx.2006-ci illərdə “X3-Baku” LTD şirkətində işlədiyi dövrü sığorta stajı kimi qəbul etmir. Bu zaman ona istinad edir ki, iddiaçının həmin müəssisələrdə real olaraq işləməsini müəyyən etmək üçün qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrlərinin, əmək haqqı cədvəllərinin olması zəruri olduğu halda həmin sənədlərin olmaması iddiaçının işləməsini ciddi şübhə altına alır. Cavabdeh etirazında və apellyasiya şikayətində bu dəlilə istinad etmiş və məhkəmənin cavabdehin təqdim etdiyi dəlillərdən irəli gələn zəruri araşdırmanı aparmalı olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşdən görünür ki, iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun əmək pensiyasını yenidən hesablayarkən yalnız təhsil müddətini nəzərə almış, hazırda mübahisələndirilən dövrlərlə bağlı heç bir araşdırma aparmadan həmin dövrləri pensiya təyin edərkən nəzərə almaqdan imtina etmiş, bununla yuxarıda qeyd olunan normaların tələblərini pozmuş, iddiaçı məhkəməyə müraciət etdikdən sonra müvafiq dövrlərin araşdırılması ilə bağlı sorğular vermişdir. Baxmayaraq ki, inzibati orqan bu araşdırmanı iş məhkəmədə olarkən deyil, maraqlı şəxs ərizə ilə ona müraciət edərkən başlanan inzibati icraat çərçivəsində etməli idi. Cavabdeh tərəfindən mübahisələndirilən həmin dövrlərə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İddiaçının 1991-2006-cı illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir hal olmadığı halda onları qəbul etməmiş, məhkəmə iclasında həmin müəssisələrin fəaliyyət göstərməsinin sübut olunmamasına istinad etmişdir. Halbuki həm birinci instansiya, həm dəm də apellyasiya instansiyası məhkəmələrinin iclaslarında tədqiq edilən sübutlara əsasən aşağıdakılar müəyyən edilmişdir: 1) “Qəbələ” Xarici-iqtisadi Assosiasiyası üzrə işdən görünür ki, cavabdeh orqan iddiaçının həmin müəssisədə xx.xx.1990-xx.xx.1991-ci illərdə işləməsi faktını qəbul etməklə ona yaşa görə əmək pensiyası təyin edilərkən həmin dövrü nəzərə alsa da, iddiaçının xx.xx.1993-xx.xx.1995-ci illərdə həmin müəssisədə işləməsi faktını qəbul etməmişdir. Lakin İİQ-nin 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə tərəfindən həmin müəssisə ilə bağlı verilmiş sorğularla müəssisə barədə məlumat əldə edilməsi mümkün olmasa da, bu hal yuxarıda qeyd olunanları dəyişdirmir. 2) "xxxx" şirkəti üzrə işdən görünür ki, iddiaçı xx.xx.1996-xx.xx.1998-ci illərdə "xxxx" şirkətində işləmişdir. Məhkəmə tərfindən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə göndərilmiş sorğuya cavab olaraq, "xxxx" şirkətinin xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı, şirkətin xx.xx.2015-ci il tarixdə "xxxx" MMC kimi qeydə alınmaqla hazırda fəaliyyətini dayandırdığı bildirilmiş, şirkətin işgüzar fəaliyyəti ilə bağlı sənədlərin təqdim olunmadığı göstərilmişdir. 3) “AZFA” firması üzrə iddiaçı xx.xx.1998-xx.xx.1999-cu illərdə həmin müəssisədə fəaliyyət göstərmişdir. İşdə olan cavabdehin təqdim etdiyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli **********664000 nömrəli məktubundan görünür ki, firma xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 4) “Sahib” istehsal-kommersiya kiçik müəssisəsi: iddiaçı xx.xx.1999-xx.xx.2001-ci illərdə həmin müəssisədə işləmişdir. Yuxarıda istinad olunan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna, habelə məhkəmənin sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən müəssisə xx.xx.2000-ci il tarixdə qeydə alınmışdır və hüquqi ünvanı ünvan 1inə təqdim edilmiş təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 30 iyul 1993-cü il tarixli 2560 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, “Sahib” istehsalat-kommersiya kiçik müəssisəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Bundan başqa, adıçəkilən kiçik müəssisənin vergi ödəyicisi kimi qeydə alınması və nizamnaməsinin təsdiqlənmiş surətləri təqdim edilmişdir. Qeyd edilən sənədlərlə hüquqi şəxsin qeydə alındığı müəyyən edilir. 5) “X3-Baku” LTD şirkəti: iddiaçı xx.xx.2001-xx.xx.2008-ci illərdə həmin müəssisədə işləmişdir. İşdə olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən firma xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına aid edilməklə onun təyin edilmiş əmək pensiyası yenidən hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-4200/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-4200/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-521/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-521/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver