Məhkəmə qərarları › İş №2-1(103)-521/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-521/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-521/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6736/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək Azərbaycan Respublikasının "xxxx" QSC- də, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 2 nömrəli “Təmirtikintidizayn” tresti "xxxx" Firmasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı xx xxx 1956-cı ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildən başlamışdır. Əmək fəaliyyətinə başlamamışdan əvvəl xx.xx.1973xx.xx.1974-cü illərdə 88 nömrəli Texniki Peşə məktəbində təhsil almışdır. 1975-ci ilin oktyabr ayından 1977-ci ilin mart ayına kimi Bakı Komvol Kombinatında burucu sexində 3-cü dərəcəli daşıyıcı, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək AR “Azərməişəttexnikaları”nın Təmiri İdarəsində, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Bakı şəhəri X2, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Bakı Soyuducular zavodu, xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilədək “Xəzərdənizneftqaz” İB-də, xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək AR "xxxx" QSC-də, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 2 nömrəli “Təmirtikintidizayn” tresti "xxxx" Firmasında işləmişdir. İddiaçının 25 ildən artıq sosial sığorta stajı var. xx.xx.2021-ci il tarixdən yaşa görə pensiyanın təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, 19 il 06 ay 28 gün ümumi əmək stajı vardır, xx.xx.2000-xx.xx.2005-ci və xx.xx.1997-xx.xx.2000-ci illərdə işlədiyi dövrlərlə bağlı arxiv sənədləri təhvil verilmədiyi üçün həmin illər sığorta stajına nəzərə alınmamışdır. Halbuki, həmin iş yerləri indi də mövcuddur və iddiaçının əmək kitabçasında qeyd olunmuşdur. Hesab edir ki, imtina qanunsuzdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı ogluna 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Etirazda qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1997xx.xx.1997 və xx.xx.1998-xx.xx.2000-ci il tarixlərdə "xxxx"ndəki əmək fəaliyyəti yerində qarşılıqlı araşdırılmışdır. Araşdırma zamanı xx.xx.1997-xx.xx.1997-ci il tarixlərində işə qəbul və işdən çıxma barədə hər hansı bir əmr aşkar edilməmiş və xx.xx.1998-xx.xx.2000-ci il tarixlərin sənədləri "xxxx"nin arxivinə təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Həmçinin xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi 2 №-li Təmirtikintidizayn tresti Savalan firmasının faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamış və qeyd edilən dövrlər sığorta stajına əlavə edilməmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İddiaçının qeyd edilən müəssisələrdə işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, qeyd olunan illər ərzində həmin müəssisədə çalışmasına dair hər hansı sənəd - işə qəbul və işdən çıxma əmrləri, T2 şəxsi vərəqəsi, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının xx.xx.1997- xx.xx.1997 və xx.xx.1998-xx.xx.2000-ci il tarixlərdə "xxxx"ndəki və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi “2 №-li Təmirtikintidizayn tresti Savalan firması”nda işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Buna görə də həmin dövrlər sosial sığorta stajına daxil edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6736/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6736/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 3-17-1/2-M-10825/2023 saylı imtina məktubunda etirazda göstərilənlər əsas kimi bildirilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2021-ci il tarixli 295/21 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1973-cü il tarixdə 88 №-li Texniki Peşə Məktəbinin “Radio-Televiziya aparatlarının mexaniki” ixtisası üzrə qəbul olunmuş və xx.xx.1974-cü il tarixində həmin məktəbi həmin ixtisas üzrə əyani olaraq bitirmişdir. Qeyd: 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 88 №li Texniki Peşə Məktəbi 17 nömrəli Bakı Peşə Liseyi adlandırılmışdır. xx.xx.2020-ci il tarixli F -202 nömrəli əmri ilə 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi və 10 nömrəli Bakı Peşə Məktəbinin bazasında “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli BA-00566-2021 nömrəli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vət. İddiaçı xx.xx.1975-ci il tarixli, 203 saylı əmrlə xx.xx.1975-ci il tarixdən burucu sexinə 3-cü dərəcəli daşıyıcı vəzifəsinə işə qəbul olunması, xx.xx.1977-ci il tarixli, 27 saylı əmrlə xx.xx.1977-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1975,1976,1977-ci illərə dair əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. 1975-ci ilin oktyabr – dekabr, 1976-cı il və 1977-ci ilin yanvar – mart ayarında əmək haqqı almışdır. Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin 1973,1974-cü illərə dair şəxsi vərəqələrində və əmək haqqı cədvəllərində vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin 1973,1974-cü illərə dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 03/081 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aparılmış müvafiq araşdırmalara uyğun olaraq, İddiaçı məhkəməyə təqdim etməsi üçün zəruri sənədlərin Cəmiyyətin arxivində mövcud olan surətini göndərilmişdir. Eyni zamanda nəzərə çatdırılmışdır ki, 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələ nəticəsində Cəmiyyətin Azərbaycan prospekti, 19 iinvanındakı ofisinin yerləşdiyi bina uçduğundan arxivin bir hissəsi tamamilə məhv olmuşdur: - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xx.xx.1996-ci il tarixli 21-K nömrəli əmrindən görünür ki, iddiaçı ümumi şöbəyə 1 dekabr 1996-cı il tarixdən fəhlə vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 16-K nömrəli xx.xx.1997-ci il tarixli əmrindən görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 09-K nömrəli 09.2.1998-ci il tarixli əmrindən görünür ki, iddiaçı cəmiyyətin ümumi təchizat şöbəsinə həmin tarixdən inspektor vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 1998-ci il tarixli işə qəbul etmə müqaviləsindən görünür ki, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək baş inspektor vəzifəsinə qəbul edilmişdir. - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xx.xx.1999-cu il tarixli 24-K nömrəli əmrindən görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən cəmiyyətin Sabunçu rayon Komitəsinə sədr müavini vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xx.xx.2000-ci il tarixli 28-K nömrəli əmrindən görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən ümumi təchizat şöbəsinə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********410900 nömrəli məktubu ilə bildirilmişdir ki, idarədə olan reyestrdə 2 nömrəli Təmirtikintidizayn tresti "xxxx" Firması adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair dana dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********819500 nömrəli məktubu ilə bildirilmişdir ki, reyestrdə “2 nömrəli Təmirtikintidizayn” adlı kommersiya qurumu aşkar edilməmiş, "xxxx" Firması adlı bir neçə kommersiya hüquqi şəxs aşkar edilmişdir. Belə ki, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası üzrə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsləri barədə məlumatı özündə əks etdirir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli 3-48-4/2- 685/2023 nömrəli məktubundan görünür ki, 2 nömrəli “Təmirtikintidizayn” Tresti "xxxx" Firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - İddiaçıya məxsus xx.xx.1978-ci ildə tərtib edilmiş əmək kitabçasının tərcüməsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1977-ci ildən xx.xx.1978- ci ilədək “Azərməişəttexnika” Təmiri İdarəsində radio-montyor, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Bakı şəhəri X1 3-cü dərəcə ilə elektrik montyoru, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Bakı Soyuducular zavodunda zərərli əmək şəraiti ilə əlaqəli olmaqla plastmaslarla iş üzrə plastmas sexinə birinci dərəcə ilə tökməçi, elektrik montyoru, xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilədək “Xəzərdənizneftqaz” İB-də montyor, mühəndis, istehsalat rabitə sahəsinin rəisi, texniki təchizat üzrə mühəndis, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası "xxxx" QSC-də anbardar, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər Azərbaycan Respublikası "xxxx" İcraiyyə Komitəsində baş inspektor, sədr müavini, baş mütəxəssis, xx.xx.2000-ci ildən xx.xx.2005ci ilədək 2 nömrəli “Təmirtikintidizayn” tresti "xxxx" Firmasında işləmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. - 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər kişilərin ən azı 65 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. İddiaçı hazırda ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı o ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçının tələb olunan 25 il iş stajına malik olduğu müəyyən edilir: xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək “Azərməişəttexnika” Təmiri İdarəsində radiomontyor – 1 il 7 gün, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Bakı şəhəri X1 3-cü dərəcə ilə elektrik montyoru – 1 il 4 ay 17 gün, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Bakı Soyuducular zavodunda zərərli əmək şəraiti ilə əlaqəli olmaqla plastmaslarla iş üzrə plastmas sexində birinci dərəcə ilə tökməçi, elektrik montyoru – 5 il 4 ay 21 gün, xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilədək “Xəzərdənizneftqaz” İB-də montyor, mühəndis, istehsalat rabitə sahəsinin rəisi, texniki təchizat üzrə mühəndis – 11 il 9 ay 28 gün, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası "xxxx" QSC-də anbardar – 3 ay 5 gün, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası "xxxx" İcraiyyə Komitəsində baş inspektor, sədr müavini, baş mütəxəssis - 2 il 5 ay 19 gün, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 2 nömrəli “Təmirtikintidizayn” tresti "xxxx" Firmasında 4 il 11 ay 6 gün işləməklə ümumilikdə 27 il 3 ay 13 gün iş stajını toplamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçının xx.xx.1997-xx.xx.1997ci il tarixlərində işə qəbul və işdən çıxma barədə hər hansı bir əmrin aşkar edilməməsi və xx.xx.1998-xx.xx.2000-ci il tarixlərin sənədlərinin "xxxx"nin arxivinə təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına əlavə edilməməsi, habelə xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi 2 №-li Təmirtikintidizayn tresti Savalan firmasının faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmadığı üçün həmin dövrlərin araşdırılmasının mümkün olması və buna görə də qeyd edilən dövrlərin sığorta stajına əlavə edilməməsinə dair göstərdiyi dəlillərini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən göstərilənlər iddiaçının təqsiri deyil. Belə ki, iddiaçıya aid əmək kitabçasında iddiaçının həmin müəssisələrdə işləməsi barədə qeydlər qanunvercilikdə nəzərdə tutulmuş qaydada aparılmışdır. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı da iddiaçı tərəfindən onun işə qəbul olunma və azad olunma barədə əmrlərinin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında göstərilən iş müddəti nəzərə alınmaqla 25 ildən artıq ümumi iş stajının mövcud olması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1- ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6736/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6736/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar