Məhkəmə qərarları › İş №2-1(103)-521/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-521/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-521/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinə qarşı “pulun ödənilməsi və s” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “pulun ödənilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6957/2024 saylı 24 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus H3 seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli 513 ş/h nömrəli əmrə əsasən “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 42.0.1-ci maddəsinə (yaşa görə ehtiyatda olmağın son yaş həddinə çatdıqda) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılıb. İddiaçı 2007 saylı Hərbi hissənin komandirinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, istifadə etmədiyi məzuniyyət günlərinin xidmət illərinə əlavə olunması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 217 nömrəli Qərarının tələblərinə müvafiq olaraq pul kompensasiyasının ödənilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanan məktubundan görünür ki, Dövlət Sərhəd Xidməti X2 daxil olmuş müvafiq göstərişə əsasən əmək pensiyası ödənildiyi ilk 3 (üç) ayın, həmçinin xx.xx.2021-ci il tarixdən etibarən şəxsi heyətin siyahısından çıxdığı gündən təsdiq olunmuş bank çıxarışlarını və Dövlət Sosial Müdafiə Fondundan təqaüd ödənişinin ilk 3 (üç) ayının təsdiq olunmuş məbləğləri barədə çıxarışın qısa müddət ərzində göndərməsi xahiş olunmuşdur. İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə ona pul kompensasiyanın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 31 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2021-ci il ərzində növbəti məzuniyyətdən 40 gün istifadə etmiş, ehtiyata buraxılarkən müvafiq olaraq 50 gün növbəti məzuniyyət də verilmiş, beləliklə də 90 gün məzuniyyətdən istifadə etmişdir ki, əlavə kompensasiyanın verilməsi imkan xaricindədir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və 40 gün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirmiş və məhkəmənin qərardadı ilə iddia tələbinə dəqiqləşmə icraata qəbul edilərək 40 gün istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi və buna uyğun məlumat vərəqəsinin yenidən tərtib edilərək pensiya orqanına göndərilməsinin cavabdehə həvalə edilməsi formasında iddia icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 3 oktyabr 2021-ci il tarixində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2021-ci ilin yanvar ayında 40 günük ödənişli məzuniyyət, 40 gün növbəti məzuniyyət verilmişdir. 90 gün məzuniyyətə çıxmaq hüququ olmuş, 50 günündən istifadə etmiş, 40 günlük məzuniyyət verilməmişdir. 40 gün məzuniyyətin əvəzinə kompensasiya ödənilməsi barədə müraciət etmiş, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidməti tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı 17 mart 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək növbəti məzuniyyətdən 40 gün istifadə etmiş, ona pul təminatı ödənilmişdir. 03 sentyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək 50 gün müddətində 2021-ci ilin hesabına növbəti məzuniyyət verilmişdir. Qanunvericilikdə il ərzində iki dəfə növbəti məzuniyyət verilməsi nəzərdə tutulmamış, növbəti məzuniyyətdən ildə bir dəfə olmaqla tam istifadə edilmişdir. Qanunvericilik hərbi qulluqçulara verilən məzuniyyət növlərini konkret tənzimləmiş, növbəti məzuniyyət həmin növlərdən birinə aid edilmişdir. Bu səbəbdən əlavə pul kompensasiyanın ödənilməsi və həmin günlərin xidmət illərinə daxil edilməsi əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6957/2024 saylı 24 iyul 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı maddi və hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu səbəbdən də ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Hazırki vəziyyətdə iddiaçının məhkəməyə qədər müraciəti və cavabdeh qurumun imtinası mövcud olduğundan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinə qarşı tələbi “40 gün istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi və buna uyğun məlumat vərəqəsinin yenidən tərtib edilərək pensiya orqanına göndərilməsi” barədədir. Həmin tələblə iddiaçı cavabdeh quruma müraciət etsə də, tələbi təmin olunmamışdır. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı 31 yanvar 2024-cü il tarixli məktubla bildirilmişdir ki, 2021-ci il ərzində növbəti məzuniyyətdən 40 gün istifadə etmiş, ehtiyata buraxılarkən müvafiq olaraq 50 gün növbəti məzuniyyət də verilmiş, beləliklə də 90 gün məzuniyyətdən istifadə etmişdir ki, buna görə də əlavə kompensasiyanın verilməsi imkan xaricindədir. İddiaçı cavabdeh tərəfindən tələbi təmin olunmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər; b) qısa müddətli məzuniyyətlər; c) xəstəliyə görə məzuniyyət; ç) tədris təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) təhsil məzuniyyəti; ə) yaradıcılıq məzuniyyəti; f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; g) əlavə məzuniyyət. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara N günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısa-müddətli—N günlük məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Eyni zamanda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 116-cı maddəsinə əsasən hərbi qulluqçuların növbəti, qısa müddətli, təhsil, habelə xəstəliyə və hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar məzuniyyətlər verildikdə, müəyyən edilmiş məzuniyyət müddətindən əlavə məzuniyyət yerinə gedib-gəlmək müddəti də 3 gündən çox olmamaq şərti ilə verilir. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə N gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Həmin Əsasnamənin 126-cı maddəsinə əsasən hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların növbəti məzuniyyətləri planı tutulur və hərbi qulluqçuların müvafiq kateqoriyalarına məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir. Hərbi qulluqçulara növbəti məzuniyyətlər bütün təqvim ili boyu bərabər şəkildə hər ay hərbi hissə hərbi qulluqçularının N — 12 faizinin məzuniyyətdə olması hesabı ilə verilir. Məzuniyyət vermək səlahiyyəti olan rəislər hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına döyüş hazırlığının (tapşırığın yerinə yetirilməsinin) gərgin dövründə məzuniyyətlərin aylıq normasını azalda bilər və eləcə də ilin başqa vaxtında bu normaları artıra bilər. Hərbi təhsil müəssisələrində daimi heyətdən olan hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinin aylıq norması təhsil müəssisələrinin rəisləri tərəfindən müəyyən edilir. Hazırki işdə İddiaçı H3 seriyalı ******* nömrəli hərbi biletdəki qeydlərdən görünür ki, xx.xx.2021-ci il tarixli 513 ş/h nömrəli əmrə əsasən “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 42.0.1-ci maddəsinə (yaşa görə ehtiyatda olmağın son yaş həddinə çatdıqda) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılıb. O, ehtiyata buraxıldıqdan sonra istifadə etmədiyi məzuniyyət günlərinə görə müvafiq pul kompensasiyasının ödənilməsi ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 31 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2021-ci il ərzində növbəti məzuniyyətdən 40 gün istifadə etmiş, ehtiyata buraxılarkən müvafiq olaraq 50 gün növbəti məzuniyyət də verilmiş, beləliklə də 90 gün məzuniyyətdən istifadə etdiyi üçün əlavə kompensasiyanın verilməsi imkan xaricindədir. İddiaçı istifadə etmədiyi 40 gün məzuniyyətə görə ona pul kompensasiyasının ödənildiyini mübahisələndirdiyi üçün işə baxan birinci instansiya məhkəməsi tərəfindən bu sahədə müvafiq araşdırmalar aparılmış və təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdu ki, 17 mart 2021-ci il tarixli əmrə əsasən baş gizir İddiaçı 17 mart 2021-ci il tarixdən 40 gün növbəti məzuniyyət verilmişdir. Bundan sonra iddiaçıya 03 aprel 2021-ci il tarixli əmrə əsasən 03 sentyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək 50 gün müddətinə 2021-ci il hesabına növbəti məzuniyyət verilmiş, 23 oktyabr 2021-ci il tarixdən iddiaçının şəxsi heyətdən çıxarılması qərara alınmışdır. Beləliklə, 16 yanvar 2024-cü il tarixli arayışa əsasən iddiaçı 2021-ci il üzrə ümumilikdə 90 gün məzuniyyətdən istifadə etmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qanunla nəzərdə tutulmuş 90 günlük məzuniyyət tam şəkildə verildiyindən, onun əlavə 40 günlük məzuniyyət hüququ qalmadığından onun 40 günə görə pul kompensasiyasını tələb etmək hüququ da yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. İşdən görünür ki, iddiaçı 2021—ci ildə ehtiyata buraxılarkən onun xidmət illəri hesablanmış, il ərzində növbəti məzuniyyət olaraq 40 gün məzuniyyətə buraxıldığı üçün ona 90 günlük məzuniyyətdən qalmış 50 günlük məzuniyyət təqdim olunmuşdur. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə görə, il ərzində növbəti məzuniyyət bir dəfə verildiyindən və iddiaçı ehtiyata buraxılması ilə bağlı 90 günlük növbəti məzuniyyətinin əvvəlcə 40 günündən, sonra isə 50 günündən istifadə etdiyi üçün onun 40 günlük məzuniyyətə görə kompensasiya tələb etmək hüququ yoxdur. Çünki qeyd olunduğu kimi, iddiaçı il ərzində artıq bir dəfə növbəti məzuniyyətdə olmuşdur. Növbəti məzuniyyətdən istifadə həm də kompensasiyanın alınması ilə ehtiva olunur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı onun növbəti məzuniyyət olaraq 40 günlük məzuniyyətə buraxılmadığı üçün ona kompensasiyanın verilməli olması tələbini əsaslandıra bilmədiyi üçün onun tələbi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Belə olan halda iddiaçının digər- istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın verilməsi ilə bağlı yeni məlumat vərəqəsinin verilməsi barədə tələbi də əsas tələbə əlavə tələb olub, əsas tələbin nəticəsindən asılı olduğu üçün və əsas tələb də rədd edildiyi üçün onun bu tələbi də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olduğu üçün qəbul edilmir və qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6957/2024 saylı 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6957/2024 saylı 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar