Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5217/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009-2024-cü illər ərzində fasiləsiz əlillik dərəcəsinin müəyyən edilməsi nəzərə alınmaqla əlillik dərəcəsinin ömürlük hesab edilməsi barədə qərar qəbul edilməsi, həmçinin 2024-cü ilin noyabr ayından etibarən dayandırılmış təqaüd məbləğinin yekun qərar qəbul ediləcək tarixə kimi kompensasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya ##.##.2024-cü il tarixdən II dərəcə əlilliyin müddətsiz təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən II dərəcə (61-80 faiz) əlilliyin müddətsiz təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əlillik altsistemindəki məlumatlara əsasən İddiaçı (100236O fərdi idenitifikasiya nömrəsi ilə) ##.##.2014-cü il tarixdə 1 il müddətinə ümumi xəstəlik səbəbilə 2-ci dərəcə əlillik təyin edilmişdir. Daha sonra ##.##.2015-ci il tarixdə 1 il müddətinə ümumi xəstəlik səbəbilə 2-ci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra ##.##.2016-cı il tarixdə eyni əsaslara elektron təyinatla 5 il müddətinə uzadılmışdır. Lakin 2019-cu ildə iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmiş, bundan sonra isə ##.##.2019-cu ildə * nömrəli Birləşmiş Şəhər Xəstəxanasından yeni göndəriş rəsmiləşdirmiş və ona ##.##.2019-cu il tarixindən 5 il müddətinə ümumi xəstəlik səbəbilə 2-ci dərəcə əlillik təyin edilmişdir. iddiaçı müraciət edərək onun 2009-cu il tarixdən davam edən əlilliyinin əlillik altsisteminə daxil edilməsi ilə bağlı xahiş etmişdir. Iddiaçının təqdim etdiyi arayışlar əsasında əlillik məlumatları Əlillik altsisteminə ##.##.2025-ci il tarixində daxil edilmişdir. Iddiaçıya ##.##.2019-cu il tarixindən 5 il müddətinə ümumi xəstəlik səbəbilə 2-ci dərəcə əlillik təyin edilməsində səbəb müvafiq illərə dair müayinələrin əlillik altsistemində mövcud olmaması olmuşdur. 2024-cü ildə əlillik müddəti bitdikdən sonra isə vətəndaş əlilliyin yenidən qiymətləndirilməsi üçün Agentliyə yeni göndərişlə müraciət etməmişdir. Iş materiallarından da görünür ki, iddiaçıya dair sonuncu göndəriş 2019-cu ildə daxil olub. Buna baxmayaraq, məhkəmə işə düzgün hüquqi qiymət vermədən yanaşmış və iddiaçıya ##.##.2024-cü il tarixdən II dərəcə (61-80 faiz) əlilliyin müddətsiz təyin olunması öhdəliyini Agentliyin üzərinə qoymuşdur. Iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi qaydası»: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. ##.##.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı ##.##.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1. Birinci dərəcə əlillik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. Ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. Ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Işin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik altsistemindən çıxarışa əsasən iddiaçıya ilkin olaraq ##.##.2009-cu ildə ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik müəyyən edilmişdir (diaqnoz: Qaraciyərin fıbroz və sirrozla müşayiət olunan toksiki zədələnməsi, anadangəlmə irsi mistoksikozu (Vilson Konavalov xəstəliyi) xroniki mis toplanması nəticəsində inkişaf etmiş qalxan poliradikulonevrit-polineyropatiya (Giyen-Barre sindromu)). Daha sonra ##.##.2010-cu ildə 1 il, ##.##.2011-ci ildə 1 il, ##.##.2012-ci ildə 1 il, ##.##.2013-cü ildə 1 il, ##.##.2014-cü ildə 1 il, ##.##.2015-ci ildə 1 il, ##.##.2016-cı ildə 5 il müddətinə eyni səbəbli əlaqə, eyni diaqnozla ikinci dərəcə əlillik müəyyən edilmişdir. Iddiaçıya göstərilən müddət ərzində əlillik dərəcəsi daimi yaşama icazə vəsiqəsi əsasında Azərbaycan Respublikasında yaşayan şəxs kimi təyin edilmişdir. 2019-cu ildə isə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi səbəbi ilə iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və ona ##.##.2019-cu il tarixdən 5 il müddətinə eyni səbəbli əlaqə, eyni diaqnozla ikinci dərəcə əlillik müəyyən edilmişdir. Iddiaçıya dair göndərişin tarixi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə keçilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya eyni diaqnoz ilə ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) ildən çox müddətə təyin edilməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçıya ##.##.2019-cu il tarixdə tibbi göndəriş əsasında ikinci dərəcə əlillik təyin edilərkən onun eyni səbəbli əlaqə, eyni diaqnozla, eyni dərəcə ilə fasiləsiz olaraq 10 illik əlillik statusu (2009-2019) olmuşdur. Iddiaçının 2009-2019-cu illər ərzində xarici ölkənin vətəndaşı kimi 1002360 fərdi identifikasiya nömrəsi ilə, 2019-2024-cü illər ərzində isə Azərbaycan Respublikasının vətəndaşı kimi ******* fərdi identifikasiya nömrəsi ilə əlilliyinin müəyyən edilməsi onun fasiləsiz olaraq 10 il müddətinə (2009-2019) əlillik statusunun olması faktını aradan qaldırmır. Dovlət Sosial Müdafiə Fondu tərəfindən ##.##.2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya ##.##.2009-cu ildən ##.##.2024-cü ilədək ikinci dərəcə əlilliyə görə sosial müavinət və pensiya ödənilmişdir. Bu səbəbdən cavabdeh inzibati orqanın iddiaçıya müddətli əlillik təyin edilməsi barədə hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Bu səbəbdən də iddiaçıya ##.##.2024-cü il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-5217/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5217/2025
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver