Məhkəmə qərarları › İş №2-1(103)-522/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-522/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-522/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 18 saylı Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1974-cü il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)-2182/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 25.04.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin, 8 saylı mənzilin yerləşdiyi torpaq sahəsinə dair adına çıxarışın verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin, 8 saylı mənzili xüsusi mülkiyyətindədir. Həmin ev 1 mərtəbəli yaşayış evi olmaqla mülkiyyətini təsdiq edən çıxarış verildikdə evinin altında olan və qanuni əsaslarla ona məxsus olan torpaq sahəsinə dair çıxarış verilməmişdir. Cavabdehə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin, 8 saylı mənzilinin yerləşdiyi torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın təqdim edilməsinə dair müraciəti rədd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizədə sənədlərin surətləri əlavə edilmiş, həmçinin Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən torpaq sahəsinə dair çıxarışın verilməsi qeyri-mümkündür. Hesab edir ki, imtina əsassız olduğundan iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 2182/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. 29.12.2019-cu il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)-2182/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-527/2020 saylı, 11.03.2020-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, S.Seyidova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)-2182/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1601/2020 saylı, 25.08.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, Z.Quliyev, İ.Şəfiyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 mart tarixli 2- 1(103)-527/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi istinad edilən maddi hüquq normalarının hazırkı mübahisəyə tətbiqi imkanlarını işin həqiqi hallarına uyğun yoxlamamış, bu məqsədlə işin hallarını həmin normaların tələbləri baxımından tam və hərtərəfli araşdırmamış, həmin hallara İPM-in 58.7-ci maddəsinin tələblərinə uyğun qiymət verməmişdir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 2182/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********52 nömrəli, 28.02.2019-cu il tarixli imtina məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi qanunvericiliyə uyğun deyildir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. İmtinaya qanuni əsas kimi, “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadədə olan 0.055 ha torpaq sahəsində yerləşən 141 nömrəli, 1 mərtəbəli binada 59.5 kv.m ümumi, 50.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. - cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçının mülkiyyətində olan mənzilə dair sənədlərdən müəyyən edilir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 8 saylı mənzili alğı-satqı qaydasında 1993-cü ildə X1 almışdır. - cavabdeh tərəfindən təqdim edilmiş **********14 nömrəli, 06.09.2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 141, 8 saylı mənzil ilə bağlı texniki pasportun tərtib edilməsinə dair İdarənin arxivində məlumat aşkar edilməmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli və MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadədə olan 0.055 ha torpaq sahəsində yerləşən 141 nömrəli, 1 mərtəbəli binada yerləşən 4 və 5 saylı mənzillər digər şəxslərin mülkiyyətindədir. - Nəsimi Rayon İcra Hakimiyyətinin 14.12.1992-ci il tarixli, 1447/4 nömrəli sərəmcamının surətinə və 1992-ci il tarixli müqavilənin surətinə əsasən görünür ki, S.Əskərova küçəsində yerləşən 141 №li evin 8-ci mənzili əvəzsiz olaraq X3 verilmişdir. - İş materiallarına əlavə edilmiş 26.09.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, mənzilin yerləşdiyi bina 1900-cü ildə tikilmişdir, xüsusi qeydlər qrafasında aşağıdakılar qeyd olunmuşdur: “Arxiv sənədlərinə əsasən mənzilin ümumi sahəsi 59.5 kv.metr, yaşayış sahəsi 50.05 kv.metr olmasına baxmayaraq, texniki inventarlaşma zamanı ümumi sahəsi 77.2 kv.metr, yaşayış sahəsi 65.4 kv.metr aşkar edilmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyəçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liflər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o, cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompelksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyekitləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin, 8 saylı mənzilin yerləşdiyi torpaq sahəsinə dair adına çıxarışın verilməsini xahiş edir. İş materiallarından müəyyən edilir ki, qeyd edilən mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, həmin mənzilin yerləşdiyi binada 16 ədəd digər mənzillər başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərkibi tərəfindən qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin, 8 saylı mənzilə iddiaçının vəkilinin iştirakı ilə yerində baxış (müayinə) keçirilmiş və müəyyən edilmişdir ki, göstərilən mənzildə pəncərə oyuqları qapı ilə əvəz edilmiş, həmçinin 8 saylı mənzil və onunla yanaşı (qonşu) mənzillər eyni damın altında yerləşmişdir. İddiaçının mənzili ayrıca təcrid olunmuş tikili deyil. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının onun adına çıxarış verilməsini xahiş etdiyi torpaq sahəsi binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş obyekt olduğundan və ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olduğundan, mənzilin ayrıca təcrid olunmuş tikili olmadığından hazırkı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)-2182/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 2182/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar