Məhkəmə qərarları › İş №2-1(103)-522/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-522/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-522/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Yadulla qızının cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsə qarşı (3-cü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti, Dövlət Reyestri Xidməti göstərilməklə) “dövlət tərəfindən alınmaya məruz qalmış iddiaçıya məxsus torpaq sahəsinin və tikilinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-6105/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12- 15 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Yadulla qızı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsə qarşı (3-cü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti, Dövlət Reyestri Xidməti göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Başçısının 291 №-li 22.09.2000ci il tarixli sərəncamına əsasən Babək prospekti 2010-cu məhəllədə “Qartal” k/m-yə məxsus sahədə iddiaçıya verilmiş 0,015 ha torpaq sahəsinin və tikilinin dövlət ehtiyacı üçün alındığından, alınmaya məruz qalmış torpaq sahəsinin ekspertiza yolu ilə qiymətləndirilərək iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil Yolları X4 hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Başçısının 291 №-li 22.09.2000-ci il tarixli sərəncamına əsasən Babək prospekti 2010-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,015 ha torpaq sahəsi (“Məhəllədaxili ərazidə fərdi yaşayış evi tikintisinə müstəsna hal kimi icazə verilməsi haqqında”) iddiaçıya verilmiş, ərazi ilə bağlı müvafiq plan ölçü tərtib edilmiş, iddiaçı həmin ölçülər əsasında hasar və kürsülənmiş ev tikdirmişdir. İddiaçı müalicə almaq məqsədi ilə bir müddət ölkədən kənarda olmuş, vətənə qayıdıb evinin tikintisini davam etdirmək istədikdə ona bildirmişlər ki, torpaq sahəsi plana düşdüyündən evi və hasarı sökülüb yerində “Ağ Şəhər” layihəsi salınır, digər torpaq sahibləri ilə müqavilələr bağlanıb. Lakin iddiaçı ilə nəinki müqavilə bağlanılmış, hətta ona bu barədə məlumat belə verilməmişdir. İddiaçının ona kompensasiya ödənilməsi ilə bağlı dəfələrlə Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətlərinə baxılmamış, nəhayət 14.08.2018-ci il tarixində ərizəsinə cavab olaraq qeyd edilmişdir ki, Xətai rayon İcra Hakimiyyətinin komissiya üzvləri tərəfindən “Ağ Şəhər” layihəsi çərçivəsində sökülməsi nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış obyektlərində ölçmə işləri aparılarkən, iddiaçıya məxsus olan sahədə hər-hansı bir tikinti aşkar olunmadığından kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Daha sonra iddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 18 dekabr 2019-cu il tarixli 2-1(82)-361/2019 saylı qərarı ilə iddiası təmin edilməmişdir. Belə ki, məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 27 noyabr 2018-ci il tarixli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planının icrası ilə əlaqədar tədbirlər proqramı həyata keçirilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7- 4010M7 saylı 27.11.2007-ci il tarixli, Nəqliyyat Nazirliyi Azəryolservis ASC-nin 4/01-3446 saylı 20.11.2007-ci il tarixli məktubları adı çəkilən tədbirlər planının 26-cı və 27-ci bəndlərinin, eləcə də şəhərin bəzi yolları və prospektlərinin yenidən tikilməsi barədə 10.11.2007-ci il tarixli direktiv orqanların göstərişlərinin icrası məqsədi ilə Bakı şəhəri X5 yolu və Zığ dairəsi boyunca tikinti zolağından (yolun və prospektlərin torpaq zolağından müxtəlif təyinatlı binaların, qurğuların, mühəndis-kommunikasiya xətlərinin) ən qısa müddətdə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görülmüşdür. Köçürülən obyektlərin qiymətləndirilməsi və təzminatın ödənilməsi məqsədilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyəti orqanların nümayəndələri olmaqla Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılmışdır. İddiaçı Yadulla qızı istər söküntü və köçürülmə işləri aparılan zaman, istərsə də üstündən uzun illər keçməsinə baxmayaraq, qeyd edilən məsələ ilə əlaqədar Komissiyaya müraciət etməmişdir. Bundan sonra iddiaçı torpaq sahəsinin alınmasına, ödənişin həyata keçirilməsinə və kompensasiyanın ödənilməsinə görə cavabdeh Azərbaycan Avtomobil Yolları X4 hüquqi şəxsə və 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə yenidən mütəmadi olaraq ərizələrlə müraciət etmişdir. Bildirmək istəyir ki, mövcud qanunvericiliyə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 291 №li 22.09.2000-ci il tarixli sərəncamı iddiaçıya qeyd edilən torpaq sahəsi və inşa etdiyi yarımtikili üzərində mülkiyyət hüququ verir, 13 ildən artıq müddətdir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini almışlar, lakin ödəniş etməyərək ona ziyan vurmuşlar. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6105/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Qarayeva) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mahiyyəti üzrə araşdınlmasından ötrü Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə əsl cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti olması və iddiaçı tərəfindən artıq kompensasiya tələbinin irəli sürülməsinə əsaslanmışdır. Habelə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə hüquqi qiymət vermədən aidiyyəti cavabdehlərə qarşı irəli sürülmədiyi qənaətinə gəlməklə kifayətlənmişdir. Beləliklə, inzibati məhkəmə qeyd edilən nəticəyə gəlməsində qanuna istinad etməmiş, obyektiv araşdırma aparmamış və həqiqəti ortaya qoymamışdır. Halbuki, məhkəmə Xətai Rayon İcra Hakimiyyətinə göndərdiyi 27.07.2021-ci il tarixli, 2-1(112)-6105/21 nömrəli sorğuda iddiaçının mülkiyyətində olan Babək prospekti 2210-cu məhəllədə tikinti söküntü işlərinin hansı orqan tərəfindən aparılması, bununla bağlı daşınmaz əmlak sahiblərinə ayrılmış kompensasiya məbləğinin hansı orqana köçürülməsi barədə ətraflı məlumat verilməsi (bax qərardadın 5-ci səhifəsi) barədə sorğu göndərmişdir. Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyəti 824 saylı məktubu ilə “Köçürülən obyektlərin qiymətləndirilməsi və təzminatın ödənilməsi məqsədi ilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyəti orqanların nümayəndələri olmaqla Xətai Rayon İcra Hakimiyyətində müvafiq Komissiya yaradılmış və "xxxx" ASC tərəfindən kompensasiya ödənilməklə” mülkiyyətçilərlə razılaşma əsasında söküntü işləri aparılması cavab olaraq bildirilmişdir. Habelə tərəfindən məhkəməyə rəsmi olaraq 12 iyul 2021-ci il tarixində təqdim edilmiş iddianın dəqiqləşdirilməsi ərizəsində də müvafiq Komissiya üzvlərinin cavabdeh qoyulmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə məqsədyönlü şəkildə dəqiqləşmənin üzərindən ötmüşdür. Buna dair hüquqi qiymət verməmişdir. Daha sonra, məhkəmə araşdırma aparmamışdır ki, bu tip işlərdə, yəni onun daşınmaz əmlakımın yerləşdiyi ərazidə aparılan söküntü işləri ilə bağlı kompensasiyanın ödənilməsi üzrə cavab verməli olan orqan hansı dövlət orqanıdır? Belə ki, Xətai Rayon İcra Hakimiyyətinin məktubunda bildirilir ki, "xxxx" ASC tərəfindən kompensasiya ödənilməklə mülkiyyətçilərlə razılaşma əsasında söküntü işləri aparılması cavab olaraq bildirilmiş, lakin Azərbaycan Avtomobil Yollan X4 Hüquqi Şəxs bundan imtina edir. Deməli bu məsələ özü ziddiyyətli qalmışdır. İşin mümkünlüyü məsələsini araşdıran məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı Sərəncamının icrası məqsədi ilə Xətai Rayon İcra Hakimiyyətində müvafiq Komissiya yaradılmışdır. Müvafiq Komissiyanın protokoldan çıxarışları tələb etmədən, lazımı araşdırma aparmadan "xxxx" ASC-nin arqumentlərini əsas götürməklə məqsədyönlü olaraq mümkünsüz qərardadını qəbul etmişdir. Qərardad ilə də guyaki müəyyən olunmuşdur ki, əsil cavabdeh Xətai Rayon İcra Hakimiyyətidir. Xətai İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı müvafiq məktubda açıq aydın söküntünün və kompensasiyanın verilməsi "xxxx" ASC-i tərəfindən həyata keçirilməsi göstərilmişdir. Bu faktı təkzıb edən əsaslı dəlil məhkəmə tərəfindən qərardadda qeyd edilməmişdir. Məhkəmə onun Xətai Rayon İcra Hakimiyyətinə qarşı olan tələbini və hazırda həmin işə Ali məhkəmədə baxılmasını qeyd etməklə guya əsaslanmışdır ki, bu işdə cavabdeh Xətai Rayon İcra Hakimiyyətidir. Xətai Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı məktubu isə bunun əksini deyir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxs, 3-cü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti və Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı dövlət tərəfindən alınmaya məruz qalmış iddiaçıya məxsus torpaq sahəsinin və tikilinin hesablanaraq ödənilməsi ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil Yolları X4 hüquqi şəxsin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadıgından iddia mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilmişdir ki, hazırkı iş üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iddiaya cavab verməli orqan olmadığından iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə və eyni zamanda iş üzrə əsl cavabdeh olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddiaçı artıq kompensasiya tələbini irəli sürdüyündən və hazırda məhkəmənin icraatında həmin işə baxıldıgından həmin cavabdehə qarşı iddia irəli sürmək hüququ iddiaçıya izah edilmir. Həmçinin də iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi aidiyyəti cavabdehlərə qarşı irəli sürülmədiyindən məhkəmə həmin ərizəni icraata qəbul etməkdən imtina edərək prosessual qənaət prinsipinə əsaslanaraq hazırki iddianın mümkünlüyü məsələsinə baxılmasını zəruri hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Məhəllədaxili ərazidə fərdi yaşayış evi tikintisinə müstəsna hal kimi icazə verilməsi haqqında” 291 saylı 22.09.2000-ci il tarixli sərəncamın arxiv çıxarışının surətindən görünür ki, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus (müəssisənin rəhbərliyinin razılığı ilə) sahədə 0,015 ha torpaq sahəsi iddiaçının adına sənədləşdirilməsinə və yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Xətai Rayon İcra Hakimiyyətinin 27.05.2021-ci il tarixli iddiaçıya ünvanlanan məktubundan görünür ki, iddiaçının Babək prospekti 2210-cu məhəllədə “Qartal” kiçik müəssisəsinə məxsus sahədə 0,015 ha torpaq sahəsində olan yarımçıq tikilisinin söküldüyü və bununla əlaqədar kompensasiyanın ödənilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Xətai Rayon İcra Hakimiyyətinin komissiya üzvləri və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkəti tərəfindən “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşən yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirməsi aparılarkən qeyd etdiyi sahədə hər hansı bir tikinti aşkar olunmadığından iddiaçıya kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçıya ünvanladığı 04 iyun 2021-ci il tarixli məktubunda iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyində “Ağ şəhər” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tikinti altına düşmüş əmlakının sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi barədə müxtəlif dövlət instansiyalarına ünvanlanmış müraciətlərinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.6-cı və 54.2-ci maddələrinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyi daşıyır və kompensasiya torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Odur ki, iddiaçının əvvəlki eyni məzmunlu müraciəti araşdırılmaq üçün 2021-ci il 18 may tarixli MİHO/1.1-2-2021-976 nömrəli məktubla Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən daxil olmuş 17.08.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planı”nın icrası ilə əlaqədar tədbirlər proqramı həyata keçirilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7-4010/17 saylı, 27.11.2007-ci il tarixli, Nəqliyyat Nazirliyi "xxxx" ASC-nin 4/01-3446 saylı, 20.11.2007-ci il tarixli məktubları, adı çəkilən tədbirlər planının 26-cı və 27-ci bəndlərinin, eləcə də şəhərin bəzi yolları və prospektlərinin yenidən tikilməsi barədə 10.11.2007-ci il tarixli direktiv orqanların göstərişlərinin icrası məqsədi ilə Nobel pr., Zığ-yolu və Zığ dairəsi boyunca tikinti zolağından (yolun və prospektlərin torpaq zolağından) müxtəlif təyinatlı binaların, qurğuların, mühəndis-kommunikasiya xətlərinin ən qısa müddətdə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görülmüşdür. Köçürülən obyektlərin qiymətləndirilməsi və təzminatın ödənilməsi məqsədi ilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyəti orqanların nümayəndələri olmaqla Xətai rayon İcra Hakimiyyətində müvafiq Komissiya yaradılmış və "xxxx" ASC tərəfindən kompensasiya ödənilməklə mülkiyyətçilərlə razılaşma əsasında söküntü işləri aparılmışdır. Bakı şəhəri Xətai rayonu, Nobel prospekti ünvanından keçən avtomobil yolu "xxxx" ASC-nin balansında olmuşdur. Qüvvədə olan ”Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən şəhər avtomobil yollarının istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla şəhərin inzibati ərazi hüdudlarındakı küçə və prospektlərini əhatə edir, şəhər avtomobil yolları şəbəkəsinin idarə olunmasının təmirinin saxlanılması və vəziyyətinə nəzarət müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla ümumi istifadə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən olunmuşdur. Nobel prospektinin genişləndirilməsində yolların bərpa edilməsi və mühafizə zolağının müəyyən olunması "xxxx" ASC tərəfindən aparılmışdır. İddiaçı istər söküntü və köçürülmə işləri aparılan zaman istərsə də üstündən uzun illər keçməsinə baxmayaraq qeyd edilən məsələ ilə əlaqədar Komissiyaya müraciət etməmiş və 2018-ci ildə guya onun həmin ünvanda yarım tikilisi olduğunu xatırlayaraq ona kompensasiya ödənilməsini tələb edir. İddiaçının qeyd etdiyi tikili heç vaxt mövcud olmamışdır. Əgər belə bir tikili mövcud olsaydı iddiaçı çoxdan komissiyaya müraciət etmiş olardı. İddiaçı eyni zamanda işlə bağlı uzun illərdir ki, xarici ölkədə olduğunu, bu səbəbdən də mübahisəli ərazinin köçürülməsindən xəbərinin olmadığını bildirsə də, aidiyyəti üzrə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə səhv məlumat verməklə mövcud qanunvericiliyin tələblərini pozmağa cəhd edir. Belə ki, İddiaçı eyni məzmunlu iddia tələbi ilə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və hakim Rüstəm Kərimlinin sədrliyi ilə 2-1(82)-361/2019 saylı, 18.12.2019-cu il tarixli qərarına əsasən İddiaçı kompensasiyanın ödənilməsi barədə tələbi təmin edilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən eyni məzmunlu işlərə baxılması yolverilməz hesab olunur. Beləliklə şəxsi mülkiyyətində olmayan və sərəncam əsasında ayrılan torpaq sahəsinin üzərində uzun illər təyinatı üzrə istifadə edilməyən boş torpaq sahələrinə kompensasiya ayrılması nəzərdə tutulmadığından iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyyətlər yaradan müddəalar olmamalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkünsüz və ya rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş 18.09.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Ağ şəhər” layihəsinin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2010-cu məhəllədə tikinti altına düşmüş əmlakın sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsinə dair Nazirlikdə hər hansı məlumat yoxdur. Sözügedən məsələ ilə bağlı iddiaçı tərəfindən 24.04.2021-ci il tarixli məktubla Maliyyə Nazirliyinə müraciət edilmiş və həmin müraciət araşdırılması üçün 18.04.2021-ci il tarixli MİHO/1.1-2- 2021-976 nömrəli məktubla Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış və nəticəsi barədə onun müəllifinə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.12.2019-cu il tarixli 2-1(82)-361/2019 saylı qərarından və AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, iddiaçının cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli 2-1(103)-583/2021 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2-1(82)-361/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16.11.2021-ci il tarixli 2-1(102)-1999/2021 saylı qərarından görünür ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)-583/2021 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Qeyd olunan məhkəmə qərarlarından müəyyən olunur ki, İddiaçı cavabdeh inzibati orqan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Rayon İcra Hakimiyyətinin 22.09.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş 0,015 ha. torpaq sahəsinə dair və həmin torpaq sahəsində tikilinin sökülməsi nəticəsində ona dəymiş ziyanın əvəzi kimi kompensasiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh 14.08.2018-ci il tarixli Q-175 nömrəli məktubla bildirmişdir ki, Rayon İcra Hakimiyyətinin komissiya üzvləri tərəfindən “Ağ şəhər” layihəsi çərçivəsində sökülməsi nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış obyektlərində ölçmə işləri aparılarkən iddiaçıya məxsus olan sahədə hər hansı bir tikinti aşlar olunmadığından ona kompensasiya nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Yadulla qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6105/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar