Məhkəmə qərarları › İş №2-1(103)-522/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-522/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-522/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “müalicə üçün çəkilmiş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtinanın qanunsuz sayılması, İddiaçı müalicəsinə çəkilmiş 83000 manat pulun ödənilməsi və İddiaçı müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Afıq oğlu 2020-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. İddiaçı 2021-ci il fevral ayında təhsil aldığı Ali Hərbi Məktəbdə suçiçəyi xəstəliyinə yoluxmuşdur. O, suçiçəyi xəstəliyindən 21 gün müalicə olunmalı olsa da, 4-5 gün tibb məntəqəsində saxlanılaraq heç bir müalicə almayaraq buraxılmışdır. 26 may 2021-ci il tarixində Atillaya COVİD-19 virusu əleyhinə “Sinovak” vaksini vurulmuşdur. Halbuki Atilla həmin vaxtı artıq covid xəstəliyinə yoluxduğu üçün ona vaksin vurulması düzgün olmayıb. Sonradan analizlərin nəticələri də bunu təsdiq etmişdir. 11 iyun 2021-ci il tarixdə Atilla 37.4 dərəcə hərarətlə Daxili Qoşunların Hərbi Hospitalına aparılmışdır. Atilla növbəti gün anası Giilayə Bayramlı ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq bir həftəlik hərbi təlimə gedəcəyi üçün onunla əlaqə saxlaya bilməyəcəyini bildirmişdir. 16 iyun 2021ci il tarixdə ailəsinə məlum olmuşdur ki, X15 Hospitalında intensiv şöbədə ağır vəziyyətdədir. Atillanın səhhətinin ağirlaşmasına səbəb həkimlərin düzgün müalicə seçməməsi olmuşdur. Ona görə də onun səhhəti daha da pisləşmiş və onda qıcolmalar baş verməyə başlamışdır. 20 iyun 2021-ci il tarixdə Atilladan götürülmüş analizlərlə müəyyən edilmişdir ki, onun səhhətinin ağırlaşmasına səbəb düzgün müalicənin aparılmamasıdır. Həkimlər Atillanın başqa bir xəstəxanaya köçürməsini, hazırkı vəziyyətdə X10, Bakı Sağlamlıq Mərkəzində və X22 Hospitalında müalicə aparılmasının daha faydalı olacağını məsləhət görmüşlər. Bir neçə dəfə Atillanın müalicəsinin göstərilən xəstəxanaların birində davam etdirilməsini istəsə də, hər dəfə tibb xidmətinin rəisi ona mane olmuşdur. 27 iyun 2021-ci il tarixdə Atillanın Bakı Sağlamlıq Mərkəzinə köçürülməsinə nail olmuşlar. Atillanın müalicəsi 30 avqust 2021-ci il tarixinə kimi reanimasiya şöbəsində aparılmışdır. İddiaçı kursant olduğu üçün Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə olunmaq hüququnun olduğunu bildirmişdir. Daxili Qoşunların rəhbərliyi əvvəllər pandemiyanı bəhanə gətirmiş, daha sonra isə X16 və Araşdırma Xəstəxanasında müalicə olunmaq hüququna malik olmadığını bildirmişlər. İddiaçının xəstələnməsinə və müalicəsinə cavabdeh olan Daxili Qoşunların rəhbərliyi onun hərbi xidmətdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixdə əmr vermişdir. Müalicə olunan kursantın tələsik tərxis olunması bunun məqsədli şəkildə edildiyini göstərir. Belə ki, İddiaçı kursant olduğu üçün onun müalicəsinin davam etdirilməsi Daxili Qoşunların rəhbərliyinin vəzifə borcu idi. Atillanın müalicə aldığı 11 iyun 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixə kimi olan müddətin bir hissəsi onun məzuniyyət müddəti ilə üst-üstə düşürdü. Əslində Atilla bu günə kimi ambulator müalicədə olmalı idi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandarinin 1-ci müavini-qərargah rəisinin xx.xx.2022-ci il tarixli məktubunda tövsiyə olunmuşdur ki, Azərbaycanda müalicəsi mümkün olmayan xəstəliklərlə bağlı vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələsi Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya”sı tərəfindən müəyyən edilir, bu səbəbdən qaldırılan məsələ ilə bağlı adıçəkilən Nazirliyə müraciət edilməsi məqsədəuyğundur. Avrasiya Hospitalı tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli 017 saylı arayışda göstərilmişdir ki, İddiaçı 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə almışdır. Müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir. Müayinə və realibitasiya məqsədilə Türkiyə Respublikasına getməsi tövsiyə olunmuşdur. Atillada olan xəstəliyin fəsadları nəticəsində onda qıcolma baş vermiş və o, xx.xx.2021-ci il tarixdə hündürlükdən yıxılaraq “Qapalı kəllə beyin travması, subdural qanaxma, sol bud sümüyünün sınığı” diaqnozu ilə əməliyyat olunmuşdur. Hazırda Atillanın müalicəsi yataq şəraitində davam etdirilir. Bu günə kimi qəbulunda olduğu həkimlərin hamısı bildirmişlər ki, Atilla nə Daxili Qoşunların Hərbi Hospitalında, nə də Mirqasımov adına Respublika Xəstəxanasına müalicə üçün göndərilməməli idi. Hazırda Atillanın səhhəti günü-gündən pisləşir. Atillaya “Autoimmun ensefalit” diaqnozu qoyulmuşdur. Müalicəni davam etdirmək üçün maddi imkanı yoxdur. Onun müalicəsi ilə bağlı alınan dərmanların böyük hissəsinin pulunu özü ödəmişdir. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığından onun müalicəsi üçün ayrı-ayrı adamlardan xeyli miqdarda borc pul alaraq müalicəyə xərcləmişdir. Saxladığı qəbzlərdən görünür ki, 27 iyun 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 3000 manat, 30 iyun 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, 01 iyul 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, 02 iyul 2021ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, 05 iyul 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1730 manat, xx.xx.2021-ci il tarixdə 3600 manat, xx.xx.2021-ci il tarixdə EGE hospitala 115 manat, xx.xx.2021-ci il tarixdə EGE hospitala 115 manat, xx.xx.2021-ci il tarixdə 1766 manat, xx.xx.2021-ci il tarixdə 233 manat, xx.xx.2021-ci il tarixdə 1766 manat pul ödəmişdir. Həkimlər müalicəni Türkiyə Respublikasında olan xəstəxanaların birində davam etdirməyi məsləhət görürlər. Müalicə üçün 90.000-100.000 manat pul tələb olunur. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı imtinanın qanunsuz sayılması, İddiaçı müalicəsinə çəkilmiş 83000 manat pulun ödənilməsi və İddiaçı müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə “İddiaçı müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində xitam verilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)- 856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3107/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi (imtina) barədə ərizə qəbul edilmiş, həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Eyni zamanda iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı imtinanın qanunsuz sayılması, İddiaçı müalicəsinə çəkilmiş 83000 manat pulun ödənilməsi və onun müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbinə İddiaçı müalicəsinin Türkiyə Respublikasının xəstəxanalarından birində davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin 7-ci bəndinin müddəalarına əsaslanaraq iddiaçının səhhətinə zərər dəyməsinin hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmadığına, xəstəlik haqqında məlumatlara əsasən isə ona zəruri tibb xidmət göstərildiyinə əsaslanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. İddiaçı Afıq oğlu 2020-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. İddiaçı 2021-ci il fevral ayında təhsil aldığı Ali Hərbi Məktəbdə suçiçəyi xəstəliyinə yoluxmuşdur. O, suçiçəyi xəstəliyindən 21 gün müalicə olunmalı olsa da, 4-5 gün tibb məntəqəsində saxlanılaraq heç bir müalicə almayaraq buraxılmışdır. 26 may 2021-ci il tarixində Atillaya COVİD-19 virusu əleyhinə “Sinovak” vaksini vurulmuşdur. Halbuki Atilla həmin vaxtı artıq covid xəstəliyinə yoluxduğu üçün ona vaksin vurulması düzgün olmamışdır. Sonradan analizlərin nəticələri də bunu təsdiq etmişdir. 11 iyun 2021-ci il tarixdə Atilla 37.4 dərəcə hərarətlə Daxili Qoşunların Hərbi Hospitalına aparılmışdır. Atillanın səhhətinin ağırlaşmasına səbəb həkimlərin düzgün müalicə seçməməsi olmuşdur. Ona görə də onun səhhəti daha da pisləşmiş və onda qıcolmalar baş verməyə başlamışdır. Atilla 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə almış, müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir. İddiaçıda olan xəstəlik hərbi xidmət dövründə yaranmışdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X20 Hərbi Məktəb Rəisinin 204 nömrəli 31 avqust 2021-ci il tarixli əmri əsasında həqiqi hərbi xidmətdən azad edilməzdən əvvəl, o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Tibb xidmətində Hərbi-həkim komissiyası tərəfindən müayinə olunmuş, müayinə zamanı onda olan xəstəliklərin hərbi xidmət dövründə alınması müəyyən olunmuş, bununla da onun “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22 “a" maddəsinin İİ qrafasının “D” bəndinə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olmasına qərar verilmişdir. Göründüyü kimi, iddiaçıda olan xəstəliklərin hərbi xidmət dövründə alınması təkzib olunmaz bir haldır. Buna baxmayaraq, birinci instanstiya məhkəməsi öz qərarında iddiaçıda olan xəstəliyin hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar olmadığına əsaslanaraq tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə bu qənaətə gələrkən formal əsaslara söykənmiş, bu sahənin xüsusi bilik tələb etdiyini, buna görə də müvafiq mütəxəssislər tərəfindən bu məsələyə qiymət verilməli olmasını nəzərə almamış, heç bir tibbi ekspertiza təyin etməmişdir. Məhkəmə iddiaçıda olan xəstəliyin patologiyası ilə bağlı araşdırma aparmamışdır, bu da öz növbəsində birinci instansiya məhkəməsi tərəfindən araşdırmanın düzgün aparılmadığına dəlalət edir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq, iddiaçıda hazırda olan xəstəliyin əlamətlərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilməsindən əvvəl olub-olmamasını, olduğu təqdirdə hansı faktorların xəstəliyin patoloji dəyişikliyinə səbəb olmasını, ümumiyyətlə bu dəyişikliyin hansı mərhələdə yarandığını müəyyən etməli olduğu halda, bunu etməmişdir. Halbuki, əgər iddiaçıda olan həmin xəstəliyin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilməsindən əvvəl olması müəyyən olunarsa, bu hal iddiaçının qəbul zamanı sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilmədiyinə və bunun nəticəsində də xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə qəbul edildiyinə dəlalət edir. İddiaçıda olan xəstəliklərin hərbi xidmət dövründə alınması müvafiq xəstəlik haqqında şəhadətnamə əsasında müəyyən edildiyindən, həmçinin həmin xəstəliyin mövcudluğu, patologiyası müvafiq tibbi sənədlər ilə təsdiq olunduğundan, o cümlədən hal-hazırda xəstəliyin müalicəsi ilə əlaqədar çəkilən xərcin məbləği müvafiq qəbzlər əsasında müəyyən olunduğundan, iddiaçıda olan xəstəliyin müalicəsinə çəkilən xərclərə görə onun maddi ziyan tələb etməsi hüququ yaranır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X20 Hərbi Məktəbinin rəisinin 228 nömrəli xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “V” bəndinə müvafiq olaraq X13 müvəffəqiyyətlə vermiş abituriyent İddiaçı Ali Hərbi Məktəbə qəbul edilmiş, Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına salınmış və bütün növ təminatlarına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin rəisinin 246 nömrəli xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, kursant İddiaçı 4-cü zabit hazırlayan tədris bölüyünün 5-ci zabit hazırlayan tədris taqımının 3-cü manqasında kursant vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin rəisinin 137 nömrəli xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü zabit hazırlayan tədris bölüyündə kursant əsgər İddiaçı xx.xx.2021-ci il tarixdə Daxili Qoşunların Hərbi Hospitalına stasionar müalicəyə getmiş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin rəisinin 143 nömrəli xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Daxili Qoşunların Hərbi Hospitalında stasionar müalicədə olan zabit hazırlayan tədris taborunun 4-cü zabit hazırlayan tədris bölüyündə kursant əsgər İddiaçı, xx.xx.2021-ci il tarixdən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ambulator müalicəyə getmiş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X20 Hərbi Məktəb Rəisinin 204 nömrəli 31 avqust 2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci ildən DİN X20 Hərbi Məktəbində zabit hazırlayan tədris taborunun 4-cü zabit hazırlayan tədris bölüyündə 5-ci zabit hazırlayan tədris taqımının 3-cü manqasında kursant əsgər İddiaçı xəstəliyə görə “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22 “a” maddəsinin İİ qrafasının “D” bəndinə (həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır) əsasən həqiqi hərbi xidmətdən azad edilmiş, xx.xx.2021-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon İdarəsinə göndərilmişdir. İş materiallarında olan İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların HHK xx.xx.2021-ci il tarixli 2101 nömrəli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, diaqnoz - keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri, postinfeksion epileptik sindrom. XTB G04.0, G40.1. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Xəstəliklər cədvəlinin 22 «a» maddəsi, İİ qrafasına və ƏTC-nə əsasən «D» - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. İş materiallarında olan "xxxx" MMC-nin (Avrasiya Hospitalı) xx.xx.2022-ci il tarixli 017 nömrəli arayışından görünür ki, İddiaçı 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə alıb. Müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir. 13 dekabr 2021-ci il tarixdə hündürlükdən yıxılaraq “Qapalı kəllə beyin travması, subdural qanaxma, sol bud sümüyünün sınığı” diaqnozu ilə əməliyyat olmuşdur. Dərman müalicələri davam etdirir. Müayinə və reabilitasiya məqsədilə Türkiyə Respublikasına getməsi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı valideynləri X6 və X4 müşayiəti ilə xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasında müayinə və müalicə məqsədilə Daxili Qoşunlar üçün ayrılmış xəstə yeri hesabına göndərilmişdir. Hal-hazırda İddiaçı Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasında müalicəsi davam edir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci ildə xx.xx.2026-cı ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar. Diaqnoz: Kəskin disseminə olunmuş ensefalit, Dəqiqləşdirilməmiş epileptik status, Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Xüsusi epileptik sindromlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X9 haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü ildə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar. Diaqnoz: Baş-beynin ocaqlı travması, QKBT baş-beynin ağır dərəcədə əzilməsi, Kraniotomiya ə/s sümük defekti, Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, depressiv epizodlarla, Keçirilmiş kəskin disseminə olunmuş ensefalit, Daimi ağrı, Sol bud sümüyünün bloklayıcı ştift osteosintezi cərrahi əməliyyatından sonrakı vəziyyət, OU-Torlu qişanın angiopatiyası. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması Meyarlarına uyğun olaraq İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi Attaşelik Aparatı Azərbaycan Cumhuriyeti Ankara X3 tərəfindən Daxili İşlər Nazirliyinin X8 müavini – Şəxsi Heyət üzrə İdarənin rəisinə ünanlanmış 12 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırma Xəstəxanasında xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında müalicə almış Azərbaycan Respublikası vətəndaşı Bayramlı X2, Nevrologiya və İnfeksiya Şöbələrində yüksək ixtisaslı həkimlər tərəfindən müayinə olunmuşdur. Müalicəsi zamanı daim nəzarətdə saxlanılmış və səhhətindəki müəyyən edilmiş narahatlıq üzrə həkimlər tərəfindən müalicə kursu müəyyən edilmişdir. Xəstənin müalicəsi zamanı qaraciyərində “Hepatit C” virusunun olduğu aşkar edilmiş və müalicəsi üçün yüksək ixtisaslı həkimlər tərəfindən sofosbuvir/velpatasvir/voksilaprevir dərman preparatının istifadəsi uyğun görülmüşdür. “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində əməkdaşlıq haqqında Protokol”un 5-ci maddəsinin “Müalicə xidmətləri” hissəsinin “d” bəndinin tələblərinə uyğun olaraq xəstədə aşkar edilmiş “Hepatit C” virusunun müalicəsi üçün lazım olan dərman preparatının X24 tərəfindən qarşılanmayacağına baxmayaraq, lazım olan dərman preparatının təmin edilməsi üçün Hərbi Attaşelik Aparatı tərəfindən dəfələrlə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinə müraciət edilmişdir. Müraciətlərinə cavab olaraq iki ölkə arasında imzalanmış protokol çərçivəsində ödənişsiz müalicə və müayinə olunan xəstəyə sofosbuvir/velpatasvir/voksilaprevir dərman preparatının X23 milli qanunvericiliyinə əsasən təmin edilmədiyi tərəflərinə bildirilmişdir. Bununla əlaqədar olaraq, Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi tərəfindən Hərbi Attaşelik Aparatına daxil olmuş məlumat təqdim edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2024-cü il tarixli T585/2024 saylı ekspert rəyində qeyd edilir: İddiaçı Afıq oğlu xidmətə qəbul edilərkən onda xidmətə yararsız hesab olunmasına səbəb olan hər hansı bir xəstəlik olmamışdır. İddiaçı uşaqlıq dövründə qoyulmuş “Beyin funksiyasının pozulması patologiyası (ensefalopatiya)” və “Nitq inkişafının geriliyi” diaqnozları ilə hərbi xidmətdən təxris olunmasına səbəb olan xəstəliklə heç bir səbəbli əlaqəsi yoxdur. Hal-hazırkı sağlamlıq durumu ilə əlaqədar xəstənin kənar şəxslərin daimi nəzarətinə və köməyinə ehtiyacı vardır. İddiaçıda xidmət dövründə, yəni xx.xx.2021-ci il tarixdən 3-4 sutka əvvəl inkişaf etməyə uyğun olan “Kəskin respirator xəstəlik. Naməlum mənşəli epilepsiya, epileptik status, sağ ağciyərin yuxarı payının kəskin ocaqlı pnevmoniyası, keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri, postinfeksion epileptik sindrom” diaqnozlu xəstəliklər aşkar olunmuşdur və bu xəstəliklə hərbi xidmətə yararsız olmuşdur. Qeyd olunan xəstəliklərdən əvvəlki dövrlərdə isə X20 Hərbi Məktəbinin tibb məntəqəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Kəskin respirator xəstəlik”, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Kəskin faringit”, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixlərdə isə “Kəskin respirator xəstəlik” diaqnozlu xəstəliklərlə müalicə almışdır. İddiaçıda xidmət dövründə ayrı-ayrı tarixlərdə diaqnozlar vaxtında və düzgün müəyyən edilmişdir. İddiaçıda xidmət dövründə ayrı-ayrı tarixlərdə qoyulmuş diaqnozlar vaxtında və düzgün müəyyən edilmişdir, aparılmış müalicələr qoyulmuş diaqnozlara uyğun və adekvat olmuşdur. İddiaçı xəstəliyi vaxtında aşkar edilərək, diaqnoz təyin edilmiş və adekvat müalicə tədbirləri həyata keçirilmişdir. İddiaçı xəstəliyinin proqressiv ağır kliniki əlamətlərlə inkişaf etməsi, müalicənin hər hansı bir etapında buraxılmış tibbi qüsurla əlaqəli olmayıb, kəskin gedişə malik olmasını əsas xəstəliyin həyat üçün təhlükəli olan ağırlaşmalarla müşayiət olunması ilə əlaqələndirmək lazımdır. İddiaçı müayinə və müalicədə olduğu tibb müəssisələrində onun müayinə, müalicə və diaqnostika taktikası tibb personalı tərəfindən düzgün seçilmiş, bütün etaplarda diaqnoz əsaslandırılmış formada düzgün təyin edilmiş, müalicəsi və tətbiq edilmiş dərman preparatları xəstəliyin etapına və ağırlığına müvafiq aparılmış, həmçinin təxliyyə və təxirəsalınmaz tibbi yardımlar zamanı qüsurlara yol verilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 7-ci hissəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə dəymiş zərərin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan qaydada və şərtlərlə ödənilməsi məsələsinin həlli barədə fikir yürütmək məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Təqdim olunmuş iş materiallarında İddiaçı 2021-ci ilin fevral ayında “Su çiçəyi” xəstəliyinə yoluxması barədə heç bir məlumat yoxdur. Göstərilən xəstəliyin onda olub-olmamasını hazırda retrospektiv olaraq təyin etmək mümkün deyildir. İddiaçı xx.xx.2021-ci il tarixdə “Covid-19” xəstəliyinə yoluxması və bu xəstəliyə qarşı peyvənd olunması barədə heç bir tibbi sənəd yoxdur və ona görə də bu xəstəliyə dair sualları cavablandırmaq hazırda mümkün deyildir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi, X1 Atilla Afıq oğlunun analiz nəticələrindən görünür ki, Varicella lgG analizi üzrə: Nəticə 2.8; Neqativ < 0.8; Şübhəli 0.8 - 1.2; Pozitiv > 1.2 müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinini 1-ci hissəsinə əsasən hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər. 13-cü maddəsinini 2-ci hissəsinə əsasən həqiqi hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əks-göstərişlər haqqında tam məlumat almaq hüququ vardır. Hərbi qulluqçuların, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. 13-cü maddəsinini 3-cü hissəsinə əsasən hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir. 13-cü maddəsinini 6-cı hissəsinə əsasən yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. 13-cü maddəsinini 7-ci hissəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X20 Hərbi Məktəbinin rəisinin 228 nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “V” bəndinə müvafiq olaraq X13 müvəffəqiyyətlə vermiş abituriyent İddiaçı Ali Hərbi Məktəbə qəbul edilmiş, Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına salınmış və bütün növ təminatlarına daxil edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbinin rəisinin 246 nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı 4-cü zabit hazırlayan tədris bölüyünün 5-ci zabit hazırlayan tədris taqımının 3-cü manqasında kursant vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X20 Hərbi Məktəb Rəisinin 204 nömrəli 31 avqust 2021-ci il tarixli əmrinə əsasən İddiaçı xəstəliyə görə “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22 “a” maddəsinin İİ qrafasının “D” bəndinə (həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır) əsasən həqiqi hərbi xidmətdən azad edilmiş, xx.xx.2021-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon İdarəsinə göndərilmişdir. İddia tələbində qeyd olunur ki, İddiaçı 2021-ci il fevral ayında təhsil aldığı Ali Hərbi Məktəbdə suçiçəyi xəstəliyinə yoluxmuşdur. O, suçiçəyi xəstəliyindən 21 gün müalicə olunmalı olsa da, 4-5 gün tibb məntəqəsində saxlanılaraq heç bir müalicə almayaraq buraxılmışdır. 26 may 2021-ci il tarixində iddiaçıya COVİD-19 virusu əleyhinə “Sinovak” vaksini vurulmuşdur. Halbuki iddiaçı həmin vaxtı artıq covid xəstəliyinə yoluxduğu üçün ona vaksin vurulması düzgün olmamışdır. Sonradan analizlərin nəticələri də bunu təsdiq etmişdir. 11 iyun 2021-ci il tarixdə iddiaçı 37.4 dərəcə hərarətlə Daxili Qoşunların Hərbi Hospitalına aparılmışdır. İddiaçının səhhətinin ağırlaşmasına səbəb həkimlərin düzgün müalicə seçməməsi olmuşdur. Ona görə də iddiaçının səhhəti daha da pisləşmiş və onda qıcolmalar baş verməyə başlamışdır. İddiaçı 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə almış, müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir. Hazırda iddiaçı müalicəsinə çəkilmiş 83.000 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində iddiaçı xidmətə qəbul edilərkən onda xidmətə yararsız hesab olunmasına səbəb olan hər hansı bir xəstəliyin olmaması qeyd olunsa da, iş materiallarından görünür ki, iddiaçı uşaqlıq dövründə «Beyin funksiyalarının pozulması patologiyası (Ensefalopatiya)» diaqnozu ilə Xətai rayon 9 saylı Uşaq Poliklinikasında qeydiyyatda olmuşdur. Lakin iddiaçı xidmətə qəbul edilərkən cavabdeh orqan tərəfindən qeyd olunan hal araşdırılmamış, həmin xəstəlik və onun əlamətlərinin iddiaçıda mövcud olub-olmaması, tam sağalmanın mümkün olub-olmaması və həmin dövr üçün iddiaçının sağlamlıq vəziyyəti nəzərə alınmaqla həmin xəstəliyin xidmətə yararlı hesab edilməyə təsir edib-etməməsinə qiymət verilməmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların HHK xx.xx.2021-ci il tarixli 2101 nömrəli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, iddiaçıya «keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri, postinfeksion epileptik sindrom» diaqnozu qoyulmuşdur. Həmçinin iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək «Xroniki sinusitin kəskinləşməsi» diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuş, xx.xx.2021-ci ildə «Kəskin respitator xəstəlik» diaqnozu ilə Daxili Qoşunların hospitalına stasionar müalicəyə qəbul edilmiş, lakin sonradan xx.xx.2021-ci il tarixdə «Kəskin respirator xəstəlik, naməlum mənşəli epilepsiya, epileptik status, sağ ağ ciyərin yuxarı payının kəskin ocaqlı pnevmoniyası, ensefalit» diaqnozu ilə Respublika Klinik Xəstəxanasına köçürülmüş, xx.xx.2021-ci ildə isə Bakı Sağlamlıq Mərkəzinə köçürülərək xx.xx.2021-ci ilədək «Kəskin disseminə olunmuş ensefalit, dəqiqləşdirilməmiş kəskin meninqoensefalit (Viral/autoimmun?), postifeksion epileptik sindrom, Ensefalitin qalıq əlamətləri, dəqiqləşdirilməmiş epileptik status» diaqnozu ilə stasionar müalicədə olmuşdur. Bundan başqa, Avrasiya Hospitalının xx.xx.2022-ci il tarixli 017 nömrəli arayışından görünür ki, iddiaçı 2021-ci ildə “Autoimmun ensefalit” diaqnozu ilə müalicə almış, müalicədən sonra “Dirəncli epileptik tutmalar və kəskin psixoz” diaqnozu ilə müalicələrini davam etdirmişdir. Eyni zamanda, iddiaçıya xx.xx.2021-ci ildə beş il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2024-cü ildə isə müddətsiz birinci dərəcəli əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozlar sırasında kəskin disseminə olunmuş ensefalit, dəqiqləşdirilməmiş epileptik status, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, xüsusi epileptik sindromlar qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı xidmətə qəbul edilərkən onun uşaqlıq dövründə qeydiyyatda olduğu xəstəliyin qalıq əlamətlərinin mövcud olubolmaması, hərbi xidmətin özünəməxsus çətinlikləri ilə əlaqədar bunun iddiaçının sağlamlığına mənfi təsir edib-etməməsi halları müəyyən edilməmiş və qeyd olunanlar hərbi xidmətə yararlılıq məsələlərinin qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Halbuki xidmətə qəbul edilən zaman həkim komissiyasının vəzifəsi şəxsin hərbi xidmətə yararlı olub-olmamasının müəyyən edilməsi üçün bütün halları yoxlamaqdan ibarətdir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində iddiaçıda xidmət dövründə ayrı-ayrı tarixlərdə diaqnozların vaxtında və düzgün müəyyən edildiyi qeyd olunsa da, iddiaçıda onun hərbi xidmətdən azad edilməsinə əsas olan kəskin disseminə olunmuş ensefalit, postifeksion epileptik sindrom, ensefalitin qalıq əlamətləri diaqnozu müraciət etdiyi zaman deyil, bir neçə vaxt sonra müəyyən edilmiş, iddiaçı daha sonra dirəncli epileptik tutmalar və kəskin psixoz diaqnozu ilə müalicələrini davam etdirmişdir. Eyni zamanda məhkəmə tibbi ekspertizasının rəyində təqdim olunmuş iş materiallarında iddiaçının 2021-ci ilin fevral ayında “Su çiçəyi” xəstəliyinə yoluxması barədə heç bir məlumatın olmaması, göstərilən xəstəliyin onda olub-olmamasının hazırda retrospektiv olaraq təyin etməyin mümkün olmaması qeyd edilsə də, iş materiallarına əlavə edilmiş Bakı Sağlamlıq Mərkəzinin epikrizində iddiaçının 2021-ci ilin fevral ayında suçiçəyi keçirməsi qeyd edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Bakı Baş Səhiyyə Mərkəzi, Mərkəzi Laboratoriyasının iddiaçının analiz nəticələrinə əsasən iddiaçının suçiçəyi keçirməsi müəyyən edilmişdir (Varicella lgG analizi üzrə: Nəticə 2.8; Neqativ < 0.8; Şübhəli 0.8 - 1.2; Pozitiv > 1.2). İddiaçının suçiçəyi xəstəliyini keçirməsinə baxmayaraq, xidmət müddəti dövründə iddiaçının bununla əlaqədar müalicə olunması iş materialları ilə müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müalicə xərclərinin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin 83.000 manat məbləğin ödənilməsi ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri və çeklərə əsasən iddiaçının müayinə, müalicəsi və dərman vasitələrinin alınması üçün 48502 manat məbləğində vəsaitin xərcləndiyi müəyyən edilir. Ona görə də iddia tələbi 48502 manatın ödənilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. İddia tələbinin həmin məbləğdən çox hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, iddiaçı bununla əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Türkiyə Respublikasında çəkilən xərclərlə əlaqədar isə qeyd edilməlidir ki, iş materiallarına əsasən iddiaçının Türkiyə Respublikasındakı müalicə xərcləri (iddiaçı ilə bərabər atasının yol və qalma xərcləri daxil olmaqla) cavabdehin vəsaiti hesabına həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia qismən təmin edilməli, İddiaçı müalicəsi ilə əlaqədar çəkilmiş xərcə görə 48502 manat məbləğində pulun İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin üzərinə qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-856/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı müalicəsi ilə əlaqədar çəkilmiş xərcə görə 48502 manat məbləğində pulun İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar